Atamın əllərinin
İçi qabar-qabardır.
Əlində hər binadan
Sanki xatirə vardır.
Bu, orta məktəbin ikinci sinfində oxuyarkən yazdığım, sonradan “Azərbaycan pioneri” qəzetində dərc olunan “Atam bənnadır” şeirindən bir parça idi. Onun əllərinin içinin qabarını uşaq yaddaşımda yerləşdirmişdim. Bəlkə də ata obrazı mənim üçün o qabardan başlayırdı. Və ata qarşısında sonrakı məsuliyyət duyğusunu da daha çox bu qabar içimdə qabardırdı.
Bu gün atam Qəzənfərin doğum, həm də yubiley günüdür. Rəsmi formada belə deyirlər ki, yaşasaydı 80 yaşı tamam olacaqdı. Ancaq “yaş” və “yaşamaq” sözləri hər nə qədər bir-birinə yaxın məna və səslənişdə olsalar da, insan ömründə bir-biri ilə üst-üstə düşən məfhumlar sayılmazlar. Ümumilikdə isə insan ömrünün “yaş” üzərindən dəyərləndirilməsinin hər zaman “yaşamaq” üzərindən dəyərləndirməsinə uduzduğunu görürük. Lermontov yaşı ilə Şirəli Müslümov yaşının fərqinin intellektual müəyyənləşdirməsi yetərlidir ki, sonuncu iddianın doğruluğunu təsdiqləmiş olaq.
O, 72 yaşın içində 72 günmü, 72 aymı yaşadı - bilmirəm, ancaq bilirəm ki, o, bu ömrü qurucu insan olaraq yaşadı. İnsanın ölümündən sonra tanıyanların yaddaşında xoş ovqatla xatırlanması yetərlidir ki, yaşadığını isbatlamış olsun. İndi mən Naxçıvan şəhərinin binalarının bir qisminin yaxınlığından keçərkən onu xatırlayıram. Həyətimizdə divarlara düzdüyü maraqlı mozaik rəsmləri seyr edərkən gözümün önündə canlandırıram. Ancaq onu yalnız bu maddi görüntülər üzərindən, ailə məclislərindən, ibrətamiz yumorlu məsəllərindən, videolarından, fotolarından, qəbir daşından süzərək xatırlamaq istəməzdim. Məhz özümdən, öz obrazımdan ona doğru boylanmaq istəyirəm. O, hər şeydən daha artıq mənim düşüncə azadlığımın ilk təminatçısı olduğuna görə içimdə sayğınlığını qoruyur.
Ailə şərtlərinin ağırlığına görə, ali təhsil ala bilməmişdi. Təqaüdçü ata-anası, səkkiz qardaş-bacının yükünü 18 yaşında ailənin böyük övladı kimi çiyninə götürmüşdü. 20 yaşında evləndiyində öz ailə qayğısını da ayrıca məsuliyyət olaraq daşımağa məhkum olmuşdu. Bənnalıqdan iş icraçılığına qədər fiziki ağırlığı təsəvvürolunmaz bir çalışma yolu keçmişdi. Əməkdar inşaatçı adını da haqqıyla almışdı. Biz dörd qardaş iki bacının qismən sıxıntısız böyüməsi üçün hər cür fədakarlığı etmişdi. Ancaq bütün bunların içində hər zaman onun özəl sevgisini üzərimdə hiss etməyimi vurğulamalıyam.
O, özü təhsil ala bilmədiyinə görə övladlarının bilgili olmasını çox istəyirdi. O, mənə ayrıca imtiyaz tanımışdı, mənim oxumam üçün hər cür imkan yaratmışdı, orta məktəb illərindən turist qruplarında Moskvaya, Leninqrada, Riqaya təkbaşına səyahətimi təmin etmişdi. Ən başlıcası isə hər həftə əlimdən tutub Naxçıvan şəhərində olan iki kitab mağazasından istədiyim kitabı almağı, kitabların içində eşələnmək üçün səbrlə gözləməyi borc olaraq görmüşdü.
Mənim kitab dünyasına girişimi dəstəklədiyinə görə, şeirlərimin, məqalələrimin çap olunmasına həvəslə yardım etdiyinə görə, təhsil almaq üçün bütün səylərimi dəstəklədiyinə görə və ən başlıcası da uşaqlığımdan bəri düşüncə azadlığımı məhdudlaşdırmadığına görə ona sevgim və sayğım böyükdür. Biz onunla dünyagörüş olaraq yaxın deyildik, ancaq o, həyat şərtlərinin yaratdığı əngəllərə görə vara bilmədiyi ucalıqlarda məni görmək istədiyini gizlətmirdi. Mən insanın dünyasını dəyəişməsindən sonra işlədilən “kaş kə yaşasaydı” ifadəsini heç zaman sevmədim, anlamadım. Atam barədə də bu ifadəni işlətməyi heç zaman düşünmədim. Çünki xeyirli, faydalı insan kimi yaşadı, qurdu, öldü. Ömrün yaşı olmur ki... Sadəcə dəyəri, anlamı olur.
Və yenə də yuxarıda qeyd etdiyim şeirin birinci bəndinə qayıdıram:
Oxuduğum məktəbi
Tikibdir mənim atam.
Arzum budur onuntək
Mən də qurub-yaradam.
Mənim üçün hər bir “yaşamaq” məfhumunun arxasında həm də hərfi və ya məcazi mənada bir məktəb anlayışı durur. Həm də oxuduğum məktəbi tikdiyinə görə böyük şükranlıqla anıram səni Atam! Haqqın hər an üzərimizdədir, boynumuzdadır Böyük Kişi! Allah ruhunu şad etsin!