Fazil Mustafa
Dünən ticarət sektorunda olan dostlardan biri ilə söhbət edirdim. Bu adamların həm də Rusiya bazarı ilə əlaqələri var, oradan da mal alıb böyük market şəbəkəsində satırlar. Soruşdum ki, koronavirus təcridetmələri başlayan vaxtdan Rusiyada və bizdə supermarketlərdə ən çox hansı malların satışı önə çıxıb? Bildirdi ki, Moskvadakı dostlarımız söyləyir ki, onların obyektində ən çox satılan mallar araq, siqaret və oyun kartıdır. Bakıda isə, konkret supermarketiə ən çox satılan loto və dominodur.
Marağımı çəkdi, demək ki, insanlar koronavirus təcridetmələrində vaxtlarını öldürmək üçün qapandıqları yerlədə daha çox bu iki oyuna üstünlük verirlər. Bəs Moskvada olduğu kimi, bizdə arağa və siqaretə niyə təlabat azalıb? Xatırladım ki, ilkin təbliğat aparılan zamanlarda xüsusi olaraq həkimlər tərəfindən vurğulanırdı ki, siqaretlə spirtli içki immuniteti aşağı saldığına görə bu ərəfədə istifadə etmək məqsədəuyğun deyil və hətta ciddi təhlükə yarada bilər.
Bu da nəticəsi. Millət loto və domino üzərindən sağlamlığını qorumağa qərar vermiş. Tam rasional düşünən insanlarıq. Ruslarda sərt təbiət faktoru olduğuna görə onların dirənişi araq və siqaretlədir, bunu anlamaq elə də çətin deyil.
Onlar görünür təsəvvürlərində koronavirusa qarşı mübarizəyə də 2-ci dünya müharibəsində almanların hücumunu dəf etmək psixologiyasının davamı olaraq, indi də amerikanların və ya başqa düşmənin hücumu kimi yanaşırlar və ənənəvi olaraq araqla ona da qalib gələcəklərini zənn edirlər. Xeyli sevindim ki, bizdə heç olmazsa koronavirus qorxusundan araqdan və siqaretdən az da olsa uzaqlaşma konkret alıcılıq statistikasında özünü göstərir.
İş elə gətirdi ki, dünən mədəniyyətimizin ən bariz göstəricisi olan zirzəmiyə yerləşmiş Bukinist mağazasına axşama yaxın baş çəkməli oldum və əllidən artıq köhnə rus nəşrlərini endirilmiş qiymətə aldım. Satıcı dostumuzdan soruşdum ki, bu saata qədər alveriniz olubmu? Söylədi ki, siftəmizi siz verdiniz. Loto və dominonun kitabdan çox alındığı məmləkətdə gələcəyin nikbin planlarını qurmağa qətiyyən tələsməyək.
Çünki koronavirusun başını götürüb getdiyi məkanda loto və daminonun ardınca ən çox satılan yenə də siqaret və araq olacaqdır. Allah bütün insanlarımzın Ramazan orucunu qəbul etsin, əbədi kitab oxuma orucumuza görə isə başımıza loto və domino daşları yağdırsın. Dünya tarixində xoş dua ilə bəd duanın mükəmməl sintezini beləcə qurmuş oldum.