Qismətin tərcüməsində Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabını oxuyub, tamamladım. Ancaq Nabokovu heç cür tamamlamaq olmur. Bu qədər müdhiş yazar və ədəbi tənqid dühası olan adamların sayı, düşünmürəm ki, dünyada çoxdur.
Adətən, sevdiyimiz bir əsəri qayıdıb bir daha təkrar oxumaq istəyimiz yaranır. Nabokovun ədəbi tənqid irsi ilə tanışlıqdan sonra düşünürsən ki, Qoqolun “Şinel”inin, Tolstoyun “Anna Karenina”sının, Çexovun “İt gəzdirən qadın”ının, Turgenevin “Atalar və oğullar”ının ardından natamam qalan bir şeydir: Nabokovun bu əsərlər haqqında nə düşündüyü. Qayıdıb bir də Nabokovu oxumalısan ki, bu əsərlərdə tuta bilmədiyin fərqli detallara tam şəkildə vaqif olasan.
Kitab “Elm və təhsil” nəşriyyatında 2017-ci ildə yayınlanıb, Qismət də Nabokov üslubunu duyaraq, yaxşı tərcümə edib.
Nabokov 1899-cu ildə doğulub, bolşevik devriminin mühacirət həyatına atdığı ən parlaq ədəbi şəxsiyyətlərdən biridir. Daha çox “Lolita” romanı ilə tanınır. Ancaq bundan da önəmlisi, onun 1940-cı ildə ABŞ-a köçərək Stenford Universitetində rus ədəbiyyatından dərs dediyi zaman, eləcə də Uelsli və Kornel Universitetində dərs dediyi 20 il müddətində yazdığı mühazirə mətnləri sayıla bilər.
Universitet mühazirlərində yazar Turgenevdəki sosial ünsürlərə heyfslənir, Dostoyevskidəki ictimai elementləri lağa qoyur, Qorkinin əsərlərinə qəddarcasına hücum edir, Çexova insanlar haqqındakı yüzəyüz dəqiq müşahidələrinə sosial şərhlər qarışmadığı üçün ən yüksək tərifləri söyləyir.
Nabokov düşüncəsinə hakim kəsilmiş bədii keyfiyyət prinsipi hər zaman XIX əsrin rus tənqidçilərinin faydaçılıq prinsipi ilə qarşıdurma içindədir.
Nabokova görə, azad ölkələrdə davamlı nəşrlər və fəlsəfi sistemlər var, amma diktaturada sadəcə hökumət var. Ədəbiyyatda bədii keyfiyyətlə faydaçılıq arasında qarşıdurma da buradan doğur.
XIX əsrdə hökumət sənətçi ilə mübarizə aparan əsas qüvvə idi. XIX əsrin rus yazarını sıxışdırmaq istəyən ikinci qüvvə isə siyasi, şəhərli, radikal zəmanə bilicilərinin hökumətə müxalif olan, faydaçı sosialist tənqidi idi. Bu adamların ümumi mədəni səviyyələri, dürüstlükləri, əməlləri, intellektual fəaliyyətləri və insani keyfiyyətləri maaşını hökumətdən alan fırıldaqçılardan da, qorxu içindəki hökmdarın ətrafına toplaşmış dolaşıq fikirli köhnəpərəstlərdən də müqayisəyəgələməz dərəcədə yuxarı idi.
Radikal tənqidçilər, əsasən, xalqın rifahını önəmli sayır və hər şeyə – ədəbiyyata, elmə, fəlsəfəyə – məzlumların iqtisadi vəziyyətini düzəltməyin, ölkənin siyasi strukturunu dəyişdirməyin vasitəsi kimi baxırdılar.
Həqqətpərəst, qəhrəman tənqidçilər sürgünü, yoxsulluğu vecə almazdılar, ancaq sənətin incəliklərinə də fikir verməzdilər. Bu cür dikbaş və dürüst adamları bir başlıq altında toplamaq olar: köhnə fransız sosialist fikir adamlarına və alman materialistlərinə aid edilən, son illərin inqilabi sosializminin və gönüqalın kommunizminin xəbərçisi olan siyasi radikalizm. Bunu Qərbi Avropa və Amerikanın oturuşmuş demokratiyasıyla tamam eyni şey olan həqiqi rus liberalizmi ilə qarışdırmaq olmaz…
Həm hökumət və inqilab, həm də çar və radikallar sənətə münasibətdə cahil idilər. Radikal tənqidçilər mövcud despotizmlə mübarizə apararkən, öz despotluqlarını yaratmışdılar. İddiaları, səbəb göstərdikləri, yeritməyə çalışdıqları nəzəriyyələri siyasi sistemin sənətə qarşı basmaqəlib yanaşması ilə eyni idi. Yazarlardan əndrəbadi şeylər yerinə yetirməyi, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış bucağına görə, bir kitab ancaq xalqın rifahına xeyir verirsə, dəyərli idi…
Onların bu coşqunluğu faciə ilə nəticələndi. Səmimiyyətlə, cəsarətlə azadlığın və bərabərliyin tərəfindəydilər, amma sənəti aktual siyasətin boyunduruğu altına vermək istəyib, özləriylə paradoksa düşürdülər.
Çarların gözündə yazarlar dövlətin xidmətçisiydisə, radikal tənqidçilərin gözündə də kütlələrin xidmətçisi idi.
Nəhayət, XX əsrdə yeni rejim kütlə fikri ilə dövlət fikrini hegelçi sintez içində birləşdirəndə, bu iki düşüncə xəttinin qovuşub güclərini birləşdirməsi də qaçılmaz olur.
Rusiyanın bütün şairləri haqqında ifrat radikallarla ifrat monarxistlərin dediyi fikirləri tutuşdursanız, dəhşətli bənzərliyi görəcəksiniz. Faşizmin ədəbiyyatdan istədikləri ilə bolşeviklərin ədəbiyyatdan istədikləri arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Hitler Almaniyasının mədəniyyət naziri Rozenberq belə demişdi: “Sənətçinin şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey var: inancımızın qəbul edilməsi”. Lenin isə deyirdi: “Hər sənətçinin azad yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət biz kommunustlər onu planlarımız çərçivəsində idarə etməyə məcburuq”.
Bunların hər ikisi konkret mətnlərdən götürülmüş sitatlardır, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb, qəhqəhə çəkə bilərdik.
Tolstoy və Çexovun Rusiyası tarixdəki Rusiya yox, fərdi dühanın fantaziya ilə yaratdığı özəl bir dünyadır. Yaxşı oxucu böyük ideyalarla maraqlanmaz, özəl bir obraz, təxəyyül onun üçün maraqlıdır. Dahi sənətkarın yaratdığı ən mükəmməl qəhrəman onun oxucusudur.
Rus romanında “sirlərlə dolu rus qəlbi”ni axtarmayın – individual dühanı axtaraq. Şedevrə baxın, çərçivəsinə yox və gözlərinizi sizinlə birlikdə çərçivəni seyr edən insanların üzünə zilləməyin.
Qədim, mədəni rus oxucusu, əlbəttə, Puşkinlə, Qoqolla fəxr edirdi, fəqət eyniylə Şekspir və Danteylə də Bodler və Edqar Po ilə də, Flober və Homerlə də qürur duyurdu; bu, rus oxucusunun gücünün göstəricisi idi.
Haqqında danışdığım məsələyə xüsusi marağım var, çünki əcdadlarım yaxşı oxucular olmasaydı, bu gün burada olmaz, belə danışmazdım. Yaxşı yazıçılıq və yaxşı oxuculuq qədər önəmli olan başqa şeylərin də olduğunun fərqindəyəm, fəqət hər şeydə birbaşa əsas olana, mətnə, mənbəyə, mahiyyətə getmək daha ağıllı işdir – ancaq bu yolla filosofu, ya da tarixçini razı salmaq, yaxud da bu günün ruhuna uyğun nəzəriyyələr yaratmaq mümkündür.
Oxucular azad doğulur və azad da qalmalıdır. Puşkin necə demiş:
İstəyir çara əyil, istəyir xalqa sığın,
Mənim üçün əzizdir mənə öz azadlığım.
Fərqi varmı mənimçün? Qoy canları sağ olsun. Şairin üzü, gərək, öz yanında ağ olsun.
Nabokova görə, Tolstoy romançılıqda əxlaqi, mistik və pedaqoji ehtiraslarına təslim olanda, dühası çoxdan oturuşmuşdu. Yazılarının ölümündən sonra çap edilən parçaları göstərir ki, Tolstoyun sənətkarlığı Anna Kareninanın dünyadan köçüb getməsindən sonra da inkişaf edirdi. Amma Qoqol çox az kitab yazmışdı və “Müfəttiş”, “Şinel”, “Ölü canlar”ın birinci hissəsi ilə qalxdığı zirvədən sonra həyatının kitabını yazmaq üçün qurduğu planlar istedadının öləziməyə başladığı dönəmə düşmüşdü.
Həmin aralıqda böyük rus rəssamı İvanov Romadaydı. 20 ildən artıq “Məsihin xalqa görünməsi” adlı rəsmi üzərində işləmişdi. Taleyi bir çox cəhətdən Qoqolunkuna oxşayırdı; bir fərqlə ki, İvanov ən azı şedevrini bitirə bilmişdi. Deyilənə görə, rəsm, nəhayət (1858-ci ildə) sərgilənəndə, İvanov sərgi salonundakı qələbəliyi vecinə almadan sakitcə oturub, – 20 illik zəhmətdən sonra! – əsərinin son əlavələrini edirmiş. İvanov da, Qoqol da çörəkpulu qazanmaq üçün həyatlarının əsərini bir yana ata bilmədikləri üçün həmişə yoxsulluq içində yaşamışdılar: ikisi də onları astagəlliklərinə görə danlayan səbrsiz insanlar tərəfindən sıxma-boğmaya salınmışdı; ikisi də dünya məsələlərində narahat, əsəbi, təhsilsiz və gülməli şəkildə bacarıqsız idi.
İvanovun əsəri haqqında gözəl bənzətməsində Qoqol aralarındakı əlaqəyə eyham vurur; insan onun rəsmdəki əsas fiqurla əlaqədar dediyi sözləri oxuyanda (“Budur O, ilahi bir rahatlıq və müqəddəs bir uzaqlıq içində, sürətli və əmin addımlarla yaxınlaşmaqdadır”…) belə düşünməli olur: İvanovun əsəri hansısa şəkildə Qoqolun hələ yazmadığı, amma İtaliyanın gümüşü səmasında yaxınlaşdığını gördüyü kitabında dini məzmunda bütövləşmiş kimidir.
Bir yazıçı “Sənət nədir?” tipində suallarla maraqlanmağa başlayıbsa, demək, yolunu azıb. Qoqol ədəbiyyat sənətinin xəstə ruhlarda bir tarazlıq və rahatlıq hissi yaradıb, o ruhları müalicə etməli olduğuna inanırdı. Bu müalicənin içində yüksək dozada didaktik dərman da olmalıydı. Millətin qüsurlarını və dəyərlərini, oxucuların bu dəyərlərə səbat göstərib, qüsurlardan vaz keçməsinə kömək edəcək şəkildə təsvir etməyi təklif edirdi.
1847-ci ildə keşiş Matvey ata Qoqola yalvararaq ədəbiyyatı tamamilə buraxıb yalnız ibadətlə məşğul olmasını, özünün və onun kimi din adamlarının yoluyla gedərək ruhunu o biri dünya üçün hazırlamasını istədi.
Stabil Puşkinin də, realist Tolstoyun da, təmkinli Çexovun da, cümləni bulanıqlaşdırıb fokusu sürüşdürərək gizli mənanı aşkara çıxaran, irrasional bəsirət anları var. Amma söhbət Qoqoldan gedirsə, bu baxış bucağının sürüşməsi sənətin əsas qayəsinə çevrilir, buna görə də ədəbi ənənənin yumru cizgilərinə sadiq qalıb yazmağa, məntiqli bir təhkiyə ilə rasional fikirlər ortaya qoymağa cəhd edəndə, onun istedadından əsər-əlamət qalmırdı. Ölümsüz əsəri “Şinel”də olduğu kimi, ilham atının yüyənini buraxıb, şəxsi uçurumunun kənarında dolananda, Rusiyanın indiyədək yetişdirdiyi ən böyük sənətçilərdən birinə çevrilirdi.
Qoqolun metodu iki hərəkətin sintezindən ibarətdir: silkinmək və süzülmək.
Bu kitabda Nabokovun Qoqoldan başqa Turgenev, Dostoyevski, Tolstoy, Çexov və Qorki yaradıcılığı və şəxsiyyəti ilə bağlı əsrarəngiz fikirlər yer alır. Yoruculuq olmasın deyə, qısaca bir şeyi deyə bilərəm ki, XIX əsrin rus ədəbiyyatının şedevrlərini anlamaq istəyirsinizsə, ilk öncə, Nabokovdan başlayın. Ardınca “Şinel” də, “Atalar və oğullar” da, “Anna Karenina” da, “İvan İlyiçin ölümü“ də, “Karamazov qardaşları” da, Çexovun hekayələri də, Qorkinin çılpaq realizmi də sizə daha anlaşılan şəkildə gözlədiyinizdən də yaxın olacaq.
Açığını deyim ki, mən daha çox öz düşüncəmdə yer alan bu müəlliflərin əsərləri olan Qoqolun “Portret”ni, Dostoyevskinin “İdiot”nu, Çexovun “Məmurun ölümü”nü Nabokovun necə təhlil etməsi ilə rastlaşmaq istədim. Həm də maraqlıdır ki, Nabokov, Dostoyevskini hamı kimi, yüksək qiymətləndirmir, onun romançı kimi uğurlu olmadığını düşünür, “Karamazov qardaşları”nın da əslində mükəmməl bir dram əsəri olduğuna inanır. Tolstoyu isə roman adamı kimi görür və izah edir ki, Tolstoyun uğuru məhz öz meydançasında oynaması ilə bağlıydı – yəni, roman və povestlərdə şedevrlər yarada bildi.
Eyni xüsusiyyətləri Çexova da aid edir və onun hekayə janrında kimsə ilə müqayisə olunmayacaq bir uğura imza atdığını yazır. Onu Mopassandan da üstün sayır. Turgenevə isə ən gözəl təbiət təsvirçisi kimi dəyər verir.
Oxumaqdan doymadığım mükəmməl bir ədəbi-tənqid və hətta deyərdim ki, Nabokov fəlsəfəsinin ən dəyərli nümunələrindən biridir.
strateq.az