Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizm" silisləsindən yeni metamodern şeirlərini təqdim edir.
Proqnoz
Dəmiryol vağzalı. Topa-topa adamlar.
Gözləyirlər.
Hələ bilmirlər az sonra nə olacaq.
Ehtimalsa həmişə var - hava proqnozu kimi.
Topa-topa adamlar – kiçik sosioloji model.
Həmişə nə üçünsə birləşirlər adamlar.
Ortaq nəsə var görünür, amma
tək dayananlar da var.
Topa-topa adamlar – statistik seçmə;
müxtəlif cinsli, fərqli statusda, fərqli yaşda.
Orta qiymət çıxarmağa çalışıram:
hər biri eyni həm də - Eros.
Eros – yaşam instinkti.
Tərsi daha cəlbedici - ölüm instinkti Tanatos;
özünüqurbanvermə fenomeni, fədakarlıq,
qəhrəmanlıq doğurar həm də.
Hələ ki...
qəhrəmanlığa, fədakarlığa ehtiyac yox.
Sadəcə, qatar gözləyir adamlar
və hələ bilmirlər az sonra nə olacaq.
Qəfil çiskin yağış başlayır.
Elan:
Qatar texniki səbəblərdən 7 dəqiqə geçikir.
Hər kəs gözləyir
və nə olacağını yenə də dəqiq bilmir...
Topalar dağılıb artıq,
indi nizamla əyləşib adamlar
yumşaq oturacaqlarda.
Gözləyirlər.
8:00 -da yola düşür qatar:
Bakı – Pirşağı – Sumqayıt.
Hər adamın
bir stansiyada düşmə ehtimalı var.
... – 05.11.2026
Holizm
Elə şeylər var dağılsa da gözəl olur;
parçalanmış nar misalı - hər dənə bir aləm,
hər aləm bir estetika, həzz mənbəyi.
Amma bir məsələ var:
ha çalış yığasan o dənələri,
xeyri yox, yenidən nar alınmaz;
elə şeylər var
bütöv halında bir ayrı gözəllik.
Elə şeylər də var, dağılsa bitdi demək.
Nə dağılmış halı faydalı,
nə də geriyə dönüşü mümkün: nizamsızlıq – xaos;
heç bir qanunu da işə yaramaz:
görünür, “kəpənək qanad çalıb” hardasa.
Axşam qatarında
sınmış fincan qırıqlarını toplayan
gənc ananın məyusluğu anladır bir daha:
təkcə hissələrinin cəmindən
ibarət deyilmiş var olan.
Həyat da ki... bilirsiz də
zamanın cəm halında – kino lenti,
ayrı-ayrı anlar hamısı bir yerdə;
gah “nar dənələri”,
gah da qırıq-qırıq fincan misalı.
... – 15.09.2026
Zəncirotu
Bəzən lirik şeirlər də yazıram,
bir az da sentimental – xoşuma gəlməsə də.
Minimalist bir şeirimi xatırladım səni görəndə:
Dəriləndən sonra da
ətri gözəl olur güllərin.
Zəncirotu - sarı çiçək, sapsarı çiçək.
Elə şeylər var, tez-tez ötsən də yanından
görmürsən elə bil.
Zəncirotu; ot və zəncir...anlamadım, -
kim verib bu adı görəsən?
Zəncirotu - payızın sapsarı rəngi;
gözəllik və bir də intəhasızlıq yayılır
topa-topa bitdiyin məkanlardan.
Üzdüm səni, bağışla,
üzdüm ard-arda – 1, 2, 3, 4, 5;
üzülmə, sarı çiçək,
yoxluqda hər an varolma imkanı.
Sevdiyinə sahib olmaqsa
qəbahətdir həm də - bunu da anlayıram.
Əlimdə sarı çiçək
yol kənarında evakuator cəlb edir diqqətimi,
xarab olub, yük yerində də nasaz avtomobil.
Gülmək tutur məni; sənə güvəndiyim dağlar...
Üzümdə təbəssüm, uğur arzulayıram
evakuatoru işə salmağa çalışan iki adama –
elə təbəssümlə də cavab verirdilər ki,
birdən işə düşür faydalı texnika.
Görünür, doğrudan da yaxşı fikir
dəyişə bilər hadisəni; düşüncənin rəsmini çəkər
bu “ixtiyar”, bu “sirli-soraqlı” kainat,
güzgü misalı -
neçə baxsan o cür də var olar bəlkə də.
Ofisə qayıdıram.
Kim 5 çiçəyi görürsə,
təbəssüm yaranır üzündə.
Kimi gözəlliyindən söz açır,
kimi də faydasından.
Tez soldu amma
gözəl, zərif, faydalı sarı çiçək,
dəriləndən bir-iki saat keçməmiş
başı aşağı, məyus, qırmızı qələmqabıda;
az əvvəl gülümsəyirdi sanki,
bütün səadətlər tez bitir nədənsə.
Bağışla, üzdüm səni,
tələsdirdim taleyini, deyəsən, sarı çiçək,
indi üzüldüyün məkanlarda yerin boş,
bir də ətrafa yayılan sonsuzluq...
Deyirlər:
Hər işin sonu yaxşı olsun təki.
Zəncirotu - sapsarı gözəl çiçək,
ölümün necə... gözəl oldumu,
al rəngli qələmqabıda?
... – 30.10.2026.