Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında

Eduard Bağırov, yazıçı

Eduard Bağırov, yazıçı

21 iyul 2026
# 12:00

Kulis.az Abuzər Bağırovun "Qalmaqallı nasirimiz - Eduard Bağırov" adlı yazısını təqdim edir.

İlahidən istedad işığı bəxş edilmiş tək bircə soydaşımız uğursuzluğa uğrayıb, it-bata düşəndə itirən təkcə həmin fərd olmur, millətə də çox ziyan dəyir. Bu gün dünya şöhrətli rus şərqşünası Aleksandr Kasimoviç Kazembekin (1801-1871) adı çəkiləndə dalmına-dalmına qalırıq. Düşünürük ki, ey dadi-bidad, əsli-nəsli, kökü-soyu təpədən dırnağa azərbaycanlı olmuş bu kişi olduğu kimi, yəni Mirzə Məhəmməd Əli Kazım bəy adıyla axirətə qədər qalsaydı, onun mübarək şan-şöhrətli ismi elm tarixinə, heç bir çək-çevirsiz, Azərbaycan alimi olaraq düşərdi...

Rus dilində yüzə yaxın qiymətli, ürəkləri ehtizaza gətirən melodik mahnıların mətn müəllifi, çoxsaylı lirik nümunələr yaradıcısı Onegin Yusif oğlu Hacıqasımov (1937-2002) Simon adı ilə Moskva vilayətinin Optina çölündəki monastırda ömrünü çürüdüb başa vurmasaydı, hələ nə qədər mahnılar, incə ruhlu mükəmməl şeirlər yazar, rusdilli poeziyanı azərbaycanlı şairin necə zənginləşdirdiyini nümayiş etdirərdi...

XXI əsrin əvvəllərində paytaxtda baş verən sosial partlayışları, sovet imperiyasının dağılmasından yaranan hakimiyyətsizliyi, özbaşınalığı, cinayətkar ünsürlərin tüğyanını, bu başıpozuqların ölkənin faktiki idarəediciləri olduqlarını tam reallığı və çılpaqlığı ilə romanlarının səhifələrində əks etdirməklə, Moskvanın rusdilli ədəbi mühitində tufan qoparan istedadlı nasir Eduard İsmayıl oğlu Bağırov Tanrının verdiyi nadir bacarığına - söz ustalığı sənətinə sarılıb, yalnız bədii yaradıcılıqla məşğul olsaydı, əminəm ki, Rusiyada çox adlı-sanlı bir Azərbaycan nasiri yetişər, başımızı ucaldar, sözümüzün kəsərini artırardı... Təəssüflər ki, belə olmadı, qəfildən parladı, amma alovlanıb uzunmüddətli məşələ çevrilə bilmədi, ani şöhrətin həyuləsinə tab gətirə bilmədi, başgicəllənməsinə tutuldu, dava-şavaya meyilləndi, özünü azman sanıb, qarman-çorman, həlləm-qəlləm işlərə qurşandı, qalmaqal azarına tutuldu və ağıl ucbatından tezcə də yanıb külə döndü...

Niyə belə olur? Bəlkə əlahiddə istedad sahiblərinə lazımınca qayğı göstərmirik? Onları küskünləşdirir, real həyatdan uzaqlaşdırırıq? Bəlkə, bəlkə... Yetər bu "bəlkələr!" Zənnimcə, bircə səbəbi var belə kədərli sonluqların: Zatıqırıqlıq! Daha sonra yarımçıqlıq! "Ot kökü üstə bitər", deyib ulu ərənlərimiz, dədə-babalarımız... Bunlar da bizimkilərdir. Kəssən, kəsilməz, üzsən, üzülməz! Ucuzluğa varmayaq, sözə davam edib, mətləb üstünə qayıdaq...

Eduard İsmayıl oğlu Bağırov 25 oktyabr 1975-ci ildə Türkmənistan SSR-nin Marı şəhərində anadan olmuşdur. Orta məktəbdə rus dilində təhsil almış, 1993-cü ilin payızında hərbi qulluğa çağırılmışdır. İki aydan sonra hərbi hissədən Rusiyaya qaçmış, 1994-cü ilin yanvarından Moskvada yaşamağa başlamışdır. Vağzalda xırda oğurluq üstündə yaxalanmış və iki il həbs cəzası çəkmişdir. Azadlığa çıxarkən bir ilə yaxın rus əsilli anasının Nijqorod vilayətindəki doğma Qoritsı kəndində yaşamış, 1997-ci ilin sonlarından Moskvada sahibkarlıqla məşğul olmağa başlamışdır. Eduard hüquq təhsili almaq arzusu ilə Moskva Dövlət su nəqliyyatı Akademiyasının hüquq fakültəsinə daxil olmuş, lakin qısa bir müddətdən sonra dava-dalaşla təhsilini yarmçıq qoyaraq, Akademiyanı biryolluq tərk etmişdir.

Eduard Bağırov 2002-ci ildə kütləvi ədəbiyyat formatında tanınmağa başlayan həmyaşıdı, yazıçı Sergey Minayevlə birgə "Litprom" adlı ədəbiyyat saytı yaratdı və tezliklə özü həmin saytın baş redaktoru oldu. Bir ara o, bütün varlığı ilə ədəbiyyatla məşğul olmağa başladı və zamanına görə Moskvada ünlü imza sahibinə çevrildi. Eduard Bağırovun müasir detektiv-"kontrmədəni" roman-bestsellerlərində: "Qastarbayter" - "Gəlmə işçi" (Moskva, "Populyarnaya literatura", 2007), "Sevgililər" (Moskva, "AST", 2008), "İdealist" (Moskva, AST, 2010) - tale, xarakter, müxtəlif ənənələrin toqquşmasını əks etdirən, həyatda baş vermiş əhvalatlar mozaikasından yığılmış polimədəni mətnlər yaradılmışdır. Bu romanlarda Moskvaya gələnlərin taleyi mərkəzi yer tutur və bu, Azərbaycan mentaliteti və Moskva gerçəkliyinin qarşlıqlı təsiri mövzusunda mühüm bədii elementdir.

Müəllifin ilk romanının qəhrəmanı Yevgeni Əliyev cibində bir qəpik pulu olmadan "Moskvanı fəth etmək üçün" paytaxta gəlir. Onun ilk iki romanı yadellinin paytaxta gəlməsi mövzusuna həsr olunmuşdur və bu postsovet Moskvasında özünə yer qazanmış müəllifin şəxsi təcrübəsinə əsaslanır. Nasir daha bir incə problemə toxunur: Sovet İttifaqı dağıldıqdan sonra yeni gerçəklikdə cəmiyyətin qarışıq nikahlardan doğulmuş insanlara münasibəti... "Qastarbayter" romanının lap əvvəlində yarırus mühacirin, "xalqlar dostluğu" dövrünün varisinin statusunun mürəkkəbliyindən danışılır: "Mən - Yevgeni Əliyevəm. <…> Asiyada mən təqib olunan rusam, Rusiyada isə daha artıq təqib olunan "qara"yam, loru dildə desək, "çurka"yam, yəni "qanmazam". Mühüm deyil ki, rus anamın sayəsində azərbaycanlıya çox az oxşayıram, rus dilində aksentsiz danışmağıma da tüpürən yoxdur - axı mən "çurkistanda" - "qanmazlar" yurdunda doğulmuşam, hələ üstəlik də, belə yöndəmsiz familiya daşıyıram! Müasir Rusiyada bunlar tamamilə kifayətdir ki, ..." (Gduard Baqirov. "Qastarbayter". [Glektronnıy resurs]. Rejim dostupa: http://tululu.org/read65225/2/)

Qastarbayterin Moskvadakı əhvalatı sadə dillə təhkiyə edilmişdir, lakin maraqlıdır, oçerk üslubunda tipik mühacir əhvalatını əks etdirir. Əvvəlcə o, soğan satır, sonra barmen olur və qılıqsız, sərt xarakterinə baxmayaraq, inadla hərəkət edərək tədricən sosial pillələrlə qalxır, cəmiyyətdə özünə ürəyincə layiqli yer tutmağa can atır.

Romanın mövzu yeniliyi Bethoven (1770-1827) və Tom Ueytsin (1949) pərəstişkarı olan baş qəhrəmanın obraz baxımından tipik Moskva qastarbayterinə açıq-aydın uyğun gəlməməsi ilə bağlıdır. Özlüyündə romanın adında açıq-aşkar ironiya gizlənmişdir: ziyalılığa meyilli olan baş qəhrəmanın xarakteri açılan kimi, dərhal səciyyəvi hekayət öz səciyyəviliyini itirir. Onun "məni küçə tərbiyə etmişdir, mən konservatoriyanı bitirməmişəm" (Yenə orada) etirafı da məsələnin əsl məğzini dəyişə bilmir. Təhkiyənin üslubu ironikdir: söylənilən əhvalatın "sadə xalq" dilində olmasına baxmayaraq, aydın görünür ki, romanın dili tam müasir dildir, 1990-cı illərin Moskvada baş verən həyat hadisələrinə yuxarıdan aşağı tənqidi və bir qədər də istehzalı baxış mövcuddur. Müəllif yerli "avtoritetin" zahiri görkəmini istehza ilə təsvir edir: "Onun əynində yağa bulaşmış, nimdaş idman köynəkcəsi, onun üstündən qoşadüyməli göy pencək, aşağıda dizləri süzülmüş yaşıl məşq şalvarı var idi. Bütün bu gülünc "geyimi" isə basmaqəlib Çin krassovkaları tamamlayırdı" (Yenə orada).

Moskvanın tanınmış ədəbiyyatşünaslarından olan filologiya elmləri doktoru, professor Mədinə Tlostanova (1970) maraqlı nəzəri məqalələrinin birində özgə ədəbi-mədəni mühitdə yaşayıb-yaradan yazıçıların yaradıcılığı və onların identikliyi haqqında orijinal, gözlənilməz nəticələrə gəlmişdir: "Bu insanlar sərhədləri aşıb keçmirlər, onlar özləri sərhəddirlər. Onların yazdıqları nəsr də əvvəlki ev və sürgün, vətən və qürbət, mühacirət və doğma yurd iyerarxiyaları və binarlıqları (dünyanın antonim ikilikləri) ətrafında qurulmayıb. Burada daima postkolonial məhsul kimi kommersiya belletristikasına uymaq təhlükəsi mövcuddur. Bunu yalnız natamam "mən"in özünükinayəsi, tez-tez dəyişməsi və zirəkliyi, əvvəlki assimilyasiya modellərindən yan keçməyə yardım edən maskaların daimi dəyişikliyi və istənilən sabit təyinlərdən yaxa qurtarmaqla dəf etmək olar" (M.V.Tlostanova. Diaspornıe identiçnosti i literatura v postnaüionalğnom mire: k probleme pereosmısleniə ponətiy. Jurnal "Liçnostğ. Kulğtura. Obhestvo". T. 13, № 61/62, vıpusk 1. Moskva, 2011 (s. 167-180). S. 170. 332 s.).

Burda alimin kommersiya belletristikasına "uymaq" qınağı, heç şübhəsiz, Eduard Bağırova yönlənmişdir. Müəllifin bu fikrilə heç cürə razılaşmaq olmur. Eduard Bağırovun meydana qoyduğu hər üç roman istedadla yazılmış, maraqla, birnəfəsə oxunan, konanik roman növünün bütün nəzəri tələblərinə cavab verən nəsr nümunələridir. Bununla yanaşı, Eduard Bağırov Moskva ədəbi mühitindəki ən üzdə olan azərbaycanlı müəlliflərdən biridir və hətta kütləvi ədəbiyyat fenomeni kontekstində də müzakirə edilməyə tam layiqdir.

Eduard Bağırovun yaradıcılığı (İ.N.İvanova. Transformaüiə komiçeskoqo v gstetike literaturı "padonkov" (fenomen litrom.ru i tendenüii razvitiə sovremennoy oteçestvennoy literaturı) // Vestnik Tomskoqo qosudarstvennoqo pedaqoqiçeskoqo universiteta. 2011. № 7. S. 84-89.), həmçinin digər bir icmal tədqiqat işində də araşdırılıb, layiqli obyektiv qiymət verilib. Təbii ki, əksər tədqiqatlarda Eduard Bağırov haqlı olaraq məhz Azərbaycan mənşəli yazıçılara aid edilir. Onun kitablarındakı səciyyəvi milli tematika müasirliklə bağlıdır və Qafqazdan müasir Rusiyaya köç edənlərin real həyat təcrübəsini əks etdirir.

Eduard Bağırovun romanları aktual mövzunu inkişaf etdirən, lakin estetik kəşf etməyən kütləvi ədəbiyyatın ən yaxşı, ən oxunaqlı nümunələridir. Onlar mövzu baxımından Azərbaycan realiləri ilə bağlıdır, lakin üslub cəhətdən detektiv və şəhər "kontrmədəni" melodramanın janr kanonlarına uyğundur. Bəzən onun əsərləri tənqidçilər tərəfindən də kifayət qədər ehtiyatla və yanlış xarakterizə edilir: "Olduqca geniş auditoriya üçün nəzərdə tutulmuş kitab - heç bir bədii özəllikləri olmayan aktual ştamp əhvalatdır" (Anna Kuzneüova. "Ni dnə bez kniqi". Jurnal "Znamə". 2008. № 3. [Glektronnıy resurs]. Rejim dostupa: http://magazines.russ.ru/znamia/2008/3/ku29-pr.html).

Eduard Bağırovun yaradıcılığı, yəni qoyub getdiyi üç roman, əlbəttə, kütləvi ədəbiyyat nümunələridir, son dərəcə maraqlı belletristika örnəkləridir və müəllif bu əsərlərində mədəniyyətlər arasındakı dialoqu müxtəlif istiqamətlərdə inkişaf etdirmişdir. Onun belletristikası geniş oxucu kütləsinin şüuruna təsir edərək, Moskva həyatında yadellinin çətinliklərinin dərk edilməsində onlara yardım göstərmişdir. "Qastarbayter" romanı 2007-ci ildə Moskvada ən çox satılan kitab olmuşdu - 100000 nüsxə! Həmin il paytaxtın 20 ən məşhur nəşriyyatında çapdan çıxan roman dərhal satılaraq, müəllifinə çox sürətli və geniş şöhrət qazandırmışdı.

Eduard Bağırovun sosial, siyasi, etnik-milli mövzuları əhatə edən polemik ruhlu publisistik yazıları da diqqətçəkən, uğurlu nümunələr idi. Lakin son vaxtlar o, yersiz mübahisələrə girişir, aqressiya göstərir, kobudluğa yol verir, qalmaqallı vəziyyətlərin yaranmasına zəmin yaradırdı. Belə halların tez-tez təkrarlanması, görünür, son illərdə onun yaşadığı qeyri-sağlam həyat tərzi ilə bağlı olmuşdur. Ərşə-gürşə sığmayan istedadlı və qalmaqallı nasirimiz Eduard Bağırov 12 aprel 2023-cü ildə 47 yaşında müəmmalı şəkildə gözlərini əbədi yumdu və Niyqorod vilayətinin Qoritsı kəndində, anasının qohum-əqrəbası əhatəsində cismani rahatlığa qovuşdu. Bir ulduz da belə söndü, istedadının parlaqlığı ilə bizi daha artıq qürurlandırmağa macal tapmayan bir soydaşımızı da yola saldıq gedər-gəlməzə...

# 425 dəfə oxunub

Oxşar xəbərlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər