Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?

Şuşanın azad edildiyi gün şəhid olan Emin Süleymanov kimdir?
21 iyul 2026
# 16:30

Kulis.az Şahanə Müşfiqin yeni yazısını təqdim edir.

İnsan ömrü həqiqətənmi illərlə ölçülür, ya da ölçülməlidirmi? Axı elə ömürlər var ki, yaşadığı illərin sayından daha çox mənaya, daha çox izə çevrilir. Qəhrəman şəhidlərimizin ömürləri də məhz hər anı ilə min minaya sahib ömürlərdəndir. Zamanından onların doğulduqları gün yalnız öz ailəsi, qohumları üçün bayram olsa da, şəhadətə ucaldıqları gün bütöv bir xalqın silinməz tarixinə çevrilib. Onlar öz şəhadətləri ilə illərdən sonra doğulduqları günləri də xalqımız üçün unudulmaz təqvimə çevirməyi bacardılar.

Bu gün – iyulun 21-i həmin qəhrəman şəhidlərimizdən biri olan mayor Emin Süleymanovun doğum günüdür.

Şəhidlərimiz haqqında keçmiş zamanda danışmaq heç də məntiqli görünmür. Çünki onlar fiziki olaraq aramızda olmasalar da, adları hər dəfə çəkiləndə yenidən bizimlə olurlar. Onlar tək ailələri üçün deyil, uğrunda can verdikləri dövlət üçün, millət üçün də ölməzdirlər. Bəzən bir məktəbin divarındakı lövhədə, bəzən bir kitabın səhifələrində, bəzən də azad Qarabağın səmasında dalğalanan üçrəngli bayrağın kölgəsində onların nəfəsini duymaq mümkündür.

***

Emin Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunda polis ailəsində dünyaya göz açmışdı. Uşaqlıqdan seçdiyi yol onu hərb sənətinə gətirdi. Ömrünün böyük hissəsini Azərbaycan Ordusunda xidmətə həsr etdi. Onun üçün hərb sadəcə peşə deyildi. Bu, Vətən qarşısında verilmiş bir söz idi, vətəndaşlıq missiyası idi. İllər keçdikcə həmin söz mayor rütbəsinə, döyüş təcrübəsinə, yüzlərlə hərbçinin hörmətini qazanan zabit adına çevrildi.

2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Emin Süleymanov da minlərlə Azərbaycan zabiti kimi tərəddüd etmədən ön cəbhəyə yollandı. Artilleriya qoşunlarında xidmət edən mayor döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirdi. Müharibənin taleyüklü günlərində Laçın istiqamətində gedən ağır döyüşlərdə son nəfəsinə qədər vuruşdu və noyabrın 8-də – Şuşanın azad edildiyi tarixi gündə şəhidlik zirvəsinə yüksəldi.

Bəzən tarix qəribə təsadüflər yaradır. Bir xalqın zəfər sevinci bir ailənin sonsuz həsrəti ilə eyni günə sığır. Elə buna görə də 8 Noyabr bizim üçün həm qələbənin, həm də o qələbə naminə verilən ən böyük qurbanların günüdür.

***

Şəhidlər haqqında yazmaq həmişə çətindir. Çünki onlar haqqında deyilmiş, yazımış ən təsirli cümlələri belə onların etdikləri ilə müqayisə edəndə söz kiçilir.

Biz "qəhrəman", "igid", "Vətən fədaisi" deyirik. Amma bir övlad üçün o, sadəcə atadır. Bir ana üçün oğul, bir xanım üçün ömür-gün yoldaşıdır. Nə qədər ağır olsa da, etiraf etməliyik ki, şəhidlik insanı xalqın qəhrəmanına çevirir, amma onun ailəsinin ürəyində açdığı boşluğu doldurmur. Bəlkə də buna görə şəhid ailələrinin baxışlarında eyni anda həm qürur, həm də nisgil yaşayır.

Bu gün Emin Süleymanovun doğulduğu gündür.

Əgər tale başqa cür yazılsaydı, bəlkə də bu gün ailəsi onun üçün süfrə hazırlayacaq, nəvaziş dolu təbriklər səslənəcəkdi. Övladları atasına sarılıb yeni yaşını təbrik edəcəkdilər. Amma qəhrəmanların taleyi adi insanların taleyinə bənzəmir. Onların ad günlərində şamlar deyil, xatirələr yanır.

Deyirlər, insan öləndə həyatı bitir. Şəhidlər bu fikrin istisnasıdır. Onlar dünyadan köçdükləri gündən sonra başqa cür yaşamağa başlayırlar. Adları ən mötəbər tədbirlərdə çəkilir, haqqında kitablar yazılır, xatirələri nəsildən-nəslə ötürülür. Çünki Vətən üçün verilən can unudulmur. Unudulsa, torpağın özü bizi bağışlamaz.

Bəli, Emin Süleymanov ömrünü tarix kitablarına yazdırmaq üçün yaşamamışdı. O, sadəcə zabit borcunu yerinə yetirirdi. Amma məhz həmin sədaqət onu zamanın yaddaşına köçürdü. Bu gün onun adı çəkiləndə insanlar ilk növbədə rütbəsini deyil, Vətənə sadiq, peşəsinə bağlı, döyüş yoldaşlarına qarşı qayğıkeş bir zabiti xatırlayırlar.

Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunması dövlətin onun xidmətinə verdiyi qiymətdir. Ancaq şəhid üçün ən böyük mükafat nə medal, nə orden olur. Onun ən böyük mükafatı xalqın yaddaşına və tarixin şanlı səhifələrinə qazınmış əbədi ömürdür.

Bu gün, iyulun 21-də bir insanın doğum gününü qeyd etmirik, eləcə də bir ömrün mənasını xatırlayırıq. Xatırlayırıq ki, bu gün azad Qarabağa gedən yolların hər daşında, Laçının sıldırım qayalarında, Şuşanın küləyində Emin Süleymanov kimi oğulların izi var.

Ad günün mübarək, cənab mayor!

# 254 dəfə oxunub

Oxşar xəbərlər

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

18:00 21 iyul 2026
Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

17:37 21 iyul 2026
Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

Mahnıları erməni mahnısı kimi oxunan Məmmədbağır Bağırzadə

16:00 21 iyul 2026
"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

"Onu təkrar oxumaq olmur..." - Heminquey Dostoyevskini niyə “bərbad yazıçı” adlandırmışdı?

15:00 21 iyul 2026
Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

14:05 21 iyul 2026
Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı

Edam edilən ər-arvad, korrupsiyaya batan Nyu-York... - Amerikanı ifşa edən yazıçı

13:00 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər