İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət
6 iyul 2026
# 16:31

Kulis.az Elmir Həsənin "Müasir ədəbiyyatda estetik zərurət və psixoloji gərginlik probleminə Mir Çingizin "Köstəbəklərə hücum!" hekayəsi üzərindən baxış" məqaləsini təqdim edir.

Müasir ədəbiyyatımızda novator düşüncəyə yönələn meylə baxmayaraq, nəzəri cəhətdə, həmçinin mövzu dərinliyində ciddi boşluq nəzərə çarpır. Müəlliflər sanki əsəri yazmağa özlərini məcbur sayırlar. Əslində, əsərin özü müəllifi yazmağa təhrik etməli, mətn ideyadan yox, daxili gərginlikdən doğmalıdır. Qərb ədəbiyyatında da bu nöqtələr müxtəlif istiqamətlərdə, formalarda ortaya çıxır, ancaq mahiyyət etibarilə, əsər əvvəla psixoloji zəmində yaranır. Amerikalı yazıçı və dramaturq Kormak Makkartinin (1933-2023) “Yol”(2006) romanının dili və üslubu bu baxımdan son dərəcə sadədir, lakin daşıdığı ideya yükü çox ağırdır. Makkarti öz əsərində post-apokaliptik məkan qurmaqdan ziyadə insanın mənəvi dözüm həddini sınağa çəkir. Mətn oxucunu dağıdılmış dünyadan çox, insanlığın dayandığı son pillələr üzərində düşünməyə vadar edir. Elə bu səbəbdən əsər süni yazılma təsiri bağışlamır; əksinə, sanki özü müəllifi qələmə sarılmağa məcbur edir.

Toni Morrisonun (1931-2019) “Beloved” (1987) əsərində də tarix və irqçilik yazıçı üçün mövzu yox, vicdan borcu; yazmaq isə etik zərurətdir. Hərçənd Amerika ədəbiyyatında da oxşar vəziyyət hökm sürür, bu əsərlər ədəbi kanondan, əsasən, kənarda qalır. Avropa ədəbiyyatında isə qanunlar bu mənada daha sərtdir. Avropada yazıçı yazmamaq hüququna malikdir. Bu, çox vacib məqamdır. Çünki müəllifin ölçüyəgəlməz asudəliyi var. Fransız ədəbiyyatşünas və yazıçı Moris Blanşo yazıçının yazmaq və susmaq arasındakı gərginliyini məxsusi şəkildə vurğulayaraq qeyd edir: “Yazıçı yazdığı qədər, yazmamaqla da məna ifadə edir” [10-12, 13]. Blanşonun fikrincə, yazmamaq passivlik deyil, çünki susqunluq da mətnin ontologiyasına daxildir; susmaq mətnin özündən əksərən daha güclü ifaddir. Eyni zamanda, Rolan Bart, Teodor Adorno, Lüdviq Vitgenşteyn və başqa mütəfəkkirlər belə fikir irəli sürürlər ki, yaradıcılıq məhz azadlıqla əlaqədardır.

Avstriyalı tərcüməçi, şair, “Nobel” mükafatı laureatı Peter Handkenin (1942) “Qapıçının penalti narahatlığı” (1970) əsərində, demək olar ki, hadisə yoxdur, lakin daxili gərginlik pik səviyyədədir. Handke üçün yazı dilin və şüurun təcrübəsidir, mövzu isə yalnız vasitədir.

Ümumi mənzərə göstərir ki, dünya ədəbiyyatında ən böyük əsərlər avropalı müəlliflərin hesabına düşür. Şübhəsiz, bu da səbəbsiz deyil. Çünki, tarixin girdabına qarışmış SSRİ-dən fərqli olaraq, bu qitədə əsərlər əsasən siyasi sifarişlə yazılmır. Bu məqam sayəsində ideoloji şüur yox, estetik ehtiyac daha vacib məsələdir.

Azərbaycan ədəbiyyatına gəlincə, müasir müəlliflərimiz arasında ciddi bədii strukturdan, mövzu sanbalından məhrum hekayələr yazanlar üstünlük təşkil edirlər. Həmin mətnlər, sözsüz ki, ciddi bədii nümunələr sayılmamalıdır. Tənqidçilər bu mətnlərin təhlilinə xüsusi diqqət yetirməli, hər yazılanı müzakirə obyektinə çevirməməlidirlər. Müasir nəsrimizdə ümidverici nümunələr də, əlbəttə, yaranmaqdadır. Mir Çingizin metaforik düşüncə ilə sosial realizm arasında gedən estetik diskussiya kontekstində “Köstəbəklərə hücum!” (2022) hekayəsi bu baxımdan diqqət çəkir.

Əsərin məzmunu zahirən fantastik, distopik süjet üzərində qurulsa da, mahiyyət etibarilə, insanın psixi travmalarını, sosial yadlaşmasını, mənəvi tənəzzülünü simvolik obrazlar vasitəsilə göstərən çoxqatlı struktura malikdir. Hekayədə yeraltı məkan, qaranlıq mühit və köstəbək obrazı təkcə fantaziya elementi yox, həmçinin insanın qorxularının, seçimlərinin, öz daxili qaranlığı ilə barışmasının, bu qaranlıqda gün keçirməyə öyrəşməsinin bədii modelidir. Günəşdən uzaq həyat, işıqlı mühitdən ayrı düşmə insanın mənəvi və sosial passivliyinin metaforasıdır. Beləliklə, əsərdə yalnız fərdi psixika yox, cəmiyyətin psixoloji sarsıntıları, kollektiv şüurun mənəvi deformasiyası da öz əksini tapır.

Əsərin poetikasında metaforik dil və alleqorik təsvirlər aparıcı yer tutur. Müəllif müəyyən ictimai hadisələri dolayı yolla, ümumiləşdirilmiş və arxetipik obrazlar vasitəsilə oxucuya çatdırır. Belə yanaşma müasir dünya ədəbiyyatında, xüsusilə ekzistensial və postmodern tendensiyalarda geniş yayılıb. İnsan-mühit sərhədinin silinməsi, gerçəkliyin simvolik struktura köçürülməsi, fərdi təcrübənin kollektiv yaddaşa çevrilməsi bu hekayənin əsas estetik xüsusiyyətlərindəndir. Halbuki bu istiqamət ədəbi tənqiddə birmənalı qarşılanmır. Məsələn, Cavanşir Yusifli müasir Azərbaycan nəsrində reallıqdan uzaqlaşma, metaforikləşmə meylini problem kimi qiymətləndirir, ədəbiyyatın sosial kontekstdən qopmasının təhlükəli nəticələr doğuracağını vurğulayır. Onun fikrincə, ədəbi mətn dövrün gerçəkliyindən qaçanda təkcə estetik təcrübəyə çevrilir, beləliklə, ictimai funksiyası zəifləyir. Bu baxımdan tənqidçi ədəbiyyatı sadəcə estetik hadisə kimi yox, eyni zamanda, sosial şüurun formalaşmasında mühüm vasitə kimi dəyərləndirir.

Mir Çingiz isə öz hekayəsində ictimai reallığı birbaşa təsvir etmir, onu metaforik zəminə yerləşdirərək, insanın varlıq böhranını universal səviyyədə irəli sürür. Düzdür, bu yanaşma sosial konkretliyin zəifləməsi kimi görünür, amma mətni lokal kontekstdən çıxarıb bəşəri bir problemin müzakirəsinə çevirir.

Əsərdə köstəbək obrazı əvvəla insanın şüurunun qaranlıq nöqtələrini, qorxu və adaptasiya mexanizmlərini özündə göstərən arxetipik simvoldur. Müəllif, eyni zamanda, ictimai hadisələrin ontoloji, psixoloji əsaslarını da fərdi şüurda axtarır. Mir Çingizin belə bir məntiqi üsula əsaslanan bədii modeli ilə Cavanşir Yusiflinin ədəbi mövqeyinin toqquşması göstərir ki, müasir nəsrimizdə iki paralel istiqamət var: bir tərəfdə sosial realizm və ictimai məsuliyyət ideyası, digər tərəfdə isə metaforik və psixoloji təhlil üzərində estetik yanaşma dayanır. Bu istiqamətlər, əslində, bir-birini inkar etmir, əksinə, ədəbi prosesin çoxqatlı, pluralist xarakterindən xəbər verir. Məhz bu mənada “Köstəbəklərə hücum!” hekayəsini bədii mətndən əlavə ədəbiyyatın funksiyası, sosial missiyası və estetik sərhədləri haqqında müzakirələrin aktual nümunəsi kimi dəyərləndirilə bilərik.

Hekayə oxucunu keçmiş və gələcək arasında dəyişkən fikirlərə sürükləyir. Eyni zamanda, müəllif metafiksional gediş edərək, oxucu ilə münasibətini də aydınlaşdırır: hekayənin əvvəlində oxucuya xəbərdarlıq edir ki, mətn adi, təhlükəsiz, “normal” deyil; burada danışan səs cəmiyyətin mərkəzindən yox, kənarından, hətta alt qatından gəlir; burada məntiq, əxlaq, qayda-qanun bildiyi formada işləməyə bilər. Oxucu razılaşrsa, hekayəni oxumağa haqq qazanır.

Əsərdə hadisələr gələcəkdə, insanların yeraltı dünyada yaşadığı bir cəmiyyətdə baş verir. İnsanlar bir vaxt yer üzündə yayılmış dağıdıcı ideologiyalar, baş vermiş zorakılıq və müharibələr səbəbindən özlərini “islah etmək” üçün torpağın altına köçüblər. Günəşdən uzaq mühitdə yaşayır, həşərat və köstəbəklərlə qidalanır, köstəbəklərlə müəyyən prinsip əsasında birgə mövcud olurlar. Zaman keçdikcə bu cür şəraitə uyğunlaşır, hətta fiziki və mənəvi baxımdan dəyişirlər. Günəşdən uzaq qalmaq onların hissiyyatını, mənəviyyatını, sevgisini korşaldır. Qəhrəman fərqinə varır ki, yeraltı həyat insanları vəhşiləşdirir. Onların köstəbəklərlə münasibəti getdikcə gərginləşir. Aclıq, qorxu və hakimiyyət ehtirası nəticəsində köstəbəklərə hücum çəkərək onları məğlub edirlər. Bu qələbə insanları daha qəddar və instinktlərə tabe varlıqlara çevirir. Sonralar tərəflər arasında yeni münasibətlər qurulur, hətta qarışıq nəsil – “kösdamlar” doğulur. İnsanlar yeraltı dünyanı özlərinə artıq yurd bilir, gələcəkdə yerüstü dünyaya qarşı mübarizə planlaşdırırlar.

Hekayənin sonunda baş qəhrəman özünü bu cəmiyyətə aid hiss etmədiyini bildirir. Seçim qarşısında qalır: ya yeni müharibəyə başlamaq, yaxud qaçmaq. Bu aşkar sonluq oxucunu insanın təbiəti, sivilizasiyanın taleyi və mənəvi seçimlər haqqında düşünməyə vadar edir.

Əsərin məğzi insanın işıqdan, yəni həqiqət, məna və sevgidən uzaq düşməsidir. Ona görə də günəş burada sadəcə təbiət hadisəsi yox, həyatın enerjisini, ümid hissini və mənəvi bütövlüyü cəmləşdirən rəmzdir.

Bəşəriyyətin yerin altına enməsi isə özünün yaratdığı xaosdan, zorakılıqdan və məsuliyyətdən qurtulmaq istəyini ifadə edir. Bu qaçış zahirən təhlükəsizlik, sakitlik illüziyası kimi görünür, amma insanı tədricən daha böyük bir zülmətə – mənəvi boşluğa və ruhən tənəzzülə sürükləyir. Müəllif göstərir ki, insan işıqdan uzaqlaşdıqca xilasa yüksəlmir, əksinə, varlığın əsas dayağını itirərək daha dərin qaranlığa qərq olur.

Hekayədə insanlar və köstəbəklərin münasibəti xüsusi fəlsəfi yükə malikdir. Köstəbəklər “başqaları” – insana bənzəməyən, amma onunla eyni yerdə yaşamağa məcbur qalan varlıqlardır. İnsanların onlarla ilkin razılaşmanı pozması, xain çıxması, müharibə aparması – hər cəmiyyətin “başqası”na qarşı zorakılığının simvoludur. Müəllif açıq bildirməsə də, oxucu duyur ki, problem köstəbəklərdə yox, insanın tamahındadır.

Əsərin psixoloji planında isə insanın parçalanmış mənliyini görürük. Qəhrəman özünü nə insan cəmiyyətinə aid hiss edir, nə də yeraltı dünyanın bir fərdinə çevrilə bilir. Bu yadlaşma hissi onun daxili konfliktini dərinləşdirir. O həm günəşə həsrətdir, həm də günəşə çıxmağa qorxur. Bu ziddiyyət insan psixikasının klassik dilemmasını – azadlıq istəyi ilə təhlükə qorxusu arasındakı gərginliyi xatırladır. İşığı arzulayır, amma onun gətirəcəyi məsuliyyətdən qaçır. Günəş ona həm həyat verir, həm də yandırır. Bu, insan duyğularının ambivalentliyini göstərir: sevgi də, nifrət də məhz eyni enerjidən – ehtiras və gücdən doğur. İnsan həmin enerjini mənəvi ölçülərlə tənzimləyə bilməyəndə sevgi nifrətə, qoruma uçuruma çevrilir. “Köstəbəklərə hücum!” nəzarətsiz enerjinin hekayətidir.

Müəllif, eyni zamanda, insanın ilkin instinktlərinin böhran halında necə ortaya çıxmasını köstəbəklərlə qarşılaşmada təsvir edir. Məsələn, rus yazıçı Yevgeni Zamyatinin “Biz” romanı bu cür gizli sosial mesajlarla doludur. Bu ənənə postsovet məkanında fantastikanı ideoloji və fəlsəfi pillədən göstərməsi etibarilə maraqlıdır. Mir Çingizin əsəri də bu ölçünün müasir davamı sayıla bilər: “Həm yeganə problem soyuqluq deyildi ki... Sifətimizdəki cizgilər də itirdi. Rəngimiz də qaralırdı. Min illər ərzində, bəlkə, bəbəklərimizdəki fosfor da artıb gecələr işıq saçırdı. Zülməti daha aydın görürdük indi” [14].

Mir Çingiz insanın öz mənasını itirməsi prosesinə müxtəlif paralellərdən işıq tutur. Fiziki dəyişikliklər: sifət cizgilərinin pozulması, rəngin qaralması, gözlərin qaranlığa uyuşması bioloji adaptasiyadan əlavə dehumanizasiyanın konkret müstəvidə ifadəsidir. Bu metod Franz Kafkanın “Çevrilmə” əsərini xatırladır. Orada başqalaşma fərdi faciədir, ancaq Mir Çingizin hekayəsində bu, bir insanın yox, bütöv cəmiyyətin aqibətidir. Yadlaşma şəxsi yox, kollektivdir.
“Köstəbəklərə hücum!” hekayəsində estetik zərurət ideyası əsərin bədii konstruksiyasının açarı sayılmalıdır. Mətndə fantastik və distopik elementlərin məqsədi zahiri effekt yaratmaq yox, əksinə, əsərin ideya-estetik sistemindən doğan ehtiyacı tamamlamaqdır. Beləliklə, yazıçı insanın ontoloji böhranını, sivilizasiyanın mənəvi aşınmasını ifadə etmək üçün bədii model qurur.

Əsərdə yeraltı məkanın seçilməsi də təsadüfi deyil. Bu məkan arxetipik və simvolik yük daşıyaraq insanın şüuraltı qatlarını, kollektiv qorxu və travmalarını vizuallaşdırır. Günəşdən uzaq həyat, qaranlıq mühit və qapalı sistem insanın mənəvi böhranını göstərən semantik vahə yaradır. Estetik zərurət məkan poetikasının seçilməsində özünü aydın göstərir. Odur ki məkan dekorativ elementdən ziyadə poetik dominant kimi mətnin ideyasını müəyyənləşdirir.

Obrazlar sistemində insan və köstəbək münasibəti qarşıdurma üzərində qurulsa da, süjet inkişaf etdikcə ziddiyyət aradan qalxır. İnsanların köstəbəklərə bənzəməsi, instinktiv davranışlara yönəlməsi, etik ölçülərin aşınması antropoloji transformasiyanın bədii modelini yaradır. Belə bir proses metamorfoz, dehumanizasiya anlayışları çərçivəsində insanın dəyişkən təbiətini göstərir.

Hekayədə estetik zərurət fantastik motivlərin fəlsəfi-psixoloji əsaslandırılmasında ortaya çıxır. Süjetin inkişafı klassik teoloji məntiqə yox, ekzistensial gərginliyə əsaslanır. Münaqişə təkcə fiziki mənada yaşamaq uğrunda mübarizə kimi təqdim olunmur, insanın öz mənliyinə qarşı destruktiv meyillərini açır. Bu çərçivədə köstəbəklərə hücum epizodu katarsis yaratmaqdan daha çox anti-katarsis effekti doğuraraq, oxucunu etik qeyri-müəyyənlik müstəvisində saxlayır. Belə yanaşma mətnin estetik təsir gücünü artırır, refleksiv oxu modelini aktivləşdirir.

Hekayədə distopik diskurs və alleqorik struktur epistemoloji funksiya daşıyır. Fantastika reallıqdan qaçış yox, onun dərin qatlarını açmaq üçün işlədilən strategiyadır. Yeraltı cəmiyyətin formalaşması kollektiv şüurun transformasiyası, sosial manipulyasiya mexanizmləri və identiklik böhranını bədii şəkildə modelləşdirir. Mətn müasir estetik düşüncənin simulyativ və postmodern yanaşmaları ilə səsləşir. Eyni zamanda, hekayədə estetik zərurət məkan, obraz, süjet və simvolik sistem arasında üzvi əlaqə yaradır. Müəllif ideyanı birbaşa təqdim etməkdən qaçaraq onu estetik təcrübə müstəvisində reallaşdırır. Bu, oxucunu sadəcə müşahidəçi yox, interpretasiya prosesinin iştirakçısı səviyyəsinə gətirir, əsəri müasir ədəbi-fəlsəfi diskurs daxilində aktuallaşdırır.

Nəticə etibarilə, Mir Çingiz öz hekayəsində yeraltı dünyanın qaranlığında insanın ruhunu işıqlandırmağa çalışır, oxucunu cavablardan çox suallarla üz-üzə qoyur: insan, əslində, nədən – günəşdən, yoxsa günəşin işıqlandırdığı həqiqətdən qorxur? Başqasını məhv etməklə xilas olmaq mümkündürmü? Bu suallar hekayəni sadəcə oxunan yox, düşünülən, daxildə davam edən mətnə çevirir. “Köstəbəklərə hücum!” insanın daxili qaranlığı ilə üzləşmədən işığa çıxa bilməyəcəyini xatırladan fəlsəfi-psixoloji xəbərdarlıqdır. Mir Çingiz “Köstəbəklərə hücum!” hekayəsi sayəsində nəsrimizin gələcək üfüqlərini genişləndirir, ciddi və düşündürücü mövzu fərqliliyi ilə ədəbiyyatın məntiqi-estetik zənginliyinə rəng, dil-üslub baxımından semantik-fəlsəfi paralellik qatır.

İstifadə olunmuş ədəbiyyat

1. Alkac, A. Cormac McCarthy’nin Yol Romanında Var Olmanın Etiği.
2. Åström, B. (2018). Post-Feminist Fatherhood and the Marginalization of the Mother in The Road. Women: A Cultural Review, 29 (1), 112–128.
3. Barthes, R. Le plaisir du texte. – Paris, 1973.
4. Baudrillard, J. Simulacres et Simulation. – Paris, 1981.
5. Blanchot, M. The Space of Literature. Translated by Ann Smock. – Lincoln: University of Nebraska Press, 1982.
6. Derrida, J. De la grammatologie. – Paris, 1967.
7. Handke, P. Die Angst des Tormanns beim Elfmeter. – Frankfurt am Main: Suhrkamp Verlag, 1970.
8. Handke, P. The Goalie’s Anxiety at the Penalty Kick. – New York: Farrar, Straus & Giroux, 1972.
9. Kafka, F. Çevrilmə. – 1915.
10. Лотман, Ю. Культура и взрыв. – Moskva, 1992.
11. McCarthy, C. The Road. – New York: Alfred A. Knopf, 2006.
12. Mir Çingiz. “Köstəbəklərə hücum!” – Kulis.az, 2025.
13. Orwell, G. 1984. – London, 1949.
14. Шкловский, В. Теория прозы. – Moskva, 1925.
15. Yusifli, C. https://kulis.az/xeber/edebi-tenqid/xeber

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər