Bu gün görkəmli Ukrayna şairi Olena Teliqanın doğum günüdür.
Kulis.az Rəna Nevzatın onun haqqında yazısını təqdim edir.
Olena İvanovna Şovqeneva (sonradan Teliqa) 1906-cı il iyulun 21-də Moskva yaxınlığındakı İlyinskoye qəsəbəsində ziyalı ailəsində anadan olub. Atası İvan Şovqenev tanınmış hidrotexnik-mühəndis idi və ailənin maddi vəziyyəti kifayət qədər yaxşı idi. Olenanın uşaqlığı tamamilə rus dilli mühitdə, xüsusi müəllimlərin əhatəsində keçmişdi. Lakin sonradan ailə Kiyevə köçür. 1917–1920-ci illərdə Kiyevdə yaşayan Olena burada ilk dəfə Ukrayna mədəniyyəti, dili və kimliyi ilə yaxından tanış olur. Bu qısamüddətli Kiyev həyatı onun gələcək taleyinin təməl daşlarını atır.
Bolşeviklərin hakimiyyətə gəlməsi və Ukrayna Xalq Respublikasının süqutu ilə ailənin rahat həyatı alt-üst olur. Atası Ukrayna hökumətində nazir kimi çalışdığı üçün onlar təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirət etmək məcburiyyətində qalırlar. 1922-ci ildə Olena anası ilə birlikdə böyük çətinliklərlə Çexoslovakiyaya, atasının yanına gedə bilir.
Podebradı şəhərində yerləşən Ukrayna İqtisadiyyat Akademiyasında təhsil almağa başlayan Olena məhz burada həyatını kökündən dəyişəcək bir insanla rastlaşır. O, gələcək həyat yoldaşı, Kuban kazakı və istedadlı musiqiçi Mixail Teliqa ilə tanış olur. Onların sevgisi təkcə romantik hisslər üzərində deyil, həm də ortaq ideallar və eyni vətənpərvərlik ruhu üzərində qurulmuşdu. Mixail ona bandura alətində ifa etməyi öyrədir, Olenanın qəlbindəki milli ruhu daha da alovlandırırdı. Cütlük çox keçmədən ailə həyatı qurur və həyatlarının sonuna kimi bir-birinə sadiq qalır.
1929-cu ildə ailə Polşanın paytaxtı Varşavaya köçmək qərarına gəlir. Məhz bu dövr Olenanın yaradıcılığının ən məhsuldar və intellektual baxımdan ən dolğun illəri hesab olunur. O, Varşavada Ukrayna mühacirətinin görkəmli nümayəndələri ilə, xüsusən də məşhur ideoloq Dmitri Dontsovla tanış olur. Dontsovun fəlsəfi və millətçi ideyaları Olenanın dünyagörüşünə və poeziyasına çox güclü təsir göstərir.
Olenanın şeirlərində qadın incəliyi və lirikası ilə yanaşı, polad kimi möhkəm bir iradə, barışmaz mübarizə ruhu və vətən sevgisi öz əksini tapırdı. O, mühacirətdə nəşr olunan "Visnik" (Xəbərçi) jurnalında ardıcıl olaraq çıxış edir, həm şeirlərini, həm də ədəbi tənqidçi kimi kəskin, təhlil xarakterli esselərini oxuculara təqdim edirdi. Onun "Kişilərə müraciət", "Sərhədsiz" kimi şeirləri o dövr gəncliyinin himninə çevrilmişdi.
İkinci Dünya müharibəsinin başlaması bütün Avropa kimi Olenanın həyatında da yeni və faciəvi bir səhifə açır. 1939-cu ilin dekabrında o, Ukrayna Millətçiləri Təşkilatına (OUN) qoşulur və təşkilatın mədəniyyət-təhsil qanadında aktiv fəaliyyətə başlayır. 1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Olena həyatını riskə ataraq alman işğalı altındakı Kiyevə qayıtmaq qərarı verir.
O, inanırdı ki, məhz belə ağır və taleyüklü günlərdə xalqının yanında olmalı, Ukrayna mədəniyyətini və ədəbiyyatını məhv olmağa qoymamalıdır. Kiyevdə o, qısa müddət ərzində Ukrayna Yazıçılar Birliyini yaradır və ona rəhbərlik edir. Eyni zamanda böyük cəsarət tələb edən "LitaVRı" (Təbil) adlı ədəbi həftəlik qəzetin baş redaktoru olur. Qəzetin səhifələrində alman işğalçılarına qarşı birbaşa olmasa da, milli ruhu dirçəldən xeyli materiallar dərc edilirdi.
Nasistlər əvvəlcə Ukrayna millətçilərinin fəaliyyətinə göz yumsalar da, çox keçmədən onların müstəqillik ideyalarının Almaniya imperiyası üçün ciddi təhlükə olduğunu anladılar. 1942-ci ilin fevralında Gestapo Kiyevdə kütləvi həbslərə və edamlara başlayır. Təhlükənin yaxınlaşdığını hiss edən dostları Olenaya dərhal şəhəri tərk etməyi məsləhət görsələr də, o, qəti şəkildə imtina edərək belə deyir:
"Mən bir daha Kiyevdən qaçmayacağam. Mənim yerim buradır".
Fevralın 9-da Gestapo Yazıçılar Birliyinin binasına qəfil basqın edir. Olena və həmin an binada olan hər kəs həbs edilir. Olenanın həyat yoldaşı Mixail Teliqa birliyin üzvü olmasa da, sevdiyi qadını bu ağır sınaqda tək qoymamaq üçün könüllü olaraq onlara qoşulur. Gestapo zabitlərinə özünü yazıçı kimi təqdim edərək Olena ilə eyni kameraya salınmasına nail olur.
1942-ci il fevralın 21-də Olena Teliqa, onun sadiq həyat yoldaşı Mixail və digər silahdaşları məşhur Babı Yar dərəsində güllələnirlər. Şahidlərin və həbsxana nəzarətçilərinin sonradan xatırladıqlarına görə, Olena ölümə çox məğrur, başıuca və cəsarətlə gedib. Onun kameranın divarına qanla "Burada idilər və ölümə getdilər" sözlərini yazdığı və altına Ukraynanın rəmzi olan üç dişli (trizub) çəkdiyi bildirilir. Bir alman zabiti sonradan onun haqqında belə demişdi:
"Mən həyatımda ölümə belə məğrur gedən kişi görməmişdim, o ki qaldı qadın ola".
Bu gün Olena Teliqa Ukrayna milli müqavimətinin, ləyaqətinin və əyilməz iradəsinin ən böyük simvollarından biridir. Onun poeziyası indi də gənc nəsillər tərəfindən sevə-sevə oxunur, Kiyevdə Babı Yar dərəsində onun xatirəsinə ucaldılmış abidə isə azadlıq uğrunda canından keçən fədakar qadının simasını özündə əbədiləşdirir.