Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Azərbaycanda nikahların sayı tarixi minimuma düşüb. Və bu statistik məlumat istər-istəməz cəmiyyətdə məsələyə diqqəti yönəltdi. Düzü, əvvəllər “filankəs hələ də evlənməyib?” sualı təəccüb doğururdusa, indi əksinə, evlənən görəndə adam təəccüblənir. Bu dəyişiklik tək-tək insanların qərarı kimi görünə bilər, amma əslində, bütöv bir cəmiyyətin davranışında baş verən dönüş kimi nəzərə çarpmağa başlayıb.
Azərbaycanda bir vaxtlar ailə qurmaq həyatın təbii axarı idi. Oxudun, ali təhsil aldın, işlədin, evləndin – məsələ bağlandı. Bu, yazılmamış bir qanun kimi qəbul olunurdu və bundan kənara çıxmaq, demək olar ki, mümkün deyildi. İndi isə bu ardıcıllıq zənciri qırılıb. İnsanlar artıq evliliyə “olmalıdır” kimi yox, “lazımdırmı?” kimi baxırlar. Bu suallar arasındakı fərq kiçik görünə bilər, amma əslində, hər şeyi dəyişir. Çünki “olmalıdır” məcburiyyət yaradırdı, “lazımdırmı?” isə seçimdir. Seçim isə həmişə tərəddüd, müqayisə və bəzən də imtina deməkdir.
Bir çoxları deyə bilər ki, əsas səbəb maddi duruma bağlıdır - puldur, dolanışıqdır. Amma gəlin, əyri oturaq, düz danışaq - məsələ təkcə pul deyil. Pul hər dövrdə problem olub. Ancaq onda insanlar bu qədər tərəddüd etmirdi. İndi problem daha dərindir. Bu gün evlənmək istəyən adam təkcə toy xərclərini yox, həm də gələcək həyatın bütün yükünü qabaqcadan ölçüb-biçir. Maddi tərəf vacibdir, amma qərarı tormozlayan əsas məsələ psixoloji hazırlıq, daxili rahatlıq və gələcəyə olan inamdır. Bu inam zəifləyəndə, pul olsa belə, qərar gecikir.
Bugünkü gənclər əvvəlki nəsildən fərqli düşünür. Onların karyerası, planları, arzuları, hədəfləri, bir sözlə, öz dünyası var. Evlilik isə onun gözündə bəzən bu dünyaya müdaxilə kimi görünür. “Azadlığımı itirəcəyəmmi?” sualı çoxlarının beynində var. Çünki artıq insanlar kompromisi fədakarlıq kimi yox, itki kimi görməyə başlayıblar. Bu isə münasibətlərin qurulmasını çətinləşdirir – hər kəs qorumaq istədiyi bir həyat qurub və o həyatı paylaşmağa hazır olub-olmamaq məsələsi açıq qalır. Üstəlik, indi insanlar bir-birini tam tanımadan evlənmək də istəmir, yaxud da vətəndaş nikahlarında, müstəqil münasibətlərdə qalmağı seçirlər.
Bir də var inamsızlıq məsələsi. Açığı, boşanmaların sayı artdıqca, insanlar evliliyə bir az da ehtiyatla yanaşır. Hamı öz-özünə deyir: “Bu qədər dağılan ailə varkən, mən niyə risk edim?”. Əvvəllər evlilik romantika idi, indi bir az da hesab-kitabdır. Kim nə qədər uyğun gəlir, kim nə qədər davam gətirə bilər, bunlar əvvəlki dövrə nisbətən artıq açıq şəkildə düşünülür. Həm də insanlar artıq uğursuz evlilik nümunələrini uzaqda yox, öz ən yaxın çevrəsində görür. Bu da qərar verməyi daha da çətinləşdirir – çünki risk artıq abstrakt yox, realdır, göz önündədir.
Cəmiyyətin özü də bir az qarışıq siqnallar verir. Bir tərəfdən deyir “evlənmək lazımdır”, digər tərəfdən isə real, sağlam münasibət modeli göstərmir. Hələ də ideal, problemsiz ailə şəkli çəkilir. Amma hamı bilir ki, real həyat o deyil. Bu uyğunsuzluq insanı ya qorxudur, ya da ümumiyyətlə uzaqlaşdırır. Üstəlik, ailə daxilində rolların necə bölüşdürüləcəyi məsələsi də əvvəlki kimi aydın deyil. Gözləntilər dəyişib, amma bu dəyişikliklər açıq danışılmır. Nəticədə insanlar nə ilə qarşılaşacaqlarını bilmədən qərar verməli olurlar – bu isə təbii ki, tərəddüd yaradır.
Sosial şəbəkələri də unutmayaq. Orda hamının həyatı sanki filmdir - xoşbəxt cütlüklər, bahalı həyat, problemsiz münasibətlər. Amma bu görüntülər real həyatı kölgədə qoyur. İnsan baxıb düşünür: “Mənim həyatım belə olmayacaqsa, bəlkə, heç başlamayım?”. Bu da qərar verməyi çətinləşdirir. Sosial şəbəkələr insanlara sonsuz seçim illüziyası yaradır – sanki daha yaxşı variant həmişə bir addım uzaqda onu gözləyir. Yəni ki, “gözəlim burda dur, gedirəm gözəl dalınca...” düşüncəsi də insanlara hakim kəsilib. Bu düşüncə isə mövcud münasibətə bağlanmağı çətinləşdirir və qərarları daim təxirə salır.
Bir sözlə, məsələ düşündüyümüzdən daha qarışıqdır. Bu, nə təkcə pul problemidir, nə də sadəcə “gənclər dəyişib” məsələsi. Bu, ümumiyyətlə, həyat tərzinin, dünyagörüşünün dəyişməsidir. İnsanların prioritetləri, qorxuları, gözləntiləri yenidən formalaşır. Evlilik artıq valideynlər tərəfindən verilən qərar olmaqdan çıxıb və ya şəxslərin özünün atacağı avtomatik addım deyil, ciddi analiz tələb edən bir qərara çevrilib.
Bəlkə də problem ondadır ki, biz evliliyi hələ də köhnə qaydalarla ölçürük, amma həyat çoxdan dəyişib. Yeni yeni reallıq köhnə qəliblərə sığmır və bu uyğunsuzluq hər kəsin daxilində bir konflikt yaradır. Bu konflikti həll etmədən isə nə ailə modeli yenilənəcək, nə də nikah statistikası dəyişəcək.
Azərbaycanda nikahların azalması sadəcə say məsələsi deyil. Bu, insanların düşüncə tərzinin dəyişdiyini göstərir. Bu dəyişikliyi “yaxşıdır yoxsa pisdir” - deyə etiketləməyək, sadəcə mövcud situasiya biz istəsək də, istəməsək də dəyişib, bunu başa düşmək lazımdır. Yalnız dərindən analiz edib səbəbləri başa düşəndən sonra nəticələrin də, statistikanın da dəyişəcəyini gözləmək olar.