Kulis.az Malik Atilayın "Qeyri - adi atmosfer cəhdi, tanış ədəbi klişelər - “Abyssalis”" yazısını təqdim edir.
Ədəbiyyatın sirri çox vaxt kəskin eksperimentlərdə deyil, xırda detalların ustalıqla işlənməsində gizlənir; yazıçının dilə və formaya gətirdiyi hər yeni sınaq, əslində, həm özünüifadə, həm də oxucunun dünyasına səyahət etmək cəhdidir.
Orxan Həsəninin “Abyssalis” hekayəsi də bu baxımdan maraqlı bir nümunədir: müəllif qeyri-adi atmosfer qurmaq, oxucunu tanış ədəbi klişelərdən çıxarmaq istəyir, lakin bəzən bu istək özünü nəticədə göstərə bilmir, bəlkə də, yetərincə bədii gücü çatmır.
Dəniz, pivə, sahil kəndi, qumdan qəsr, dənizə baxan villalar - hekayə bakılı olan mənim üçün olduqca maraqlı detallarla dolu olsa da, bu qədər detalın, əslində, nə qədər havada qaldığını yetərincə işlənilmədiyini görmək, hələ bunu Orxan kimi istedadlı birinin bu cür "pas" keçməsi üzücüdür.
Mənə xoş olsa da, kiçik detallarla mətnin yükləndiyini hiss etməmək mümkün deyil.
Əvvəlcə qeyd etməliyəm ki, hekayənin dili müəyyən məqamlarda poetik ovqata yaxınlaşır; müəllifin sözlərlə oynaması, bədii təəssürat yaratmaq istəyi nəzərə çarpır. Amma bu üslubi seçim daim ardıcıl saxlanılmır – bəzi cümlələr həddən artıq bəzəkli, şişirdilmiş təsir bağışlayır, digərləri isə qəfil sadələşib mətnin ritmini pozur. Beləcə, oxucu bir bədii dərinlik gözləyərkən, növbəti abzasda sadəcə “forma üçün forma” effekti ilə qarşılaşır.
Digər tərəfdən, müəllifin “dərinlik” yaratmaq arzusu diqqəti cəlb edir. Müəyyən məqamlarda buna nail də olur.
Mətnin strukturunda sanki şüur axınına bənzər bir eksperiment var, lakin bu texnika hələ tam cilalanmayıb. Şüur axını yalnız forma deyil, həm də daxili məntiq tələb edir. Mətnin uğuru həm də burada gizlidir.
“Abyssalis” isə oxucunu bəzən istiqamətsiz bir mətndə gəzdirir – maraqlı səslənən sözlər var, amma onların daşıdığı ideya xətti tam açılmır.
Hekayənin zəif tərəfi obrazların və situasiyanın oxucu yaddaşında qalacaq gücə malik olmamasıdır. Ədəbiyyat oxucunu ya xarakterlə, ya da təsirli bir səhnə ilə ovsunlayır.
Burada isə müəllifin yaratmaq istədiyi atmosfer daha çox “niyyət” kimi qalır. Oxucu əsəri oxuyur, amma bitirdikdən sonra hekayənin əsas mesajı, yaxud yaddaşda ilişib qalacaq obrazı aydın görünmür.
Bununla belə, hekayənin ümumi təsiri tamamilə mənfi deyil. Müəllifin istəyi açıq-aşkar hiss olunur: o, Azərbaycan hekayəçiliyində yeni nəfəs, yeni forma axtarır və bunu da bütün hekayələrində açıqca sərgiləyir.
Bu cəhdlərin özü dəyərlidir, çünki ədəbi proses yalnız axtarışla zənginləşir. Əsas məsələ budur ki, həmin axtarış formanın özündə ilişib qalmasın, daha çox məzmun və ideya ilə qidalanaraq oxucunun emosional yaddaşında yer tuta bilsin.
"Abyssalis”i həm uğurlu, həm də uğursuz tərəfləri ilə gənc ədəbiyyatın təbii mərhələsi kimi görmək olar: burada səmimi bir yenilik istəyi var, amma hələ də dilin və kompozisiyanın daşıya biləcəyi güc tam formalaşmayıb.