"Oxu, başına dönüm!" - Gülhüseyn Hüseynoğlu

"Oxu, başına dönüm!"  - Gülhüseyn Hüseynoğlu
8 iyul 2025
# 10:47

Bu gün Xalq yazıçısı, ədəbiyyatşünas- müşfiqşünas Gülhüseyn Hüseynoğlunun anım günüdür.

Kulis.az bu münasibətlə ədibin "Tar çalınır" mənsur şeirini təqdim edir.

Tar çalınır

Sahil bağı. İki nəfər. Birinin əlində tar, birinin əlində Füzuli. Qəlb-ləri bir vurur təlatümlü dənizlə, ağaran, qaralan sularla, çağıran, hay-qıran dalğalarla. Bir vurur.
- Tarı dilləndirsənə, Qurban dayı!
- Tarı susdurmaq... tarı əlimizdən almaq istəyirlər, Müşfiq!..
- Tarı susdurmaq... Ləpələrin şırıltısını, şəlalələrin şairanə gurultusunu. Şahə qalxan dalğaların coşğunluğunu, nəğməkar bülbüllərin ürəkaçan cəh-cəhini susdurmaq mümkünmü, Qurban dayı?!
-Yox, Müşfiq, yox!
-Onda tara zaval yoxdur, Qurban dayı! Yoxdur! Sən bircə sarı telləri cana gətir, gücün çatdıqca coşan dalğalara səs ver, səs ver...
Otururlar. Kimsəsiz skamyada otururlar.
Tar dilə gəlir. Tüğyan edir, zilə qalxır.
- Çal, əlində heç zaman susdurula bilməyəcək canlı, ecazkar, xalqın ruhundan qopan bir musiqi aləti var. Qurban dayı! Çal, başına dönüm! Qoy yorulmaq bilməyən barmaqların sarı tellərə əbədi bir həyat versin!..
Tar ötür, ötürdü...
Müşfiqin də, Qurbanın da gözləri yaşarmışdı. Yox, təkcə onların yox, Füzulinin də, dənizin, sahilin, köpürən, hayqıran dalğaların da gözləri yaşarmışdı...
Ertəsi gün... "İsmailliyə" də şeir gecəsi... Necə də hərarətlə qarşılanır oxunan şeirlər. Necə də!
- İndi də lap təzə bir şeir - ötən gecə yazdığım "Tar"ı oxuyacağam.
Qurbanın gözləri alacalanır, tutqun çöhrəsi işıqlanır. "Oxu, başına dönüm! Oxu, cəsarətinə qurban olum, oxu!" Şair oxuyur... Yox, tarzən sehrkarlıqla mizrabı qızıl tellər üstündə gəzdirir:


Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.

Salon sükut içində dinləyir. Salon vəcdə gəlir... Şair son misraları deyir. Yox, tarzən son akkordları vurur:


Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!

Böyük tilsimdən qurtaran salon susmaq bilməyən alqışlara bürünür. Şairin cəsarətini, şeirin qüdrətini təsdiq eləyən alqışlara...

Qurban Müşfiqə doğru gəlir, Müşfiq Qurbana doğru gedir. Qucaqlaşırlar. Tarın ölməzliyi, sənətin əbədiliyi naminə. Qucaqlaşırlar.
Qurban deyir:
- Sən daha heç nə yazmasan da "Tar" şeiri bəsindir, Müşfiq! "Tar"la sən həmişəlik qalacaqsan!.. Əbədilik olacaqsan!..


***


Tar çalınır... Müşfiq yada düşür, Qurban yada düşür!

7 avqust, 1967

# 2238 dəfə oxunub

Oxşar xəbərlər

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər