Kulis.az Şahnaz Şahinin "Beş yüz iyirmi beş dəfə beş" adlı yeni yazısını təqdim edir.
Adlar da libas kimidir, ölçü-biçisi, enerji və koloritiylə insana yaraşa da bilər, uyğun gəlməyə də. Adların tək insan taleyinə deyil, bütün yaradılışa, o cümlədən bədii əsərlərin də taleyinə təsiri vardır. Bir də görürsən bəstəkarın, şairin onlarla əsərlərindən hansısa biri, ya bir neçəsi başqa, fərqli tale yaşayır, dilə, ağıza düşür, tanınır, sevilir.
Adların tərkibində olan hərflər özü də ayrı-ayrılıqda enerji daşıyıcısıdır və onun bütün varlıqlara təsirini “hüruf” adlı elm öyrənir. Müxtəlif dövrlərdə müxtəlif millətlər də bu inancı qəbul edərək faydalanmağa çalışıblar. Məsələn romalılar “nomen est omen”, “yəni adımız taleyimizdir” deməklə bu sahədə böyük inanc sahibi olduqlarını təsdiq ediblər. Vaxtilə ərəblər də eyni yanaşma sərgiləməklə bu inancı qəbul etmişlər. Qədim türk xalqlarının dastan və rəvayətlərindən də məlum olur ki, ad seçimi məsuliyyətli məsələ hesab edilib. “Dədə Qorqud” dastanından da adların Dədə Qorqud tərəfindən verilməsi bu işin ciddiliyini və əhəmiyyətli olduğunu göstərir. Elə axır zaman peyğəmbərimiz də“ övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insan olaraq xatırlansınlar” söyləyirdi...
Su kristalları üzərində yapon alimi Masaru Emotonun apardığı araşdrma və tədqiqat işlərinin nəticələri də adların taleyə təsirini bir növ təsdiq edir. Alim “Suyun gizli mesajları” kitabında yazır ki, sözlərin yazılı və şifahi ifadəsindən su molekulları uyğun olaraq gözəl ya da xoşagəlməz şəklə düşür. Nəzərə alsaq ki, insan bədəninin üçdən ikisi sudur, o zaman qaranlıqlar bir az da aydınlaşır...
Valideynlər övladlarına ad qoyduğu kimi, yaradıcı insanlar da yaratdıqları əsərləri uyğun isimlərlə adlandırır. Bəzən bu adlar elə əsərin içindən doğur, bəzən də sanki “qeybdən düşür”. Amma bütün hallarda adların o əsərlərin də taleyində danılmaz payı olur.
Mən yazı prosesində bir çox sirlərin şahidi oluram, bir də görürsən yazıdan qabaq ad özünü “yetirdi” ya da əksinə, yazı hazır olub, amma ad tapa bilmirəm. Elə xeyli müddətdir yazılacağı vaxtı gözləyən “Beş yüz iyirmi beş dəfə beş” kimi...
1997-ci il idi, yerli mətbuatdan ictimaiyyətə tanış olan imzamı daha geniş oxucu kütləsinə təqdim etməyi düşünürdüm. Daimi oxucusu olduğum “525-ci qəzet” məni maqnit kimi özünə çəkirdi, elə bu istəklə də şəhərə gələndə qəzetin nəşr edildiyi ünvana getdim. Yay vaxtı idi, ilk dəfə dəhlizə daxil olanda özümü çoxdan tanıdığım doğma və əziz bir məkanda hiss etdim. Sağ və sol tərəflərdə yarıaçıq qapılar arxasında hər kəs öz işi ilə məşğul idi. Mən hələ ki, müşahidə edir, heç kimi tanımadığımdan kimə və necə yanaşacağımı bilmirdim. Sanki əməkdaşlardan biri ürəyimdən keçənləri hiss edibmiş kimi qapıya yaxınlaşdı, məni içəri dəvət etdi və gəlişimin səbəbi ilə maraqlandı. Mən qəzetin Baş redaktoru ilə görüşmək istədiyimi bildirəndə tərəddüd etmədən Rəşad müəllimin otağını nişan verdi...
Elə o gündən başlayan yaradıcı əlaqəmiz ta bü gün də davam edir. O vaxtdan çox şeylər dəyişib, amma sevilən qəzetin əqidəsi, məqsədi, məsləki və məramı olduğu kimi qalır. Qəzet çətin bir dövrdə nəşrə başlamışdı, o zaman torpaqlarımızın böyük bir hissəsi erməni işğalı altında idi, həm hakimiyyətdə, həm də cəmiyyətdə bir xaos vardı. Bu gün isə Azərbaycan öz sərhədlərini tam bərpa etmiş müstəqil və qalib bir ölkədir. Aradan keçən otuz ilədək müddətdə Qarabağın qara günlərindən, ağrı-acılarından, qaçqın və köçkünlərin problemləri, qəsb olunmuş torpaqların ağır taleyi ilə bağlı yazan qəzet artıq dörd ildir onun rufahından, xoş günlərindən söz açır. Müzəffər ordumuzun əldə etdiyi zəfərdən, o torpaqların bu günkü vəziyyətindən yazır, sürətlə aparılan tikinti-quruculuq işlərini geniş oxucu kütləsinə təqdim edir. Regionda söz sahibliyi qazanan Azərbaycan, onun qalib Prezidentinin apardığı uğurlu siyasəti işıqlandırır.
Qəzetin adı ilə bağlı düşüncələrim də uzun illərdi ki, zehnimi məşğul edirdi. Niyə məhz “525-ci qəzet”?.. Hər dəfə də qoşa beş mənim əhvalımı yüksəldir, fikrimdə müxtəlif riyazi əməliyyatlar aparır və fərqli nəticələr əldə edirdim. Aldığım rəqəmin ən çox xoşuma gələni beş yüz iyirmi beş dəfə beş idi. Bilirsiniz də, kimisə, nəyisə başqalarından fərqləndirmək lazım gələndə çox zaman onun üstünlükləri oxşar formada müqayisə edilir.
Hə, adların taleyə təsirindən danışırdım axı... 1992-ci ildə “525-ci qəzet” yaradılanda bir çox yeni qəzetlər artıq həyata vəsiqə almışdı. Hər kəs də təbiidir ki, yaratdığına diqqət çəkən, uğurlu adlar verməyə çalışırdı. Axı ad qoymaq özü də bir yaradıcılıq tələb edir. Bu baxımdan qəzetin baş redaktoru Rəşad Məcidin qəzetin adı ilə bağlı söylədiyi fikirləri çox maraqlıdır: “1992-ci ildə qəzet açılanda bütün qəzetlər məşhur adları götürmüşdülər. Biz rəqəmlə ad qoymaq istəyirdik, əvvəl 2X2 qoymaq istədik, məlum oldu ki, o da qeydiyyatdan keçib... Biz istəyirdik “555-ci qəzet” olsun, yəni üç dəfə beş. Amma gözləmək lazım olduğundan qeydiyyatdan keçdik və adımız “525-ci qəzet” oldu”... Yəni nəticə üç dəfə deyil, Rəşad müəllim, düz beş yüz iyirmi beş dəfə beş oldu!..
Qəzetin olduqca zəhmətkeş və yaradıcı kollektivi vardır. Rəşad Məcid, Yusif Rzayev, Seyfəddin Hüseynov hər biri öz işinin bilicisi olmaqla kollektivlə birlikdə vahid orqanizm kimi çalışır. Qəzetin neçə illərdən bəri formalaşmış bir ənənəsi də yeni, hələ qələm təcrübəsi olmayan əməkdaşları işə qəbul edərək onları peşəkar səviyyədə yetişdirməkdi. Belə jurnalistlərə teatr diliylə “525-ci qəzet”in köynəyindən çıxanlar demək olar. İndi vaxtilə qəzetin müxbir kimi işə başlayan neçə əməkdaşı yüksək təcrübə toplayaraq özünü təsdiq etmiş və artıq müxtəlif məsul vəzifələrdə çalışır...
Qəzet “Əkinçi”nin layiqli varisidir. Yarandığı vaxtdan bəri neçə-neçə ədəbiyyat adamı üçün əziz ünvana çevrilmişdir. Onun qapıları həmişə hər kəsin üzünə açıqdır, qəzet Azərbaycan dilinin, adət-ənənələrinin də sadiq keşikçisidir. Qəzet səhifələrində yer alan bütün yazı nümunələrində ana dilimizin təmizliyi və şirinliyinin qorunub saxlanması daim diqqət mərkəzindədir.
Hər dəfə qəzet köşklərinin yanından ötəndə baxışlarım uzaqdan belə vitrində “525-ci qəzet”i axtarır, özümü bir az da“525-çi” hesab edirəm. Zarafat deyil, artıq dostluğumuz bir igidin ömrü qədərdir...
Xalqın etimadını, hörmət və sevgisini qazanmaq, həm də bunu qoruyub saxlaya bilmək həm o zaman, həm də indiki qəzet bolluğunda heç də asan iş deyil. “525-ci qəzet” bunu bacardı. Çünki bu sevginin arxasında böyük zəhmət, xalqa, oxucuya hörmət və ən əsası səmimiyyət dayanır. Qəzet həm də yaxşı həmsöhbətdir, əlində bir “525-ci qəzet” varsa tək deyilsən, dünya sənin çevrəndə dönür demək ki!..
İstəməsəm də yazıya sonuncu nöqtəni qoymaq vaxtı çatır, masamın üstündəki kiçik radonun dalğalarından musiqi səsi otağa yayılır, türk müğənnisi Kənan Doğulu“nə yaparsan yap, aşk ilə yap.., deyə eşqlə oxuyur. Elə “525-ci qəzet” də bu illər içərisində nə etdisə, nə yazdısa sevgiylə etdi, eşqlə yazdı. Odur ki, özü də sevildi, oxucuların qəlbində yurd saldı, gözlənildi, istənildi, axtarıldı... Mahatma Qandinin sözlərilə desəm, “Sevginin olduğu hər yerdə isə həyat var”...