Yoxlamışam, Yelena, yaxşı yanır şeirlər...

Yoxlamışam, Yelena, yaxşı yanır şeirlər...
11 noyabr 2012
# 15:08
FRAQMENTLƏR

Hardasan, hardasan
ciyərimə nəfəs, gözümə işıq ?
Sənsiz yenə
"Yaxşı olar, düzələr"- ə qalmışam...

***

Mən insafsızam, əclafam.
Görürsən
səni əziyyətə salmıram,
hər şeyi özüm deyirəm...

***

Niyə axı
öpüşdüyümüz kafelərdə
həmişə sevmədiyimiz mahnıları çalırlar ?
Bəlkə "durun evə gedin" - demək istəyirlər... ???

***

Bir dəfə "sən bəlasan" demişdin.
Allah Bəlanı versin !

***

"Başını burax..."
Nə ağırdı sözdü?!
Dizində onun başı yox,
külqabı olanda
lap ağırdı.


KLASSİKA MƏŞQLƏRİNDƏN

Əlləri su damlası, boynu uzun Yelena,
Səsin mənə mükafat, gözün hüzn Yelena,
Şeir oxu soyuqda, sözlə qızın, Yelena,
Qızınmasan yandır ki, qızınasan birtəhər,
Yoxlamışam,Yelena, yaxşı yanır şeirlər...

Sən bilərsən, yıxıldım, yoxsa daş kimi düşdüm ?
Düşdümsə də ölmədim, çünki çoxdan ölmüşdüm.
Sənsiz keçən günlərin var-yoxunu... demişdim,
Qəzəbimi boğuram, çox getmirəm dərinə,
Nə istəsən yaz getsin nöqtələrin yerinə...

Maşınlar ötüb keçir, dönər alır uşaqlar,
Dişlərini ağardır yazılmamış varaqlar,
Yoxluğundan tikilib bütün evlər, otaqlar,
Mən sənin yoxluğuna mühacirəm, Yelena,
Nə düşünsən haqlısan, müqəssirəm, Yelena.

KÖHNƏ VARİANT

Guya mesajı səhv göndərirsən
guya sadəlövhsən bu qədər
guya qıcıqlandıracaqsan onu
sonra şeirini yazırsan guya
pah atonnan !

BELƏ-BELƏ İŞLƏR...

Neyləməli,
sevgi bir az da uşaq olmaqdı deyəsən.
Amma bankomatın qabağında
növbə gözləyən təqaüdçülər də var.
Amma "Arzular" kafesi də var bağrımızın başında
özlərindən və ümidlərindən
başqa heç nəyi olmayan adamlarıyla...
Biz onların nəyiyik, əzizim,
onlar bizim nəyimizdi ?
Mən sənin nəyinəm, məsələn,
sən mənim nəyimsən ?
Atalar sözləri
niyə ancaq atalara kömək eləyir ?
...əsrlərdir
itlər hürən bu şəhərdən
bircə karvan da keçmir ki,
baş götürüb gedəsən.
Başına düşən daşlardan
öz qəbrinə
daş götürüb gedəsən...
bir çemodan ümid,
bir şüşə darıxmaq
bir də gözlərin üçün
yaş götürüb, gedəsən.

Gedəsən, adam kimi gedəsən,
arxada qalan hər şeyə,
bir də
dabanına tüpürüb, gedəsən.
təpədən-dırnağacan
özünü hamıdan süpürüb, gedəsən.

Gedəsən,
karvanların bələdçisi itlərin olmadığı şəhərə....


SIXINTI

Evlərin işıqları gözlərini yumarkən,
yalquzaqlara qohum köpəklər
kosmik bir təkliyi hürərkən gecənin içinə,
bir park düşünün
payına siqaret kötükləri düşən,
səhərlər süpürgəçi qarıların belə darıxdığı
bir park düşünün
gəzilmiş,
keçilib gedilmiş,
skamyasız...
# 2729 dəfə oxunub

Oxşar xəbərlər

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

10:00 29 dekabr 2025
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər