Ayxan Eyvaz: “Mən bu pusqudan qurtula bilmərəm” - MÜSAHIBƏ

Ayxan Eyvaz: “Mən bu pusqudan qurtula bilmərəm” - MÜSAHIBƏ
13 iyul 2011
# 11:22
O bizlərə Eyvaz Əlləzoğlunun əmanətidir. Ailəsində baş verən faciələrə baxmayaraq, daxili dirənişi hesabına, böyük və inanılmaz cəsarətlə ayaqdadır. Yəqin ki, hamı onların ailəsində baş verən faciəni yaxşı xatırlayır. Gənc yazar Ayxan Eyvaz əvvəlcə atasını, sonra faciəli şəkildə anasını itirsə də ədəbiyyatdan, sözdən uzaqlaşmadı. Sözə, ədəbiyyata daha möhkəm sarıldı və ilk kitabını oxuculara təqdim etməyi bacardı. Bu günlərdə “Mən necə Polat Alemdar oldum” adlı romanı ilə oxucuların görüşünə gələn, mərhum yazıçımız Eyvaz Əlləzoğlunun oğlu, gənc yazar Ayxan Eyvaz qonağımdır. Yaşadığı faciələrdə mənən özümü onun yanında hiss eləsəm də, zəiflik göstərib fiziki mənada yanında ola bilmədim. Ayxanla ədəbiyyatdan, yaşadıqlarından danışdıq. Verdiyi bütöv cavablardan hiss olunur ki, Ayxan həyatla apardığı savaşdan geri çəkilməyəcək. Beləliklə, müsahibim Ayxan Eyvazdır.


- Ayxan, necəsən?


- Tənhalıqla suçlanmış haldayam.


- Kitabının nəşr olunması münasibəti ilə təbriklər.


- Təşəkkür.


- Sən necə Polad Ələmdar oldun, maraqlıdır.


- Hər şey “Mən necə Polat Alemdar oldum?” romanımda olduğu kimidir. Məhəllə uşaqları mənə bir gün dedilər ki, sən Polat Alemdara oxşayırsan. O zaman bu adamın kim olduğunu bilmirdim. Heç seriala da baxmamışdım. Ancaq adının məşhur olduğu dəqiq idi. Məni də cəlb edən bu məşhurluqdur. Təsəvvür elə ki, məhəlləyə çıxırsan, hamı sənə “Ooo, Polat necəsən?” deyir. Öz aramızda bu mənə xoş gəlirdi. Gör bu Polat Alemdar kim idisə, bütün məhəllənin diqqəti mənə yönəlmişdi. Sonra serialı tapıb atamla baxdım. Atam, ailə üzvləri də mənim Polata bəzədiyimi deyəndə güzgüdə özümlə bu qəhrəmanı müqayisə etdim və hiss etdim ki, xarici oxşarlıq heç, daxilən də bir almanın yarısıyıq. Geyimimdə, hərəkətlərimdə Polatı yamsılamırdım, sadəcə, hər şey sanki məni Polat Alemdara yönlədirdi. İçimdə ayrı bir adamın yaşadığını hiss edirdim. Həm də sənə bir şey deyim. Bir qıza öz şəklimi göndərmişdim. Sən demə, o, Polatın fanatı imiş. Dəli kimi olmuşdu. Elə bilirdi, mənim şəklim montajdır. Beləcə, özüm də bilmədən Polat Alemdara çevrildim.


- Ayxan, bizim cəmiyyətdə ədəbiyyat qazanc, gəlir gətirmir, bu, məlumdur. Bunun ən real və acı həqiqət olduğunu, bəlkə də, sən hamımızdan yaxşı bilirsən. Çünki gözünü açıb bu həqiqəti görmüsən. Bəs səni ədəbiyyata bağlayan nədir?


- Ədəbiyyata heç vaxt qazanc yeri kimi baxmamışam. İçimdə sıxıntım var. Acım, kədərim digər insanlarınkından fərqlənir. Taleyimin bütün döngələrində ədəbiyyat pusqu qurub. Mən bu pusqudan qurtula bilmərəm. Bütün acılarım, yaşantım ədəbiyyata hesablanıb. Nədənsə, içimdən hər şey çıxıb getsə də ədəbiyyat həmişə taleyim kimi çiyinlərimdən asılıb.


- Son vaxtlarda çox acı və ağır bir dönəmi atlatdın. Məlum hadisələr hamımızı sarsıtdı. Əslində, atlada bildinmi deyim bu etapı?


- Atlatmaq? Nə bilim? Hələ də yaşadıqlarıma şaşırıram desəm, yanılmaram. Ağır dönəmi mən içimdə başlatmışam. İnsanlar həmişə bir ömürdə bir neçə ömür yaşayırlar. Mən ikinci ömrümü yaşayıram. Bu ömrümdə gözüm açıqdır: həyatı daha dəqiq, bütün incəlikləri, dərinlikləri ilə anladığımın fərqindəyəm. Sevdiyim insanların getməsi, itirməyin acısı, yaşamın nə demək olduğunu atasız, anasız hər dəqiqə, hər saniyə hiss edir, duyuram. Dostlarımın, yaxınlarımın tanıdığı Ayxan, o deyil, başqalaşıb. İki ölüm məni özümdə bilmədən dəyişdirdi, yenilədi, təzədən yaratdı. Mən insanları oxumağı bacardım, onları tanıdım. Özümdən başlayıb, özümdə qurtardım. Mənim sonum indi başlayıb desəm yanılmaram.


- Kimi qınayırsan? Və ya nəyi?


- Mən itirdiklərimi, sevdiyimi unutmadığıma görə özümü qınayıram. Başqa bir şeyi qınamaq əlimdən gəlmir. Çünki bu qədər və üstümə şığıyan, mənim olmayan talelər sadəcə olaraq alın yazımın, həyatımın bəxşişidir. Mən indi özümü təzədən anlamağa çalışıram.


- Dərd adamı böyüdür deyirlər, düzdümü?


- Dərd adamı həm böyüdür, həm də onu təzədən yaşadır. Dərdlə yüklənmiş adamlar xoşbəxtliyin olmadığını bilirlər. Bunu kimsə anlayır, kimsə yox. Dərd adamı kiməsə oxşatmır. Dərd adamı özünə bənzədir, özünə döndərir. Çünki dərdin arxasından sirlərin açılışı dayanır.


- Bu olanlardan sonra heç ağlına gəldimi ki, ədəbiyyat atama heç nə vermədi, bu da sonu. Mənə nə verəcək?


- Atama ədəbiyyat heç nə vermədi, demək məncə, gülüncdür. Çünki ədəbiyyat yeganə bir yerdir ki, o adama heç nə vermir, o insandan hər şeyi alır. Ədəbiyyatda “almaq” deyilən bir şey yoxdur. Bu yola atam qədəm qoyanda o bilirdi ki, o həyatını, gözəl günlərini bir çırpıda ədəbiyyata boşaltmalıdır. Atamın cavabdehlik hissi vardı. Ki, o bəzilərində yoxdur. O, nəyi yazdığını, olacaqları bilirdi. Ona görə də ədəbiyyatdan heç nə gözləmirdi. İndi mən də atamın ömrünü davam elətdirirəm. Onu edə bilmədiklərini etməyə çalışacağam. Səncə, atamın ummadığı şeyi mən uma bilərəmmi? İnanmıram.


- Nəyə üzülürsən?


- Taleyimin hər döngəsində birini itirdim. Sevdiklərim çıxıb getdi. Yaşama, həyata, itirdiklərimə, heç nəyi anlamadan yaşayan insanlara, yolun başlanğıcında ola-ola sonla üz-üzə qaldığıma üzülürəm.


- Atan sənin yazıçı olmaq istəyini necə qarşılamışdı?


- Mən balaca vaxtı hekayələr yazırdım. Atam oxuyub deyirdi ki: “Səndən yazıçı olmayacaq”. Bu da mənə çox təsir eləyirdi. Mən içimdə nəyinsə baş qaldırdığını, adını qoya bilmədiyim bir hissin məni ağuşuna aldığını bilirdim. Yazıçılıq istəməklə olmur axı! Bu tale məsələsidir. Bir gün atamın telefonda biri ilə danışdığının şahidi oldum. Futbol oynamaqdan gəlirdim, əlyazmada üç hekayə yazıb stolun üstünə qoymuşdum. Atam o hekayələrdən birini telefondakı dostuna oxuyub, təəssüflə: “bu da yazıçı olacaq” dedi. Atamla söhbətimizdə o, həmişə mənim yazıçı olmağımı, çətinliklərə düşməyimi, bu taleyi yaşamağımı istəmədiyini deyirdi. Amma taleyim özü məni yazıçılığa sürüklədi.


- Ayxan, bu günədək danışmağa fürsət axtardığın nələr var, nələri hamının bilməsinə ehtiyac duyursan?


- Kaş hər kəs özgürlüyün mənası duya biləydi. Bizi həyatda tutan tək şey budur. Onu əlimizdən almağa çalışsalar da o bizim içimizdə, ürəyimizdə yaşayır və daim yaşayacaq da. Özgürlüyü anlatmaq istərdim. Özgürlük həyatda var olmağın əyani sübutudur. Onsuz heç nəyin mənası, anlamı yoxdur. Onu içində yaşatmaq lazımdır. Heç yerdə bəyan etmək lazım deyil. Yalandan “mən azadam” deyən adamın səmimiyyətinə həmişə şübhə etmişəm. Axı insan zatən özgürdür.


- Sən çox gəncsən, birinci kitabın indi işıq üzü görür. Ancaq artıq neçə ildir ki, AYB-nin ən gənc üzlərindən birisən. Son vaxtlar bu təşkilatla bağlı, xüsusən də, hələ sözünü deməyənlərin ucdantutma bu birliyə üzv olması ilə bağlı gedən söz-söhbət sənə necə təsir edir?


- AYB heç vaxt mənim üçün maraqlı olmayıb. Bu qurumun neçə üzvü var, mən də ordayam, bunlar heç vaxt məni düşündürməyib. Mən AYO-ya üzv olmaq istəyəndə evdə dava düşmüşdü. Amma içimdəki özgürlüyü həmişə qoruyub saxlamışam. Heç vaxt kiminsə sözü ilə oturub-durmamışam. İçimdən gələn kimi yazmışam. AYB nə atama ev verdi, nə də mənə. Daha çox istedadsızların əlindən tutdu. Mənə nə? Əsas qiyməti ədəbiyyat, ədəbiyyatı anlayan insanlar verir. Bu da mənə bəsdir.


- Sağ ol, Ayxan, təqdimatda görüşərik.


- Gülə-gülə. Görüşənədək.

Cəlil CAVANŞİR
# 1467 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #