“Üzüqara” gəlinin geri qaytarılması

“Üzüqara” gəlinin geri qaytarılması
16 dekabr 2014
# 16:26

(Hekayə)

Həbsxananın qapısından çıxdı. Qapıda onu heç kim gözləmirdi. Bu, onun vecinə də olmadı. Dəmiryol vağzalına gəldi. Bilet aldı. Vaxt çatanda kupeyə girdi. Əlindəki peraşkinin son tikəsini udub, yağlı əllərini üstünə sildi. Gözlərini yumdu. İllərdir görmədiyi ucqar dağ kəndinə doğru yola düşdü.

Həbsxanada həmişə “başıuca” olmuşdu. Bura namus üstündə düşənlərə yaxşı baxırdılar. Əməli isə bacısını 8 yerindən bıçaqlamaq idi.

Ucqar dağ kəndində kasıb daxmalarından bacısını “Volqa’’ və başqa “dəhşət” maşınlar siqnal verə-verə gəlib aparmışdı. Bütün kənd tamaşaya yığılmışdı. Maşınlar gedəndən sonra anası əllərini göyə açıb “Allah, sən balalarımı xoşbəxt elə” demişdi. Amma elə həmin gecə, daha doğrusu, səhərə yaxın daxmanın həyətində səs-küy qopmuş, bacısını gətirib üstlərinə atıb getmişdilər. Qızın üzü döyülməkdən şişmişdi. Qan çanağına dönmüş gözləri ilə yazıq-yazıq hamının üzünə baxıb heç bir günahının olmadığını, namusunun ləkələnmədiyini deyirdi.

Amma o “üzüqara” çıxdığına görə geri qaytarılmışdı. Qışqırmaqdan səsi batan qıza heç kim inanmadı. Bütün kənd tamaşaya yığıldı, sonra da tüpürüb getdi. Anası saçlarını yolub ağladı. Ömründə kiminsə toyuğuna kiş deməyən qardaş da kəndin tənəsinə, bacısının namusunun ləkələnməsinə dözə bilməyib bıçağı əlinə aldı. Bacısını dəlmə-deşik elədi, sonra ürəyi getdi. İlk dəfə şəhəri türməyə gətiriləndə gördü. Anasına demişdi, yanıma gəlsən, daha heç vaxt üzümü görməyəcəksən.

Və düz 6 il yanına nə gələn oldu, nə gedən. Son eşitdiyi xəbər bacısının ağır vəziyyətdə olması idi. Çox güman ki, ölüb. Vəssalam.

İndi kəndə qayıdırdı. Gəlib çatdı. Çəpərdən boylanıb anasının həyətdə oturub dodağının altında nə isə danışa-danışa göyərti dəstəsi bağladığını gördü. Yaxınlaşıb sakitcə yanında durdu. Arvad hənirtini eşidib başını qaldıranda elə cikkə çəkdi ki, oğlan özü də qorxdu. Sarmaş-dolaş, göz yaşı, giley-güzar... Köhnə palazın üstündə oturub yaz günəşinin istisində pendir-çörək yedilər, sonra kəndə gəzməyə çıxdı. Axşama kimi bacısı haqqında heç nə eşidə bilmədi. Axşam hava qəfil dəyişdi, daxma buz kimi oldu. Çır-çırpı gətirib sobanı qaladı. Ana-bala, oturub kəklikotulu çay içdilər.

- Bilirəm, ağrın alım, soruşmağa dilin gəlmir...

.... - Dağa-xalanın yanına göndərdim. Yayda gedirəm hərdən. Mal-qaraya baxır, xalanın qoltuğuna sığınıb yaşayır.

Bacısı o vaxt uzun müddət ölümlə çarpışmış, çoxlu qan itirmişdi. Bıçaq zərbələri daha çox buduna dəymişdi, bir də üzündə dərin bir şıram qalmışdı. Günahsız olduğunu deyə-deyə səsi batmışdı. Heç vaxt əynindən qara paltarını çıxarmaz, heç kimlə dinib-danışmazdı. Hamı deyirdi ki, başına hava gəlib.

Kəndə qayıdandan sonra öyrəndi ki, bacısını gətirib qaytaran, qonşu kənddə kənd sovetinin oğlu olan adam yenə evlənib. Özü də iki dəfə. Nədənsə, ikinci arvadı da “qız çıxmayıb”, üçüncünün isə neçə il qaldıqdan sonra uşağı olmayıb, boşayıblar. Qəribədir...

Günlərin bir günündə xalası xəbər göndərdi ki, bacısının vəziyyəti pisləşib, qarnının aşağı tərəfində ağrı başlayıb, həm də şişib. Bunu eşidib başına iki əlli bir qapaz vurdu. Dedi “ana, aparacam onu rayona, həkimə. Əgər düşündüyümüz şeydirsə, bu dəfə öldürüb, gedib girəcəm türməyə”. Bir maşın tapıb apardılar rayona. Yol boyu anası qızın qarnının şişməsini, ağrısının olmasını yozub-yozub qarğış töküb ağladı. Kənddə hələ ki heç kəs bilmirdi. Amma qardaşı qızı öldürəndə biləcəkdilər. Əlqərəz, gəldilər xəstəxanaya. Anası, xalası, bacısı girdilər həkimin yanına. O da dəhlizdə var-gəl eləməyə başladı. Bu həkim şəhərdən təyinatla gəlmişdi, deyilənə görə, çox bilikli idi. Bir az keçmişdi ki, otaqda əvvəlcə qışqırıq qopdu, ağlaşma eşidildi, sonra da qapı zərblə açıldı. Dəhlizə hündür boylu, ətli-qanlı, ağ xalatlı bir qadın çıxdı. Və bərkdən qışqırdı:

- Bu qızın qardaşı sənsən??!!

Oğlanın təəccübdən gözləri bərəldi. Başının işarəsi ilə “hə” dedi. Həkim yaxınlaşdı, gödəkcəsinin yaxasından tutub onu bərk-bərk silkələdi və var qüvvəsi ilə itələdi. Zərbənin təsirindən divara çırpılan oğlanın gözləri o qədər bərəldi ki, az qala hədəqəsindən çıxa.

- Ay cahillər, bəsdirin də bu yazıqları şikəst elədiniz. Neçənci dəfədir sizin kimi savadsız, vəhşi insanların ucbatından bədbəxt olan qızlar görürəm. Sən nə şərəfsiz adamsan??!!

Əsəbdən damarları göyərən bu qadının əlindən onu güclə aldılar. Sonra həkimi darta-darta apardılar. Dəhşət içində idi. Müayinə otağına cumdu. Bacısı stolun üstündə yarıuzanmış vəziyyətdə idi. Sağ əlinə dirsəklənib çöl tərəfə baxırdı. Hərdən dodağının altında mahnı zümzümə edir, hərdən də ara verib öz-özünə gülümsəyirdi. Anası yerdə oturub dizlərini qucaqlamışdı. Bədəni tir-tir əsirdi. Xalası isə o qədər çaşmışdı ki, kimə nə deyəcəyini bilmirdi.

- Noooooluduuu?

Xalası inildədi:

- Ay bala, doxdur yoxladı, dedi kistadır-nədir ondan varıdır. Sonra da dedi ki, içəridən baxa bilmərəm, bu, qız uşağıdır. Biz də məhəttəl qaldıq ki, bu nə deyir? Haqq-hesabı danışdıq, o da eşidib dəli oldu. İzah elədi, mən qanmadım. Sonra da çapıq izinin nə olduğunu soruşdu. Mən dili yanmış da dedim ki, belə-belə. O da cumdu çölə.

Ayağının taqəti kəsilmişdi. Başına möhkəm bir qapaz ilişdirib harasa getdi.

Kəndə tərəf uzanan dağ yolu ilə bir yük maşını gedirdi. Yük yerində ayaq üstə dayanan qız illərdir yaylığın altında qalan saçlarını açıb kürəyinə tökmüşdü. Mahnı oxuyurdu. Ürəkdən, lap zildən. Sonra qəhqəhə çəkib bərkdən gülməyə başladı. Axırda oturdu, başını yerdəki çuvala söykəyib rahat bir yuxuya getdi...

# 1046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #