Vidadi Qafarov: “Qazaxıstanda teatrın 2 milyondan çox tamaşaçısı var” – MÜSAHİBƏ

Vidadi Qafarov: “Qazaxıstanda teatrın 2 milyondan çox tamaşaçısı var” – <span style="color:red;">MÜSAHİBƏ
18 aprel 2017
# 09:00

Kulis.az Qazaxıstandan teatr festivalından qayıtmış teatrşünas alim Vidadi Qafarovla müsahibəni təqdim edir:

- Vidadi müəllim, bu yaxınlarda qayıtdığınız Qazaxıstan səfərindən, iştirak etdiyiniz teatr festivalından məlumat verməyinizi istəyirəm.

- Almatıda keçirilən bu festival “Teatr baharı” adlanırdı. Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunmuşdu. Məlumat üçün deyim ki, Qazaxıstanın ilk peşəkar teatr kollektivi olan bu teatr 1926-cı ildə yaranıb. Hazırda teatrın bədii rəhbəri məşhur teatr və kino aktyoru, SSRİ xalq artisti Asanali Aşımov, direktoru Qazaxıstanın əməkdar incəsənət xadimi Erlan Bilaldır. 1995-ci ildən bəri ənənəvi olaraq Novruz bayramı ərəfəsində keçirilən “Teatr baharı” festivalı hər il teatrın görkəmli aktyor və ya aktrisalarından birinə həsr edilir. Məsələn, martın 13-dən 18-dək baş tutan builki festival görkəmli qazax aktrisası, SSRİ xalq artisti Xadişa Bukeeyevanın 100 illiyinə həsr olunmuşdu. Və festivalın formatı bir teatrın bir illik yaradıcılığını - Novruzdan Novruza qədərki premyeralarını əhatə edirdi. Yəni, bu festival bir teatrın yeni tamaşalarının festivalıdır. İndiyədək jüri heyəti yerli mütəxəssislərdən ibarət olub. Bu ilsə ilk dəfə olaraq festivalın jürisinə beynəlxalq status verilib və biz – gürcüstanlı teatrşünas Laşa Çxartişvili və mən ora münsif qismində dəvət almışdıq. Yeri gəlmişkən, bizim bütün xərclərimizi də təşkilatçı tərəf öz üzərinə götürmüşdü. Jüriliklə yanaşı mən Festival çərçivəsində keçirilən “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda “Aktyor sənəti – postdramatik teatrdan əvvəl və sonra” adlı məruzə ilə də çıxış etdim. Bundan başqa, T.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri və teatrın gənc aktyorları üçün iki ustad dərsi keçdim.

- Ustad dərsləri nə mövzuda idi?

- Birinci ustad dərsimin mövzusu belə adlanırdı: “Teatr – aktyordur, aktyor –insandır: insanın özüylə dialoqu”. Və bu, bir növ mənim konfransda söylədiyim on dəqiqəlik məruzəmin üç saat ərzində təhlilinə həsr olunmuşdu. İkinci master-klass isə Antik Yunan teatrından başlamış günümüzədək teatrda mövcud olmuş, ona təsir göstərmiş ədəbi cərəyan və təmayüllərin inkişaf tarixini əhatə edirdi.

- Qazax teatrının ümumi vəziyyəti: Müstəqil teatrlar varmı? Dövlət teatrları şəbəkəsi necə qurulub?

- Qazaxıstanda teatr sistemi bizdəki kimi sovetdənqalma sistemdir, orada da repertuar teatrı dominantdır. Bu gün ölkədə 52 dövlət teatrı, 10-dan çox müstəqil teatr fəaliyyət göstərir. Müstəqillik dövründə Qazaxıstanda 18 yeni teatr açılıb. Maraqlı olan odur ki, burada milli teatrlar öz yerində, rus teatrları ilə yanaşı, həm də ölkədə yaşayan müxtəlif xalqların dövlət statuslu teatrları var: məsələn, Almatıda fəaliyyət göstərən Koreya teatrı kimi, uyğur, özbək və alman teatrı kimi. Bu teatrlar festivalın təntənəli bağlanış mərasimində çox maraqlı çıxışlar etdilər.

Ümumiyyətlə, orada intensiv bir teatr prosesi gedir. Hərçənd, özləri özlərindən narazıdırlar, prosesi ləng hesab edirlər. Amma bizdən fərqli olaraq, Qazaxıstan teatrşünasları, rejissorları ən azı MDB məkanına inteqrasiya etməyə çalışırlar. Teatrşünaslar, rejissorlar Rusiya, Pribaltika, Gürcüstan, İran, hətta Almaniya və başqa Avropa ölkələrinə gedib hadisəyə çevrilmiş tamaşalara baxırlar. Rejissorlar təcrübə mübadiləsi edir. Onlara o şərait yaradılır. Bizsə az qala Azərbaycandan kənara çıxmırıq. Məsələn, bu, mənim peşəmlə əlaqədar son illərdə getdiyim cəmi ikinci xarici səfərim idi.

Düzdür, gördüyüm qədərilə onların tamaşaları bizdəki tamaşalardan keyfiyyət və ya yenilik baxımından elə də fərqlənmir. Məsələn, festivalda mən şedevr tamaşa görmədim. Amma ayrılıqda səhnəqrafiya, aktyor oyunu, rejissor işi baxımından – çox maraqlı işlər var idi. Almatıda eyni vaxtda iki teatrda festival gedirdi. Ümumi proses çox proqressivdir. Astanada Milli Xoreqorafiya Akademiyası açılıb. Rektoru Altınay Asılmuratovadır - uzun illər Sankt-Peterburqda Marinsk Teatrının prima-balerinası, London Kral Baletinin, Marsel Milli Baletinin dəvətli prima-balerinası olmuş dünyaca məşhur isimdir. Qayıdıb vətəninə və xalqına xidmət göstərir. Əlaqələrindən istifadə edib öz məşhur həmkarlarını tədris prosesinə cəlb edir. Başqa bir fakt. Hələ 2014-cü ildə məşhur “La Skala” Teatrı Astanada 5 günlük qastrol səfərində olub, tamaşalarına 6 min tamaşaçı baxıb. Teatr bu ilin may ayında yenə də Astanada qastrolda olacaq. Avqust ayında isə görkəmli opera müğənnisi Plaçido Dominqo “Astana Opera”da çıxış edəcək. Məncə Qazaxıstandakı teatral mühiti qiymətləndirmək üçün təkcə bu faktlar kifayətdir.

- Vidadi müəllim, belə çıxır ki, bu proses yalnız yuxarıların keçirdiyi tədbirlər planı sayəsində proqressiv deyil, həm də aşağılar - tamaşaçı da prosesin hərəkətverici qüvvəsidir?

- Tələb təklifi doğurur. Qazaxıstanda teatra həm dövlət qayğısı var, həm də tamaşaçı marağı. Bizdə dövlət teatrlarında çalışanların yalnız əməkhaqqı və dövlət sifarişli tamaşaların xərci büdcədən ödənilir. Qazaxıstanda isə teatrın bütün xərclərini dövlət ödəyir. Və ən aşağı dərəcəli aktyor təxminən 320 dollar maaş alır. Teatra tamaşaçı marağı və sevgisi də böyükdür. Mən orada 6 tamaşaya baxdım və tamaşaçı salonunu demək olar, həmişə dolu gördüm.

- Ola bilsin, festivaldır deyə təşkil olunub tamaşaçı.

- Yox, bunu hiss edə bilirsən axı... Orada teatra tələbat var. Bunu statistika da təsdiqləyir. 2015-ci ildə Qazaxıstanda əhalinin sayı 17 milyon 417 min, teatr tamaşaçılarının sayı 2 milyon 249 min nəfər olub. Müqayisə üçün deyim ki, bizdə həmin ildə əhalinin sayı 9 milyon 593 min, tamaşaçı sayı 752 min nəfər olub. Biz əhali sayındakı fərqə görə öz göstəricimizi ikiyə vursaq belə milyon yarım tamaşaçıdan o yana keçmir. Orada teatrın təbliğinə, reklamına çox fikir verilir, vəsait ayrılır. M.Auezov adına teatrın qarşısında böyük bir elektron lövhə qurulub və burada tamaşalardan parçalar nümayiş olunur, tamaşalar anons edilir, bu vasitə ilə küçədən keçən insanlar teatrın repertuarındakı tamaşalarla tanış olur. Teatrın mətbuat və ictimaiyyətlə əlaqələr departamenti var ki, bu struktur bizdəki kimi təkcə mətbuat katibindən ibarət deyil, 5-6 nəfər peşəkar işçidən – video-operator, fotoqraf, bir necə jurnalist, redaktor və şöbə rəhbərindən ibarətdir. Və onlar teatrın mətbuatla, ictimaiyyətlə əlaqələrini qurur, reklam çarxları hazırlayır, teatrın təbliği ilə məşğul olur, eyni zamanda teatrın bütün yaradıcılığının vizual, sənədli tarixini yaradırlar. Mən gördüm ki, teatr orada saat mexanizmi kimi işləyir. Yəni, bunu özüm müşahidə edirdim, bizə göstərmək üçün deyildi. Bunu festivalın yüksək təşkilatçılıq səviyyəsində də gördüm. Bizdə vaxtında başlayan tamaşa görməmişəm, hər hansı tamaşanın ən azı 5-10 dəqiqə gec başlanması bizdə adət halını alıb. Orada isə baxdığım heç bir tamaşanın başlanmasında gecikmə halı olmadı, hamısı dəqiq vaxtında başlayırdı.

- Gördüyünüz yerli pyeslərin tamaşalarının əsas mövzusu nə idi? Yəni səciyyəvi bir mövzu var idimi?

- Festivalda 2 xarici, 4 milli dramaturqun əsəri nümayiş olundu. Mövzular müxtəlif idi. Sosial təbəqələşmənin məhəbbətə maneəsi barədə tamaşa da var idi, əsir düşmüş insanın yaşadıqları haqda da, Qazaxıstana deportasiya olunmuş ayrı-ayrı xalqların taleyi və birgəyaşayışı barəsində də. Amma səciyyəvi hal kimi, milli tarixə, milli özünüdərkə meyli qeyd etmək olar. Çünki bu mövzuların hamısı qazax xalqının tarixi fonunda öz həllini tapmışdı. Və tarixi mövzuda olan bu əsərlərdən ikisi teatrın sifarişi ilə yazılmış pyeslər idi. Yəni məqsədyönlü işin nəticəsində meydana gəlmiş tamaşalardı...

- Bəs yerli mütəxəssislər qazax teatrı üçün əsas problem olaraq nəyi görürlər?

- Onlar da əsas problemi dramaturgiyada görürlər. Ona görə də dramaturqlarla iş birliyi qururlar, əməkdaşlıq edirlər, onları teatrlarda işə götürürlər və əsər sifariş verirlər. Digər tərəfdən, qazax mütəxəssisləri çıxış yolunu xarici teatrlarla, mütəxəssislərlə əməkdaşlıqda, qarşılıqlı mübadilədə, inteqrasiyada görürlər. Bu səbəbdən də daxili və xarici festivallara, qastrol səfərlərinə üstünlük verirlər. Təkcə M.Auezov adına teatr son illər ərzində Misirdə, Almaniyada, Türkiyədə, Koreyada, Rusiyada, Belarusda və s. ölkələrdə keçirilən 14 beynəlxalq festivalda iştirak edib, Teatrın özü isə dediyim kimi, 22 ildir ki “Teatr baharı” festivalını keçirir.

- Dediniz, dramaturqları işə götürürlər. Hansı ştata?

- Müxtəlif ştata. Məsələn, redaktor. Məqsəd odur ki, dramaturq işlə təmin olunsun, sosial qayğılardan azad olsun və teatr üçün yazsın, qonorar da öz yerində. Məsələn, festivalda bizim baxdığımız tamaşaların üçü sifarişlə yazılmış pyeslər əsasında qoyulmuşdu. Eyni zamanda, dramaturgiyanı inkişaf etdirmək üçün müxtəlif dramaturgiya müsabiqələri keçirirlər.

- Vidadi müəllim, festivalda nominasiyalar da var idimi?

- Əlbəttə. Münsiflər heyəti altı tamaşaya baxıb, ən yaxşı tamaşa, rejissor, aktyor, aktrisa, rəssam işi, musiqi tərtibatı və s. nominasiyalar üzrə mükafatçıları müəyyənləşdirdik. Qaliblər diplom və pul mükafatları ilə təltif olundular. Onu da deyim ki, Laşa Çxartişvili və mənimlə yanaşı münsiflər heyətinə Qazaxıstanın çox tanınmış teatr mütəxəssisləri Xalq artisti, rejissor, Nurkanat Jakıpbay, teatrşünas-professorlar Saniya Kabdiyeva, Bakıt Nurpeyis, eləcə də məşvərətçi səslə-fəlsəfə doktorları, teatrşünaslar Amangəldi Mukan, Anara Erkebay, əməkdar incəsənət xadimi, teatrşünas Aliyə Bopeşanova daxil idi.

- Bir xarici teatrın yeniliyə nə qədər açıq olduğunu, əgər dil də bilmiriksə, aktyor oyunundan hiss edirik. Aktyorun ifadə formaları yenidirsə, köhnəlməyibsə teatr haqqında pozitiv fikrimiz yaranır. Sizin gördüyünüz tamaşalarda aktyor oyunu necə idi?

- Bu, maraqlı sualdır. Çünki festivalda da, tamaşaların müzakirələrində də bu məsələnin üstündə çox dayanıldı. Çox maraqlı aktyor ifaları, perspektivli gənc aktyorlar vardı. Onlarda da “Atalar və oğullar” problemi var bu məsələdə. Amma deyəsən qazax teatrşünasları daha çox yaşlı nəslin tərəfini saxlayır. Aktyor ifalarından mən Dulıqa Akmoldanın, Erkebulan Dayirovun, Darya Yusupun oyununu ayrıca qeyd etmək istərdim. İstedadlı aktrisa Festivalda “aktyorun müstəqil işi” nominasiyası üzrə Jan Koktonun “İnsan səsi” pyesini mono-opera kimi təqdim etdi. Bu, dramatik aktrisanın opera oynadığı ilk qazax tamaşası idi. Aktrisa həm tamaşaçıların, həm də münsiflərin böyük rəğbətini qazandı və festivalın bir neçə mükafatına, həmçinin bizim-xarici mütəxəssislərin xüsusi diplomuna layiq görüldü. Bu sırada həmçinin çox istedadlı cavan aktyorlar Dulıqa Akmoldanın və Erkebulan Dayirovun adlarını da çəkmək istərdim. Onlar da festivalın ən çox alqışlanan mükafatçılarından oldular.

- Bizdə beynəlxalq teatr festivalları intensiv keçirilmir. Amma iki ildən bir Beynəlxalq teatr konfransı keçirilir. Prosesə kənardan baxan bir mütəxəssis kimi hansı istiqaməti daha faydalı hesab edirsiniz?

- Mən həmişə konfransdan çox festival tərəfdarı olmuşam. Atalar demişkən, min eşitməkdən bir görmək yaxşıdır. Bax, məsələn, mən gördüklərimin 50 faizini sizə çatdıra bilmədim. Oradan çox yüksək təəssüratla gəldim. İşin təşkili, teatra münasibət, bizə münasibət, bir-birinə münasibət... Orda aylıq teatr jurnalı nəşr olunur. Teatr Xadimləri İttifaqı təsis edib jurnalı. Onların teatrşünasları ölkə daxilində tamaşalara gedib baxırlar. Ərazisi böyükdür Qazaxıstanın, bilirsiniz. Qatarla iki-üç günlük yoldur bir başından o biri başına. Amma teatrşünaslar gedib bölgə teatrının tamaşalarına baxırlar. Çünki həm stimul var, həm çap olunmağa nəşrləri var, həm də şərait yaradılır onlar üçün. Ən əsası isə orda teatrşünasa, teatrşünas sözünə hörmət var. Bircə onu xatırladım ki, festivalın 5 səsvermə hüquqlu 3 məşvərətçi münsif üzvünün 1 nəfərdən başqa hamısı teatrşünas idi. Tamaşaların truppanın iştirakı ilə keçən müzakirələrində bizi necə maraqla dinləyir və tənqidi fikirləri anlaşıqlı qəbul edirdilər. Ümumiyyətlə, qazax xalqı çox qonaqpərvər, istiqanlı, səmimi xalqdır. Safdırlar, fikirlərini birbaşa deyirlər. Bütün səfər boyu bunun şahidi oldum və Almatıdan xoş təəssüratla ayrıldım.

- Bu səfərinizlə bizim teatr prosesinə kənardan baxmaq imkanı əldə etdiniz, yenilənən təəssüratınız yarandı. Bəs bizim teatr prosesinin inkişaf perspektivlərini nədə görürsünüz?

- Mən ən çox gənclərə, onların təşəbbüskarlığına ümid bəsləyirəm. Bizim çox istedadlı gənclərimiz, o cümlədən tələbələrimiz var. Sadəcə teatrı sevmək və onlara dayaq olmaq lazımdır.

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #