Azərbaycanlı rəssam: “Peyğəmbərin karikaturasını çəkib mükafat aldım”

Azərbaycanlı rəssam: “Peyğəmbərin karikaturasını çəkib mükafat aldım”
18 dekabr 2014
# 16:12

Kulis.Az Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə ilə müsahibəni təqdim edir.

- Karikaturaçı rəssam üçün ən vacibi nədir? Peşəkarlıq, cəsarət və...

- Cəsarət insani keyfiyyətdir, karikaturaçı rəssam cəsarətli də ola bilər, olmaya da bilər. Siyasi savadsız da ola bilər. Cəsarətli karikaturaçı rəssam isə tapıntıdır.

- Karikaturaçı rəssamların mətbu orqanlarla əməkdaşlığı elə də sıx deyil.

- 1989-90-cı illər Sabir Rüstəmxanlının redaktoru olduğu “Azərbaycan” qəzetində Rəşid Şerifin karikaturaları dərc olunurdu, eyni zamanda mənim də Qarabağ mövzusunda işlənmiş karikaturalarım dərc olunurdu. Həm də təkcə “Azərbaycan” qəzetində yox, həm də “Azadlıq" qəzetində, o zaman “Kirpi” jurnalı da çap edilirdi. Yavər Əsədov da mütəmadi olaraq mətbuat səhifələrində dərc olunurdu. Qamət Məlikcanov da, Tofiq Məmmədov da... Hafiz Nəsirov indi də “Kirpi”də dərc olunan rəssamdı. Soltan Soltanlı 2000-ci illərdən dərc olunur.

- Karikaturaçılar Birliyinin jurnalı nəşrini dayandırıbmı?

- Yox, ilk illər “Biz və karikatura” adında satirik jurnal dərc edirdik, sırf peşəkar rəssamlara ünvanlanmış jurnal idi. Təbii ki, cəmiyyətdə baş vermiş problemlərlə, əyintilərlə bağlı karikaturalar, siyasi karikaturalar da dərc olunurdu, amma daha çox peşəkarlıq məsələlərinə, bədii səviyyəsinə üstünlük verilirdi. Bir neçə il dərc olundu, sonra dayandı. Bu, ümumilikdə mətbuatın ümumi problemidir. Yəni, mətbuat geniş mənada öz gücünü itirib. Mətbuat öz gücünü televiziyaya, internetə verib... Təbii ki, bu artıq, 50-60-cı illərin mətbuatı deyil. İnternetdə o qədər məlumat var ki, artıq köşkdən kimsə qəzet almır. Bütün dünyada da bu proses gedir.

- Amma karikaturalar elə internet mediada da ola bilər.

- Əlbəttə. Dərc də olunur, beynəlxalq müsabiqələrə də göndərirlər. Yəni janr olaraq yaşayır.

- Karikatura janrının “qızıl qanunları” nələrdir?

- ( gülür) Bu qanunlar haqqında dünya karikatura sənətinin ən məşhur simaları hələ bir fikrə gələ bilməyiblər. Bu çox ciddi sualdır. Məncə, bu hər sənətkarın daxili aləmi, daxili mədəniyyəti ilə bağlı olan bir şeydir. Yəni kəskin bir şey demək olmaz. Axı bu sənət növündə çalışanların milli mənsubiyyətlə, dini baxışı fərqlidir. Amma bugünkü günün tələbləri ilə götürəndə bunu demək olar: karikaturaçı rəssamdan daxili mədəniyyət, daxili senzura və siyasi savad tələb olunur. Bu üç amil mənim üçün əsasdır. Təsadüfi adamın karikatura çəkməyi nə zamansa problem yarada bilər.

Avropada ehtiyatsız çəkilmiş bir karikatura milyonlarla insanı küçəyə çıxardı. Həmin rəssam avropalıdır, onun düşüncə tərzi başqadır. Və o rəssam bu günədək başa düşə bilmir ki, niyə onun karikaturası bu qədər hay-küy yaratdı və rəssam təqib və təzyiqlərə məruz qaldı? Biz söz və fikir azadlığından danışırıqsa, o öz fikrini ifadə edib, öz baxışını təqdim edib. Demokratiya da insanın öz fikrini azad ifadə etməsini tələb edir. Amma nə baş verdi, gördünüz. Çünki müəyyən bir sərhəd və sədd olmalıdır. Sizin azad fikir bildirmək haqqınız, demokratik cəmiyyət, tənqid obyektiniz, hədəfiniz olan adamın şərəf və ləyaqəti. Bunlar arasında sərhəd haradadır? Bax o sərhədi bu günədək tapa bilmirik. Bax o karikatura milyonlarla insanın inamını, şərəfini tapdadı. İnsanlar buna əsrlərlə inanıblar. Bunu tapdamaq və alçaltmaq da düz deyil. Yaxud İranda dövlət qəzetində çəkilmiş karikaturada azərbaycanlını tarakana oxşatmışdılar; milyonlarla azərbaycanlı Təbrizin, Tehranın küçələrinə çıxdı. Niyə? Çünki millət kimi təhqir olunublar? O biri tərəf də deyir ki, mən belə düşünürəm. Görürsünüz necə mürəkkəbdir? O sərhədi tapmaq müşküldür. Ona görə də nəsə demək çətindir. Bilirsiniz? Karikaturadan əsrlər boyu siyasi silah kimi istifadə olunub.

Peşəkar rəssam və müsəlman kimi peyğəmbər haqqındakı karikaturanı necə qiymətləndirirsiniz? Bu sizi təhqir edir?

- İnsanlar hiddətlənib, küçəyə çıxıbsa deməli özünü alçalmış hiss edir. bu iki nəfərin fikri deyil, milyonlarla insanın hiddətinə səbəb olub. amma şəxsən mənim bir karikaturaçı rəssam olaraq işlədiyim obrazların arasında İsa və Musa peyğəmbərin obrazları var. Və bu karikaturaları mən beynəlxalq müsabiqələrə göndərirəm və mənim bu karikaturalarım bu beynəlxalq müsabiqələrdə mükafat da alıb hətta seçilmiş karikaturalardan ibarət kataloqlara da salınıb. Burada cəmiyyət məsələsi deyil, dini baxış məsələsidir. İsa haqqında filmlər çəkilir, Musa peyğəmbər haqqında da. Amma Məhəmməd peyğəmbər haqqında filmlərdə isə peyğəmbərin özü, surəti göstərilmir. Bu rejissor ona baxan tamaşaçıların dini baxışlarına hörmət edir. Bu baxış düzdür, düz deyil, bu başqa məsələdir. Sadəcə, bu baxışa hörmət etməkdən söhbət gedir. Bizim borcumuz insanların düşüncəsinə hörmət etməkdir. Problem yaranırsa deməli kiminsə haqqı tapdanır. Problem istəyiriksə, mənim sözüm yoxdur.

- Amma, Bayram müəllim, istənilən tənqidi xoş qəbul etmirlər. karikatura da tənqid xarakterlidir...

- Əlbəttə elədir. Birmənalı şəkildə bununla razıyam.

- Yaxşı bəs karikaturada toxunulmaz mövzular var?

- Əslində, yoxdur. Bu gün bu problemlər yaşanırsa, deməli toxunulmaz mövzu da yoxdur, rəssamlar bu mövzulara toxunurlar ki, bu problemlər də yaşanır. Məsələ tək tənqiddə də deyil. Bu fərddən asılıdır. Bizim tanınmış bir karikaturaçı rəssamımız var, adını çəkmək istəmirəm. Onun karikaturalarına bir təcrübəli rəssam kimi sonadək baxa bilmədim-darıxdım, sıxıntı keçirdim. Bilirsiniz, hər şey o qədər də qara deyil. Mən sənətşünaslıqdan dərs verirəm. Tələbələrimə də deyirəm ki, hər birimiz pəncərədən bir işıq yeri qoymalıyıq. Hər şeyi qara vermək düz deyil. İnsanın, gəncin qol qanadını kəsib, heç nə düzəlməyəcək deyə sabaha ümidsiz buraxmağa bizim ixtiyarımız varmı?

- Amma...

- Təbii ki, tənqiddir. Məni düzgün anlayın. Amma sabaha işıq mütləq olmalıdır karikaturada. Tunelin sonunda işıq göstərilməlidir. Həyatın mənası budur. Yoxsa niyə yaşayırıq, niyə işləyirik? Çətinliklər var, həyat da mübarizədir. Biz sovet “dili”ilə desək uğurlu, xoşbəxt gələcək üçün çalışmalıyıq. Bu gün də bu məsələ aktualdır. Sovet dövrü qurtarıb, amma nə dəyişib? Yenə də hər birimiz hansısa amal uğrunda çalışırıq. Biz həmişə mübarizə edirik. Burada məsələ təbii ki, tənqiddə deyil, dediyiniz kimi tənqid xoşa gəlmir. Amma məsələ məqsəddədir. Məqsəd sağlam gələcək uğrunda çalışmaq deyilsə, tutalım kimisə təhqir etməkdirsə, xüsusilə də bu, hansısa maraqlar çərçivəsindədirsə, bu, dəhşətlidir. Amallar saf olmalıdır.

- Bəs “Molla Nəsrəddinçilər”?

- “Molla Nəsrəddinçi”lərin amalı saf idi. Məqsəd milləti təhqir etmək yox, onu saflaşdırmaq idi. “Mola Nəsrəddinçilər” ağla qaranı seçməyi oxucunun tamaşaçının ixtiyarına verirdilər. “Molla Nəsrəddin”i vərəqləyən millət karikaturalarda özünü görmürdü, sadəcə gülürdü. Amma məqsəd bu formada kütləni saflaşdırmaq, maarifləndirmək idi. Nə qədər bu məqsədə nail oldular, deyə bilmərik. Amma hər halda bu bir cəhd idi. Amma məsələn, mən İranda dərc olunan bayaq dediyim karikaturanın arxasında xoş amalların dayandığına inanmıram. Onun arxasında çox güman ki siyasi sifariş dayanıb.

- Karikaturanın ünvanlı karikatura qolu-şarj da var. Tutalım ki, hansısa məmur özbaşınalığı şəxsləşməsi. Ümumiyyətlə bu sahə inkişaf edibmi?

- Siz hesab edirsiniz ki, karikaturaçı hansısa məmuru tənqid etdiyi üçün ondan qorxacaq və ya çəkinəcək? yox. Hamı fikrini də yazır, adını da yazır. İnanın ki, mən o mətbuat dediyimizi oxumağa utanıram. Obyektiv, subyektiv, təhqiramiz nə gəldi yazırlar. Demokratiyanı anarxiyaya çevirməyə edilən cəhdlərin fonunda karikaturaçı hansısa məmurdan qorxacaq? Mən sizə ünvanlı karikaturalar göstərərəm.

- Amma bunun təsir gücü nə qədərdir? Tutalım “Kirpi” jurnalında dərc olunan karikaturanın təsiri, dəyişmək gücü var idi.

- Mən “Kirpi” jurnalının rəssamları haqqında üç hissəli kitab üzərində işləyirəm. Hər biri iki yüz, üç yüz səhifəlik kitab olacaq. Üç ildən artıqdır bu kitablar üzərində işləyirəm. “Kirpi” jurnalı Azərbaycan SSRİ Kommunist Partiyasının rəsmi orqanı idi. Bu, bilirsiniz nə deməkdir? Mərkəzi Komitə jurnalın arxasında dayanmışdı. Və o jurnalda hansısa məmur bir balaca tənqid olunurdusa səhəri gün onun fəaliyyəti haqda ölçü götürülürdü. “Kirpi” insanları ona görə infarkt dərəcəsinə çatdıran jurnal idi. Söhbət xüsusən 50-ci illərdən gedir. Məsələn jurnalın redaktoru Əvəz Sadıq Mircəfər Bağırovun keçirdiyi bütün iclaslarda iştirak edirdi. Sizə bir fakt da deyim: Stalin Boris Yefimova zəng edib ona sabah dərc olunacaq karikaturanın mövzusunu verirdi.

- Yəni hər şey idarə olunurdu və rəssamın hansısa ictimai mövqeyinin cəmiyyətə təsirindən söhbət gedə bilməzdi?

- Sözsüz. Amma o zaman orada başqa oyunlar yox idi, sadəcə dövlət marağı qorunurdu. Daha doğrusu, Sovet ideoloji prinsipləri qorunurdu. Sizə bir fakt da deyim: özü də sizin dediyiniz ünvanlı karikaturalar-tənqidi şarjlara “Kirpi” jurnalının nəşrinin ilk illərində rast gəlmək olar. 60-lardan sonra belə ünvanlı karikaturalar yoxdur. Elə alimlər, ziyalılar var ki, onların ad-familiya ilə karikaturaları dərc olunurdu: tutalım xidməti maşında şəxsi işləri üçün istifadə etdiyinə görə, bazarın qabağında dayanmış maşının özü, nömrəsi və hətta adamın arvadı da karikaturada təsvir olunurdu... 60-cı illərdə belə şeylər yığışdırıldı...

- Tetarda da təxminən eyni proseslər gedib. Amma yenə də soruşuram: Niyə, nə dəyişdi axı?

- Əlbəttə burada cəsarətdən söhbət gedə bilməzdi. Hər şeyin arxasında Mərkəzi Komitə dururdu. Dövrün siyasin ab-havası ilə bağlı idi. Amma 50-ci illərdə təzadlı işlər də var idi. Məsələn, bizim çox sevdiyimiz, tanınmış xalq yazıçısı –adını çəkmək istəmirəm – yaradıcılığındakı durğunluğa görə, tənqid olunurdu. İki nömrə sonra jurnalda onun yubileyi ilə bağlı dostluq şarjları nəşr olunurdu.

- Hansı dövrü janrın sağlamlığı baxımlından uğurlu dövr hesab etmək olar?

- Karikaturanın inkişafı və sağlamlığı üçün demokratik cəmiyyət olmalıdır ilk növbədə. Karikaturanı demokratik cəmiyyətin atributlarından biri hesab edirlər. Hansısa bir totalitar rejimdə karikatura janrı inkişaf edə bilməz. Xüsusən sovet dövründə. Amma faktdakı paradoks odur ki, məhz sovet dövründə bu janr inkişaf edib. Bu dövrdə bu sahədə çalışan rəssamların sayı birə üç artıb. Nəyə görə? Karikatura janrı dövlətin silahı idi və ona diqqət dövlət tərəfdən idi. Xalq rəssamları sırasında karikaturaçıların sayı çox idi. Onlar haqqında kitablar yazılır, filmlər çəkilirdi. Çünki onlar bu quruma, mərkəzə lazım idi. Amma heç elə bir karikatura yoxdur ki, o dövrdə çəkilsin və quruluşu tənqid etsin. Əksinə sovet quruluşu təbliğ olunurdu.

- Bəs indi dövlət öz ideoloji mövqeyini ifadə etmək üçün karikaturaya ehtiyac hiss etmir?

- Bu gün bizim rəssamlar dövlət maraqlarından çıxış edib karikaturalar çəkirlər. Deyək ki Qarabağ müharibəsi mövzusunda karikaturaçı rəssamlarımızın mövqeyi birdir.

- Birliyin gördüyü işlər haqqında danışmağınızı istəyirəm. Nəşrləriniz varmı? Müsabiqələr yenə keçiriləcəkmi və s.

- Birliyi yaratmaqda məqsəd hansısa bir satirik jurnal dərc etmək, kimisə tənqid etmək olmayıb. Biz peşəkar jurnal hazırladıq, amma o, özünü doğrultmadı. Təşkilatı yaratmaqda bir təşəbbüskar kimi mənim məqsədim Azərbaycan karikaturasını tanıtmaq olub. Mən 1985-ci ildən karikatura çəkirəm, bu sənəti sevirəm. Bu sahədə mənim fəaliyyətim təmənnasızdır. Yüz ildən artıq karikatura ənənələri olan ölkədə bu janr inkişaf etməlidir. Təsəvvür edin: “Molla Nəsrəddin” jurnalının 1921-ci ildə Təbrizdə cəmi 8 nömrəsi dərc olunub. O səkkiz nömrədən onlar daha çox bəhrələnib. Hələ 1906-cı ildə “Molla Nəsrəddin”in təsiri ilə İranda bir neçə satirik jurnal dərc olunub. Bizim təşkilat yaranana qədər iranlılar bu sahədə “at oynadırdılar”, Cəlil Məmmədquluzadəni iranlı kimi təqdim edirdilər. Amma biz indi Təbrizdə Azərbaycan Karikaturası Muzeyi açmışıq. Orada Əzim Əzimzadənin büstünü qoymuşuq. “Molla Nəsrəddin”in nömrələrini təqdim etmişik. Bunlar artıq faktdır və fakta qarşı heç nə demək olmur. 2006-cı ildə mənim yüz illik karikatura tariximiz” adlı kitabım çap olunmuşdu, o kitabı ora hədiyyə kimi göndərdik.

Bilirsiniz, digər ölkələrdə karikaturaçı rəssamlar boyakar rəssamlar deyil, onlar emalatxanada oturub şəkil çəkmirlər. Onlar hansısa mətbuat orqanının rəssamıdır, cəmiyyətdə tanınmış adamlardır. Onlarda Azərbaycan haqqında fikir formalaşdırmaq çox önəmlidir. Faktlarla formalaşdırmaq. 1906-1907-ci illərdə tək Bakıda 20 dən artıq satirik jurnal nəşr olunub.

- Karikatura müsabiqəsi yenidən keçiriləcəkmi?

- Hər il Beynəlxalq Karikatura müsabiqəsi keçirildi. Sadəcə bu il keçirə bilmədik. Müsabiqənin ciddiliyi sərginin layiqincə keçirilməsi, kataloqların hazırlanması ilə bağlıdır. Gələn il müsabiqəyə hazırlaşırıq. Bir də bizdə müsabiqə xətrinə müsabiqə keçirilmir.

Birliyin fəaliyyət göstərdiyi səkkiz ildə uğuru tanınmaq olub. Təsəvvür edin ki, Amerikada keçirilən karikatura müsabiqəsində Azərbaycan rəssamı həm birinci, həm də ikinci yeri qazanıb. Halbuki bizim rəssamların sayı azdır. Başqa ölkədən onlarla rəssam müsabiqəyə qatılırsa Azərbaycandan iki-üç nəfər qatılıb.

Foto: Fəxrəddin Abdullayev

# 2127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #