Bu baletin qəhrəmanının qəbrini açmışdılar - MƏŞQDƏN REPORTAJ

Bu baletin qəhrəmanının qəbrini açmışdılar  - <span style="color:red;">MƏŞQDƏN REPORTAJ
1 fevral 2018
# 09:00

Tibb səhifələrindən birində oxumuşdum ki, bizim gənclik dediyimiz dövrlər əslində qocalmağa başladığımız zamanlardır. Yəni, böyümək dayandımı, qocalmaq prosesi başlayır. Bu prosesi saxlamaq istəyən, iksir axtaran, onu tapmayan hökmdarlar haqda onlarla əfsanələr dolaşıb, filmlər çəkilib. Amma nə qədər mümkünsüz olsa da, bu sevda bəşər övladının başından çıxmayıb, gəncləşmək, qocalmamaq üçün ətək-ətək pullar xərclənib.

Daima axtarıb və bilməyib ki, əlində daha qiymətli bir sənət iksiri var.

Bədənin böyüməsini saxlayıb qocalmasına əngəl ola bilməzsən, amma qəlbini, ruhunu daim böyütmək, böyüdüb də gənc saxlamaq insanın öz əlindədir, qarşısındadır; bir kitab kimi, bir film kimi, bir tamaşa kimi...

Bu sadə həqiqəti anlamış adamlar qocalmaq kimi bir qorxudan azaddırlar. Bir-birini də bu qorxusuzluqdan tanıyırlar.

Amma və lakin sənətin insana verdiyi bu azadlıq asan başa gəlmir. Nə qədər qorxular, əzablar, ziddiyyətlər, sevgilər yaşanır. Opera və Balet Teatrında hazırlanan “Qoyya” həm də bundan bəhs edir.

Biz bu həyəcanı dadmağa, tamaşasının məşqini izləməyə gəlmişik.

Səhnədən gedəcəyini bilən balerinalar

Fransisko Qoyyanın ta özündən tutmuş haqqındakı tamaşada kütləvi səhnəyə çıxan balet artistinədək nə qədər həyəcan, qorxu, əmək toplanır və səhnədəki gözəlliyi əmələ gətirir – buna öz gözümüzlə şahid olacağıq.

Opera və Balet Teatrının xidməti qapısından keçib foyeyə daxil oluruq. Amma bu foye tamaşaçılar üçün deyil, səhnənin yanındakı bu foyedə balet artistləri səhnəyə çıxmağa hazırlaşır.

Yüngülvari “trinajlar” edən artistlər fotokameraya düşmək istəmir. Qısa bir zamanda səhnədə olmaq üçün ömrü boyu hazırlaşan balet artistləri uğrunda çalışdıqları səhnə gözəlliyinə kölgə düşməsinə razı deyillər.

İçəri daxil oluruq. Səhnədəkiləri yayındırmamaq üçün fotoqrafımız kameranın “vspışka”sını çıxarır. Bir kənara çəkilib səhnəni izləməyə başlayırıq.

Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baletinə Estoniyadan dəvət olunmuş baletmeyster Vasili Medvedyev quruluş verir.

Lakin Medvedyev xəstələndiyi üçün bugünkü məşqə gələ bilməyib, onu assistenti Stanislav Feço əvəz edir.

Adından göründüyü kimi balet ispan rəssamı Fransisko Qoyyadan bəhs edir.

Türkiyəli müəllif Yana Temiz Qara Qarayev və Fərəc Qarayevin 1971-ci ildə çəkilən “Qoyya və ya dərkin əzablı yolu” filminə yazdıqları musiqi əsasında libretto yazıb.

Teatrın mətbuat katibi, bizi müşayiət edən, yardımını əsirgəməyən Şükufə xanım lojadakı gəncləri göstərir: “Bu baletin bir özəlliyi də var ki, lojadakı xor da tamaşaya qoşulacaq”.

Lakin Şükufə xanım qabağa keçib xoru çəkməyə, dirijoru, səhnələr haqqında mübahisə edən xoreoqrafları çəkməyə icazə vermir: “Nəzərə çarpmadan elə buradanca, çəkə bildiyiniz qədər çəkin”.

“Çılpaq Maya”nın tarixçəsi

Fransisko Qoyyanı bunca məşhur edən yalnız tabloları deyil, o tabloların tarixçələri, həyatındakı ziddiyyətlər, özünün mürəkkəb şəxsiyyətidir. Qoyyanın haqqında yazılanlar, çəkilənlər, onun “100 ən öyrənilmiş şəxsiyyət” siyahısına düşməsi belə yalnız bunu deyir: sənət yüksək anlayışdır və sənətçi şəxsiyyəti hər hansı əhvalatla, izaha, tarixçəyə, modelə sığmayacaq qədər mürəkkəbdir.

Nədir Qoyyanın ziddiyyətləri?

Kralın və ailəsinin rəssamı kimi sarayda yaşamış, saraydaxili çəkişmələrə qatılmış, zənginlik və şöhrət qazanmış Qoyya həm də “Müharibə dəhşətləri”ni ortaya qoymuş, siyasi-sosial-dini motivli, inkvizisiya dəhşətlərinin təsvir olunduğu satirik kapriçoslar çəkmişdi.

Kilsənin çılpaq rəsmlər çəkməyi qadağan etdiyi bir zamanda Qoyya “Çılpaq Maxa” portretini işləyir və romantizmdə yeni bir axının əsasını qoyur. Bu rəsmdə əslində hersoginya Albanın təsvir olunduğu haqda, rəssamla hersoginya arasında yaşanan eşq haqda əfsanələr dolaşır. Hətta illər sonra Maxanın hersoginya olmamasını sübut etmək üçün Albanın qəbrini də açırlar, lakin sümüklər zədəli olduğundan rəsmin Albaya məxsus olub-olmamağı qaranlıq qalır.

Amma ən əsası bu əfsanələr deyil. Bu yaşananların Qoyyanı addım-addım, tablo-tablo əbədiyyətə aparmasıdır.

Libretto müəllifi Yana Temiz də Qoyya fenomeninə məhz bu nöqtədən yanaşır. Onun librettosunda tənha və xəstə Qoyya xəyalların və xatirələrin qarabasmaları içindədir. Kapriçosun dəhşətləri, hersoginya Alba ilə yaşanan ehtiras, kraliça ilə görüş, yaşanan çəkişmə səhnələri Qoyyanın xəyalını ziyarət edir.

Qoyya - Anar Mikayılov mərkəzi fiqurdur. Stanislav Feçonun rupordan eşidilən iradları ilə qırılan, davam edən səhnələr bir-birini əvəz edir. Az sonra biz hersoginya Alba - Nigar İbrahimova ilə Kraliça – Ayan Eyvazovanın çəkişmə səhnəsini görürük.

Gərçi musiqimi yaşananları bu qədər dolğun çatdırır, yoxsa rəqsmi, hərəkətlərmi? Bəlkə də insan bədəninə yeni bir baxışla baxan Qoyyanın rəsmləri səhnəni “doldurur”?

Kraliçanın zəhərlədiyi gözəl qadın

Fasilə sırasında əməkdar artist Nigar İbrahimovaya yaxınlaşıram:

- Obrazınızı daha dolğun etmək üçün nə edirsiniz? Nəsə müşahidə etmək və ya oxumaq? Axı bu yalnız rəqslə olan iş deyil...

- Əlbəttə. Biz də yalnız libretto oxumaqla kifayətlənmirik. Feytxvangerin “Qoyya və ya dərkə aparan əzablı yol” romanını oxudum. Eyniadlı filmə də baxdım. Düzünü deyim ki, kitab daha çox təsirləndirdi. Öz partiyanı anlamaq, hiss etmək üçün bu vacibdir.

Hersoginya Alba mürəkkəb, qeyri-ordinar obrazdır. Gözəldir, zəngindir, əyanlarına qarşı kaprizlidir, xaraktercə azaddır, azadlığı sevir. Kraliça ilə konfliktə belə gedir. Kraliçanın ona yüngül həsədi də var. Alba sülaləsi Burbonlardan da nüfuzludur. Qoyya Albanı sevib, tənha və ömrünün sonunda o, Albanı xatırlayır.

Qəhrəman partiyaları oynamışam, amma ilk dəfədir ki, belə mürəkkəb şəxsiyyətlə qarşılaşıram. Həm bu balet daha çox neoklassikdir.

- Premyeraya az qalıb. Məşq prosesi necə keçdi?

- Əvvəlcə texnika axtardıq, müəyyən hərəkətləri tapdıq. Bu mövzuda partnyorlarla müzakirələr etdik. Paralel olaraq, obrazın daxili dünyasını da düşünürdük. Hər şey tədricən baş verdi. Vasili Medvedyevlə “Yeddi gözəl”də də işləmişdik. Yəni, təcrübəmiz var idi.

Qoyya rolunda çıxış edən Anar Mikayılovun metodu başqadır. O təsirlənməsin deyə, obrazı haqqında bioqrafiyadan başqa heç nə oxumur. Filmlərə də yalnız premyeradan sonra baxacaq:

- Qoyya dahidir. Mürəkkəb şəxsiyyətdir. Filmlərə baxıb onu kopya etməyim deyə özüm anlamağa çalışıram.

Lap səhnənin kənarında söhbətə tutduğum Anar sözünü tələsik bitirib səhnənin mərkəzinə qaçır. Qəfil gözüm foyedəki iri güzgüyə sataşır. Qarşımda dayanan İnkvizitoru (Makar Ferştandtı) güzgüdən görürəm. Orta əsr inkvizisiyasının dəhşətini bir addımlıqda duyuram. Səhnə ilə güzgünün arasında bir də inkvizitor...

Teatrın mistikası bu olsa gərək...

# 1681 dəfə oxunub

Müəllifin son yazıları

# # #