“KVN-lə teatrın fərqini bilmirik”-MÜSAHİBƏ

“KVN-lə teatrın fərqini bilmirik”-<span style="color:red;">MÜSAHİBƏ
25 sentyabr 2014
# 13:21

Kulis.az Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayevlə müsahibəni təqdim edir.

- Lənkəran Teatrına yeni ideyalarla gələn teatr adamının özünü ifadə etmək üçün imkanı varmı?

- Əla sualdı... (gülür) Ən çətini elə öz düşüncəni yeritmək, dayan, yeritmək bir az kobud çıxır, kimisə bu ideya ilə cəlb etməkdir. Təbii ki, istədiyimi qura bilmərəm orada. Elə pyeslər var ki, mən onları məmnuniyyətlə qurardım. Özü də bütün dünyada pyesləri qoyulan dramaturqların elə əsərləri var ki... Amma onları orada hazırlamaq olmaz; bölgəni nəzərə almaq lazımdır. Çox şeyi nəzərə almalısan.

Bizim peşəmiz həmişə güzəştə getməyə məcbur edir. Özün üçün bir “planka” tutursan ki, bu dəfə bura qalxmaq istəyirəm. Amma reallığa gələndə hər dəfə o “planka”nı aşağıdan qoymağa məcbur olursan. Azərbaycan teatrında əsas problem elə budur. Biz həmişə o “planka”nı endirməyə məcbur oluruq: “Bu mümkün deyil”, “Bu ayıbdı”, “Filankəs razı olmayacaq”... Aktyorlar özləri də yeni ideyalara açıq olmur. Yenə gənclərin saqqızını oğurlamaq olur, amma yaşlılıar... Çətinliklər çoxdur...

- Hədəf nədir?

- Yaşamaq. Aktyorların içindəki yaratmaq ehtirasını alovlandırmaq. Sönməyə qoymamaq. Bu baxımdan xoşbəxtlik hissini yaşatmaq... atirələrində olsun ki, belə işlər görmüşük. Poluninin bir fikrini oxudum: deyir ki, mən xoşbəxtlik formulunu işləyirəm. Oxudum və bir gecə yatmadım, düşündüm ki, görəsən “xoşbəxtlik formulu” nədir? Polunin indi Parisin yaxınlığında oturub, nə istəyir edir. Mən nə Poluninəm, nə də Parisdəyəm. Amma burada necəsə etməliyəm ki, onlar xoşbəxt olsun. Mühit çox monotondur, illərlə onları sıxıblar, birdən biri gəlir deyəndə ki, yox səndə alınır və o, xoşbəxt olur, özünə inanmağa başlayır və ondan elə şeylər çıxır ki...

Ən azı orada bir işıq qoya, o işığın ətrafında 5-10 nəfər toplaya bilirsənsə bu özü böyük şeydir. Mən indi başa düşürəm ki, mənim orada çalışmağımım məqsədi onlar üçün hədiyyə, bayram yaratmaqdır... Orada teatr çox monotondur - qətiyyən bayram əhval-ruhiyyəsi yoxdur. Bu insanlar həyatlarını teatra bağlayıblar və təəssüf ki, indi teatr maraqlı deyil. Onların teatra marağını sönməyə qoymamaq, onların bu bağlılığını alovlandırmaq... Biz bunu edirik. Yoxsa işə gəlmək instinkti ilə adamların teatra yollanmasının nə mənası var? Teatr üçün nəsə etmək istəyən adamlar lazımdır, teatrdan istifadə etmək istəyən adamlar yox. Bu çətinliklər maneə kimi böyükdür.

İstədiyim odur ki, Lənkəran teatrına münasibətdə ən azı “əyalət teatrı” streotipini sındıram. Göstərəm ki, hətta bu şəraitsizlikdə, bu çətinliklərlə yaşayan adamlarla nəsə etmək olar. Heç high-klass olmağı vacib deyil, ona əyalət “planka”sından bir az yuxarı qalxmaq bəsdir. Buna on il, on beş vaxt lazımdır. Bunun üçün o teatra cavanların gəlməyi lazımdır. Problem ondadır ki, cavanlar bu teatra gəlmir. Gələndə də onları çətinliklə saxlayırıq. 110 manata kim işləyər? Bu maaşla gəl səhnədə tər tök, hələ səhnənin kənarında da biri qışqırsın ki yox, belə yox, elə...

- Sənin özünü işləməyə nə motivasiya edir?

- Motivasiya çox qəribə şeydir. Sanki öz düşüncəni toxum kimi atmaq istəyirsən. Çox gözəl bir pritça var, mənə rəhmətlik Vaqif müəllim (Rejissor Vaqif İbrahimoğlunu nəzərdə tutur-A.) danışmışdı: bir nəfər Məhəmməddən soruşur ki, onsuz da dünya bir gün dağılacaq, bizim yaşamağımızın nə mənası var? Axı niyə yaşayaq? Onda peyğəmbər deyir: “Əlində toxum varsa və görürsən ki, dünyanın axırı çatıb, düşünmədən o toxumu ək. Çünki, bilmək olmaz dünyanı. Birdən dağılmadı... Yəqin mənim də motivasiyam odur.

- Bəs ordakı aktyorlarda?

- Teatr xəstəlikdir də, ora gedən çıxa bilmir. Ola bilsin dərdini, problemini teatra gələndə unudur. Hiss edirlər ki, elə bir məkan var ki, orada stressi unutmaq olar. Teatr onlar üçün başqa həyatdır.

- Tamaşaçı necədir? Mübadilə varmı ? Nəsə ötürə və qarşılığında enerji ala bilirsinizmi?

- Lənkəran təcrübəsini deyim. Bizdə tamaşaçı iki cürdür: tamaşanı həqiqətən izləyən çox az sayda tamaşaçılar və məktəblilər, gənclər. Birincilər tamaşanı duyurlar. Bu baxımdan aktyorlardan çox şey asılıdır. Çünki rejissorun qurduğu quruca sxemdir, o dağıla bilər. Bu sxem aktyorun “yıxılmaması” üçündür. Aktyor sxemdən üstün olanda onda tamaşaçı ilə arasında çox yüksək bir bağ, ünsiyyət başlayır. Hətta bəzən bu, ikinci tip tamaşaçı ilə də baş verir. Əsas odur ki, tamaşaçıya münasibətdə qapanmayasan.

- Lənkəran teatrının baş rejissoru kimi repertuar seçimində prioritetləriniz nələrdir?

- Aktyor. Belə də olmalıdır. Tamaşalar aktyora görə seçilməlidir. Repertuarı seçəndə təbii ki, kassanı da nəzərə almalısan. Həm tamaşaçını cəlb etməliyik, həm də elə etməliyik ki, inzibati heyətin də maraqları təmin olunsun, yaradıcı heyətin də.

- Ümumiyyətlə əyalətdə mədəni mühit necədir?

- Keçirilən konsertlərin nə mühitə, nə də mədəniyyətə dəxli yoxdur. Amma mədəniyyət bir siyasət olanda mühit yaranır. Bizə bir xeyli zaman lazımdır ki, o mühit yaransın. Bax, Rafael və Coşğunu götürək. İldə bir neçə konsert edirlər. Biz hələ ayıra bilmirik ki, teatr nədir, stand up nədir, KVN nədir? Amma mədəniyyət ayırmalıdır. Mədəniyyətin özü təsisatlanmış olmalıdır. Biz ölçü hissini çoxdan itirmişik. Biz bilmirik ki, Rafael və Coşğunun etdiyi nədir? KVN teatrı nə deməkdir? Axı KVN və teatr ayrı-ayrı şeylərdir.

Mədəniyyət hər şeydə əksini tapır - küçədə, metroda, avtobusda...

- Teatrın ictimai funksionallığı. Bir teatr adamı kimi cəmiyyətə mesaj ötürmək dərdiniz varmı?

- Teatrın onsuz da elə bir gücü yoxdur. Bizim bir dərdimiz var özümüzü azca da ola realizə etməkdir. İndi teatrdan ötürülən, çıxan söz barıtsız patron kimidir - boşa gedir. Axır vaxtlar mətbuatda səslənən məsələnin eşidildiyini görürəm, hətta həllini də tapır. Amma teatrdan çıxan söz elə orada da qalır.

Teatr birbaşa sosial durumla, təhsillə bağlıdır. Nə vaxt ki, ümumi İQ səviyyəsi qalxdı, o vaxt teatra maraq da, başqa cür olacaq. O zaman teatra tamam başqa şərtlər qoymaq olar. İndiki şəraitdə, indiki səviyyədə biz həm harasa çıxarmaq üçün tamaşa qurmalı, həm də tamaşaçı cəlb etməliyik.

- Bizim teatr mühitində nə çatışmır?

- Mən deyəsən kəskin danışacağam (gülür).

- Danışın, danışın....

- Bizim teatr mühitində teatrın özü çatışmır. Teatrın özü yoxdur. Teatr emalatxanadır, amma bizdə teatra zavod kimi baxırlar. Teatrı idarə edən gərək funksioner olmasın. Teatrı sənətkar idarə etməlidir. Elə bir adam ki gəlsin desin: “Bax, mən şəxsiyyətəm və yaradıram”. Teatrı funksioner idarə edəndə o, rəqəmlər haqqında, statistika haqqında düşünür. Onda da teatr olmur. Cavan adamlar enerji ilə teatra gəlirlər, amma enerjisini sənətə xərcləyə bilmir, məcbur olur gedib klounluq eləsin ki, acından ölməsin...

Düşüncədə azadlıq yoxdur. Bir şeyi yaratmağa başlayanda deyirik, bu olmaz, bu yoxdur. Amma azad düşüncə məhz bu şəraitdə yaranmalıdır. Tarkovski elə basqı altında Tarkovski oldu. Bizdə niyə olmur, mən başa düşə bilmirəm. Ənənə çox önəmli şeydir. Yəqin bizdə ənənə yoxdur. Bizdə məsələn mən hiss edəndə ki, getməliyəm, yenə qayıdıb yerimdə otururam. Amma ruslar getmək lazım olduğunu hiss edəndə onun yerində işləyə biləcək adamı axtarırlar. Necə ki, Tumanaşvili getdi, Sturua gəldi. Çünki hiss elədi ki, teatrda lider var. Serebrennikov neçə il studiyada çalışdı, indi özünün teatrı var. Onlarda patriarx olmaq ənənəsi var. Patriarxda atalıq hissi güclü olmalıdır. Bizdə hamı ölənə qədəri düşünür, öləndən sonra bu işlər necə olacaq, bu, heç kimi maraqlandırmır...

Çox problem var əslində. İqtisadi problem bir yana qalsın, gənclər teatra niyə gəlir? Bir gənc qız gəlib ki, mən aktrisa olmaq istəyirəm. Soruşdum ondan ki, niyə aktrisa olmaq istədin ki? Axı, maaş aşağıdır, şöhrət də yoxdur, niyə istəyirsən? Dedi ki, mən seriala çəkilmək istəyirəm. Məni anlayırsız?

İndi yaradıcı adam dünyada gedən teatr proseslərini necəsə bura cəlb etməlidir. Necəsə o əlaqəni itirməmək, oranın havasını bura gətirmək. Moskvada bir ay oldum. Rusiya Teatr Xadimləri İttifaqının beynəlxalq Teatr Məktəbində, ustad dərslərində iştirak elədim. Xoşbəxtlikdir e, sənətlə-sevdiyin işlə məşğul olursan və 20 ölkədən sənin kimi insanlar yığılıb. Mən “Yuğ”da etdiyimiz işlərdən danışdım. Məşhur rejissor Vyaçeslav Kokorin bizə dərs deyirdi, o məni məcbur elədi ki, bir dərsi bu barədə danışım. Özü də oturdu və mən danışdım. Məlum oldu ki, bu, onlara maraqlıdır. Bu günə qədər mənə yazırlar, soruşurlar, ədəbiyyat istəyirlər. Anlayırsınız? Orada bu kimlərəsə maraqlıdır. Burada maraqlı deyil. Bilmirəm niyə belədir..

- Bizim teatrşünaslar teatrın yaranması faktına çox ciddi yanaşırlar. Teatr tarixi Lənkəranda göstərilən tamaşa ilə başlayır. Teatrla bağlı Lənkəran nə ilə fəxr edə bilər?

- Mənə görə bunun əhəmiyyəti yoxdur. Ola bilsin orada yaşayanlar bununla fəxr edə bilər. “Burada və indi”-teatrın əsas devizi budur. Mən bilmirəm yüz il bundan əvvəl nə və necə olub. Mənim üçün bunun əhəmiyyəti yoxdur. Pantomim Teatrı 20 il əvvəl yaradılıb və öz mühitini formalaşdırıb. Yoxsa haradasa teatr açılıb sonra bağlanıb, sonra yenə açılıb... Bunun nə əhəmiyyəti var?

# 5002 dəfə oxunub

Müəllifin son yazıları

# # #