Fahişəyə görə adam kəsən müəllim

Fahişəyə görə adam kəsən müəllim
29 avqust 2017
# 14:09

İncəsənət (universiteti) və biz

(2000-ci illər)

1-ci əhvalat

“Təsviri sənət” (Təsviri sənət tarixi və nəzəriyyəsi fənnini tədris edən müəlliməyə uşaqların qoyduğu ad) əlindəki şəffaf üzlüyə keçirdiyi A4 formatlı kağız boyda şəkli yuxarı tutdu:

- Rubentsin əsəridir “Persey və Andromeda”. Əsər yunan mifi əsasında çəkilib. Gözəl Andromeda qayaya zəncirlənib. Bu isə ona heyranlıq və təəccüblə baxan Perseydi... Ay bala, bura baxın, hamıya bir-bir göstərməyəcəm, kağız cırılır...

Auditoriyadan uğultu keçdi... 5 fakültə - təsviri incəsənət tarixi və nəzəriyyəsi, muzey işi və abidələrin mühafizəsi, kinoşünaslıq, teatrşünaslıq, ədəbi yaradıcılıq və ekran dramaturgiyası – bu çılpaq qadın təsviri olan şəkilə aşırı səs-küylü reaksiya göstərirdi.

Müəllimə vərəqi çevirib baxdı. Məsələ aydın idi:

- Sakit! Ay bala, sakit ol! Nə xəbərdi? Nə əl qatmısuz e özüvüzə? Nədi, tanış gəlir?

Qızlardan biri arxaya çevrilib müəllimənin fikrini davam etdirdi:

- Nədi, adə, anova oxşadırsan? Ya bacuva?

2 əhvalat

Qərb ədəbiyyatı dərsi.

Hibabə xanım güclə yeriyə-yeriyə mərkəzdə dayandı:

- “Şaqren dərisi” romanı üç hissədən ibarətdir. Onun qəhrəmanı Rafael –de Valenten adında gənc və yoxsul oğlandır. Rafael...

Tapppppp!!!!

- Qalx ayağa! Nə idi o atdığın?

- Mən deyiləm, zəlzələdir e, Ibabə xanım!

Məsələ aydındı. Uşaqlar bir şəkildə dünənki zəlzələ ilə bağlı gündəmin hansısa şaqren dərisi ilə dəyişdirilməsinə etiraz edirlər. “Niyə bu özündən əvvəlkilər kimi dünənki zəlzələnin təfərrüatlarını müzakirə etmir? Nə şaqrenbazlıqdır?”

Bayaqdan adəti üzrə əllərini bir-birinə sürtüb həvəs və təmkinlə süjeti danışan yaşlı qadın asta addımlarla səs gələn tərəfə yaxınlaşdı. Və birdən allah bilir nə zamandan bəri toplayıb təmkinlə gizlədiyi hirsin qarşısından çəkildi və

düppədüz oğlanlara sarı istiqamətləndi:

- Sənsən elə! Zəlzələni də siz elədiniz! Sizin kimi avaraların üzündən oldu zəlzələ!

- Biz neynədik ki?- oğlanlar sevincqarışıq təəccüblə (gündəm nəhayət ki bərpa olundu!) soruşdular.

İbabə xanım bəlkə də bütün bu illər ərzində universitetdə rastlaşdığı bütün küt sifətlərin, Balzakı tanımayanların, tanıdığı ilə öyünənlərin və həm də tanımadığı ilə fəxr edənlərin acığını tökürdü:

- Əsgərliyə getməyin qorxusundan gəlib dürtülmüsünüz auditoriyalara. Qorxaqlar! Avaralar! Sizə ya “Şaqren dərisi”, ya da uzunqulaq palanı. Eyni şeydi....

Otağa sakitlik çökmüşdü. Axır ki zəlzələ yenə də baş verdi...

3-cü əhvalat

Uşaqlardan biri “Mənim adım Aslandır” mahnısını mızıldayır. Mülki müdafiə müəllimi (adı Aslandır) əlindəkini stolun üstünə düzür.

- Bir-bir gəlin. Əleyhqazın geyinib soyunma qaydasını öyrənəcəyik.

4 əleyhqazdı, növbə ilə geyəcəyik. Baxın, əvvəlcə çənəni keçirirsən, bax bu şəkildə. Diqqətli olun, bir də göstərməyəcəm. Bax belə. Sən gəl .Aha, əvvəlcə çənəni keçirirsən, vsyo. Əla. Qızlar... Sizdən geyinmək istəyən?

Kinoşünaslıqda oxuyan, saçları dağınıq şairə Sevinc ayağa qalxdı:

- Olar?

- Gəl.

Qızlar yerdən Sevincə mızıldanır: “Min adamın başına keçirdiyi iyli rezini başına keçirəcəksən?” Arxa cərgənin yeni qlamurkaları isə “səviyyə”lərindən enib sözlə münasibət bildirmədilər, eləcə “Fu! Çuşka!” deyən baxış atdılar.

Qızların biri çoxbilmişcə “bir-iki şirvançun o iyli rezini geyməyə dəyməz...” deyir.

Əleyhqaz geymiş tələbə şairə-onları eşitmir; arxa cərgədəki qlamurka qızların, qabaq cərgədəki diplom almaq istəyən “ev qızları”nın çoxluğunda o başına keçirdiyi əleyhqazla UNO-dan düşmüşlərə oxşayır.

4-cü əhvalat

- 3 yazıram, süjeti dağınıq danışdın, üstəlik Klitemnestranın adını düz demədin. –İmtahan götürən müəllimə assistentinə tərəf döndü - Həm Evripidi də danışa bilmədi də...

...10 dəqiqə sonra koridorda tələbələr öz qiymətlərini qiymətləndirirlər. Bir səs xüsusən üsyankardır:

- 3 almaq yandırmır e adamı, yunanların bir fahişəsinin adını düz demədiyinə görə, öz azərbaycanlısını kəsir...

5-ci əhvalat

“Kinozal” deyilən otaq... Tələbələr film izləyirlər. Müəllim ən qabaqda əyləşib. Hamı pərt və narahatdır. Ekranda iri planda kişi cinsi orqanını göstərirlər. Bu yerdə müəllimin göstərişi ilə tələbələrdən biri qalxıb lenti qabağa fırladır. Tərs kimi başqa bir yataq səhnəsinin üstünə düşür. Biz Lars fon Trierin “Dalğaları yararaq” filmini izləməyə cəhd edirik. Olmur. Nümayiş pozulur. Filmi yarımçıq buraxıb auditoriyaya qalxdırıq. Pərt, utancaq və nədənsə azca kədərliyik.

Yəqin gördüyümüz səhnələrdən dolayı filmin adını hamımız yadımızda saxlamışıq. Və təxminən bir il sonra, iki rəfiqə bu filmi “Bakı Soveti” metrosunun yanındakı prokat dükanından aldığımız diskdən izləyirik. Ekrandan düz bizə baxan Bessin gözləri sevgi və tanrı doludur. Bizimki isə göz yaşı ilə...

# 7783 dəfə oxunub

Müəllifin son yazıları

# # #