Polşadan Lənkərana gələn gənc rejissorun müsahibəsi

Polşadan Lənkərana gələn gənc rejissorun müsahibəsi
28 avqust 2015
# 14:25

Teatrın insanlarda qalmaqallarla maraq oyatdığı bir məkanda, TV-lərin bəşəri dəyərlərin tapdandığını anbaan bizə göstərdiyi bir zamanda gənc teatr adamının fikri-düşüncəsi, arzu-diləyi nədir görəsən? Özünü harada, necə, nə kimi problemlərin içində hiss edir? Bu maraqla teatr rejissoru Tural Mustafayevlə söhbətə başladım.

- Tural, dünən Facebookda mübahisəni izlədim. Bu inadkarlıq hardandı?

- Yəqin gənclik maksimalizmi hələ canımdan çıxmayıb. Hərdən mənə elə gəlir ki, insanları sözlə, mübahisə ilə dəyişmək olar. Dəyişdirmək olmasa da, bir millimetr, bir mikron silkələmək olar. Amma təcrübə göstərir ki, atalar düz deyir, qozbeli qəbir düzəldər. Prinsipial məsələ olanda lap çox inadkar oluram. Cəhalət məni dəhşət qıcıqlandırır. Özümü saxlaya bilmirəm və bununla mədəni surətdə mübarizə aparmağı təklif edirəm.

- Səncə, insanları monoton olmağa, alternativ fikri rədd edərək, klişeli düşünməyə gətirib çıxaran nədi?

- Nəyisə dəyişdirmək qorxusu. Bilgisizlik. Amma unutmayaq ki, klişe də nə vaxtsa yeni bir şey olub. İfadə üsulu olub. Vaxt keçdikcə köhnəlib, aktuallığını itirib. Bunu dəyişməyə və yeniləməyə iradə lazımdır. Həm də klişelər rahatdı, eynilə antibiotik kimidi. Antibiotik sənin immunitetinin əvəzinə bu immunitetin funksiyalarını yerinə yetirir. Klişe də düşüncəmizlə bunu edir.

- Səni hər görəndə düşünürəm ki, bu adam bir gün əla bir komediya qoyacaq, ya da çəkəcək. Belə fikrin olub? Ümumiyyətlə, teatrla bağlı nəsə arzuların var?

- Bu barədə heç düşünməmişəm. Gülməyi, zarafatı, yumoru sevirəm, gərgin, neqativ anlarda yumor xilas edir... Komediya maraqlı janrdı. Mən Lənkəran teatrında komediya qurmuşam. Eduardo de Flipponuun “Ruhlar” komediyasını. Bakıya gətirəcəyik inşallah, amma inanmıram o təravət qalsın tamaşada.

- Lənkəranda baş rejissorsan. Orda yaşamaq və işləmək necədir? Bunu mənə yazmısan bir dəfə.

- Birinci dəfə təklif edəndə mənə orda işləmək maraqlı gəlib. Mənim üçün “vızıv” kimi bir şey oldu. O vaxt Polşadan təzə qayıtmışdım, yaradıcı adam üçün ideal şəraitdən gəlib düşdüm məmləkətimizə. Depressiyada idim, reallıqlara, ritmə, tempə uyğunlaşa bilmirdim. Təklif olanda inanırdım ki, nəyisə dəyişdirə bilərəm. Lənkərana bu iddia ilə gəldim. Əvvəllər maraqlı gəldi: əyalət atmosferi, sakitlik, insanlar. Lənkəranda vaxt nədi və o necə hərəkətsiz ola bilər, bunu hiss elədim. Teatrda işləyən insanlarla ünsiyyətdə olduqca başa düşdüm ki, onların həyatında teatrdan başqa heç nə yoxdur. Və onlar teatrı atmayıblar, qalıblar, nəyəsə ümid edirlər. Bu, mənə maraqlı oldu. Əslində əyalətdə bir ümidsizlik atmosferi var və bu mənada bir neçə aktyorun ümidlərlə yaşamağı nonsensdir. Və hörmətəlayiqdir. Yaradıcı adam üçün ümidsizlik atmosferi ölümcüldür. Bu reallıqdan qaçmaq üçün, ya içkiyə qurşanmaq, ya da qapanıb özünü qorumaqla məşğul olmaq mümkündür.

- Hardan impuls ala bilir adam?

- Çexovun bir sözü var, həmişə nəsə etmək lazımdır. Bir hədis də var, onu unuda bilmirəm və hər kəsə danışıram. Bir nəfər peyğəmbərdən soruşur ki, niyə yaşamalıyıq, dünyanın axırı olacaq? Cavab belə olub ki, əgər sənin əlində bir toxum varsa və dünyanın sonunun çatdığını görürsənsə, heç nə düşünmədən o toxumu ək.

- Mətbuat adamları maarifləndirməkdənsə çaşdırır və ya aqressivliyini artırır. Teatr, mədəniyyət, incəsənət insanlar arasında nüfuzdan düşür. Ciddi sənət sahələrindəki adamlar belə populizm xəstəliyinə yoluxur. Dini radikallıq artır. Çox tünd qara bir mənzərə cızdım deyəsən... Belə bir mənzərənin içində bir incəsənət adamı olaraq öz missiyan barədə nə düşünürsən?

- Mənzərə qorxulu olsa da reallıqdır. Missiya bir az böyük səslənir... Sadəcə öz işinlə məşğul olmaq, özünü tanımaq, aqressiyadan uzaq olmaq. Öz daxili hüdudlarını axtarıb tapmaq. Yenə də özünü qorumaq və bunlarla paralel bölüşmək, dialoqda olmaq, nə isə ötürmək.

- Səncə yaradıcı adam kütləyə xitab etməlidir, yəni çağırış etməlidir?

- Çağırış adətən siyasətlə və ideologiya ilə bağlı ola bilər. Bu isə çox təhlükəlidir. O baxımdan ki, o, siyasət maşının bir hissəsinə çevrilə bilər. Bu maşınsa nə individuallığı, nə şəxsiyyəti tanımır və sadəcə onu silir. Ən pisi isə onu ən vacib olandan - ruhdan məhrum edir. Yəqin, hər bir yaradıcı adam sistemdən, çağırışdan kənar olmalıdır.

- Nə oxuyursan, nəylə maraqlanırsan?

- Peşəmlə bağlı kitab oxuyuram, amma axıra çatdıra bilmirəm. Böhran mənə də çatıb (gülür). Amma insan hərdən heç nəylə məşğul olmamalıdı. Təzəlikcə Bukovskinin müsahibəsini oxumuşam. Şon Penn alıb müsahibəni. Bukovski deyir ki, hərdən pauza olmalıdır. Tam təzələnməlisən. Mən də yəqin bu etapdayam.

- Qardaşın Mustafa rəssamdı, yəqin onun vasitəsilə rəssamları az-çox tanıyırsan. Bəs bizdə ədəbiyyatda, kinoda, mətbuatda gedən prosesləri izləyirsən, yoxsa, ümumiyyətlə, bunlar sənə maraqsızdı?

- Niyə? Əksinə maraqlıdı... Mədəniyyətin təəssüf ki, böhran keçirdiyi dövrdə zaman-zaman istedadlı adamlar meydana çıxır və təəssüf ki, onları birləşdirə bilən bir təşkilat yoxdur. Heç olmasa biz nəsə müzakirə edək, düşünək, yaradaq... İstedadlı rəssamlar, kinematoqrafçılar, bəstəkarlar, yazıçılar, şairlər var. Məncə bütün bu istiqamətlərdə hansısa bir hərəkat var. Heyf ki, bu sözü teatr haqqında da deyə bilmirəm. Ola bilsin səhv edirəm.

- Səncə, niyə?

- Yəqin ona görə ki, teatrda sular durğundur, yəqin ona görə ki, biz maariflənmirik, yəqin ona görə ki, sistemdə problemlər var… Yəqin ona görə ki, biz azad deyilik...

- Son zamanlar din və sənət adamları arasında konflikt və anlaşılmaz artıb sanki. Deyək ki, İŞİD-in incəsənətə münasibəti və karikaturaya görə terror əhvalatının sənət və din konflikti olması mübahisəli məsələlərdir. Amma Rusiyada da axı kilsə və teatr arasında konflikt yarandı. Elə bizdə də bəzən mentalitet tərəfindən kinoya, teatra iradlar olur. Sən bu barədə nə düşünürsən? Bunlar nədən qaynaqlanır?

- Maraqlı sualdır. Burada hər şey çox subyektivdir. Məncə bu problem həmişə olub və olacaq. Hər şey bu və ya digər yaradıcı şəxsin dəyərlərindən asılıdır. Burada təhlükəli bir məqam var – inanclı adamların emosiya və hisslərindən piar üçün spekulyasiya etmək. Kiməsə elə gəlir ki, hansısa çərçivələr olmalıdır, kiməsə elə gəlir ki, bu çərçivə olmamalıdır. Amma yaradıcı şəxs həmişə müxalif olur. Eyni zamanda o da sərhədləri tapdalamalıdır. Mənəvi dəyərlərin, müqəddəs sayılanların sərhədini keçməməlidir. Bu, çox mürəkkəbdir, həm də zamandan və məkandan asılı olaraq dəyişir. Amma ən vacibi şəxsi azadlıqdır. Bunsuz irəliləyiş olmayacaq.

- Bəs subyektivlikdən kənarda din və incəsənət arasında necə, ziddiyyət varmı?

- Necə yoxdur? Başdan ayağa ziddiyyətdir. Məsələ orasındadır ki, sənətkar və din daim bir-biri ilə təzaddadır. Bu tabu və ifadə azadlığı məsələsidir. Sənətkar daim tabu olan mövzulara can atır, ona toxunmaq istəyir. Arabir bütün qanunlara, qaydalara zidd olur. Sənətkar daim şübhədədir. Şübhə həqiqətin başlanğıcıdır. Şübhəsiz yaradıcılıq yoxdur. İnsan (Adəm) əzəl başdan şübhə etdi və bu şübhə onun qovulmasına gətirib çıxardı. Qovuldu, amma əvəzində bilik qazandı. Alma biliyin rəmzidir.

- Əgər şəxsi və intim deyilsə, yaza bilərsən, sonuncu dəfə nə vaxt, hansı şəraitdə özünü xoşbəxt hiss etmisən?

- Keçən il yayın bir ayını Moskvada keçirdim. Rusiya Teatr Xadimləri İttifaqının təşkil etdiyi yay məktəbində idim. Bir aylıq intensiv kurslarda Teatr İnstitutunun müəllimləri bizə dərs deyirdi. “Na Maloy Bronnoy” teatrının baş rejissoru Sergey Qolomazov bizimlə tamaşa qururdu. 42 ölkədən 86 nəfər aktyor və rejissor idik. Sutkada cəmi iki və ən yaxşı halda 3 saat yatırdım. Bütün günü peşəkar səviyyədə ötürülən bilgi... Teatr sevgisi... O atmosferdə çox xoşbəxt idim.

Bizə Mixail Çexovun treninqlərini keçən müəllim Vsevolod Kokorinə yaxınlaşdım. Dedim ki, biz Bakıda, Yuğ teatrında buna yaxın metodika ilə işləmişik. O, məni məcbur elədi ki, bir dərsi bu barədə danışım. Özü də oturdu, mənsə danışdım. Düz iki saat Vaqif müəllimin teatr metodundan (Psixosof-A.) danışdım. Məlum oldu ki, bu onlara maraqlıdır. Təsəvvür edirsiz? Orada kimlərəsə maraqlıdı. Burada isə maraqlı deyil. Məlum oldu ki, orada da ac, klişelərdən yorulmuş aktyorlar var. Allah Vaqif müəllimə rəhmət eləsin. Əsl ustad idi. Nəyi var idi, hər şeyi bizimlə bölüşürdü. Və bizə də bölüşməyi öyrədirdi. ...

Bax mən həmin o iki saatda çox xoşbəxt idim. Nədənsə sən bu sualı verəndə o məqam yadıma düşdü....

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #