İlk Azərbaycan filminin qaranlıq taleyi ARAŞDIRMA

İlk Azərbaycan filminin qaranlıq taleyi ARAŞDIRMA
27 sentyabr 2013
# 10:48

"Neft və milyonlar səltənətində"

“Neft və milyonlar səltənətində” Azərbaycanın ilk tammetrajlı bədii filmidir. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

“B” şəhərinin müəllifi

İbrahimbəy Musabəyov (1880-1942) Qəbələdə doğulmuşdu. Zaqafqaziya müəllimlər Seminariyasını bitirib müəllimliklə məşğul olurdu. Özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi. İbrahim bəy ömrünün son illərini sürgündə keçirir. Və 1942-ci ildə elə sürgündə- Qazaxıstanın Qaraqan vilayətində vəfat edir (bəlkə də öldürülür).

İsmayıl bəy əsərində konkret olaraq neft şəhəri Bakını təsvir etsə də, Şəhəri B şəhəri adlandırır. Lakin Balaxanı kimi daha kiçik lokal məkanların yerlərin adı dəqiq göstərilib.

Filmə Lenin də çəkilmişdi

Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (V. A. Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində (aldığı balaca ərazidən neft çıxması nəticəsində) yoxsul və kimsəsiz Cəlil varlı bir neftxudaya çevrilir. Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi isə onu nəinki müflisləşdirir, hətta mənəvi cəhətdən məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. “Neft və milyonlar səltənətində” adlı iki seriyalı ağ-qara film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.

İlk film- İlk sərmayə

“Filma”səhmdar cəmiyyətinin istehsalı olan filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlovu Bakıya dəvət olunub. Çəkilişlər Bakıda və ətrafında (Balaxanıda, Binəqədidə, Xəzər sahilində) aparılırdı, pavilyon çəkilişləri isə Tiflisdə. “Neft və milyonlar səltənətində” Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi. ilk dəfə olaraq isə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki Bakı Universal Mağazası) göstərilmişdi.

Neft filmin süjetində olduğu kimi filmin maaliyyələşməsində də əsas rolu oynamışdı- film o zamanın neft sahibkarlarının puluna çəkilmişdi. İlk film və İlk sərmayə. Əlbəttə ki riqqətləndiricidir!

100 il sonra tənqid

Binəqədi neft mədənlərində və Balaxanıda milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın lentə alınaraq filmə salınmışdır. "Yeni İqbal" qəzetinin 07.07.1916 saylı nömrəsində belə yazılmışdı: “Mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir”

“Neft və milyonlar səltənəti” filmi həm də aktyor Məmməd Əlilinin kinoda ilk işi olub. O burada mollaxana şagirdini oynayıb. Filmin üç qadın obrazını (Şəfiqə, Cəlilin anası və Olqa) rus aktrisalar canlandırıb. Canlandırmaq demişkən, səssiz film Azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmış titrlərlə müşaiyət olunub. Cabbar Qaryağdıoğlu, Qurban Pirimovun ifası da filmdə yer almışdır. Hərçənd səssiz filmdə bu ifa immitasiya bənzəyib. Bu məsələ bir qədər mübahisəlidir. Kinoşünas Aydın Kazımov bunun vacib olduğunu vurğulayır: “Məsələ orasındadır ki, bu toy epizodlarında çalğıçılar olmalıdır. Toyu çalğıçı olmadan təsəvvür etmək olmaz. O yerdə də Cəlil evlənir və toyda xanəndə oxuyur”.

Kinoşünas Aydın Dadaşovun fikri daha əhatəlidir:«Toy» və «Ka­zi­no­da şən­lik» epi­zod­la­rın­da isə xa­nən­də Cab­bar Qar­yağ­dı­oğ­lu­nun mu­si­qi üç­lü­yü­nün ifa­sı səs­siz oldu­ğundan, illüstrativ sə­ciy­yə da­şı­yır. Bu­nun­la be­lə «Neft və mil­yon­lar səl­tə­nə­tin­də» fil­mi re­jis­so­run pe­şə­kar üs­lu­bu he­sa­bı­na döv­rün rus filmlərinin es­te­ti­ka­sı­nı ya­şat­sa da, mil­li aktyor mək­tə­bin­də ro­man­tiz­min ba­ni­si Hü­seyn Ərəblinskinin oyu­nu, tar­zən Qur­ban Pri­mo­vun, xa­nən­də Cab­bar Qar­yağdıoğlunun ek­ran­da gö­rün­mə­lə­ri ilə mü­vəf­fə­qiy­yət qa­zan­dı" (A.Dadaşov. “Kinoşünaslıq” dərsliyi, 2009)

İlk filmimiz hara yox olub?

Çox təəssüf ki bu film yalnız qəzet resenziyalarında, bukletlərdə qalıb. Əvəzsiz tarixi filmimiz bu günə gəlib çatmayıb. Bir ehtimal var ki, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda orda saxlanılan «Neft və milyonlar səltənətində» filmi də yanıb külə dönür. Ancaq kinoşünas Aydın Kazımzadə bu ehtimala inanmır: «Filma» şirkətinin öz ofisi ( keçmiş Birja -Ü.Hacıbəyov) var idi. Filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Mən bu filmi çox axtardım, təəssüf ki bir nəticə vermədi...”

“Qızıl uçurum”

Eyni süjet əsasında Mirzəağa Atəşinin yazdığı ssenari ilə 1980-ci ildə “Qızıl Uçurum” filmi çəkilib. Rejissoru Fikrət Əliyev olan bu filmdə Əliabbas Qədirov (Cəlil), Həmidə Ömərova (Şəfiqə), Hamlet Xanızadə (Lütfəli bəy) oynayıb. Fikrət Əliyev XIV Ümumittifaq festivalında “Uğurlu debütə görə” xüsusi priz alıb.

# 4490 dəfə oxunub

Müəllifin son yazıları

# # #