AzDramanı yalnız Əzrail xilas edə bilər

AzDramanı yalnız Əzrail xilas edə bilər
14 yanvar 2015
# 16:30

“AzDrama”nın qarşısında rəfiqəmi gözləyirəm. Qonşu skamyada aktyor İlham Əsgərov jurnalist xanıma odlu-alovlu müsahibə verir.

Teatrın fasadına vurulmuş tarixi şəxsiyyətlərdən bəhs edən tamaşaların iri afişaları dalğalanır, açıq giriş qapıları isə içəridəki dərin qaranlığı ilə adamı vahimələndirir - elə bil yırtıcı qurbanını udmaq üçün ağzını açıb...

Əslində, Akademik Milli Dram Teatrı yazmalıyam, amma indi ona bu qısaldılmış adı daha çox yaraşır - AzDrama. Mətbuatda teatrla bağlı qalmaqalları oxuduqca, adama elə gəlir ki, orada xəfif-xəfif 1937-ci il havası əsir: Aktyorlar deyir ki, baş rejissor vəzifəsini də qeyri rəsmi olaraq öz üzərinə götürmüş direktor İsrafilov hər yerə dinləmə qurğusu qoyub, aktyorlarsa eynən 37-ci ildəki pafosla mədəniyyət, əxlaq təəssübü adı altında direktorlarına qarşı kampaniyaya başlayıblar. Guya indiyədək Azdrama sənət məbədi zad idi, indi əllərini-qollarını bağlayıblar. Bəzi susan aktyorlarsa “anonimka” ənənələrini yaşadırlar. Əlbəttə, teatrda ənənə və müasirlik çox vacib məsələdir...

Teatrın qarşısında tarixi qəhrəmanlardan, daha doğrusu gəlib keçmiş hökmdarlardan bəhs edən tamaşaların iri-iri afişaları: “Şah Qacar”, “Nadir şah”, “Şah İsmayıl Xətai”, “Topal Teymur”, nə bilim İbrahim xan... Bu tamaşaların əksərində hökmdarların uzaqgörən siyasəti vurğulanır, tamaşaçıların milli eqosu tumarlananda alqışlar gurlayır...

...Eynən 2000-lərdə olduğu kimi. O zaman biz tələbə teatrşünaslar səhnədəki tarixi faciələrə tamaşalara baxıb teatrın ağır-ağır açılan pərdələrinə nifrət edirdik. Bu uzun, sıxıcı, zəhlətökən və “millitarixist” tamaşalardan sonra pərdəyə başqa münasibət göstərmək mümkün deyildi, hətta bəziləri teatrdan ürəkbulanma ilə çıxırdı.

“Tarixi faciə” sindromunun kökləri, səbəbləri var idi: o zaman, yəni 90-ların əvvəllərində faciələrimizin səbəblərini tarixdə axtarmaq dəbi vardı.

Hər nə isə, ya vəlvələdən, ya zəlzələdən səhnədəki o tarixi tamaşalar kövrək qədəmli tələbələrə teatrla bağlı ağır travmalar vurduqdan sonra bizdən sonrakı kurslara da ən son zərbələrini endirib yavaş-yavaş repertuardan çıxdı. Amma bu, son deyilmiş. 2015-in yanvarında teatrın bu afişalara baxıb, aktyor İlham Əsgərovun uğurlu hesab etdiyi 2000-ci ilə - xatirələrə qayıtmaq var imiş.

2000-lər heç... Bəs indi hansı səbəbdən repertuara bu tarixi mövzulu əsərlər salınır? Çünki bu xəstəlik xronikidir? Səbəb hansısa sosial ictimai sifariş – ehtiyac olması deyil, 90-larda deyək ki, belə söhbətlər tuturdu, bəs indi?

Bu tamaşaların bəzilərində yazı da hazırlamışam. Məs. “Şah Qacar”dan. Tamaşa uğurlu idi, amma sanki gecikmişdi, məsələn mənim üçün nə ifadə vasitələrində, nə də yozumda yenilik yox idi. Amma tamaşa səliqəli idi, peşəkarca hazırlanmışdı, uğurlu idi və tamaşaçını kriminal təfərrüat verilişlərindən daha artıq çəkəcək qədər dramatik və dinamik idi.

...“Şah İsmayıl” başqa bir əhvalatdır. O, gənc rejissordan tarixə yeni yaradıcı yanaşma gözləntimiz idi...

“Əmir Teymur”da topal sərkərdə qəflətən səhnəyə gətirilmiş nərdivanla hündürlüyə çıxıb türk qardaşlığı haqda pafoslu bir nitq irad edir...

“Nadir şah”a görə isə, dəyərli yoldaşlar vaxt itirməməyi məsləhət gördülər. Eləcə tamaşanın monumental bir mizanında gözəl əlbisələrdə heykəl statikliyi ilə dayanmış aktyorların şəkillərinə baxdım...

Adamların teatra ehtiyacı var. Onlara tarixi tamaşalarda bahalı kostyumlar lazım deyil. Onlara yaşamağa ümid, motiv, sevgi, həyat gücü verəcək tamaşalar lazımdır. Qaldı “AzDrama”ya... Verilən müsahibələri, mətbuata sızan qalmaqalları oxuduqca mərhum rejissor Rəhman Əlizadənin yarızarafat-yarıciddi dediyi atmaca yada düşür: “Azdramanı nə Cəbrayıl, nə Mikayıl, nə də İsrafil xilas edə bilər, onu yalnız Əzrail xilas edə bilər”...

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #