Leninin anası çarın məşuqəsi olub?

Leninin anası çarın məşuqəsi olub?
11 mart 2015
# 16:51

Sovet İttifaqının dağılması zamanı antikommunist isteriyası ilə müşayiət olunan iftiralara nəinki Lenin, onun yaxın qohum əqrəbası da məruz qaldı.

Leninin anası Mariya Ulyanovanın ayağına bütün ağır günahlar yazıldı - cinsi pozğunluqdan tutmuş çar ailəsi ilə haqq-hesabı çürütmək üçün uşaqlarını fanatik-terrorist kimi tərbiyə etməyə qədər.

Xüsusən postsovet dövründə yayılan versiyalardan biri o idi ki, inqilab rəhbərinin anası imperator III Aleksandr ilə yaxın olub, hətta Mariya Ulyanovanın böyük oğlu Aleksandr onların bu münasibətlərindən dünyaya gəlib.

Bu versiyaya görə, qızlıq familiyası Mariya Blank olan Mariya Ulyanova cavanlığında imperator sarayında fröyleyn olub. Fröyleynə o zaman knyaz olan gələcək imperator Aleksandr Aleksandroviç diqqət göstərib. Onların romanından Mariyanın guya atasının şərəfinə Aleksandr adlandırılan böyük oğlu doğulub.

Knyaz məşuqəsi və oğlunun gələcəyi haqqında planlar qururmuş, amma fröyleynin kiminləsə yeni münasibətləri yaranır və bu münasibətlərdən onun Anna adlı qızı doğulur.

Knyazın bu qıza heç bir aidiyyatı olmadığı üçün o, ona sadiq olmayan məşuqəsindən yaxa qurtarmaq istəyir və Mariyanı paytaxtdan uzağa, İlya Ulyanov adında birinə ərə verir. Radikal tarixçilərin dediyinə görə, bu İlya Ulyanov özü də homoseksual imiş.

Çardan incik olan Mariya böyük oğluna həqiqəti danışır və artıq böyümüş Aleksandr anası ilə pis davranmış imperatordan qisas almaq qərarına gəlir. Sui-qəsd cəhdi baş tutmur və Aleksandr Ulyanovu asırlar. Qardaşının edamı Vladimiri intiqama vadar edir.

Başqa soyuqqanlı tarixçilər İlya Ulyanovanın homoseksual meylləri və arvadının Simbirskdə pozğun həyat tərzi yaşaması ilə bağlı fikirlərlə razılaşmırlar, amma Mariya Blankın knyaz Aleksandr Aleksandroviçlə roman yaşadığını və Aleksandr Ulyanovun həqiqətən də gələcək imperatorun oğlu olduğunu təsdiq edirlər.

Buna sübut olaraq onlar məşhur yazıçı Marietta Şaginyanın tarixçəni təsdiq edən yazısını əsas göstərirlər - guya 1970-ci illərdə tapılan faktların çapına Sovet hakimiyyəti tərəfindən qadağa qoyulub.

Bəs Mariya Blank imperatorun məşuqəsi olub, ondan oğlan dünyaya gətirə bilərdimi?

Mariya Blank martın 6-da 1835-ci ildə saray məsləhətçisi olan fizioterapevt həkimin – Aleksandr Dmitrieviç Blankın ailəsində anadan olub. Anası Anna Qrossşpof idi. Ana tərəfdən babası isə alman İohan Qrossşopf, nənəsi isə isveçli Anna Estedt idi.

Mariyanın nə atası, nə anası tanınmış, adlı sanlı nəsildən deyildi, Rusiya imperiyasında isə adlı sanlı nəsildən olmayanlar fröyleyn ola bilməzdilər.

Dvoryanlıq Mariya Blanka yalnız ərinin ölümündən sonra verildi ki, dul qadın altı uşaqla normal təqaüd alıb dolana bilsin.

Başqa bir fakt da Mariya-Aleksandr romanı versiyasını təkzib edir: Rusiya imperator sarayının bütün fröyleynlərinin siyahısı 1712-ci ildən aparılıb və orada Mariya Blankın adı yoxdur.

Bundan başqa Peterburqda doğulmuş Mariya Blankın şəhəri 1841-ci ildə tərk etdiyi və bir də ora yalnız 1887-ci ildə -Aleksandr Ulyanovu həbs edəndə gəldiyi məlumdur.

Mariya Blankın Peterburqdan gedəndə onun 6 yaşı var imiş və altı yaşında imperatorla roman yaşayası deyildi.

Bir də 6 yaşlı Maşa Peterburqda olanda onun ehtimal olunan sevgilisi heç dünyaya gəlməmişdi. İmperator Maşadan 10 yaş cavan idi.

Mariya Blankın uşaqlığı və gəncliyi Kazan quberniyasında keçib. 1861-ci ildə Mariya Penzaya bacısıgilə qonaq gəlir. Orada Penza dvoryan institutunda riyaziyyat müəllimi işləyən İlya ilə tanış olur. O zaman İlyanın 30, Mariyanın 26, Aleksandr Aleksandroviçin 16 yaşı olub.

Knyaz iki ildən sonra yetkinlik yaşına çatanda Mariya Blank və İlya Ulyanov artıq nikahda idilər. Bu roman versiyasına inansaq, Mariyanın ilk uşağı imperatordan olan Aleksandr olmalı idi, amma sən demə Mariyanın ilk övladı 1864-cü ildə doğulan Annadır.

Yoxsa bir yaşlı uşağı olan 30 yaşlı qadın gizli şəkildə 20 yaşlı varislə görüşəcəkdi? Bunlar ağlabatan versiyalar deyil. 1866-cı ildə doğulmuş Aleksandr Ulyanov heç bir şəkildə imperator III Aleksandrın oğlu ola bilməzdi.

1990-cı illərdə azadlıq və demokratiya carçıları Sovet rejiminin günahlarını ifşa edərkən nifrət etdikləri personajları ayaqlamaq arzusu o qədər güclü idi ki, doğma və yaxınlara da əl atırdılar.

Mariya Ulyanovanın həyatı o qədər də sadə deyildi. 6 uşağı böyüdüb tərbiyə etmək də asan deyil, həm də nəzərə alsaq ki, onların hamısı yüksək təhsillidirlər. Rusiya təhsilinə verdiyi töhfələrə görə Rusiya imperiyasının 54 ordeni ilə mükafatlandırılan İlya Ulyanovun ölümündən sonra Mariya Ulyanova ailənin yükünü tək çəkmişdi.

Ağır günləri də çox olmuşdu. Sankt-Peterburq Universitetində oxuyan gənc və istedadlı oğlu Aleksandr radikal inqilabi ideyalarına görə dar ağacında asıldı.

4 il sonra elə qardaşının asıldığı gündə 19 yaşlı Olqa tifdən öldü. Mariya Ulyanovanın bəxtinə həbslər, məcburi köçürülmələr düşdü.

Oğlu Vladimirin rəhbərlik etdiyi inqilabın təntənəsini də görmək anaya qismət olmadı. Mariya Ulyanova 1916-cı ildə vəfat etdi.

# 1489 dəfə oxunub

Müəllifin son yazıları

# # #