Ayıb nədir? – ALİYƏ YAZIR

Ayıb nədir? – <span style="color:red;">ALİYƏ YAZIR
5 noyabr 2015
# 08:30

Cəmiyyətlərin ən təhlükəlisi, ən dəhşətlisi bir düşüncənin hakim olduğu monoton, birrəng cəmiyyətlərdir. Avtoritar, totalitar idarə formaları belə cəmiyyətlər yaratdığına görə qorxuludur. Polemikaya açıq olmaq, alternativ fikirlər irəli sürmək “bizdən olanlar və bizdən olmayanlar cəmiyyətin”də qəbul olunmur. Fərqli danışanlar qaralar içində ağ qarğaya dönür.

Amma incəsənətin, ədəbiyyatın alternativ fikirləri birbaşa, publisistik dillə yox, özünəməxsus formalarda çatdırmaq kimi heyrətamiz bir üstünlüyü var. İnsanı bütün situasiyalarda araşdıran, anlamaq istəyən, empati hissini verən, ona insanca yanaşmağı öyrədən, azadlığın, həyatın hüdudsuzluğunu tanıdan xüsusi bir imkan... Görünməz olanı üzə çıxarmaq imkanı.

Məsələn, balaca bir nümunəyə - türk şairi Sunay Akın “Fahişə” şerinə baxaq:

İncitirim korkusuyla
Yıkarken
Nasıl da usulca
Gezdirirdi ellerini
Teninde annen

Etiraf edin ki, müştərilərin ağlagəlməz zorakılıqlarla davrandığı, təhqir etdiyi fahişə bədənində ana sevgisini görmək hər adamın, özəlliklə hər kişinin işi deyil....

Beləcə kinematoqrafiyadan, fotoqrafiyadan, musiqidən, rəsmdən minlərlə misal göstərmək olar. Bizim gerçək sənət dediyimiz. Məlum.

İndi bunları yazmağa nə hacət vardı? Sənətin missiyası haqda bəlli məsələləri niyə götürüb indi - 21-ci əsrdə yazmalıyıq?

Bu yazının yerində təsirli bir hekayə, sarsıdıcı bir rəsm, gözəl bir şeir ola bilərdi axı.

Olmadı. Çünki, bir müddət əvvəl sosial şəbəkədə adamların mübahisəsini gördüm. Bir rejissorun bir heykəltəraşla, ya rəssamla mübahisəsi maraqlı olmalı idi. Amma Mənzərə tamam başqa idi; rejissor homoseksualların onlarla bir dünyada yaşamasına dözə bilməyən heykəltəraş dostlarını inandırmağa çalışırdı ki, insanı təkcə cinsi oriyentasiyasına görə öldürmək vəhşilikdir. Onlara “Mikelancelonu, Leonardo da Vinçini oriyentasiyasına görə öldürsələr, dünya nələr itirərdi?” - sualını verirdi. Heykəltəraşlar və rəssamlar səs çoxluğu ilə dünyanı əxlaqiləşdirmək üçün radikallığın vacib olduğunu, bu adamların onların əxlaqını təhdid etdiyini, dinin də bu məsələdə tolerant olmadığını səbəb gətirirdilər. Görünəni cinsi azlıq sözü onlarda cinsi pozğunluqla assosiasiya olunurdu. Rejissor tamam təklənmişdi. Deyəsən, rəssam və heykəltəraş dostlarından bunu gözləmirdi. Bu artıq fikir ayrılığı yox, məslək ayrılığı idi.

Yazını oxuyanlar irad tutub deyə bilərlər ki, çox da rəssam və heykəltəraşdırlar, iki-üç adamın mübahisəsi nə üçün əhəmiyyətli olmalı, yazıya çevrilməlidir?

Əlbəttə elədir.

Amma onlarla misal xatırlayıram:

Məsələn, AMEA-nın tarix institutu Vikipediyadakı Azərbaycanda LGTB tarixi adlı məqaləyə cavab olaraq bir məqalə hazırlamışdı. Sosiologiya institutu qala-qala onların münasibət bildirməsi maraqlı idi. İş orasındadır ki, tarix institutu bu, ola bilsin ki, təbliğat xarakterli və ya qəsdli məqaləyə elm rakursundan yox, əxlaq (burada əxlaq cinsi tərbiyə, cinsi həyat tərzi anlamındadır) prizmasından yanaşmışdı. O boyda institutun məqaləsi oxucuya tarix barədə heç nə demirdi; nə əsaslandırma, nə hansısa bir elmi yanaşma. Bu fikirləri çilingərlikdən təqaüdə çıxmış yaşlı adam, ömrü boyu hesablamalar aparmış mühasib də yaza bilərdi.

Ya da, məsələn, ölkənin xalq artistləri tamaşada yalnız açıqda qalmış bədənləri görüb ona reaksiya verirsə, oxucuları, tamaşaçıları qınamaq nəyə lazımdır?

Xahiş edirəm ki, düz anlayasınız. Məsələ cinsi azlıqlar, mentalitet və ya sənət-filan deyil. Məsələ sənət adamlarının öz predmetlərinə peşəkarca yanaşa bilməməsidir. Bu, həkimin xəstənin müalicə etməli olduğu orqanlarına baxıb “Ayıbdır e...” - deməyinə oxşayır.

Həm də bu işin bir tərəfidir. O biri tərəfdə bu qıcıq mövzularla epataj yaratmağa çalışan, ədəbiyyatın və sənətin tirajını qaldırıb amma missiyasını aşağılayan ədəbiyyat və sənət adamları, saytlar, təşviqedici xəbər başlıqları ilə tık və xal qazanan KİV dayanır.

Əgər nə vaxtsa gələcəkdə tamamən birrəng, qeyri-tolerant, müzakirənin yox, hökmün verildiyi bir yerdə yaşasaq, bunun baiskarı tamaşaçı, oxucu və ya izləyici, “orta statistik” insanlar yox, məhdud düşüncəsinin hüdudlarından çıxa bilməyən, seçdiyi məsləyin missiyasını anlamayan rəssamlar, heykəltəraşlar, rejissorlar, insanı yox, qafalardakı instinktləri, kompleksləri, cəhaləti qıcıqlandırmaqla populizmə qaçan yazarlar, TV aparıcıları, jurnalistlər, redaktorlar, şairlər olacaq. Bu yazıya media menecerləri babat bir başlıq qoysalar, deməli, sənətin missiyasını xatırladan bu yazı da qeyr-tolerant bir mühitə dəstək olacaq.

Ura!

Hamımızı təbrik edirəm!

# 1740 dəfə oxunub

Müəllifin son yazıları

# # #