Nevinya və Sevinyanın düşmən əsgərləri

Nevinya və Sevinyanın düşmən əsgərləri
30 mart 2015
# 15:22

90-larda Bakının teatr həyatında bir canlanma var idi-bu, kiçik və yarı müstəqil teatrların hesabına idi-Yuğ Teatrı, Kamera teatrı, Pantomima (“Dəli yığıncağı”) teatr studiyası, “Gənclər” teatrı. Hansı ki, onlar hamısı ilk fürsətdəcə dövlət teatrı oldular.

Marionet teatrı, İbrus teatrı da faktiki olaraq işini dayandırdıqdan sonra sırf fəaliyyət tərzi baxımdan alternativ teatr yox idi.

Oda teatrı Azərbaycanda aktiv fəaliyyət göstərən yeganə müstəqil teatrdır.

Oda hansısa ideya və təşəbbüsdən çox ictimai bir ehtiyacın tələbidir.

Hansı ki, bu ehtiyac cəmiyyətin problemlərinə, həyatına qapılarını bağlayan, qapalı, hermetik mühitində özünü tükədən dövlət teatrları tərəfindən ödənilmirdi. Kollektivinin bir hissəsi də həvəskarlardan (əslində bu ifadə şərtidir) ibarət olan “Oda” hansısa yeni formalar, estetikalar axtarışından çox, məhz bu ehtiyacdan, tələbdən yaranıb. Onlar bu ehtiyacı, bu tələbi anlayır, hiss edirlər. Məsələn, teatr bir iki ay əvvəl rayonlardan birinin kəndlərində olub və tamaşalar göstərib. Halbuki rayonlarda insanların mənəvi qidası, nəinki mənəvi qida, mədəni qatda hansısa ünsiyyəti demək olar ki, yox səviyyəsindədir. İndi “Oda”nın bu layihəsinin əhəmiyyətini özünüz təxmin edin. “Oda” keyfiyyətini, effektini nəzərə almadan müxtəlif layihələrlə yerli sənət mühitində, cəmiyyətdə alternativ fikir ortaya qoymağa, insanları total düşüncə diktaturasından qorumağa cəhd edib.

Peşəkar Oda

“Oda” minimalist teatrdır. Ötən əsrin əvvəllərində meydana çıxan “yoxsul teatr” estetikasındadır. Yəni, bu o deməkdir ki, binadan binaya qovulan odaçılar öz məhdud texniki imkanlarını teatrın estetikasına çevirməyi bacarıblar. Odaçılar- yəni, İmam Həsənov, İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz İlyasoğlu.

Aktyorlar tamaşadan tamaşaya peşəkarlığın üstündə oyun təqdim edirlər. Məsələn, “Tikanlı məftillər” tamaşasının dialoqları, mizanları, aktyorların intonasiyaları, vurğuları, mimikaları, o qədər dəqiqdir ki, ovuc içi boyda səhnədə az qala kilometrlərlə dərinlik görürsən. Mətn aktyorlar tərəfindən maksimal dərəcədə özününküləşib. Bunlar bir yerdə tamaşaçını hadisəyə fokuslanmağa, özünü vəziyyətin içində hiss etməyə vadar edir.

Həqiqətdən iyrənməmək

“Tikanlı məftillər” (Müzəffər İzgü, “Sərhəd”) tamaşasına baxmaq üçün “Oda”nın deyəsən sayca dördüncü dəfə kirayələdiyi binaya üz tuturuq. Xudmani foye, balaca zal tamaşaçı ilə doludur. “Oda”ya inanan tamaşaçılarla. Yoxsa ki, əzəmətli binalar, dəbdəbəli zallar, yelpikli aktrisalar, məxməri pərdələr, hündür səhnələr pis iyli bomj həqiqətləri yaxına buraxacaqdı? Haradan?

Zirzəmi teatrının “Oda”sı tamaşaçını daha dərindən düşünməyə, anlamağa, hiss etməyə dəvət edir. Tamaşanın rejissoru İmam Həsənov həmişəki kimi sevgi dolu və xoşbəxtdir.

Eyni cümləni tez-tez təkrarlayır: “Biz öz dilimizi, mədəniyyətimizi, vətənimizi sevməliyik. Özümüzü sevməliyik”. Bu cümlələr hansısa şüur axını və ya şablon fikirlərdirmi, yoxsa rejissor tamaşaçının onun tamaşasını səhv anlayacağından ehtiyat edir? Edirsə də haqlıdır. Nə bilmək olar, hansısa urapatriot tamaşaya necə reaksiya verəcək?

İnsan dəyərlidir - İnsan müqəddəsdir

Səhnənin ortasına tikanlı sərhəd məftilləri çəkilib. İki tərəfin əsgərləri sərhəd boyunca yəni səhnənin 5-6 metrlik eni, dərinliyi boyunca addımlayır. Onlar Nevinya və Sevinya ölkəsinin əsgərləridir. Tamaşa irəlilədikcə məlum olacaq ki, ölkələr yalnız adda deyil, bir çox məsələdə oxşardırlar. Oxşar bəyanatlar verir, oxşar komplekslər keçirirlər.

Ən əsası bu iki ölkə müharibə vəziyyətindədir. Deməli bu iki əsgər müharibənin şərtlərinə görə düşmən olmalıdırlar. Amma hərbi xidmətlərini bir-birinin ən yaxın qonşuluğunda çəkən Mati (Elmin Bədəlov) və Yuan (Niyaz İlyasoğlu) bir-birini sevəcək qədər yaxınlaşıblar. Bir-birlərinə ailələrindən, kəndlərindən, sevgililərindən danışıblar, xəyallarını, arzularını bölüşüblər, evdən gələn, arzusunda olduqları yeməklərini paylaşıblar, bir-birinin kürəyini qaşıyıblar, hətta bir-birlərini evlərinə qonaq da dəvət ediblər. Bu sərhəd insan ünsiyyəti qarşısında corab qurutmaq üçün zivəyə, voleybol oynamaq üçün tora çevrilib. Amma Mati də, Yuan da asılıdır, onlar canlı insandır, amma həm də sərhəddə addımlamalı olan mexanizmdir. Hücum əmri verilən kimi gərginlik başlayır. Əsgər tabe olmalıdır. Yuan Matinin silahını qapır - indicə komandirin əmrinə görə, Matini öldürməlidir. Amma bir az əvvəl onlar evdən gələn yeməyi bölüşmüş, eyni mahnını oxumuş, rəqs etmişdilər.

Biz, bax elə biz özümüz “Müharibədə qatil yox, qəhrəman olur” fikrini nə vaxtsa alqışlamışıqmı? Çox güman ki, hə. Yuanın səsləndirdiyi bu fikri bir foto darmadağın edir: Matinin cibindən çıxardığı foto. Körpələrin fotosu. İndi özünə qəhrəman de görüm necə deyirsən...

Yuanın telefonla komandirindən “Hücum” əmri aldığı, hər iki əsgərin duruxub qaldığı o gərgin səssizlikdə yəqin ki, teatrın yaxınlığında yerləşən məsciddən azan səsi eşidilir, daha doğrusu bu səs də sanki tamaşaya qoşulur. Səs “Allah böyükdür” deyir. Hər iki düşmən ölkənin radiosundan verilən müharibə elanının sonunda “Tanrı bizimlədir” deyilir.

“Leviafan” filmində dövlətin insanları qorumağa yox, onları tərk-silah edərək daha güclülərlə təkbətək döyüşdə əliyalın qoymağa xidmət etdiyi göstərilir. “Tikanlı məftillər”də isə dövlət onların əlinə silah verib, atəş açmaq üçün əmr gözlədə-gözlədə üzbəüz qoyur.

Müharibə şərt deməkdir. Tamaşa bu şərtlər daxilində sadə insanların çarəsizliyini, asılılığını, faciəsini göstərir. Həm də iki əsgərin timsalında eyni arzularla yaşayan sadə insanların faciəsini, müharibə yaraları ilə yaşayan xalqların vəziyyətini göstərir.

Tamaşa “Pasifizm yox, müharibə qorxaqların ideyasıdır” deyir. Bayraqlar, sərhədlər şərti simvollardır. Heç nə insandan daha dəyərli deyil, deyir.

Və... bunu bu yerdə bir tamaşadan başqa kimsə deməyəcək, hiss etdirməyəcək sizə: İNSAN DƏYƏRLİDİR. Böyük hərflərlə yazıram, çünki bu iki sözü əzən, bu iki kəlmənin səsini batıran mətnlərin, çıxışların, əməllərin, şəraitin, sistemlərin, rejimlərin içinə qayıdırıq-bu tamaşadan. İnsanı dəyərsiz edən...

# 1606 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #