“Filmlərimin ideyasını xəbər verilişlərindən götürürəm”

“Filmlərimin ideyasını xəbər verilişlərindən götürürəm”
11 mart 2014
# 13:43

Kim Ki Duk 1960-cı ildə Cənubi Koreyanın bir kəndində doğulub. Ailəsi Seula köçəndə oğlan kənd təsərrüfatı məktəbinə gedir. Məktəbi bitirməmiş 17 yaşında zavodda işləməyə başlayar. 5 il dəniz piyadaları qoşununda xidmət etdikdən sonra ruhani olmaq fikrilə iki il kilsədə yaşayır. Bunun ardınca rəssamlıqla maraqlanır və Parisə incəsənət məktəbində oxumağa gedir. Bir neçə il Avropada rəssam kimi təqdim olunur. Sonrakı uğurları isə yazdığı ssenarilərlə bağlı olur. 200 dəqiqə ərzində 10 kinokameranın çəkdiyi “Real fikir” filmi xüsusilə diqqəti çəkir. Bu günədək 20 dən artıq film çəkən Kim Ki Dukun “Ada”, “Yaz, payız, qış ... və yenə də yaz”, “Pis oğlan”, “Boş ev”, “Nəfəsdərmə”, “Ada”, “Arzu” filmləri nüfuzlu kinofestivalların qalibi olub. “Pyeta” filmi isə 2012-ci il də Kann festivalının əsas mükafatını qazandı.

Dukun son filmi, 2013-cü ildə çəkdiyi “Mebius” koreyalı bir ailədən bəhs edir. Arvad ərinin ona gənc bir qızla xəyanət etdiyini öyrənir. Bir dəfə axşam ərini yataqda məşuqəsi ilə birgə görür. Qəzəb içində olan qadın bıçağı götürüb ərinin cinsi orqanını kəsmək istəyir. Buna nail olmayanda o, qonşu otaqda yatan yeniyetmə oğlunun yanına qaçır. Qadın ərinə edə bilmədiyini oğlunun başına gətirir. Ata oğlunu xilas etməyə çalışır. Amma arvadı, oğlanın anası cinsi orqanı kəsməklə kifayətlənməyib, onu udub. Ata öz orqanını oğlunun bədəninə transplantasiya etdirmək istəyir...

Əlbttə bir filmin süjetini belə təqdim etmək düz deyil. Bunlar yalnız filmə maraq oyatmaq üçün, onun danışıla bilən süjetini verməkdir. Film bu danışılandan daha çox şeylər deyirsə, yalnız süjeti yazmaq nə üçündür? Bəlkə də “Mebius” məhz belə tanıtımlara görə, çox yerdə ya tamam göstərilmədi, ya da ixtisar olunmuş versiya təqdim olundu. Filmin orijinal rejissor versiyası yalnız Venetsiya kinofestivalında müsabiqədən kənar göstərildi.

“Mən yeni filmimi Koreyada göstərməyi çox istəyirəm. Amma orada çoxu elə hesab edir ki, bu film insest barədədir.” Kim Ki Duk filmi haqqında Venetsiya kinofestivalı zamanı mətbuat konfransında deyirdi.

Kulis.az rejissorun son müsahibəsini təqdim edir.

- Kim, bu günlərdə sizin “Mebius” filminizin cənubi Koreyada nümayişinə icazə verildiyi bəlli oldu. Nə düşünürsünüz?

- Bu peşəyə ayırdığım zamandan mən bu münasibətə öyrənmişəm. Məsələn elə 2011-ci ilin Kann kinofestivalında “Xüsusi baxış” bölməsində qalib olmuş “Ariran” filmimi götürün. O film hələ də mənim vətənimdə nümayiş olunmayıb. Hərçənd bu, mənim tamaşaçılarıma məhdudluq yaratmır. Ya başqa ölkələrdə baxırlar, ya da internetdəki pirat nüsxələri izləyirlər. Son günədək prokat üçün cəhdlər etdim, hətta öz “övladımdan” bəzi səhnələri kəsdim. Düşünə bilirsinizmi? Onlar məni özümü kəsməyə məcbur etdilər. Mənim bir filmimdə qəhrəman bədənini doğradığı üçün özünü günahkar bilir... (susur) Bax, vəhşilik budur!

- Filmlərinizin əsasında yatan, qeyri-insani ideyaları haradan götürürsünüz?

- Filmlərimin çoxunun ideyasını Koreyada yayımlanan xəbər verilişlərindən götürürəm. Mən çox az oxuyuram, biz uşaq olanda oxuya bilməmişik, zavodda işləməyə məcbur idik.

Düzü, daimi narahatlıq, özünə, sabahkı günə inamsızlıq məni özünə çəkir. Əminəm ki, bizi yaşamağa vadar edən enerji belə böhranlı situasiyalardan doğulur. Bu, mənim xoşuma gəlir. Əgər siz bir az diqqətli olsanız bu zibilin, iyrəncliyin arasından əsl gözəlliyi görə bilərsiniz.

- Yaxşı, bəs bu filmin o dediyiniz gözəlliyi nədədir?

- Heç də bütün varlı adamlar xoşbəxt deyillər. Xoşbəxtlik ümumiyyətlə hansı sinfə mənsub olmağından asılı deyil. Problem ondadır ki, bizim hamımızın təsəlliyə, arzuya ehtiyacı var. Yalnız arzular bizə həqiqətən diri olduğumuzu hiss etdirir. Mən bu arzuları filmlərimdə göstərirəm. Belə çıxır ki, kameranın gözü həyatı yaxşılaşdıra bilir. Hətta ağrılı bir şeyi göstərsə də.

- Yaradıcılıq yolunuza rəssamlıqla başlamısınız. Bu işdə nə qədər ciddi idiniz?

- Məncə, rəssamlıq da kinematoqraflıq kimi mürəkkəb şeydir. Mən yağlı boya ilə məşğul olmuşam. Əgər rəsm əsəri özünə film yerləşdirə bilmirsə, filmdə onlarla rəsm əsəri ola bilir. Məhz buna görə, kinematoqrafiyan öz ideyalarımın ifadəsi üçün daha rahat hesab edirəm.

- "Pyeta" da təsviri sənət əsasındadır.

- Hə, məni bu filmə Mikelancelonun “Pyeta” əsəri məni ruhlandırdı. Bu rəsmdə Məryəm İsa üçün ağlayır. Beləliklə, məndə ana obrazı, onun övladına münasibətini göstərmək ideyası yarandı. Bundan başqa həm də pulun yaratdığı problemlərə diqqət çəkmək istəmişəm: ailələr dağılır, insanlar intihar edir. İlk 15 dəqiqədə zorakılıq və qəddarlıq səhnələri görə bilərsiniz, çox vaxt buna görə sonadək baxmırlar. Mən qəsdən belə səhnələr verirəm - çünki qara olmadan ağı göstərmək mümkün deyil. Zorakılıq səhnəsini dramatizm effekti üçündür. İnanın, özümün də belə səhnələrə baxanda ürəyim ağrıyır, amma onlara baxmadan filmi anlamaq olmaz. Məncə insanlar pis və ya yaxşı olmurdular, onları ətrafdakı situasiya belə edir.

- Kino son 20 ildə çoxmu dəyişib?

- Bilmirəm, kinematoqrafiya son 20 ildə dəyişib, ya yox. Mənə elə gəlir ki, indiki mərhələdə humanist filmlər üstündür. İkinci aktual mövzu həyat və ölüm, yeni insanların doğulmasıdır. Üçüncü əhəmiyyətli mövzu dünyanın sonunun gəlməsi qorxusu, ümumiyyətlə bəşəriyyətin gələcəyinin həyəcanıdır.

Filmlə kim istəsə məşğul ola bilər. Əvvəllər kinoplyonka lazım olurdu, böyük pullar tələb olunurdu. Yeni texnologiya ilə indi film çəkmək daha asandı. Hətta telefona film çəkmək olar. Əsas olan kinonun atmosferi, kino vəziyyətdir. Əsas olan texnika, avadanlıq deyil, rejissorun ötürmək istədiyi ideyalardır. Mənə elə gəlir ki, texnikanın yayılması kino üçün təhlükəli ola bilər. Kino film çəkdiyimiz kamera deyil, o, rejissorun ruhu, ürəyidir.

“Ariran” filmi ilə mən kino nədir?” sualını vermək istəyirdim. Buna qədər 15 film çəkmişdim, amma özümə belə sual verməmişdim. Bu barədə düşünmək mənə kədərli və ağrılı idi. Mən öz Canon Mark II kameramı qoydum və özümü çəkdim. Kamera qarşısında danışmağa başladım. Düz bir ay kamera ilə danışdım. Danışırdım, kino nədir, həyat nədir, insanlar kimdir, bunları anlamağa çalışırdım. Mən az qala öz kölgəmlə söhbət edirdim. Axırda kino nədir sualına cavab tapa bilmədim, amma anladım ki, kinonu sevirəm.

“Ariran”da mən ruhumda məni çoxdan təqib edən üç şeyi öldürdüm: birincisi, insanlara maraq, hərislik, ikincisi-pula hərislik, üçüncüsü – sevgiyə hərislik. Filmin sonunda özümü öldürdüyüm səhnə var. Bununla mən demək istəmişəm ki, bu üç şeylə bacara bilmədim və onunla barışmağa məcburam.

Həyat əyri xəttə, körpüyə oxşayır. “Ariran” filmi məhz bu barədədi. Məncə, elə o biri filmlərim də, “Pis oğan”, “Yaz, yay, payız, qış... və yenə də yaz”, “Ada”, “Vəhşi heyvanlar” - məhz bu haqdadır. Bu filmlərin də qəhrəmanları tənha və kədərlidirlər və onlar da dediyim körpünü keçirlər. “Pyeta” filmimdə nə yaxşı, nə də pis qəhrəman var. Oradakılar eyni vəziyyətdədirlər və seçim etməkdə azaddırlar.

Filmin yaranmasında ən mürəkkəb etap ssenarini yazmaqdır. Çox vaxt yazmağa özümü məcbur edirəm. Bu əziyyəti dəf etmək lazımdır. Və daim yeniliyə can atmaq. Əgər bir əhvalat yazdınsa onu kənara qoy və yenisini işlə. Bununla özünün nə istədiyinə gəlib çıxacaqsan. Mən adamlar tanıyıram ki, cəmi bir ssenari yazıblar və on il o ssenarini xəzinə gəzdirən kimi gəzdiriblər, amma filmi hələ də çəkməyiblər. Məsələyə geniş yanaşmaq lazımdır. Ssenari də paltar kimidir. O kirləndikcə, onu təmizləməliyik...

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

# # #