“Azdrama” bir tamaşaya nə qədər pul xərcləyir?

“Azdrama” bir tamaşaya nə qədər pul xərcləyir?
17 aprel 2013
# 07:30

Teatrın xərcləri və gəlirləri... Bunlar necə tənzimlənir? Tamaşanın keyfiyyətində və satılmasında hansı amillər rol oynayır? Tamaşalar neçəyə başa gəlir? Zamanla quruluşla teatrın qarşısındakı suallar dəyişir. Artıq ona cansız güzgü, zahidlər üçün məbəd kimi yox, canlı orqanizm kimi yanaşmalıyıq.

Teatrların yüz faiz dövlət dotasiyası ilə işləməsi faktı uzaq keçmişdə qalıb. Kapitalist cəmiyyətində hər kəsə istehlakçı gözü ilə baxılır, o cümlədən tamaşa da satılacaq məhsuldur. Bu, rəqabət, müstəqillik, keyfiyyət kimi məsələləri həm də problem kimi qarşıya qoydu. Tərs mütənasib bir vəziyyət yarandı- tamaşaçılar bədii zövqünü itiləməkdən, mənəvi ehtiyacını ödəyə bilməməkdən şikayətçi olmağa başladılar, yaradıcı adamlar, teatr xadimləri isə maddi ehtiyac sıxıntısına girdilər.

Akademik Milli Dram Teatrının nümunəsində teatrın direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovla söhbətimiz bir çox məsələləri aydınlaşdırır. Dövlət sifarişi ilə və teatrın öz imkanları hesabına hazırlanan tamaşaların müxtəlif qiymətlərə başa gəldiyini öyrənirik.

Dövlət sifarişlərində tamaşada müəyyən olunmuş yaradıcı heyətin - quruluşçu rejissorun, rəssamın, bəstəkarın, lazımdırsa, xoreoqrafın və başqalarının müəyyən olunmuş məbləğdə qonorar şərtləri var. Bununla operanın, operettanın, simfoniyanın neçəyə sifariş olunduğunu bilmək olur. Amma bu yenə də tamaşanın «ehtiyacları»ndan asılıdır:

« Əməyin ödənilməsinə müəyyən edilmiş qaydaları mövcuddur. Məsələn rejissorun qonorarı üç min manat civarında təyin olunur, ondan bir qədər az rəssamın zəhmət haqqıdır və s.

Bir də teatrın daxili imkanları hesabına hazırlanan tamaşalar var ki, orda artıq qonorarlara Mədəniyyət və Turizm Nazirliyinin nəzərdə tutduğu şkala üzrə məbləğ təyin olunmur. Daxili imkanlar hesabına hazırlanan tamaşalar maliyyə vəsaiti baxımından müəyyən həddə, çərçivədə olan tamaşalardır».

İsrafil müəllim vergi hədinin çox yüksək olduğunu söylədi:

«Ayrılan məbləğin hamısı tamaşaya sərf olunmur- Vergi həddi çox yüksəkdir- verilən məbləğin qonorarlara ayrılan hissəsindən 39 faiz vergi tutulur. Bu qonorarları xeyli azaldır».

Akademik teatrın ən bahalı tamaşaları

Akademik Milli Dram teatrının repertuarındakı ən bahalı tamaşalar xaricdən rejissor, rəssam və ya bəstəkar dəvət olunan tamaşalardır. Bu zaman artıq alacaqları qonorarın məbləğini dəvət olunan adamlar özü müəyyən edir.

Teatrın repertuarında iki belə tamaşa var «Don Juan və Həndəsə» tamaşası Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş reyissoru Levan Tsuladze tərəfindən hazırlanıb Həmçinin bu tamaşanın bəstəkarı və xoreoqrafı da Gürcüstandan dəvət olunub.

Bahalı tamaşalar sırasına Elçinin əsəri əsasında hazırlanmış «Teleskop» tamaşası da daxildir. Bu tamaşanın da rejissor və səhnə tərtibatçısı xaricdən dəvət olunub.

İsrafil müəllimin sözlərinə görə tamaşanın ən çox xərc aparan komponenti tərtibat və geyimləridir:

«Dekor və geyimlər də tamaşanın məzmununa, əhvalatların baş vermə zamanına görə fərqli xərclər tələb edir. Əgər tarixi və klassik tamaşalardırsa, parçaların, bəzək əşyalarının, paltarların xərcləri böyük olur. Dekorlarda nələr nəzərdə tutulduğu da məsrəfləri müəyyən edir».

Tamaşanın texniki keyfiyyəti bilavasitə şəkildə ona xərclənən vəsaitdən asılı olsa da, son məhsulun keyfiyyətli alınması üçün yalnız ona xərclənən pullar yetərli deyil.. Bir kadr çatışmazlığı məsələsi var. «Baxın, müasir dünya dramaturgiyasından teatrın şərtlərini nəzərə alaraq keyfiyyətli tərcümələr edən neçə tərcüməçi var? Səhnəqrafiya teatr işinin demək olar ki, yarısı deməkdir. Dünyada işıqlarla, tərtibat elementlərilə elə şeylər yaradırlar ki... Bizim neçə tərtibatçı rəssamımız var ki, o tamaşaları beynəlxalq məkana çıxara bilək?».

İsrafil İsrafilovun sözlərinə görə, bunlar zamanla həll olunacaq məsələlərdir. «Hər şeyi teatrdan birdən istəyirlər. Bu düz deyil, sistem tamam dəyişib. Qələm əhlinin bəzən qəribə yanaşması olur, teatrın əvvəlki ənənələrinin bərpasını istəyirlər. Soruşmaq istəyirsən ki, o ənənələri görmüsənmi? Onlara elə gəlir ki, Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov işləyəndə teatrın tamaşalarının hamısı mükəmməl olub. Elə deyildi. »

Tamaşaçı nə istəyir?

«Bu gün cəmiyyət və teatr münasibətləri teatr prosesinin ən aktual məsələlərindəndir. Tutalım, biz yüksək bədii estetik mündəricəsi olan, bu günün ən qüdrətli dramaturqlarının əsərlərini səhnədə göstərdik? Bu kimin üçündür? Tamaşaçıya bu nə dərəcədə lazımdır? Tamaşaçı auditoriyası ilə işləmək, onun məqsədini öyrənmək lazımdır. İsrafil müəllim bu sahədə dünya teatrı prosesində müəyyən təcrübə olduğunu söylədi «Bunun üçün dünyanın böyük teatrlarda araşdırmalar aparan sosial qruplar işləyir. Onların hazırladıqları təhlil əsasında teatr öz repertuarını müəyyən edir. Daxili bazar üçün, qastrollar üçün, festivallara aparmaq üçün və bir də seleksiya üçün. Sonuncu yeni rejissor tipləri, aktyor fərdiyyəti tapmaq üçündür. Bu dörd çeşiddə işlər gedir. Bizim üçün bu çox böyük xərclərdir.

Ümumiyyətlə ötən illərdəki nəticələri nəzərdən keçirəndə tamaşaçıların daha çox sevilən aktyorlara görə tamaşalara gəldiyini demək olar. Məsələn, teatrdan verilən məlumata görə, «Boy çiçəyi (Fuad Poladov), «Qadın məhəbbəti» (Məleykə Əsədova), «Qanlı Nigar» (Firəngiz Mütəllimova), «Xanuma» (Bəsti Cəfərova, Ramiz Novruz) «Lənkəran xanının vəziri» (Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal oynayır) çox «satılan» tamaşalardandır. Bu tamaşalar qoyulan xərci ödəyib.

...Göründüyü kimi tamaşaçı və teatrın ən sıx münasibəti aktyora, həm də onun keçmiş uğurlarına sevgisi əsasında qurulub. Hərçənd getdikcə daha sosiallaşan, iqtisadiləşən həyatımızda özümüzlə tək qalmaq ehtiyacımız var. Bir tamaşaçı kimi mən nə istəyirəm? Teatr insana özü ilə görüş imkanı yaradan bir yer olsun. Bizim buna get-gedə daha çox ehtiyacımız var...

# 4646 dəfə oxunub

Müəllifin son yazıları

# # #