Elçin Əfəndiyevin 18+ tamaşası

Elçin Əfəndiyevin 18+ tamaşası
8 iyun 2013
# 08:00

Bir var tək qalmaq, bir var tək qaldığını hiss etmək. Teatr “o tək qalmağı hiss etmək”dir. Tamaşaçı da teatra elə bu məqsədlə gedir - hisslərini, düşüncəsini, zövqünü itiləməyə. “Qatil” tamaşası (rejissor Mehriban Ələkbərzadə) akademik teatrın təriflənən, 18+ olmaqla daha da məşhurlaşan, aktyor oyununun mükəmməlliyi xüsusi qeyd olunan tamaşalarındandır. Bu sadalananlarsa hələlik tamahımızı itiləmişdi. Həyatdan az-çox xəbəri olanlar daim özləri ilə həvəslə yanaşı, xəyallarının suya düşəcəyi ehtimalını da gəzdirməlidir. Elə teatra bilet alıb gələn tamaşaçı da.

Tamaşa şəhərin gecə mənzərələri ilə başlayır. Projektor teatrın hələ açılmayan pərdəsində hündür mərtəbəli binaların sayrışan işıqlarını göstərir ki, lirik bir salon musiqisi (Aygün Səmədzadə) altında tamaşaçı da arzular, xəyallar dünyasına köklənsin. Təqdim olunan mənzərənin həmən ardından real bir mənzərə açılır-yaşamaq üçün ən vacib mebellər olan mənzil. Səhnənin önündə yataq. Dəftər yoxlayan müəllimə. İndi qalır bir məsələ, onun kim və nəçi olduğunu, nə etdiyini tamaşaçıya çatdırmaq. Dramaturq (Elçin) bu qayğıdan ənənəvi və rahat bir yola qurtulur-qoy elə özü barədə müəllimə (Münəvvər Əliyeva) özü danışsın. Amma kimə? Otaqda kimsə yoxsa, üstəlik tamaşada dördüncü şərti divar üzündən birbaşa tamaşaçılara danışa bilmirsə, o, öz-özünə danışmalıdır. Aktisa öz obrazının yükü ilə səhnədə tək başına qalır – müəllimə başlayır öz-özü ilə danışmağa. Teatrın dözülməz yerləridir. Bilənlər bilir. Teatrda belə səhnələr dözülməzlik baxımından eşq etirafı səhnələri ilə müqayisə oluna bilər. Gözlərini yumub tez keçməsini arzulayırsan.

Bir sözlə, tamaşanı məhz belə bir monoloqla başlamağın uğursuzluğunu teatr adamları, xüsusən aktyorlar yaxşı bilir. Aktrisa Münəvvər xanıma bu işdə şəxsən rejissor zəngindən başqa heç nə yardım etmir (şagirdlərindən birinin anası-Mehriban Ələkbərzadənin səsi-zəng edib onu öz-özü ilə danışmaq yükündən xilas edir). Belə monoloqlar tamaşa boyu daha bir-iki dəfə təkrarlanacaq. Tək yaşayan insanın həyatını göstərmək üçün musiqi, işıq, kölgə, səs, dekor və s. kimi onlarla imkanı olan müasir teatrda obrazın özünü danışdırmaq, birbaşa informasiya ötürmək kimi bir məqsədlə tək qoymaq nə dərəcədə məntiqə uyğundur? Romantik prelüddən birbaşa reallığa baxan tamaşaçı bu reallığın saxta, qurama olduğunu həmən anlamazmı? Hələlik bu sualları özümüzə veririk.

O müəllimə hansı məktəbdə işləyir?

Kimya müəlliməsi dəftərləri yoxlaya-yoxlaya özü ilə danışır, qonşusunu (Səidə Quliyeva) yola salır və nitqi ilə prinsipial, şablon bir müəllimə obrazını tamamlayır. Məkanla, zamanla konkretləşən (tamaşada Azərbaycanın və ölkədə baş verən yaxın tarixi hadisələrin adı çəkilir) tamaşa boyu (xüsusən birinci hissədə tamaşaçının kənar şeylər düşünmək imkanı boldur) seyrçi özünə soracaq: bu müəlliməni haradan tapmısınız? Axı qoyduğunuz konkret məkan və zaman şərtləri ilə belə bir kimya müəlliməsi olmaq –şagirdlərin yaxşı oxumasını həyat amalına çevirmək saxtalıqdan başqa bir şey deyil. Sovet dövrünün şablon müəllim, kolxozçu obrazlarından fərqlənməyən bu kimya müəlliməsi niyə belə formal təsvir olunur? Tamam, sonda onu həyatla, onun ağırlığı ilə üzmək lazımdır, o xəyal dünyasından qopub reallıqla toqquşanda iliklərinə kimi sarsılmalıdır, bunun üçün o bir az şablon olmalıdır. Hətta belə olsa da onu bu dərəcədə cansız, saxta, süni təqdim etmək nəyə lazımdır? Hesablayanda yaşı qırxı haqlayan bir müəllimənin utopik olmasına kim inanar? Lənət şeytana, o, hansı məktəbdə işləyir? Sualları saxlayırıq, bəlkə, teatr, şərtilik-filan deyirik. Amma əlimizin içi kimi bilirik ki, AzTV sayağı nümunəvilik, ideallıq mövzunun, süjetin tələblərindən kənara çıxır.

Xilaskar

Tamaşaçılar sürəkli köks ötürürlər ki... nəhayət, o xilaskar gəlir: Kimya müəlliməsinin keçmiş şagirdi (Hikmət Rəhimov- tamaşada Oğlan) səhnəyə, kimya müəlliməsinin (Qadın) həyatına sakitcə daxil olur, bağça uşaqları kimi başını da qaldırmadan müəllimənin suallarına cavab verir (Sonradan Hikmət bu tərzi sado-mazoxist qəhrəmanının bütün başqa tərəfləri ilə mükəmməl şəkildə tamamlayacaq). O, məktəbi qurtarıb, universitetə daxil olub, həbsə düşüb, ailəsinin yeganə üzvü olan anası vəfat edib, müharibəyə gedib, yaralanıb və bütün bu illər ərzində yalnız müəlliməni sevib. Müəllimənin ona inanmağı yox, inanmaq istəməyi təbiidir. Və ideallıq pafosu, seksual həyəcanı və ictimai əxlaq qaydaları arasında vurnuxan müəllimə, nəhayət onu qəbul edir. Amma buna qədər sevgisiz yaşamağın bir qadın üçün nə qədər dəhşətli olduğunu tamaşada göstərmək var.

Təkrarlamaqdan yorulmadığım bir sitat var, teatrda xırda heç nə yoxdur, o, xırdalıqlardan ibarətdir. Amma lütfən, bunu tamaşa boyu hər şeyin naturalistcə dəqiq olmasını istəyən “detal tutmaq”la qarışıq salmayın. Məsələn, kimya müəlliməsinin yataqda tək olduğu səhnələrdə həddən çox qurdalanması, “quik motion”unu (komik filmlərin epizodlarının sürətlə verilməsi) xatırladır, tamaşanın janrı, temporitmi ilə heç bir əlaqəsi yoxdur. İkinci hissədə isə iç üzü açılmış Oğlanın belə tezləşmiş hərəkətləri – sürətlə içəri keçməsi, soyunub uzanması və dərhal da qalxıb geyinməsi Hikmətin göstərdiyi qəhrəmanın psixoloji xarakteridir.

Zorlanma zamanı daxili iztirabı həzin musiqi ifadə edir?

Madam, bura gəldik, coşğulu musiqi ilə, tamaşaçı zalının dalğavarı uğultusu ilə müşayiət olunan yataq səhnələrinin üstündən köhnə sovet kitabındakı kimi nöqtələrlə adlayıb, teatrın nəzarətçisi olan xanımın inadla “birincidən yaxşı olacaq” dediyi ikinci hissədən danışaq. Bu hissədə, Münəvvər xanımın qəhrəmanı “həyatla” tanış olacaq, diriləcək və iki aktyorun ifası tamaşanı dəxlisiz lirik musiqidən, pyesdəki çatışmazlıqdan-obrazların yükünün düzgün təyin olunmamağından, psixoloji situasiyanın bütün boşluqlarından, xilas edəcək. Əlbəttə rejissorun uğurlu mizanları da onların daha da təsirli olmalarına yol açacaq. Və nəzarətçi xanımın dedikləri düz çıxacaq; Bu ifaların təsir gücündən tamaşaçı özünə pyesdəki boşluqlar barədə sual verməyə imkan tapmayacaq, axı, bir üzük kimya müəlliməsinin - Qadının Oğlan barədə şübhələrinə səbəb ola bilər, amma psixoloji situasiyanı qəfləti dəyişəcək deyil? Bu situasiyanın yetişməyini tamaşaçı görməlidir.

Dəxlisiz musiqi AzTV sayağı lirik, kövrək bayağı musiqidir və tamaşanın ən dramatik yerində, keçmiş şagirdin müəlliməni zorladığı yerdə səslənir. Əcəba tutaq ki, musiqi qadın qəhrəmanın daxili dünyasını əks etdirir, onda o, niyə, həzin və kövrəkdir, məgər zorlanma zamanı daxili iztirabı həzin musiqi ifadə edir?

İkinci hissədə məlum olur ki, keçmiş şagird sevgili-sadiq zad deyil, müəllimədən pul çəkən, onu aşağılamaqla həyatdakı bütün pisliklərin heyfini alan psixopatdır. Bu psixopat sosial, ictimai mühitin hibrididi, yaşadığımız cəmiyyətin həqiqətləri ilə silahlanıb.

Süjetin dramaturgiyada peripetiya deyilən bu tanınma anından sonra əsas qəhrəmanı oynayan aktyorların işi yüngülləşir: Hikmət əvvəldə bağça uşağı olan qəhrəmanının oyunbaz psixopatlığını bütün parlaqlığıyla, hər tərəfdən nümayiş etdirir (bu psixopatı kriminal psixoloji trillerlərdən xatırlayırıq. Təkcə “Mexaniki portağal”ı xatırlamaq bəsdir). Münəvvər xanım qəhrəmanını pillə-pilə sarsıntılarla endirir. İndi onun qəhrəmanının hərəkətləri realdır-birinci hissədəki kimya müəlliməsinin pafosla divarlarla danışması necə süni görünürsə, ikinci hissədə psixoemosional şokdan eyni sözü təkrarlaması təbii, dəqiq işlənmişdir. Qadının sarsıntıdan sonrakı süstlüyü, itaətkarlığı da təbii, həyatidir.

Əvvəldə müəllimə Qadındırsa, ikinci hissədə Oğlan müəlliməyə həyat adından dərs keçir. Ona dediklərini bir-bir “yedirir”. Axmaqlığını sübut edir. Bu, aşağılamağa təhqirin ən pisi qoşulur: keçmiş şagird onu seksual acgözlükdə, görməmişlikdə ittiham edir və bununla da saçından tutub sürüdüyü müəlliməyə qadın heysiyyətini təhqir edən ən ağır sözləri deyir, psixopat oyunbazlığı ilə göstərir.

Sonda qadın onu şampana zəhər qatmaqla öldürür. Əgər keçmiş şagirdi sosial, ictimai mühitin hibridi, yaşadığımız cəmiyyətin həqiqətlər toplusudursa və adam cildində onun təhqir edirsə, bu qətl kədərli yox, pozitiv sonluqdur. Hərçənd, tamaşada qətiyyən buna vurğu yoxdur. Əksinə, bəstəkar Aygün Səmədzadənin tamaşa üçün bəstələdiyi mahnı ilə daha da fərdiləşir, bayaqkı o həzin mahnı da bizi bağışlasın, az qala bu mahnı tamaşanın leytmotivinə çevrilir.

Təzim səhnəsi də tamaşaya daxildirmi? Əlbəttə. Təzimə çıxan Hikmət Rəhimov həmkarı Münəvvər xanımın saçından öpdü. Səhnədə də olsa qadının təhqirini, aşağılanmasını görmək ağırdır. Bu anlayışa görə Hikmətə tamaşaçılar adından xüsusi bir təşəkkür düşür. Üstəlik tənqidi bir yazını təşəkkürlə bitirmək gözəldir...

# 7936 dəfə oxunub

Müəllifin son yazıları

# # #