Seymur Baycan: Mələk cildinə girmiş iblislər

Seymur Baycan: Mələk cildinə girmiş iblislər
1 avqust 2014
# 12:31

Yeniyetmə olanda bir arvad görmüşdüm. Bu arvad tum satırdı. O boyda sovet hökuməti sözün həqiqi mənasında heç bir şişirtməsiz, mübaliğəsiz bu arvadla bacarmırdı. Hamı bu arvaddan qorxurdu. Hamı. Müəllim, həkim, milis, fəhlə, satıcı, sürücü, qoca, cavan, uşaq, qadın, kişi...

Abır-həyasını qorumaq istəyən adamlar o arvaddan uzaq qaçırdılar. Elə söyüşlər söyürdü ki, adamlar dəhşətə gəlirdi. Rəsmən tumanını başına atırdı. Heç kimi vecinə almırdı. Heç kim onun söyüşlərindən sığortalanmamışdı. Dəhşətli bir arvad idi. Çox dəhşətli. Bir çox adamlar xətadan-bəladan uzaq olmaq, o arvadın söyüşlərindən qorunmaq üçün istəməsələr belə ondan tum almağa, halını-əhvalını soruşmağa məcbur olurdular.

Bir-iki dəfə onun verdiyi konsertin tamaşaçısı olmuşdum. Bəzən tanımayan, bilməyən adamlar səhvə yol verirdilər, nəsə ağızlarından bir söz qaçırıb qatıqlayırdılar və bu zaman dəhşətli bir həngamə qopurdu. Adamlar onun söyüşlərini eşitməmək üçün qulaqlarını tutub qaçırdılar. Elə söyüşlər söyürdü ki, qadınlar və kişilər bir-birlərinin üzünə baxa bilmirdilər. Xəcalət çəkirdilər.

Bir çox qəsəbələrdə, rayonlarda, kəndlərdə, məhəllələrdə belə arvadlar var. Ona görə də onun obrazını çox təsvir etməyəcəm. Yəqin ki, necə bir arvaddan söhbət getdiyi aydın oldu. Yəqin ki, hər kəsin xatirəsi qıcıqlanaraq gözləri qarşısında bir obrazı canlandırdı. İş elə gətirdi ki, belə bir arvada bir daha rast gəldim. O arvad haqqında “18,6 cm” romanında yazmışam. Həyatımda ən orijinal söyüşlərdən birini o arvaddan eşitmişdim. Söyüşün məzmununu hədsiz dərəcədə mədəniləşdirib belə yazmaq olar: Tutub səni anal seks edərəm uşağa qalarsan. Başa düşdüm ki, məkan və zaman bu qadınların simasında öz əhəmiyyətini itirir. Onların harda yaşaması, hansı ləhcədə danışması bir o qədər də əhəmiyyətli deyil. Onlar bir-birlərinə çox bənzəyirlər. Lakin böyük bir səhvə yol vermişdim. Bəli, nə etməli, bəzi şeylər, məsələlər var ki, onları gərək həyatın özündən öyrənəsən. Kitabdan, kinodan, dəftərdən o şeyləri öyrənmək çətindi. Oxuyursan, eşidirsən, amma inanmırsan.

Ürəyin təmizliyi oxuduqlarına, baxdıqlarına, eşitdiklərinə inanmağa imkan vermir. Həyata çəhrayı eynəklə baxırsan. Romantika axtarırsan. Həyatın qəddarlığı da elə bundadı. Həyat təcrübəsi başqa şeydi. Gərək həyat adlı daşa adamın özünün başı dəyə ki, bu kimi söhbətləri başa düşəsən. O həyat adlı daş həqiqi daşdı. Ala, qardaş, bu yüz manatı, mənim əvəzimə başını o daşa vur , yox, belə şey olmur. Gərək hər kəsin başı o daşa dəyə ki, ağıllana. Bəzi ağıllı adamların başı o daşa bir dəfə dəyəndə hesablarını götürürlər.

Ağılsızların başı o daşa dəfələrlə dəysə də , başları çapıq-çapıq olub xəritəyə dönsə də yenə də ağıllanmırlar. Nəhayət ağıllananda başa düşürlər ki, filan yazıçı filan romanda bunu demək istəyirmiş. Filan rejissor filan filmdə buna işarə vururmuş. Şərtilik reallığa çevrilir. Sadəcə dəhşətə gəlirsən. Lakin zamanı geriyə qaytarmaq mümkün deyil. Bir dəfə, bircə dəfə səviyyəsiz, həyasız adama baş qoşdunsa bunun əvəzini mütləq ödəməlisən. Səhvim isə bundan ibarət idi – mən elə bilirdim ki, həyatda gördüyüm o arvadlar ən dəhşətli arvadlardı. Daha onlardan dəhşətlilərini görməyəcəyəm. Nə qədər sadəlövh bir yanaşma, nə qədər sadəlövh bir münasibət.

İllər ötdü və həyatın müxtəlif məqamlarında elə qızlarla, qadınlarla rastlaşdım ki, əgər onları söyüşcül arvadlarla yanaşı qoysaq, o söyüşcül arvadlar onların yanında sadəcə mələk kimi görünərlər. Niyə? Çünki söyüşcül arvadların kim olduğunu hamı bilirdi. Salam-əleyküm, filankəs xala. Necəsiniz? Yaxşısınız? Nə qəşəng görünürsünüz bu gün. Maşallah, maşallah. Filankəs necədi, uşaqlar necədi? Hə, yaxşı olsunlar. Allah saxlasın. Bir iki belə söz deyib xatadan-bəladan uzaq olursan.

90-cı illərin əvvəlində “28 May” metrosunun qarşısında bir kitab almışdım. “Məhəmməd Peyğəmbərin kəlamları”. Bilmirəm nə qədər səhihdi, amma bir kəlam bu günə qədər yadımdadı. Deyilir ki, əgər qarşına həyasız adam çıxdısa tez salam ver, hal-əhval tut ki, o həyasız adam başqa söz deməyə imkan tapmasın. Kəlam yadımda belə qalıb. Nazik üzlü bir kitab idi. İçindəki kəlamların peyğəmbərə nə dərəcədə məxsus olub-olmadığını deyə bilmərəm. 90-cı illərin əvvəlində xaos və anarxiya hökm sürürdü. Kim nə istəyirdi edirdi. Kimin ağlına nə gəlirdisə həyata keçirirdi. Çox rahatlıqla ola bilər ki, kimsə öz kəlamlarını kitabça halında bir yerə yığıb peyğəmbərin adından camaata satsın...

Doğurdan da həyasız adamla çox çətindi. Xüsusən qadın xeylağıyla. Nə edəsən? Öldürməli deyil. Yaşamaq da mümkün deyil. Başa salmaq, nəyisə izah etmək heç mümkün deyil. Bəs o zaman nə edəsən, dərdini kimə deyəsən, haranın daşını başına salasan?

Bir qohumum vardı. Tale onun qarşısına həyasız bir arvad çıxarmışdı. Kişi tutub bu arvadı elə döyürdü ki, inanın o yumruqlardan, təpiklərdən biri özündən deyən itə dəysəydi, itin canı yerindəcə çıxardı. Lakin o arvad bu yumruqların, təpiklərin altında da dilini saxlamırdı. Hətta ürəyi gedirdi, ürəyi gedəndə də yenə də dilinı saxlamırdı, nəsə deyirdi. Deyim ki, kişi qəddar adam idi yox, qəddar adam deyildi. Abırlı-həyalı adam idi.

O arvad onu bütün abırdan saldı. Bütün elin-obanın içində biabır etdi. Əsəblərini sıradan çıxartdı. Axırda arzusuna çatdı, kişini çərlədib öldürdü, sonra da üzünü, sifətini cırıb, saçını yolub şivən qopardı.

Bir neçə dəfə yazmışam, bir daha yazıram. Bizim qadınlar Ramiz Rövşənin “Qara paltarlı qadın” şerini ona görə sevirlər ki, bu şeir onların şüuraltılarından xəbər verir. Onların ən böyük arzusudu, kişini çərlədib öldürsünlər, sonra da qara paltar geyinib artistlik etsinlər.

Bəli, nə qədər bədbəxt insanlar bu mələk cildinə girmiş iblislərin qurbanına çevrildi. Mən elə bilirdim ki, yeniyetməlik dövrümdə gördüyüm həyasız, söyüşcül arvadlar həyatda görəcəyim ən dəhşətli qadınlar olacaq. Lakin həyat nə qədər səhv düşündüyümü, nə qədər sadəlövh olduğumu sübut etdi. Onları, o söyüşcül arvadları tanıyırdın. Bilirdin ki, tipi budu. Aralıdan gedirdin. Uzaq qaçırdın. Bir-iki xoş söz deyib yola verirdin. Onların adı üstündə idi.

Daha dəhşətliləri var. Mələk cildinə girmiş iblislər. Onları tanımaq olmur. Onlar özlərini evdə bir cür, işdə başqa cür, küçədə tamam başqa cür, onları tanımayan adamların arasında ikiqat tamam başqa cür, yasda bir cür, toyda bir cür, yolda bir başqa cür aparmağı bacarırlar. Onların girə bilməyəcəyi rol yoxdu. İstəyir özünü dünyanın ən əxlaqlı qadını kimi göstərsin. İstəyir özünü dünyanın ən gülərüz, mehriban qadını kimi göstərsin. Hansı rolu istəsələr oynaya bilərlər. Bu şəxsiyyətin ikiləşməsi deyil. Bu şəxsiyyətin onlaşmasıdı, yüzləşməsidi, minləşməsidi, hətta milyonlaşmasıdı... Həkimlər deyə bilər ki, belə bir şey, şəxsiyyətin minləşməsi, milyonlaşması mümkün olan şey deyil. Qoy desinlər.

Həyat başqa şey deyir. Həyat deyir ki, heç nəyin, əxlaqsızlığın, murdarlığın, həyasızlığın, yalançılığın sərhədi yoxmuş. Hər şeyin betəri varmış. Tanımazsan, (Belə səhv buraxan dostlarım var və artıq dəli olublar. Yəni sevib aldıqları arvadları onları dəli edib artıq) bilməzsən, davranışına, gülüşünə, mehribançılığına aldanarsan evlənərsən və qısa müddətdən sonra necə bir səhvə yol verdiyini anlayarsan.

Vəssalam. Həyat bitdi. O mələk cildinə girmiş iblislər, min rola girməyi bacaranlar bütün nəslin etimadını, hörmətini qazanar, dərdini deməyə bir adam da tapmazsan. Kimə dərdini desən hamı belə bir standart cavab verəcək-qabağına bu cür mələk kimi qız çıxıb, qədrini bilmirsən. Di get ayağını uzat, öl. Onun necə bir ifritə olduğunu heç kimə başa sala bilməzsən. O mələk cildinə girmiş iblislərin əlində bir insanın həyatını məhv edib və paralel olaraq həmin insanın qohumlarının, doğmalarının, yaxınlarının sevgisini, etimadını qazanmaq çox asandı. Çünki yuxarıda dediyim kimi, onların girə bilməyəcəyi rol yoxdu. Onlar istəsə bütün nəslin hörmətini qazanıb, amma bununla belə sənin həyatını siqaret kimi asanlıqla söndürər. Özü də divarda, külqabıda yox, krantdan axan damcının altında. Cızzzz. Artıq sən yoxsan.

Biz kişilər onların necə bir varlıq olduğunu heç vaxt bilə bilmərik. Onları axıra qədər tanımaq mümkünsüzdü. Kişilərə belə bir şans tanınmayıb. Somerset Moem necə də dahiyanə deyib: “Bir qadının nəyə qadir olduğunu yalnız başqa bir qadın bilə bilər”. Hətta bəzən çox böyük həyat təcrübəsinə malik olan kişilər belə qadın məsələsində səhvə yol verirlər. Səbəb? O qədər mükəmməl rol oynayırlar ki, tanımaq mümkün olmur.

Qarpızdı və qadındı (üçüncü də var, yadıma düşmür hal-hazırda) axıra qədər tanımaq mümkün deyil. Gərək içi açıla. Hətta ən güclü qarpız seçən adamlar belə səhvə yol verirlər. Çırtma vurur, qarpızı sıxır, qulağına tutub qulaq asır. Bütün bu yoxlanışlardan sonra əmin olursan ki, yaxşı qarpızdı. Kəsib görürsən ki, bah, içi ağappaqdı. Ya da qarpızın içi qırmızı olsa da bir qram dadı, şirinliyi yoxdu. Hətta içi qırmızı olsa da, qarpız şirin və dadlı çıxsa da yeyib zəhərlənib ölürsən. Yaxşı qadınla qarşılaşmaq bəxt məsələsidi.

Bəli, həyasızlığın, iyrəncliyin sərhədi yoxdu.

Hər şeyin betəri var. Allah betərindən saxlasın. İlahi, sən özün mərifətli bəndələrini qadın şərindən, qadın fitnə-fəsadından qoru.

Amin!

# 6662 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #