Əziz Kulis.Az oxucuları!
Hər gün qeyri-ixtiyari həyatımıza müdaxilə edən zövqsüz mahnıları, əttökən mahnı mətnlərini duyğulu insanlara sırıyan müğənnilərimizin özfəaliyyətini nəzərə alıb, “MÜĞƏNNİLƏRİMİZ və MAHNILARIMIZ” layihəsinə start verdim. Sizinlə birgə çalışacağıq, hansı mahnı mətni və müğənni ifası sizi qane etmirsə, hətta əsəbiləşdirirsə, dərhal iradlarınızı mənə ünvanlayıb nəticəsini görəcəksiniz. Heç olmasa yaramaz ifaların sayını azalda bilərik, məncə…
Birinci Yazı
Xalq artisti Səməd Səmədovun “şivə”si
Bir-iki ilin söhbətidi, Yaqut xanım Babayevanın qızının toyundayıq, artistlər dəstə-dəstə, müğənnilər yığcam, məmurlar tək-tük. Kefimizin Aşıq Ələsgər vaxtında elan olundu ki, xalq artisti Səməd Səmədov məclisə təşrif buyurur. Buyursun, nə deyirəm ki?! O da mənim kimi qonaqdı bu toyda, mən də beş dəqiqə çıxış edib təbriklərimi deyəcəm, o da, lakin ayrı-ayrı rakursdan. Məlum ki, mən toya pul da salacam - nəmər kimi, ancaq və lakin Səmədin bu toyda iştirakının səbəbiylə maraqlanmadan gözəl müğənni Zaur Rzayevlə foyeyə çıxıb söhbətləşdiyimiz anda, xalq artistinin səsi qulaqlarımı dalayır: “Doymaq olmur şivəsindən, nazından, fərə kəklik kimi…” Ardını yazmıram, söhbətin nədən getdiyini duyğulu dostlarım anladılar yəqin. Cənab xalq artisti (qəsdən balaca hərflərlə yazıram) sən demə heç Azərbaycan dilini ağıllı-başlı bilmirmiş. Məsələ bunda ki… qoy bunu da bir azdan açıqlayım, yadıma Ufada baş verən bir olay düşdü, deyim, siz də eşidin. Deməli, dostlar o gecə məni restorana dəvət etmişdilər, yenə də kefimizin bu dəfə Aşıq Abbas Tufarqanlı vaxtında dünya eşitmiş qulaqlarım qəfil əldən düşüb çilik-çilik olan mis kasa kimi (bax, burda günahımdan keçin, çini kasa kimi yazmalıydım) cingildədi, nə cingildədi. Sən demə evi yıxılmış müğənni erməniymiş, olsun, nolar, erməni də canlıdı. Məsələ bunda ki, oxuduğu mahnı Azərbaycan mahnısıydı, özü də kimin-kimin, həmyerlimiz Səyyad Əlizadənin oxuduğu “Gül ki, ürəyin gülsün” - təxminən bu iki-üç söz yadımda qalıb - mahnısı. Heç söhbət qoy bunda da olmasın. Amma yox, qoy olsun, çünki, yazıma birbaşa aidiyyatı var. Burda bir antrakt…
Yadıma sərhədsiz lətifələr bilən hüquqşünas-tələbə dostum salyanlı Muxtarın danışdığı bir əhvalat düşdü. Deməli, bir azərbaycanlı azıb Afrika cəngəlliklərinə düşür, onu qarabalalar tutub gətirirlər Qarabaşın (yəni, baş Qaranın) hüzuruna, hökmdar qərar verir ki, nahara bişirib yesinlər bu qaragözü. Məclis qurulur, yeməkqabağı rituallar icra olunmağa başlayır, yazığın rəngi qaçaq düşüb özündən, havalanmaq halındaykən, nağaraçının ritmləri qulağına doğma gəlir, sevindi ki, ay can, ay can, yerlimi tapmışam. Əlqərəz, özünü yetirib nağaraçalanın yanına deyir ki, alə, qədeş, vallah sən azərbaycanlısan, məni xilas elə, yazığam, balalarım çörək gözlüyür məndən. Qədeş də qeyidib deyir ki, alə, düz tapmısan, yerliyik, ancaq, mənim də balalarım çörək yemək istəyirlər axı, indi sən azərbaycanlısan deyin biz nahar eləməməli, ac qalmalıyıq?
İndi ən əvvəl qayıdaq Ufaya.
Erməni müğənni təm-təraqla Azərbaycandan gəlmiş şairin şərəfinə tost deyib həmin mahnını oxuyur, uşaqlar oynayır, şənlənirdilər. Hərçənd mən də qəşəngcə hallanmışdım, dostumuza yaxınlaşıb soruşdum ki, bu oxuduğun mahnının mənası nədir, başa düşür, anlayırsanmı? Necə deyib, elə də sizə çatdırmağı özümə şərəfli borc bilirəm: “Nikak net!”
İndi toya, daha doğrusu şadlıq sarayının foyesinə qayıtmağın əsil vaxtıdır. Nə Zaurda, nə də məndə günah var, belə məqamlarda adamın ağzından söyüş də ləzzətlə çıxır, neyləyək ki, xalq artistı, “işvə” sözünün mənasını bilmir, “şivə” kimi oxuyur!
İndi, əziz və hörmətli, adlı-sanlı, titullu müğənnilər, siz ağzınızdan çıxanı oxuyub balalarınıza bir tikə çörək qazanacaqsınız deyin, bizim halal-hümmət kefimizə soğan doğramalısız?