Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara
26 fevral 2026
# 15:20

Kulis.az Səbinə Əvəzqızının "Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara" yazısını təqdim edir.

Onunla bu il tanış olanda hələ fevralın 15 idi. Amma nə edim ki, hər il fevral başlayar-başlamaz 18 yaşımda aldığım travma oyanır. Yadıma atamın titrək səsi düşür. Elə düşünürdüm ki, heç nə onu qorxuda bilməz. İndi qəhrəmanımın səsində acı, xəcalət və eyni zamanda bir təlaş var idi. Bütün bədəni titrəyirdi, nə dediyini anlaya bilmirdik. Gözlərində bir ifadə var idi ki, heç onu belə çarəsiz görməmişdim. Bircə kəlməni ayırd edə bildim Xocalıda...

Ankaradan Bakıya qanadlanacaq təyyarəyə ən son sərnişin olaraq daxil oluram. AZAL-ın təyyarəsi ilə uçmağın qüruru da var, kədəri də. Bu qarmaqarışıq duyğularla oturacağa çatıram, başı al-əlvan örpəklə bağlı, üzü çox məsum görünən bir ərəb qızdan 5-6 kəlməlik ingiliscəmlə mənə yol verməsini istəyirəm. Oturan kimi ürkək baxışlarla baxıb ingiliscə salamlaşdı. Cavab verdim, sonra da bir təhər izah etdim ki, məndən bu qədər. Bildiyim bütün sözləri istifadə etdim. Soruşdu ki, türkcə bilirsənmi? Dedim, atan rəhmətlik bayaqdan mənə niyə zülm edirsən, danış da bu doğma dilimizdə. İlk sualı bu oldu: “Sən müsəlmansan? Allaha inanırsan?”. Dedim müsəlman olmasam mənimlə danışmayacaqdın? Cavabı ürkək bir sükut oldu.

Sözün qısası bu gözəl üzlü, olduqca zərif qız dedi ki, o fələstinlidir. Atası onu müharibədən qorumaq və təhsil almaq üçün Ankaraya göndərib. Tibb təhsili alır. Sevindim. Bu qızcığaz dünyamıza şəfa gətirəcək demək. Soruşdu ki, Fələstində, Qəzzada baş verənləri bilirsənmi? Söylədim ki, təəssüf ki, bunu bilmək işimin bir hissədir. Şimalda Şucaiyə, Cəbaliya, Beyt Hanunda vəziyyət daha kirtikdir. Qəzza zolağının cənubunda, daha doğrusu Misirlə sərhəddə yerləşən Rəfahda isə vəziyyət getdikcə pisləşir. Qızın bu suallarından, üz mimikalarından, qəzəbli baxışlarından belə anladım ki, o nədənsə bizdən incikdir. Sanki, Netanyahuya bircə kəlmə deməyimiz bəsdir ki, ta bəsdir.

İkimiz də uzun müddət susduq. Sükutu bu dəfə mən pozuram:

- Qızım, Azərbaycanı tanıyırsanmı?

- Təbii ki, mən hər dəfə ailəmin yanına getmək üçün, Ankaradan Bakıya gəlib təyyarə dəyişdirirəm. Çox gözəl hava limanınız var. Azərbaycanla bağlı güclü və zəngin bir ölkə təəssüratı var məndə. Amma əmin deyiləm, burada yaşayan müsəlmanları fələstinlilərin acısı qayğılandırır, ya yox...

- Dedim, bu dediklərinə hələ birazdan cavabım olacaq. Hələ ki, sual növbəsi məndə. Bəs sən bu gözəl dediyin ölkənin yaralarından xəbərdarsan? Xocalı adlı bir yer olduğunu eşitmisən?

- ...

- Bəs həmin yerdə Allaha inanan, müsəlman insanların kütləvi halda qətlə yetirildiklərini bilirdinmi? Başından örpəyi sürüşüb düşən anaların qoyunlarında körpələri ilə birlikdə vəhşicəsinə öldürüldüyünü eşitmişdin? Hamilə qadınların qarnından nizələndiyini duymusanmı? Düşmənlə Aslan kimi döyüşən müsəlman igidlərin filmlərdə belə görmədiyin acı sonunu haradasa axtarıb oxuyubsanmı? Mən birini deyim, adı kimi qürurlu Şöhrət Həsənov var idi. O, son imkanlarına kimi düşmən qarşısından çəkilmədi. Düşmən onu ancaq yaralayandan sonra əsir götürə bilmişdi. İşgəncə verərək öldürüblər. Belə işgəncəni yəqin heç eşitməmisən: Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və gözləyiblər ki, əzab içində qan itkisindən ölsün. Onun cəsədini bir ay sonra tapdılar. İndi Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Bizim xiyabanlarımız yuxarıda adını çəkdiyim bölgələrinizdən daha böyükdür. Acılarımızı yarışdırmıram. Amma o günlərdə bizim də gözümüz yolda idi ki, hansı müsəlman qardaşımız gəlib bizə həmdərd olacaq.

Yenə susdu. Amma birdən gözü dolub boynuma sarıldı. İkimiz də beləcə qəhərləndik. Ətrafda söhbəti dinləyənlər də maraqla bizə baxırdılar. Dedi ki, görürəm sən bizim dərdimizi, bölgələri ilə belə məndən də yaxşı sadalayırsan, sən də danış bilim, gedim ailəmə də danışım. Mənə ağır da olsa çox hadisələri danışdım. Hiss etdim ki, erməni separatçıların məscidlərimizə donuz bağlanmasına daha çox hirsləndi. İsrar etdi ki, Xocalı soyqırımında yaşadıqlarımı ona danışım, ətrafdakıların bir çoxunun da artıq diqqətini çəkmişik:

“18 yaşım var idi. Amma gənclik mənə Qarabağ boyda yara açaraq gəlirdi. Hər gün, hətta hər saat bu yaralar dərinləşirdi. Atam evə gəlib nəsə demək istəyirdi. Heç onu belə görməmişdim. Şeir yazan atam kəlmələri ard-arda düzə bilmirdi. Bircə onu anladım Xocalıda... Sonra dedi ki, Xocalıda qırğın olub, qız-gəlini əsir aparıblar. Söhbət bizdən 60-65 km uzaqlıqda olan bir yerdən gedirdi. Hamımız donmuşduq. O vaxt Azərbaycana rəhbərlik edənlər də israrla insanlardan bu faciəni gizlətməyə çalışırdı. Evimizdə bətnində 8 aylıq körpəsi, qucağında yaş yarımlıq balası olan gəlin var. Atam heç bizə soruşmadan qadınlar hamısı maşına minsin, oğlanlarım evdə qalır dedi. Bunları düşürdüb gəlirəm. Qarabağlı, zəhmi ilə ətrafa cəsarət verən anam dedi ki, mən oğullarımı qoyub heç hara getmirəm. Sən bunları apar. Bizdən heç rəyimizi soruşmadılar. Bir-iki paltar götürüb gəlinimzlə düşdük yola. Hara gedirik? Heç soruşmuruq da... Atam bizi Göyçayda mərdliyi ilə tanınan bir dostunun evinə apardı. Paşa müəllim və bütün kənd bizi qarşılamağa gəlmişdi. Hamı ağlayırdı...

Bir neçə ay orda qaldıq. Geri dönəndə məni nələrin gözlədiyinin fərqində deyildim. Xocalıdan gələn o həm fiziki, həm mənən yaralı insanları bizim şəhərə məskunlaşdırmışdılar. Hələ qanları qurumamış, sıyrılan, dərmə-deşik olan bədənləri qaysaq tutmamış qətliam şahidlərinə qucaq açdıq. Xocalıları sakit dinləmək olmurdu, yerlilərimizdən bir çoxunun ürəyi gedirdi, həkim çağırırdıq...”

Bundan artıq danışa bilmədim, qəhər aman vermədi. Gənc fələstinli Afnan da ağlayırdı. Dedi ki, ata-anasına etiraz edəcək ki, dünya tarixində müsəlmanlarla bağlı baş verən bu dəhşətli soyqırım barəsində niyə ona heç nə danışmayıblar. O, bunları dinlədikdən sonra yaralarımı xatırlatdığı üçün dönə-dönə üzr istədi.

Afnana bunları danışmağım fevral ayında olması da məncə təsadüf deyildi, özü də səmada. Şəhidlərimizin, əsirlikdə qalan gəlinlərimizin ruhu bizi dilləndirir. Unutmuruq, unudanmırıq...

# 93 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

14:20 26 fevral 2026
Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

14:00 26 fevral 2026
Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

13:40 26 fevral 2026
Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

13:00 26 fevral 2026
Prezident Xocalı Soyqırımı Memorialının  açılışını etdi

Prezident Xocalı Soyqırımı Memorialının açılışını etdi

12:20 26 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər