Cənub qışının ağ qarı, qara günü - HEKAYƏ

Cənub qışının ağ qarı, qara günü -  <span style="color:red;">HEKAYƏ
17 dekabr 2015
# 21:00

Kulis “Axşam oxusu” layihəsində Xalid Kazımlının “Cənub qışının ağ qarı, qara günü” hekayəsini təqdim edir.

- Ay qağa, bəlkə qayıdaq? Yerimək olmur ey, - səsində dərin peşmanlıq notları duyulan fəhlə şiddətlə sovrulan qardan qorunmaq üçün üzünə doladığı şərfi ağzından araladı, özündən on iki yaş böyük həmkarına, həmkəndlisinə söylədi.

O da qısa cavab verdi:

- Eyni şeydir. İrəli getsək də qəsəbəyə eyni vaxtda çatacağıq, təzədən karyerə qayıtsaq da. Tən ortadayıq. Salamatı qabağa getməkdir.

Amma qabağa getmək asan deyildi. Külək qarı elə sovururdu ki, dərəli-təpəli biyabanın ortasında qalmış iki yolçu nəinki sərbəst hərəkət edə, hətta gözlərini açıb irəliyə də düz-əməlli baxa bilmirdilər. Sərt qar dənələri gözlərinə, üzlərinə tüfəng qırması kimi dəyirdi. Yoxuşları qalxmaq it zülmüydü, ayaqları tez-tez sürüşürdü. Sürətləri o qədər aşağıydı ki, onlar yüz metri heç doqquz dəqiqəyə də qət edə bilmirdilər. Nə burada insan oğlunun yüz metri doqquz saniyəyə qət edə biləcəyi şərait vardı, nə də o hünərdə olan adamlar. Biri iyirmi beş, digəri otuz yeddi yaşında olan hər iki yolçu cüssələri və əzələləri etibarilə istənilən idmançıdan daha güclü olsalar da, qarlı dərələrin ortasında hıqqana-hıqqana qalmışdılar.

Onlar karxanada yük maşınlarına mişar daşı yükləyən qara fəhlələr idilər. Karxanadan on kilometr aralıda yerləşən qəsəbədə kirayənişin qalırdılar. Hər gün səhər-səhər karxanaya yük maşınlarına daş yükləməyə gəlir, axşama qədər işləyir, axşam da axırıncı yük maşınının kabinəsində qəsəbəyə qayıdırdılar. Hər iki-üç maşından biri məhz onların yaşadığı qəsəbənin yanından keçirdi. Əks istiqamətə gedənlər də vardı.

Bu gün səhərdən, onlar hələ yol qırağında gözləyib mindikləri yük maşınıyla karxanaya gələndə də qar havası vardı. Mütləq yağacaqdı. Ömrünün on beş ilini qarlı-sazaqlı Rusiyada, Sibir tərəflərdə keçirmiş Süleyman bunu yaxşı bilirdi və hələ yola çıxarkən gənc həmkəndlisi Seymura demişdi. Deməyinə demişdi, amma sonra da əlavə etmişdi ki, bütün günü qəsəbədə çayxanada oturub papağı günə yandırmaq da kişilikdən deyil, kimdir gətirib bizə beş manat pul verən. “Gedib daş atmasaq, oğlunun zırnasını verən də olmayacaq”, - demişdi Süleyman.

Seymurun oğlu təzə olmuşdu, oğluyla bağlı zarafatlar ona xoş gəlirdi və Süleymanın bu sözünə gülərək razılaşmışdı və demişdi, bir-iki maşın yüklərik, sonra qayıdıb gələrik.

Onlar ucqar dağ kəndindən idilər. Kənddə də qonşu olmuşdular. İşsizlik üzündən gəlib sığındıqları qəsəbədə də qonşu binalarda yaşayırdılar. Bütün həftəni işləyirdilər. İstirahət günü nədir, bilməzdilər. Süleymanla Seymurun istirahəti yalnız uşaqları xəstələndiyi vaxt həkimə apardıqları, bir də 3-4 aydan bir paltar-palaz bazarlığına getdikləri gün olardı. Onda da onlar pul qazana bilmədikləri üçün günü itirilmiş hesab edərdilər. Olardı, həftədə bir dəfə gah birinin, gah da digərinin evində oturub iki adama bir araq içərdilər. Vəssalam. Bu adamlar üçün həyat gündüz tonlara daşı yük maşınlarının kuzovuna yükləmək və axşam evə qayıdıb ölü kimi yatmaqdan ibarət idi.

- Yox e, gərək qalaydıq, yola çıxmayaydıq, - Seymur yenə peşman-peşman mızıldandı.

- Harda qalacaqdıq? – Süleyman etiraz etdi. – Dədəmizin dvaresi var orda? Ya axranın dar-düdük otağında piletkanın böyründə oturacaqdıq, ya da “KamAZ”-ın kabinəsinə qısılacaqdıq.

- Hər halda bundan yaxşı olardı, - Seymur höcətliyini davam etdirdi. – Gəlib qara batıb qalmazdıq, indi nə irəli gedə bilirik, nə geri qayıda bilirik. Bir ins-cins də yoxdur.

Doğrudan da ətrafda qar sovuran küləyin vıyıltısından başqa bir səs yox idi. Yağan qar gecənin qaranlığını xeyli aydınlatsa da, bu, yalnız onların asfaltı çoxdan sökülmüş daş yolu tutub getmələrinə yardımçı olurdu, başqa heç nəyə.

Əslində bu yol gündüz vaxtı işlək olurdu. Arabir bu yolda azıb-təzən, yaxud Sahil qəsəbəsindən Sumqayıta kəsə yolla getmək istəyən minik avtomobilləri də görünürdü, amma karxanalardan qum, çınqıl, daş daşıyan iri yük maşınları çox olurdu. Elə vaxtilə başdan-başa asfalt olan yolu da o ağır maşınlar dağıtmışdı.

İndi isə yağan şiddətli qar yolu tamamən bağlamışdı. Yolçular hansısa bir maşının arxadan gəlib onları götürəcəyinə ümid bəsləmirdilər. Mümkün deyildi ki, bu havada hansısa maşın qarlı yoxuşları dırmaşa bilsin. O üzdən bir neçə daş yüklü maşını karxanada qalmışdı, sürücülər bu havada yola çıxmağa risk etməmişdilər. Yoldan çıxıb sürüşməkdən, dərənin dibinə yuvarlanmaqdan qorxmuşdular.

Belə olandan sonra Süleyman da, Seymur da yekdil olaraq belə bir qərara gəlmişdilər ki, pay-piyada yola çıxsınlar və üç saatdan sonra olsa da öz evlərinə çatsınlar. Çünki arvad-uşaq evdə tək idi. Qəsəbədə işıqlar sönə, qaz kəsilə bilərdi (adətən, qar yağanda belə şeylər olurdu) və uşaqlar əziyyət çəkərdilər.

Budur, onlar üç saatdan artıq idi yoldaydılar, ləhləyə-ləhləyə irəliləyirdilər, amma yolu hələ indi-indi yarı etmişdilər, üstəlik, gücləri xeyli tükənmişdi. Üzü küləyə doğru irəliləyə bilmir, çönür, irəliyə doğru dal-dalı gedirdilər. Başqa variant yox idi.

Hələ yaxşı ki, hər ikisinin əyni qalın idi, ayaqlarındakı yarı uzunboğaz çəkmə də etibarlıydı, su keçirmirdi, yoxsa nəfəsləri tamam kəsilərdi.

- Seymur, əminin ölmüşünə, mən Sibirdə bundan da betər qar-boran görmüşəm, amma ya yol, düz olub, ya özüm cavan olmuşam, nədisə, belə zülm çəkməmişəm, - nəhayət ki, Süleyman da irəliləməkdə çətinlik çəkdiyini etiraf etdi. Ancaq bu sözünün Seymuru ruhdan salacağını düşünüb sözü başqa cür bitirdi: - Amma boş şeydir, sən öl. Hər atdığımız addım bizi evə yaxınlaşdırır. Çatıb oğlunla oynayanda bu əziyyət yadına düşməyəcək.

Onlar bir-birinə yapışmış halda irəliləmək istəyirdilər, guya ki, bir-birinə kömək edirdilər, amma daha çox bir-birinə mane olurdular. Dincəlmələri, bir hovur nəfəs dərmələri lazım idi. Tamam əldən düşmüşdülər. Seymur da tez-tez “bir az nəfəs dərək” deyirdi.

Süleyman ətrafa göz gəzdirib daldalanmağa bir yer axtardı. Bu, elə yer olmalıydı ki, heç olmasa bircə tərəfi tutulu olsun. Bir xəndək, bir qaya da işə yarayardı, fəqət heç nə yox idi. Onlar ölüm-zülüm iyirmi metr də yol qət etdilər. Nəhayət, Süleyman bir az irəlidəki köhnə təkərləri gördü. Onların təkər olduqları qarın yaratdığı dairəvi mənzərədən bəlliydi.

Yolçular təkərlərə çatdılar. Yeddi-səkkiz iri təkər idi. Görünür, yol keçən yük maşınlarının sürücüləri atmışdılar. Seymur bir az canlandı. Bu təkərlərdən bir daldalanacaq düzəltmək, ən azı qarını silib üstündə oturmaq olardı.

- Heyf. Benzinimiz, ya da neftimiz olsa, birini yandırardıq, həyat olardı, - Seymur dedi.

Süleyman düşündü ki, dünyanın işinə bax, bu saat kimlərsə isti yumşaq, ağappaq qar kimi yorğan-döşəkdə uzanıb televizora baxır, biz çöllü-biyabanda təkər yandırmaq üçün bir butulka neft arzulayırıq. O, düşündüyünü dedi və elə bildi ki, Seymur onun bu tapıntısına güləcək. Amma Seymur bir az da bədbinləşdi:

- Biz əvvəldən bəxtiqara gəlmişik bu dünyaya, qağa. Həmişə ölməmək üçün çalışmışıq.

Süleyman daha ona fikir vermədi, təkərləri gah üst-üstə qalaqladı, gah yan-yana düzdü ki, külək tutmayan bir daldalanacaq düzəltsin.

Yolçuların bəxtindən yerindən qaldırılan təkərlərin altından, böyür-başından bir mazutlu kombinezon, bir az brezent cırığı, bir-iki də mişar daşı çıxdı Bunlardan nəsə bir şey düzəltmək mümkün olacaqdı. Onlar köməkləşərək təkərləri elə düzdülər, kombinezon və brezent cırığını mişar daşlarını elə yerləşdirdilər ki, altında iki adamın başını soxmasına yer olsun. Süleyman buna qane olmadı, bir az axtardı, əlinə işə yarayan bir şey keçmədi və qayıdıb daldalanacağa girərək Seymura söykəndi.

- Yarım saat dincələk, sonra tərpənək, - Süleyman dedi. – Bax, birdən yuxu səni aparar ha, o saat don vurar. Şaxta var havada. Çox deyil, bir-iki dərəcə olar, amma bu, bəs edər.

- Hə, bir az dincələk, tərpənək, - Seymur ona cavab verdi və ümid dolu səsiylə əlavə etdi: - Ona qədər də qar kəsər, külək yavaşıyar yəqin.

İndi onların üzünə qar qırması dəyirdi, külək də bıçaq kimi kəsmirdi, amma hava çox soyuq idi, ona görə də bir-birinə qısılmışdılar.

Süleyman Blaqoveşşenskdə, Zeya çayının qırağında keçirdiyi günlərdən, hərarətli cavanlığından, elədiyi keflərdən, qazandığı pullardan xeyli danışdı.

Bu söhbətlərin bir hissəsinə Seymur əvvəllər də qulaq asmışdı, amma indi Süleyman söhbətin gözünə əlavə şeylər də qatırdı – güman ki, fəlakət yoldaşının həyat eşqini artırmaq üçün. Əgər Seymur yorulub əldən və bədbinləşib ruhdan düşsəydi və getmək istəməsəydi, onu burada qoyub getmək olmazdı. Bu namərdlik olardı, nə Süleyman bunu özünə bağışlayardı, nə də başına pis bir iş gələcəyi təqdirdə Seymurun ailəsi, valideynləri. Araya ömürlük düşmənçilik düşərdi.

- Gündə biriylə gəzirdim, - Süleyman söhbətinə davam etdi. – Dostlarla yeyib-içirdim, lül-atəş olurdum, hansı arvadımın evinə yaxınamsa, gedib orda yatırdım. Pul da xəzəl kimi gəlirdi. Ruslar arağa düşkündürlər axı, məndə kletkayla olurdu, kitaylardan alıb yığırdım, sonra ikiqat qiymətinə satırdım bunlara. Ehhh, kefiydi, əşi.

Bu yerdə Seymur hər kəsin verə biləcəyi sualı verdi:

- Eləydisə, niyə gəldin bu xarabaya?

Görünür, Süleymana bu sualı çox vermişdilər, ona görə də onun cavabı hazır idi, bir an belə ləngimədən cavab verdi:

- Vəziyyət dəyişmişdi. Ayılmışdılar köpəyuşağı. Elə hey deyirdilər, siz dünyanın o başından gəlib bizim torpaqlarda pulu lapatka ilə kürüyüb yığırsız, biz acından ölürük, sizdən borc pul, nisyə araq alırıq. Qırxıqbaş gədələr gündə bir zemlyakımızı tutub döyürdülər, ya da vurub öldürürdülər. Hökumət adamları da gündən-günə daha çox pul istəyirdilər. Bir ayda 3 rayonlumuzu öldürdülər, beş-altısını da tutub basdılar. Gördüm, yox e, bu gedişlə sıra mənə də çatacaq, çıxdım aradan. Pul-zad boş şeydir, əsas başın salamatlığıdır. Mən gələndən sonra da tanıdığım uşaqların meyiti gəldi, gördüm, düz eləmişəm. Amma, sən öl, vəziyyət bir az düzəlsə yenə getmək istəyərəm. Səni də apararam. Gedib bir beş-altı il də voyevat eləyib qayıdarıq.

Qəribəydi havadakı iki-üç dərəcəlik şaxtaya tab gətirməyən yolçular uzaq Sibirin otuz-qırx dərəcəlik şaxtasındakı həyatın istisiylə isinmiş kimi oldular. Bayaqdan bəri ilk dəfə Seymurun sifətində təbəssüm yarandı. Süleyman onu bir az ruhlandırdı.

- Seymur, - o, yanıqlı səslə dilləndi, - deyirəm, bu saat heç nə yox, adama yüzcə qram araq olaydı. Sən öl, elə bilərdin, qarnında peç qalayıblar. Kopolunun malı başqa nemətdir.

- Onu çatıb evdə içərik, - Seymur cavab verdi. – Hələ bir siqaret çəkək.

Azı iki saat olardı ki, siqaret çəkməmişdilər. Qarlı külək, sazaq onları necə karıxdırmışdısa, heç yadlarına da düşməmişdi.

Süleyman sağ əlcəyini əlindən çıxarıb gödəkcəsinin qoltuğunu eşələdi, əzilmiş siqaret qutusu və alışqan çıxardı. Qutudan iki dənə siqaret çıxardı, birini Seymura uzatdı, o birini damağına qoydu və alışqanla alışdırdı. Təkərlərdən “hörülmüş”, üstü cırıq tentlə, böyrü mazutlu kombinezonla örtülmüş ikiadamlq daldalanacaq işıqlandı. Seymur da siqaretini alışdırdı, dərin bir qullabla tüstünü ciyərlərinə çəkdi. Bir tərəfi açıq daldalanacaq tüstüylə doldu, amma bu, kimsəsiz çöldə naçar qalmış yolçuları narahat etmədi, hətta onlar bu tüstünün içəridə istilik yaratdığını düşündülər.

Qəfildən Seymurun ağlına bir fikir gəldi:

- Ay qağa, bəlkə kombinezonla təkərin birini odlayaq, hə. Mazıtdı də, od tutsa, yanar, təkəri də alışdırar.

Süleyman əvvəlcə “hə, sən öl” dedi, bir az hərəkətləndi, ancaq sonra Seymurun ideyasına şübhə ilə yanaşdı:

- Kombinezon yaşdır, od tutmaya bilər, təkər andır da gec alışan şeydir. Bununku bir butulka benzindir, atırsan üstünə çartaçartla yanır.

- Ə, bir sınayaq də, bizdən nə gedir?

- Yanmayacaq, böyrümüz də açıq qalacaq.

- Yanmayacaqsa, böyrümüz niyə açıq qalsın ki. Götürüb təzədən qoyarıq kubiklə təkərin arasına. Həm də onsuz da durub tərpənəcəyik də.

- Düz deyirsən, - Süleyman razılaşdı. – Popıtka ne pıtka.

Hər ikisi daldalanacaqdan sürüşüb çıxdı. Süleyman kənarda qalmış, “hörgü”də istifadə olunmamış təkəri götürdü, qarını çırpa-çırpa daldalanacağın qabağına gətirdi. Seymur da kombinezonun qarını çırpdı, daha mazutlu yerini alışqanla alışdırmağa çalışdı. Niyyət beləydi ki, kombinezon alışacaq, sonra da təkəri alovlandıracaq. Çətini alov tutana qədər idi, ondan sonra yana-yana, tüstüləyə-tüstüləyə gedəcək. Ancaq düşünüldüyü kimi olmadı. Ya kombinezon yaş və çox kirli-paslıydı, ya da çovğun mane oldu, od tutmadı, eləcə tüstülədi. Naçar yolçular təkər yandırıb qızınmaq arzularının puç olması faktıyla barışmalı oldular. İndi başı soxmağa daldalanacaq da yox idi. Getməliydilər.

Yola düzəldilər. Dincəlməzdən əvvəlki vaxta nisbətən indi hərəkət etmək asan idi. Ancaq o qədər yox ki, normal şərtlərdəki normal insanlar 1 saata 5 kilometr gedə bilsinlər. Onlar bir saata iki kilometr ancaq gedə bildilər. Yol dərə-təpəli olduğundan yoxuşları qalxmaq xüsusilə zülm idi. Enişləri enmək rahat olurdu. Növbəti yoxuşun başına qalxdıqda Seymurun gözünə irəlidə, səpələyən qarın arasından uzaqlarda qırmızı işıq göründü. O dərhal dilləndi:

- Süleyman, qabaqda işıq gördüm. Yandı keçdi. Maşın stopunun işığıydı.

Süleyman işığı görməmşdi, əvvəlcə inanmadı, ancaq Seymur elə ciddi-cəhdlə and içdi ki, o da inanası oldu. Onlar həmin istiqamətdə baxmaqdaykən qırmızı işıq bir də yandı-söndü.

- Hə, “KamAZ” işığıdır, - Süleyman dilləndi. - Qəsəbəyə tərəf gedir.

- Yox, getmir, - Seymur razılaşmadı. – İlişib qalıb.

- Gedirsə, ondan bizə nə, getmirsə, bizə nə?

- Çatıb kabinəsinə girsək, donub ölmərik.

Ağıllı fikir idi. Yolçulara yenidən ruh, güc-qüvvət gəldi. Onlar addımlarını yeyinlətdilər. Amma qırmızı işıq gələn yerə qədər azı bir kilometr məsafə vardı və yolun yarısı yoxuş idi.

Bu mükalimədən təxminən saat yarım sonra onlar işığı gələn yük maşınına çatdılar. Son yüz metri onlar çətinliklə qət etdilər, əməlli-başlı qarın üstü ilə süründülər, nəfəsləri qaraldı, hətta aradan hər şeydən vaz keçib, özlərini qarın, şaxtanın altına, Allahın ümidinə buraxmaq istədilər. Sadəcə, biri “dözə bilmirəm, gücüm çatmır” deyəndə o birisi “bir şey qalmayıb, çatırıq” dedi, sonra o birisi ümidini üzəndə bu birisi ürək-dirək verdi. Əgər onların ikisi də eyni anda ümidsizliyə qapılsaydılar, elə yoxuşdaca dönüb öləcəkdilər.

“KamAZ” xilas demək idi. Onlar sürünə-sürünə daş dolu maşına çatanda sürücü yan güzgüdə onları gördü. Əvvəlcə bir az qorxdu, yad adam hesab elədi, sonra anladı ki, sürüncəkli qalmış adamlar ona heç bir təhlükə törətmirlər. Sürücü maşınından düşdü, onlara yaxınlaşdı, danışdırıb tanıdı. İkisini də birtəhər maşının kabinəsinə qaldırdı, öz yeri keçib mühərriki işə saldı, maşının sobasını yandırdı və o onları danlamağa başladı:

- Rəhmətliyin uşağı, bu havada piyada yola çıxarlar? Mən kabinədə oturmuşam, qara günümü qablamışam ki, donub qalacam burda, siz qəsəbəyə piyada çatmaq istəyirdiniz?

Süleyman da, Seymur da susurdular, labüd ölümdən qurtulmağın sevinci bir yana, artıq donmuş dodaqları da söz tutmurdu, eləcə sevincə halda baxırdılar.

# 2057 dəfə oxunub

Müəllifin son yazıları

# # #