Kulis.az yazar-tərcüməçi Təvəkgül Boysunarın “Azərbaycan ədəbi mühitinə ötəri bir nəzər” yazısını təqdim edir.
Əziz oxucular və yazarlar, əgər siz Azərbaycan ədəbi mühitinin, xüsusən də, ədəbi gəncliyinin hal-hazırkı ümumi vəziyyətinin necə olduğuna həssas bir müşahidəçinin gözü ilə baxmaq istəyirsinizsə, o zaman aşağıdakı abzaslara ötəri də olsa, bir nəzər salın.
Əvvəla, onu deyək ki, bir öncəki ədəbi gənclik öz enerjisinin böyük bir qismini qəvi düşmənləri olan AYB rəhbərliyi əleyhinə kəskin satiralar, tənqidlər yazmağa sərf edirdilərsə, qoca fələk öz çərxini AYB-nin xeyrinə necə döndərdisə, zəmanə bir qədər dəyişdi və bugünkü ədəbi gənclik Feysbuka elə aludə oldu ki, kimlərləsə cəng etməyə, tənqidlər yazmağa boş vaxtları da qalmadı. Yazsalar da komment səviyyəsində yaza bildilər.
Əvvəlki ədəbi gəncliyin nümayəndələri bir-birini çayxanalarda və ya öz evlərində, süfrə arxasında tərifləyirdilərsə, bugünkü ədəbi gəncliyin bir-birinə dəm-dəstgahlı təriflər yağdırdığı məkan yenə də Feysbuk oldu.
Feysbuk məsələsinə qayıdacağıq, amma bundan öncə belə bir suala aydınlıq gətirək: Ölkədə ədəbiyyat adına mətnlərin çap olunduğu əsas mətbu orqan, yəni sayt və ya qəzetlər hansılardır?
Hər sayında, geniş-geniş səhifələrinin 90 faizi ədəbiyyata dəxli olmayan zəif və keyfiyyətsiz mətnlərlə doldurulmuş bir qəzet haqqında daha ətraflı fikir bildirmək istəyində olsam da hələlik, müşahidələrim bitmədiyi üçün və bəzən ümidli nələrsə görsəndiyi üçün bu barədə qənaətlərimi başqa bir yazıya saxlamaq fikrindəyəm.
Bəs saytlar?
Ədəbiyyat yolunda heç bir təmənna güdmədən mübarizə aparan, tərcümələr edən, iddiasız və cəfakeş xidmət göstərən Qismət Rüstəmovun “hard” ədəbiyyat içərən sim-sim.az saytını mütləq qeyd edibən daha məşhur olan və daha çox oxucunu, müəllifi öz başına yığan Kulis.az saytındakı yazılardan danışaq.
Və danışmazdan əvvəl saytın redaktoru Şərif Ağayara bir şeydə təşəkkür edək ki, özü haqqında, yaxud hətta yaxın münasibəti olan hansısa nüfuzlu yazar haqqında tənqidi yazıları çap etmək, fərqli mövqelərin hər birinə saytda yer vermək kimi bir şərəf nümayiş etdirərək öz obyektivliyi ilə bizi sevindirir. Şahid olduğumuz qədəriylə...
Bəs ədəbi gənclik öz yazılarını bu saytda çap edirmi?
Bəli, çap edir.
Və elə yazımızın əsas hissəsi də bu haqdadır.
Əziz oxucular, gənc yazarların böyük qismi elə qəribə bir mərəzə düçar olub ki, ortaya qoyduqları mətnlər bir xeyli zəif olsa da, şöhrət monopoliyası quraraq tezbazar özlərinə ədəbi “kruq” yaradırlar. Və ya ortayaşlıların onlardan əvvəl yaratmış olduğu “kruq”lara böyük həvəslə daxil olurlar. Vəssalam! Elə faciələr də bu ədəbi “kruq” üzvlərinin bir-birinə qəsdən və ya zövqsüzlükdən doğan təriflər yağdırmağından qaynaqlanır.
Məsələn, əziz oxucular, hər səhər kompüter arxasında işə başlamazdan əvvəl Kulis.aza daxil oluram və bəzən gənc, yaxud orta yaşlı yazarlardan birinin saytda yeni hekayəsinin yayımlandığını görürəm. Gəlin həmin yazara şərti olaraq Murtuz adını verək. Əgər uğurlu ad tapmamışamsa, xahiş edirəm, qüsuruma baxmayasınız və nəzərə alasınız ki, mən bu yazını öz hekayələrimə xərcləməli olduğum dəyərli vaxtımdan alaraq yazıram. Bu səbəbdən tələsirəm və hətta arabir vaz keçib dayandırmaq istəyirəm.
Ona görə, Murtuzla kifayətlənək!
Hə, bu Murtuz bəyin hekayəsinə girirsən ki, başlayasan oxumağa. Başlayırsan da. İlk cümlədən adamın yaza bilmədiyini hiss edirsən. Bir abzası çətinliklə sona çatdırırsan və zövqünün korlanmamasından yana oxumağı dayandırıb tez hekayədən çıxırsan.
Komediya da bundan sonra başlayır. Feysbuka girirsən və bir də görürsən, həmin ədəbi kruqun başqa bir növcavanı bayaq sona qədər oxuya bilmədiyin zəif hekayənin linkini paylaşıb və yazıb:
“Murtuz, sən neyləmisən? Sən vəhşisən, qaqaş. Çox əla hekayədir. Girin oxuyun. Şəkərbura kimi hekayədir.”
Sən şəkərbura bənzətməsindən bir az təəccüblənirsən, amma bu statusu elə də ciddiyə almırsan, aşağı düşəndə isə görürsən, kruqun digər gənc yazarı da həmin hekayəni tərifləyib. Amma o, şəkərburadan da maraqlı bənzətmə edib və yazıb:
“Hind qozu kimi hekayədir!”
Bundan sonra təzədən sayta qayıdıb hekayəni zülm-zillətlə sonacan oxuyursan. Və itirdiyin vaxta, korladığın zövqə heyfin gəlir.
Hekayənin nədən ibarət olduğunu artıq bilirsən. Di gəl, feysbuka girəndə görürsən ki, indi də kruqdan digər yazar belə bir status paylaşıb:
“Murtuz, sən nə nanəcib adamsan, a kişi?!”
Statusun birinci cümləsindən sonra düşünürsən ki, ay nə gözəl, nəhayət bir nəfər dürüst olmağı bacararaq sağlam tənqid yazıb. Amma sona qədər oxuyanda məlum olur ki, bu da tərif imiş. Sən demə adam hekayədən necə təsirlənibsə, artıq özünü itirib və belə qəribə tərzdə təriflər söyləyir. Məsələn, həmin status belə bitir:
“Mənə od qoydun, qardaş. Adam belə gözəl yazmaz. Allah sənin gözlərini çıxarsın.”
Murtuz qoçağım isə altda şərh yazır:
“Sağ ol, ürək!”. Axıra da nida qoyur.
Sonra enirsən aşağı və başqa status görürsən.
“Murtuz, ürəyim sızıldadı, sən öl. Əla hekayədi”
Sonra başqa status:
“Murtuz ciyərlərim yandı”
Sonra başqası:
“Murtuz böyrəklərim soyuqladı, qardaş. Sən qoduqsan!”
Və s.
Bir az da aşağı enəndə profilinə yarıçılpaq şəklini qoyan və tez-tez erotik “stori”lər paylaşan, ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan bir qızın statusunu görürsən. İstər-istəməz qorxudan gözlərini yumursan ki, birdən o da Murtuzu tərifləyər. O da, məsələn, belə yazar:
“Murtuz, döşlərim xışmalandı. Səni para-para olasan. Sən yazma. Çünki çox gözəl yazırsan.”
Bundan sonra öz-özünə deyirsən ki, ala, bunlar bu hekayəyə yaxşı deyirlərsə, bəlkə mən də zəif hesab edib arxivə tulladığım, gün üzünə çıxarmadığım hekayələrdən bir-ikisini sayta göndərim?
“Tırka”ya gedib göndərirsən də. Bir neçə gün gözləyirsən, amma çap olunmur. Və sonra bu cür ortabab, amma mətbuatda çap olunanların 99 faizindən yaxşı olan bir hekayəni göndərdiyin üçün peşman olursan və deyirsən, yaxşı ki, baş redaktorun bu qədər yazılar içində o hekayəni oxumağa və saytda verməyə vaxtı çatmayıb.
Bəli, yaxşı ki, vaxtı çatmayıb!
Beləcə, özünə söz verirsən ki, bir də Feysbukdakı ədəbi dostların təriflədiyi hekayənin “tırka”sına getməyəcəksən.
Bəzənsə, bir az normal hekayə olanda feysbukda müəllifə uğur arzulayırsan, amma müəllif “kruq”dan kənar adamın naməhrəm kommentinə heç qoz da, üzr istəyirəm, layk da qoymur.
Təbii, ədəbi “kruq” üzvlərinin Feysbukda bir-birinə bu cür dəstək olmaqları, bir-birinin yazılarını paylaşmaqları gözəldir. Gözəl olmayan şey birmənalı şəkildə həmişə bir-birini yalandan tərifləmələridir. Axı məlum məsələdir ki, yaxşı nəsr əsəri ortaya qoymaq çox çətin bir işdir.
Bəzənsə elə olur, ədəbi gənclər də, ədəbi ortayaşlılar da bir-birinə qoşulub, məsələn, deyək ki, 80-cilər nəslinin bir yazıçısını tərifləyirlər. Hərəsi bir tərəfdən o yazıçıya “ustad”, “ustad” deyir. Az qalır, aralarında müsabiqə keçirilsin ki, bu yazıçıya kim daha çox “ustad” deyəcək.
Və belə məqamda sən o ustad yazıçının ən tərifli əsərini tapıb başlayırsan oxumağa. Yenə də təəccüblənirsən. Düşünürsən ki, axı, misal üçün, 80-cilər nəslinin daha usta, daha güclü yazıçıları var. Necə olur, siz sözü bir yerə qoyub o yazıçıdan daha zəif olan başqa bir yazıçıya ağızdolusu “ustad” deyirsiniz?
Yaxşı, ona ustad deyirsiniz-deyirsiniz, o zaman ondan daha güclü olan yazıçı haqqında ədalət naminə bir kəlmə deməyə nə üçün özünüzdə ehtiyac hiss etmirsiniz?
Yoxsa elə zövqünüz ancaq bu qədərdir?
Yaxud bir də görürsən, başqa bir yazar öz 10-luğunu Feysbuk statusunda paylaşıb. Pəəh... Onluqdakı bütün müəlliflər - öz iş yoldaşları, yaxud dostları, bir sözlə öz “kruqları”. Və iş orasındadır ki, o onluqdakıların çoxu nəsr yazmağı hələ öyrənə bilməyib.
Yuxarıda Murtuza tərif yağdıranlar arasında, təbii, şairlər də var. Onlar bir-birinin şeirlərinə də laqeyd qalmırlar və özünəməxsus şəkildə tərifləyirlər.
Əksəriyyəti sərbəst şeirin anasını ağladan, uyğunsuz və uğursuz bənzətmələri harmoniyasız, ilhamsız nəsr cümlələri şəklində yan-yana, alt-alta düzən bu şəxslərin ortaya qoyduqları mətnlər yaxşı poeziyadan çox uzaq olsa da, nakam sevgidən əzab çəkən gənc və zövqsüz qızlar onların sadiq oxucularıdır və buna görə də həmin şairlər öz şeirlərini adətən banal sevgi notları üzərində qurur.
Çox vaxt onlar, Aqşin Yeniseydən sonra artıq olduqca çeynənmiş, Ezra Paundun təbirincə desək, “hackneyed” bir üslubda, cümlələrinin sonuna “dır” şəkilçisini artırıb ayrılıq, sevgi, unutmaq kimi məfhumlara izahat verirlər və eşq acısı çəkən gənclərin ürəyinə toxunmağa çalışırlar. Məsələn, onların şeirlərində təxminən buna bənzər cümlələr görə bilərsiniz:
Sən gedəndən sonra gözlərimin altı şişdi,
Üz-gözümü sızaqlar basdı, kirpiklərim töküldü.
Getmək əslində ayaq üstə yeriməkdir.
Unutmaq - filan şey yox, filan şeydir,
Camaat səhv bilirmiş onu.
Dünənki mübahisəmiz əslində mübahisə yox,
bizim eşq nizamnaməmizin müzakirəsi idi.
Sən niyə gəlmirsən axı?
Xatirələr məni minib-çapır.
Həsrətin əlindən birtəhər olmuşam.
Həsrət - əslində canına azardır.
Yanlış anlaşılmamaq üçün onu da qeyd etmək lazımdır ki, sonu xəbər şəkilçiləri ilə bitən cümlələrin dolub-daşdığı və müxtəlif məfhumlara bu cür banal təriflərin verildiyi çoxsaylı zəif və bezdirici şeirlərdən fərqli olaraq indiki ədəbi gəncliyin yaratdığı poeziyada bu üslubun uğurla və orijinal formada işləndiyi dəyərli şeirlər də var.
Bunu da qeyd etmək vacibdir ki, xoşbəxtlikdən gənc şairlər arasında, həqiqətən də istedadlı, yaxşı mətn yazanlar da var. Təəssüf ki, o şairlərin böyük bir qismi yuxarıda təsvir etdiyimiz məşum “kruq”da yer alırlar və bu səbəbdən də saxta təriflər sayəsində uğursuzluğa düçar olmaq təhlükəsiylə üz-üzədirlər.
Belə...
Bugünkü ədəbi mühit və ya ədəbi gəncliyin durumu təxminən bu yazıda təsvir etməyə çalışdığımız kimidir.
Ədəbi mühitimizə ötəri nəzər salmağa çalışdığım bu məqalə artıq sona çatmaq üzrədir. Bundan sonrakı cümlələr isə sizə elə də maraqlı olmaya bilər, amma maraqlı olanlar üçün onu deyim ki, bu yazı, uzun müddətdir beynimdə dolaşan və ard-arda məqalələr şəklində yazmağı planlaşdırdığım silsilənin sadəcə birinci hissəsi, daha doğrusu, girişi idi. Və bu girişdən sonrakı yazıda mən müasir ədəbiyyatımızın ciddi imzası - sahib olduğu istedad, zahirdə və danışıqda da özünü büruzə verən istedad tiplərindən olan, amma qeyri-adi və heyrətamiz bənzətmələrin yer aldığı çoxsaylı misralarına rəğmən, bitkin və bütöv şeirlərinin sayı çox olmayan, müasir Azərbaycan nəsrində ən dolu və enerjili cümlələri yazmağı bacaran, buna baxmayaraq, sanki onu arxasınca çəkib aparan hansısa mələkvari ifritəyə aldanıb yolundan azırmış kimi ciddi nəsr yazacağı abzasları fəlsəfə qarşısında, sevgini şəhvətə qurban verərcəsinə qurban verən və bütün dövrlərdəki Azərbaycan ədəbiyyatında satiranın ən böyük ustalarından olan Aqşin Yeniseydən bəhs edəcəkdim və həmin yazının adı “Allah Aqşin Yeniseydən necə “qisas alır” olacaqdı.
Lakin bayaqdan bəri oxuduğunuz məqalənin son nöqtəsini keçən ayın, yəni avqustun 12-də qoyandan bir neçə gün sonra həm Aqşin haqqındakı yarımçıq yazını, həm də növbəti beş məqaləni (adları: 1.“Kəramət Böyükçöl üçün ən doğru diaqnoz”, 2. “Şəhriyar del Geraninin ayağa durub yer verməli olduğu xanım”, 3. “Pornoaktyorlarla ədəbiyyatşünaslar arasındakı oxşarlıq və ya Qismət Rüstəmov haqqında bir neçə söz”, 4. “Üç şairə - Esmira Mehiqızı, Bahar Zamanova, Nərmin Kamal” , 5. Seymur Baycan, yoxsa Ceyms Coys 6.“Alpay Azər və üç gənc nasir – Şamxal Həsənov, Ayxan Ayvaz, Sərdar Amin”) yazmalı olub-olmamağımla bağlı ciddi bir şübhəyə qapıldım.
“Bunları yazmalıyammı? Niyə yazmalıyam?” - deyə düşünüb axırda yazmamağa qərar verdim və çiynimdən götürülmüş yükün rahatlığıyla bir az avaralanandan sonra yalnız indi, təxminən bir ay keçcək bu məqalənin son cümlələrini yenidən yazarkən hiss edirəm ki, adları və bütün ideyaları artıq hazırlanmış olan, amma abort olunduğu üçün dünyaya gələ bilməyən uşaq kimi yarımçıq qalmış o məqalələrin heç olmasa başqa biri tərəfindən yazılmağını necə arzu edərdim.