Yazıçılara ev verilməsinə qəzəblənən Rövşanə Ağasəfqızı

Rövşanə Ağasəfqızı, jurnalist

Rövşanə Ağasəfqızı, jurnalist

24 noyabr 2023
# 15:00

Kulis.az Təvəkkül Boysunarın "Rövşanə Ağasəfqızı – dayazlıq ilahəsi" adlı yeni yazısını təqdim edir.

Bəxt məndən necə üz döndərdisə, yazıçıların ev məsələsi ilə bağlı verilişlərin birində Rövşanə Ağasəfqızının meydan suladığı videolara səhər-səhər baxası oldum. Qarşısındakı qadınların fağırlığından maksimum yararlanmağı bacaran, sanki xüsusi tapşırığı yerinə yetirirmiş kimi əl-ayağa düşən, iki saniyədən bir digər qonaqların sözünü kəsən, verilişdə qonaq olduğunu unudaraq özünü aparıcı kimi göstərmək istəyən və o səbəbdən də həmsöhbətlərinə yox, arabir kameraya baxan bu xanım əfəndinin canfəşanlığını bir az analiz edən kimi dərhal yadıma “Dədə Qorqud” filmindən bir səhnə düşdü və zindandan təzəcə qayıtdığı vaxt bacılarının Beyrəyə dediyi sözləri bir-bir yadıma sala-sala xəyalımda Rövşanə xanıma belə bir müraciət etdim:

“Ey pəriçöhrə, əgər uzun zülflərinizin yerində qısa və bir az da ağarmış saçlar olsaydı; simanız, azacıq kişi simasına bənzəsəydi; qarşınızdakı adama ağıl verirmişcəsinə hər dəfə hikkəylə yellədiyiniz o barmaqlarınız kobud və qırışlı kişi barmaqları olsaydı; hündürdaban ayaqqabılar əvəzinə, min cür yamaqlara məruz qalmış kasıbvari bir ayaqqabı geyinsəydiniz, mən sizin bu canfəşanlığınızdan və məqsədli tərəfkeşliyinizdən elə zənn edərdim ki, siz Rövşanə Ağasəfqızı yox, görkəmli siyasətçimiz Hafiz Hacıyevin eynən özüsünüz”.

Verilişdə özünü “high-budget Rövşanə” kimi apardığını zənn edən, lakin başa düşənlərin gözündə “low-budget Hafiz Hacıyev” kimi görsəndiyinin fərqində olmayan baş qəhrəmanımızın mövqeyindəki anormallığı, yanlışlığı və məntiqsizliyi tutan hər kəs dərhal fərqinə varardı ki, azdan-çoxdan mütaliəsi olduğunu deyən, üç-beş kitab oxuduğunu iddia edən bu xanımın oxuduğu mətnlər, yekə bir dananı udub yerindən tərpənə bilməyən pitonun qarnındakı qida kimi hələ də həzm edilməyib və həzm ediləcəyinə də zərrəcə ümid yoxdur.

İki kəlmədən bir gərəksiz yerə “44 günlük zəfər” söhbətlərini ortaya atmaqdan yorulmayan Rövşanə xanım iddiayla soruşur ki, axı yazıçılara dövlət nə üçün ev verməlidir?

Feysbukdakı sıradan və dayaz adamların bu məzmunda dayaz və mənasız statuslar yazdığını son günlər çox görmüşdük, lakin bu bizi elə də narahat etməmişdi, çünki o adamların əksəriyyəti savadsızdır və başa düşmürlər, bilmirlər ki, əsl sənət yaradan adamlar tarix boyu aclıq və kasıblığa düçar olublar. Amma görəsən, Rövşanə xanımın da savadı çatmırmı onu bilməyə ki, 9 axçadan yana haramxor və rüşvətxor məmurların ayağına gedən şərqli Füzulidən tutmuş, heç bir xəstəliyini müalicə etdirməyə gücü çatmayan və 37 yaşında faciəvi şəkildə səfalət içində ölən qərbli Robert Börnsə qədər, neçə-neçə Hadilər, Van Qoqlar, “Çarlz Striklend”lər, Markeslər, Heminqueylər məhz sənət yaratdığına görə, həyatını sənətə həsr etdiyinə görə bir qarın ac, bir qarın tox yaşamağa məcbur olublar. Və əgər tarixin bu acı təcrübəsindən dərs çıxaran hansısa hökumət, bu gün o yazıçı-şairlərin xələflərinə kömək göstərmək istəyirsə, burda pis olan nə var və siz niyə bu qədər narahatsınız? Axı əgər zərrəcə vicdanınız varsa, sizi narahat edən şey bu yox, o yardımın doğru ünvana çatmamağı olmalıdır.

Vicdanınız olmaya bilər, amma yəni sizin doğrudanmı bu məqamı anlamaq üçün intellektiniz də yoxdur ki, “onlara niyə ev verilmir?” deyə adını çəkdiyiniz həkimlər, müəllimlər öz işlərini görərək müştərilərindən normal qazanc əldə edir, yaxud dövlətdən maaş alırlar, lakin sənət yaradıcılarının maaşları və müştəriləri çox vaxt yalnız onlar qəbrə getdikdən sonra ortaya çıxır. (Xüsusən, bu cür kitabsız cəmiyyətlərdə)

Əlbəttə, Rövşanə xanım etiraf etsəydi ki, mən sənət-mənət, mədəniyyət-zad bilmirəm, hər kəs bərabər olmalıdır, o zaman ona deyəcək sözümüz olmazdı.

Lakin iş orasındadır ki, xanım əfəndi verilişin bir yerində də başlayır bütün şair və yazıçıları dar ağacına çəkməyə ki, bəs siz niyə bizim şanlı 44 günlük zəfərimizlə bağlı bir əsər ortaya çıxarmamısınız? Niyə heç bir əsər yazılmayıb?

Görəsən, Rövşanə xanım ac qalmamaq, ailəsini ac saxlamamaq və kirayə pulunu çatdırmaq üçün bütün enerjisini publisistikaya, redaktəyə, tərcüməyə və digər bu kimi işlərə sərf edən və yazmağa vaxt tapa bilmədiyi əsərlərinin yüküylə yaşayan, əslində isə yaşamayan şair-yazıçılardan, hansı kimlik və sima ilə belə bir tələbdə bulunur?

Şübhəsiz, Rövşanə xanım bu sualı AYB-dən ev alan, ancaq ədəbiyyata heç bir əlaqəsi olmayan adamlara versəydi, daha məntiqli olardı. Lakin onun əsas məqsədi də məhz bu məqamların müzakirəsinə imkan verməmək, buna mane olmaq, mövzunu yayındırmaqdır.

İkicə cümləni bir dildən başqa dilə tərcümə etmək tapşırığı verilsə, bəlkə də, işin ağırlığından stresə düşüb əlifbanı unudacaq Rövşanə xanım, qarşısındakı tərcüməçi Sevil Gültənin öz xidmətlərini saymasına da imkan vermir və deyir ki, siz buna görə maaş alırsınız da.

Amma, hörmətli Rövşanə xanım, nəzərinizə çatdırım ki, sizin də gördüyünüz işlər kimi bəzi sıradan və səthi işlərdən fərqli olaraq bədii tərcümənin gətirdiyi qazanc, heç də sizin o qadınla bu cür danışmağınıza rəvac verəcək qədər çox deyil. Hətta işin əhəmiyyəti qarşılığında olduqca cüzidir.

Nəysə, yarımçıq hekayəmə sərf etməli olduğum dəyərli vaxtımı bu məsələlərə, bu yazılara, bu cür insanlara sərf etdiyim üçün özümdən üzr istəyirəm və məqaləni elə burdaca, vaxtından tez bitirirəm.

Amma nə qədər ki, cəmiyyətimizdə dayazlıq ilahələri və tanrıları meydan sulamağa, insanlara ağıl verməyə davam edəcəklər, görünür, əsəblərimiz də bir o qədər tarıma çəkilib bizi əsas işlərimizdən yayındıracaq.

# 3568 dəfə oxunub

Müəllifin son yazıları

# # #