Yazıçı olmaya-olmaya ikinci dəfə ev alan qadın

Yazıçı olmaya-olmaya ikinci dəfə ev alan qadın
23 noyabr 2023
# 15:00

Kulis.az Təvəkkül Boysunarın Yazıçılar Birliyində evlərin paylandığı gün” adlı yazısını təqdim edir.

Mən hardan bilə bilərdim ki, müəllifi olduğum “Qadınlara mədhiyyə” kitabını Xalq yazıçısı və AYB sədri Anara aparmaq istədiyim gün, yəni Yazıçılar Birliyinin binasına məhz bu məqsədlə ayaq basdığım gün gedib o məşum olayın – AYB-də evlərin paylanma mərasiminin düz üstünə çıxacağam? Mən bunu necə bilə bilərdim? Əlbəttə, bilə bilməzdim.

Həmin gün başıma gələn başqa əcaib hadisə isə cəmi bir həftədir ayrıldığım keçmiş sevgilimlə elə Sahil metrosunun çıxışında rastlaşmağım, sonra isə artıq özümüzə də ciddi görsənməyən mininci ayrılığımızın mininci pozuluşunu elan edərək AYB binasına – o tarixi məkana birlikdə yollanmağımız idi.

AYB-yə doğru gedərkən o mənə dedi ki, səndən ötrü çox darıxmışam. Cavab verdim ki, mən də çox darıxmışam. Sonra soruşdu ki, hələ də əl çəkmək istəmirsən bu kitab-mitab işlərindən? Dedim, artıq əl çəkmişəm, bundan sonra ancaq özüm üçün yazacağam, sadəcə, son məqsədim öz kitabımı altmışıncılar nəslinin bəzi yazıçılarına çatdırmaqdır. Dedi, başa düşmədim, altmışıncılar nə deməkdir? Dedim, yəni Əkrəm Əylisli, Elçin və Anara öz kitabımı vermək istəyirəm ki, müasir dövr Azərbaycan nəsrinin necə yazıldığına şahid olsunlar.

Dedi, indi kitab apardığın altmışıncı hansı altmışıncıdır? Dedim, Anardır, o həm də Yazıçılar Birliyinin sədridir. Qayıdıb dedi ki, axı onun nəyinə lazımdır sənin kitabın? O sənin kitabını, əlbəttə, oxumayacaq. Boşuna vaxt itirməyək, getməyək ora. Dedim, mənə, sadəcə, birinci səhifəni oxumaqları lazımdır, əgər sonrasını oxumaq istəməsələr, yəni hekayə onları cəlb etməsə, yəni mənim qələmim oxucunu növbəti səhifəyə aparacaq qüdrətdə deyilsə, kitabımı zibilliyə atsınlar, çaydanların altına qoysunlar, qapıların astanasına tıxışdırsınlar, kağızıyla samovar alışdırsınlar, boş səhifələrində riyazi hesablamalar aparsınlar.

Dedi, əsəbiləşmə, əsəbiləşəndə çox seksi görsənirsən və səni öpməyim gəlir. O mənə bu sözləri deyəndə biz artıq Yazıçılar Birliyinə daxil olub ikinci mərtəbəyə qalxırdıq. Buna görə də həyəcanlanaraq təlaş içində ona dedim ki, susss, nə danışırsan, burda belə sözlər danışmaq olmaz, keçmiş şair və yazıçılarımızın ruhları narahat olarlar.

Dedi, haqlısan, bağışla və küskün nəzərlərlə üzümə baxdı. Bu vaxt o, çox cazibəli və şirin görsəndi və mən az qaldım ki, bayaq dediyim sözü unudaraq özüm onu öpüşlərə qərq edim. Ancaq elə həmin an yanımızdan iki xanım ötdü və biz ikimiz də o xanımlardan birinin digərinə böyük sevinclə belə dediyini eşitdik:

- Bu gün ayebedən ikinci evimi alacam.

Sevgilim dərhal məndən soruşdu:

- Ayebe nə deməkdir ki?

Cavab verdim:

- Yəni, Azərbaycan Yazıçılar Birliyi.

Sevgilim növbəti sualı verdi:

- Başa düşmədim, burda ev satışı da olur? Yəni o qadın evi necə alacaq ki?

Dedim, yox, əslində, satış olmur. Sadəcə, hökumət arabir yazıçı-şairlərə ev verir ki, onsuz da, bu zavallı peşədən beş qəpik qazana bilməyən qələm əhlinə dəstək göstərsin və onlar da ev qayğısı çəkmədən yeni əsərlər yazıb ədəbiyyatımızı zənginləşdirsinlər, ölkəmizə Nobel mükafatı qazandırsınlar.

Sevgilim suallarına davam etdi:

- Aaa başa düşdüm. Əladı ki, bu. Onda belə çıxır, bu xanım hansısa məşhur şair, ya yazıçıdır?

Mən xanımın bayaq gördüyüm simasını yadıma saldım, amma o simanı heç bir şair-yazıçının simasına bənzədə bilmədim, sonra onun dalınca diqqətlə baxdım, lakin o, arxadan da heç bir şair-yazıçıya oxşamadı.

Sevgilimlə birgə qərara gəldik ki, addımlarımızı sürətləndirib onlardan qabağa keçək və qadının kimliyini müəyyənləşdirmək üçün bir də cəhd göstərək. Onlara çatanda isə gördük ki, hələ də ev məsələsindən danışırlar. Nə üzdən, nə də arxadan heç bir şair-yazıçıya oxşamayan bayaqkı xanım, yanındakı rəfiqəsinə bu dəfə də belə deyirdi:

- Mən qarşıma məqsəd qoymuşam ki, ayebedən aldığım evlərin sayını beşə çatdırım. Bəs sənin hədəfin neçədir?

Yanındakı qadın cavab verdi:

- Vallah, nə bilim, qismət... Mən hələ birincini bu gün alıram. Düzdür, başqa evim də var, amma o, ayebedən deyil. Allah qoysa, mən də ümumi evlərimin sayını beşə çatdırmalıyam.

- Hə, nə qədər ki, fürsət var, beşə çatdırmaq lazımdır.

Onların üzünə sevgilim də, mən də diqqətlə baxdıq. Mən sevgilimə pıçıldadım ki, deyəsən, bu qadınların heç birinin ədəbiyyata dəxli yoxdur, amma sevgilim də mənə pıçıldadı ki, ay bisavad, sən bilmirsən, bunlar, yəqin, xaricdə tanınmış, məşhur Azərbaycan yazıçılarıdır, yoxsa necə ola bilər ki, hökumət onlara iki-üç ev vermiş olsun. Qəti şəkildə onu inandırmağa çalışdım ki, onlar yazıçı-filan deyil və bu vaxt sevgilim məni təəccübləndirərək o xanımlara yaxınlaşıb gülər üzlə soruşdu:

- Xanımlar, bağışlayın, sizin kitablarınızı imzalı şəkildə əldə etmək mümkündürmü?

Hər ikisi təəccüblə bizə baxdılar və dilləndilər:

- Nəə? Kitab? Kitab nədir?

Sonra biri o birindən soruşdu:

- Yoxsa, kitab yazmısan, ay qız?

- Yox, aazz, dəlisən? Mən kiril əlifbası dəyişiləndən sonra heç bu yeni əlifbanı öyrənmişəm ki? Yazsam, gərək kirildə yazım, o da uje yavaş-yavaş yadımdan çıxır.

- Hə, mən də elə axırıncı dəfə o vaxtlar kitab üzü açdığımdır.

Sonra onlar beləcə söhbətləşə-söhbətləşə bizi adam yerinə qoymadan yollarına davam edib harasa getdilər.

Sevgilim dedi ki, di tez ol, kitabı ver o dediyin yazıçıya, sonra gedək, sıxıldım burda.

Amma mən hiss edirdim ki, bu gün bu tarixi binada nəsə əlamətdar hadisələr baş verməkdədir və hiss edirdim ki, nə vaxtsa hansısa əsərimdə istifadə etmək üçün bu tarixi gündən geriyə qalan insan mimikalarını, kədərləri və sevincləri mütləq müşahidə etməliyəm, ona görə də sevgilimin xahişinə cavab olaraq dedim ki, əzizim, əgər sən istəyirsənsə, elə bu dəqiqə məni tərk edib gedə bilərsən, amma bu çoxmateriallı gündə məni tək buraxmayıb, mənə yar olmaq istəsən, o zaman qəlbimdə qurduğun taxt göylərin daha da yüksək qatlarına qalxmış olacaq.

Sevgilim, qaşlarını çataraq, heç cür tərgizdirə bilmədiyim Türkiyə türkcəsinin o nazlı nidası ilə:

- Yaaaa, - deyə dilləndi və məni qucaqladı.

Mən onun saçlarından gələn ətri hiss edə-edə çiyninin üstündən pilləkən tərəfə baxanda gördüm ki, indi də bir neçə kişi xeylağı, üzlərində sevinc və təbəssümlə ikinci mərtəbəyə qədəm qoymaqdadırlar. Dərhal hiss etdim ki, bu kişi xeylaqları da bayaqkı xanımlar kimi evlə təltiflənənlərdəndir və üzlərindəki təbəssümün səbəbi də məhz bu təltifdir. Amma, bəlkə də, yanılırdım, çünki onlardan birinin imkanlı olduğunu, hətta bağ evinin olduğunu eşitmişdim. Digərinə isə illər əvvəl hökumət tərəfindən ev verildiyini dəqiq bilirdim. Di gəl, iki-üç evi olan bayaqkı qadınları yadıma salanda başa düşdüm ki, yanılmıram və bu sevinc gülüşləri də yalnız ev səbəbindən ola bilər.

Onlar arasında məni tanıyanlar var idi deyə, gözə görünməmək və faş olunmamaq üçün sevgilimə dedim ki, qalxaq üçüncü mərtəbəyə. Lakin sevgilim, incə əliylə tutduğu əlimi buraxmadan üçüncü mərtəbədən sonra məni bir mərtəbə də yuxarıya qaldırdı.

Və bütün planlarım da elə həmin an pozuldu. Çünki dördüncü mərtəbə bir anlıq bizim gözlərimizə o qədər tənha və kimsəsiz görsəndi ki, “Titanik”də gəminin mərtəbələrinə dolan su kimi dördüncü mərtəbənin o uzun dəhlizinin də ehtiras alovuyla dolduğunu və o alovun sel kimi bizə tərəf gəldiyini, bütün bədənimizi bürüməkdə olduğunu hiss etdik.

Sevgilim gözəl gözlərini mənim gözlərimə zillədi, sonra baxışlarını dodaqlarıma tərəf endirdi və mən həmin baxışlardakı tanış ehtirası hiss edər-etməz özümü saxlaya bilmədən dodaqlarımı onun dodaqlarına apardım, ancaq bu vaxt onun da dodaqları artıq mənə sarı yol qət etməyə başlamışdı, nəticədə öpüşümüz ortaq bir nöqtədə baş tutdu. Bir az əvvəl bütün dəhlizi dolduran ehtiras alovu sovrularaq içimizə doldu. Öpüşümüz bizə hər şeyi unutdurdu. Dördüncü mərtəbənin sükutu daha da dərinləşdi. Hiss etdik ki, indi tənha otaqların hər biri diqqətlə bizi dinləməkdə, qapıların hər biri maraqla bizə baxmaqda, döşəmələr və tavanlar öpüşümüzə həyəcanla şahidlik etməkdədirlər.

Necə keçdiyini bilmədiyimiz uzun və alovlu dəqiqələrdən sonra ancaq sevgilimin təngənəfəs səsi öpüşümüzə fasilə verdi:

- Burda boş otaq varr?

Qulağımdakı pıçıltısına pıçıltıyla cavab verib:

- Bilmirəm, - dedim, - yazı yazmalıyam, tədbirə getməyək?

- Yox, getməyək, səni istəyirəm.

- Bəs yazı necə olsun, axı vacib məsələdir.

- Bizdən vacib deyil.

Tədbirin və xəyalımdakı yazının marağı ehtirasıma güc gəlməkdə idi. Bunu hiss edən sevgilim məni əldən buraxmamaq üçün yenidən dodaqlarımı öpüşünə həbs etdi.

- Yazmazsan o yazını, - bir az sonra nigaranlığımı hiss edib dedi.

- Artıq yarısını yazmışdım beynimdə.

- Eybi yox, elə o yarısını da çapa verərsən, altdan da yazarsan, “ardı var”.

- Ardı var?

- Hə.

Bir anlıq beynimdə haqq-hesab apardıqdan sonra:

- Düz deyirsən, ardı var, - dedim və əlimi belinə aparıb onu özümə sıxdım. Bədəni bədənimə batdı.

Heç nədən çəkinmədən ən yaxındakı qapıya tərəf getdik. Otaq bomboş idi. İçəri girdik və arxamızca qapını bağladıq.

22.11.2023

# 10195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #