Xalq yazıçısı həyat yoldaşının əlini öpdüyünə görə kimi döymüşdü?

Xalq yazıçısı həyat yoldaşının əlini öpdüyünə görə kimi döymüşdü?
1 aprel 2025
# 09:00

Bu gün - 1 aprel tarixi, Azəbaycanın mərhum Xalq yazıçısı İsa Hüseynovun (İsa Muğanna) anım günüdür.

"Yanar ürək", "Doğma və yad adamlar", "Məhşər", "İdeal", "Türfə", "Cəhənnəm", "İsahəq Musahəq" romanlarının, "Teleqram", "Saz", "Tütək səsi", "Kollu koxa" povestlərinin müəllifi, "26-lar", "Ulduzlar sönmür", "Nəsimi", "Tütək səsi", "Nizami" bədii filmlərinin ssenari müəllifi olan İsa Hüseynov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi idi.

Kulis.az anım günündə İsa Hüseynovla bağlı bir neçə maraqlı əhvalatı təqdim edir. Əhvalatlar Xalq yazıçısı İsmayıl Şıxlının “Dostum Qabilin qəribə əhvalatları” kitabındandır.

İsa Hüseynov kotletdən necə qurtuldu?


Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində Qabil olurdu ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar. (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. Sapılcadakı kotletlər cızhacızla, çathaçatla qızarır. İsa kənarda dayanıb müşahidə edir. Bilmək istəyir ki, kotletlər niyə belə parta-partla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır.

Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır.

- Əla qızarıb. Bir dadına bax.

Onsuz da vasvası olan İsa geri çəkilir.

- Toxam.

- Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan. Naz eləmə.

İsa başa düşür ki, Qabil əl çəkməyəcək, onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:

- Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə aç, mən də gedim təzə çörək alım.

- Nə olar, lap yaxşı.

İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.

Həmin gün İsa evə gəlmir...




Qabillə İsa Hüseynovun adam döyməyi

Təzə il idi. Evimizdə oturub Yeni ili qarşılayırdıq. Gecədən xeyli keçmişdi. Təxminən, saat üç olardı. Qapımız döyüldü. Açdım. Qabillə İsa idi. Həyəcanlı idilər. Heç Yeni ili təbrik etmək də yadlarına düşmədi. İçəri keçdilər. Sözə Qabil başladı.

- Bu saat Osman Sarıvəllinin yanına gedirik.

- Niyə, Yeni ilini təbrik etməyə?

- Yox, şikayətə. Axı o bizim partkomumuzdur.

- Nə olsun, bu gecə vaxtı nə baş verib?

- İbrahim Kəbirlini döymüşük. O da mənim barmağımı dişləyib. Bir bax!

O, sarıqlı barmağını göstərdi.

- Axı niyə?

- Bilirsənmi,- deyə Qabil yenə qabağa düşdü – İsagillə bir yerdə ailəliklə süfrədə əyləşib yeyib-içirdik. Bala-bala vururduq özümüz üçün. Kefimiz kök, damağımız çağ idi. Birdən qapının zəngi çalındı. Açdıq. Dedik, yəqin, kimsə Allah qonağıdır. Amma gələn İbrahim Kəbirli idi. Görüşdük. Dedik, nə olar, gəlib xoş gəlib, qərib adamdır. Arvadlar da ayağa durub görüşdülər. O əclaf da başladı qızların əlini öpməyə. Cin vurdu başıma. Dedim: alə, bura Moskvadı bəyəm? Biz rus-zadıq ki, arvadların əlini öpürsən? Çırpdıq qapıya, sonra da pilləkən aşağı yumbalatdıq.

Gülümsündüm.

- Yaxşı eləməmisiniz. Adam qonağı evdən qovmaz.

- Ədəbsizi qovarlar.

Gördüm, çox həyəcanlıdırlar. Sakitləşdirmək istədim.

- Yaxşı, İbrahimi siz döymüsünüz, bəs şikayətə niyə gedirsiniz?

- Qorxuruq ki, o bizdən qabağa düşə, sonra bizim partiya məsələmizi müzakirə edələr. Onsuz da Osman müəllim əlimdən yanıqlıdır.

İsa sakitləşmişdi, amma Qabil özündə-sözündə deyildi. Elə bu vaxt telefon zəng çaldı. Dəstəyi götürdüm, İbrahim idi. Mehmanxanadan danışırdı.

- Ayə, ay dədə (atasının adı İsmayıl olduğu üçün mənə “dədə” deyirdi) o səfehlərə de ki, sonra ağılsızlıq eləyib Osman kişinin yanına şikayətə gedərlər. Nəbadə elə iş görələr, biabır olluq. Amma başın haqqı, səfehdirlər. Əclaflar az qalmışdılar ki, məni öldürsünlər.

Dəstəyi yerinə qoydum. Qabil təlaşla soruşdu:

- Kim idi?

- İbrahim.

- Ölməyib ki?

- Yox.

- Şükür Allaha, şükür xudaya.

“Mən Qabilin maşınında getdim...”

Cəfər Cabbarlının ildönümü idi. Yazıçılar İttifaqında qərarlaşdırılmışdı ki, dəstə ilə qəbir üstünə gedilsin. Avtobuslar ayrılmışdı. Bundan başqa, fərdi maşınlar da vardı. Qabil də öz “Moskviç”i ilə dayanmışdı. Gördüm ki, heç kəs onun maşınına minmək istəmir. Kimə təklif edirdisə, gülüb uzaqlaşırdı. Yaman əsəbiləşmişdi. Yaxınlaşdım.

- Qabil, məni apararsanmı?

- Lap sənə quzu da kəsərəm, əyləş.

Əyləşdim. Sevincindən yerə-göyə sığmırdı.

- Səhərdən kimi çağırıramsa, qaçırlar. Qorxurlar ki, maşını sürə bilmərəm. Bircə sən mənə inandın, ürəkli çıxdın. Hara istəsən aparacam. Lap “Volçi-Vorot”dan enib Lökbatana gedərik. Onda görərsən, mən necə maşın sürürəm.

Elə bu vaxt İsa Hüseynov yanımızdan keçdi. Qapını açıb onu səslədim.

- İsa evə xəbər ver ki, mən Qabilin maşınında getdim. Başımıza bir iş gəlsə, narahat olmasınlar.

“İsa, mən ölüm, gecələr yat"

İsa müəllim adətincə gecələr işləyərmiş. Yəni ki, heç vaxt gecələr yatmırmış. Günlərin bir günü Qabil deyir ki, “İsa, sən Allah, gecələr yat, gündüz işlə”. Bir “mən ölüm” də vurur. İsa da razılaşır. Həmin gecə yazmaq əvəzinə, yatır. Gecə saat birin yarısında qapı bərkdən döyülür. Səsə ilk Qabil çıxır. Qapını açır. Görür ki, Süleyman Rüstəm qabaqda, arxada da şair İskəndər Çoşğun. Əlində də iki butulka araq və bağlama.

- Salam, Qabil. Restoranda yeyib-içirdik. Dedim ki, gedək Qabilgildə davam etdirək. İsa da bilirik ki, gecələr yatmır. İki araq götürdük, bir də çörəkarası kabab.

- Xoş gəlmisiz, Süleyman müəllim. Keçin içəri.

Qonaqları otağa keçirən Qabil gəlib İsa Hüseynovun yataq otağının qapısını döyür:

- İsa, ay İsa. Dur ayağa. Sənə gecələr yatmaq yaraşmır...

# 3872 dəfə oxunub

Oxşar xəbərlər

Van Damm uşaq alverində ittiham olunur

Van Damm uşaq alverində ittiham olunur

17:20 2 aprel 2025
Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam

16:11 2 aprel 2025
Stiven Spilberq dünyanın ən varlı məşhuru seçildi

Stiven Spilberq dünyanın ən varlı məşhuru seçildi

16:05 2 aprel 2025
Vətən satanları tanımaq üçün... - Allahyar Eyyuboğlu

Vətən satanları tanımaq üçün... - Allahyar Eyyuboğlu

15:30 2 aprel 2025
Mirşahin Ağayev:  "Yığışdırın bu düşük boşboğazlığı!”

Mirşahin Ağayev: "Yığışdırın bu düşük boşboğazlığı!”

15:20 2 aprel 2025
Güneyli şair:  " Ədəbiyyat ideologiyaların, millətlərin və sərhədlərin ötəsindədir" - Müsahibə

Güneyli şair: " Ədəbiyyat ideologiyaların, millətlərin və sərhədlərin ötəsindədir" - Müsahibə

15:00 2 aprel 2025
# # #