Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar - Təvəkgül Boysunarın hekayəsi

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

8 noyabr 2022
# 17:00

Kulis.az Təvəkgül Boysunarın "Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar" adlı hekayəsini təqdim edir.

Qardaşım məndən üç yaş böyük idi və hərbi xidməti də məndən üç il əvvəl bitirmişdi, amma nədənsə müharibənin beşinci günündə ilk zəng ona gəldi. Həmin axşam, evin hansısa künc-bucağına atdığımız balaca cib telefonunu da tapıb qardaşımın sabah özüylə aparacağı şeylər arasına qoyduq. Axşam yatmazdan əvvəl anamla atamın həyətdə asta səslə nəsə danışdıqlarını hiss elədim və anamın kövrək pıçıltısını eşitməmək üçün pillələri sürətlə qalxıb otağıma getdim. Bir az sonra qardaşım, nömrəsi çıxarılmış telefonla yanıma gəldi və gecə yuxuya getməzdən əvvəl onu necə çox istədiyimi ilk dəfə dərindən hiss edərkən gözlərim doldu.

Sabahkı gün hərbi komissarlığın qabağında əl çalan adamlara və maşına minərkən sevinən əsgərlərə baxdıqca qardaşıma qarşı yenə də eyni hissləri keçirib kədərləndim. Amma bir az sonra anamın gün düşən və gülümsəyən üzü, əlində bayraq saxlayan əmim oğlanları ilə atamın yan-yana duruşu, içimdə elə bir sevinc yaratdı ki, hər şeyin gözəl olacağına inandım və bir gün, bəlkə, özümün də bu cür yola salınacağımı xəyalımdan keçirərkən neçə vaxtdır yazmaq istədiyim bir mesajı da yazmağa cəsarət tapa bildim. Cümlələrimi özü ilə aparan üçkünc ox, ekranın dərinliyində qeyb olduqdan sonra, yerindən tərpənən avtobusun dalınca həm də ona görə qəhərlə baxdım ki, dirəklərdən asılmış bayraqlar da sanki öz istiqamətini dəyişib həmin avtobusun arxasınca dartılır, ona tərəf əsirdi.

İlk günlər çətin olmadı. Çünki, demək olar ki, hər axşam saat saat səkkizə qalmış, bəzən bir az tez, bəzənsə gec zəng edib danışırdı. Amma gedişinin altıncı günündə, həmişə zəng etdiyi vaxtı göstərən əqrəblər bu dəfə daha sürətlə fırlandı və onlar doqquza çatandan sonra hamımızın ürəyinə, bir-birimizə belə etiraf etmədiyimiz bir duyğu dolmağa başladı. O gecə narahat-narahat yerimdə qurcalanarkən və aşağıdan gələn qapı səslərinə qulaq asarkən atamla anamın tez-tez yerlərindən durub otaqdan çıxdığını, yata bilmədiklərini hiss elədim.

Bu narahat gecələrin dördüncü sabahında, günortadan bir az keçmiş, evin ən uzaq küncünə çəkilib səsimin eşidilməyəcəyinə əmin olandan sonra qaynar xəttin nömrəsini yığdım. Ürək döyüntülərimin telefondakı səsi eşitməyimə mane olmaması üçün əlimi qeyri-ixtiyari sinəmə tərəf apardım. Amma qorxudan asta-asta dediyim ad və soyad, şəhid adları arasında tapılmadı və sinəmdəki döyüntünün yavaş-yavaş sakitləşdiyini hiss edəndən sonra bu xəbəri evdəkilərə də çatdırdım.

Üç gün sonra qonşumuzun kiçik oğlu ilə dayımın tək oğlunu eyni gündə çağırdılar və qardaşımdan yana duyduğum nigaranlığa indi də evdə oturmaq və hər şeydən kənarda qalmaq narahatlığı qatıldı.

Sabahkı gün evdəkilərdən xəbərsiz hərbi komissarlığa gedib adımı yazdıranda oktyabrın on səkkizinə iki gün qalırdı və artıq neçə vaxt idi ki, qardaşımdan zəng gəlmirdi. Hamının Şuşa haqqında danışdığı on yeddi oktyabr tarixində axşam saat doqquzun yarısında atamın telefonuna zəng gəldi. Atam həyacanlı səslə zəngə cavab versə də, xəttin o üzündəki adamdan heç bir səs eşidilmədi və yarımçıq kəsilən zəng o gecəki nigarançılığımızı daha da artırdı.

Gecə saat ikidə yerimdən qalxıb paltarlarımı geyindim və qapısını sakitcə açdığım otağa girib qardaşımın çarpayısına tərəf getdim. Masasının üstündəki əşyalara, qoşa bayrağa, dağınıq kağızlara baxdım, sağ tərəfdəki siyirmə gözlərində fayllara qoyulmuş kağızları qarışdırdım. Həmin kağızların altında görsənən qalın üzlü dəftər də elə bu vaxt diqqətimi cəlb elədi. İlk səhifələrindən gündəlik olduğunu hiss etdim, son səhifədəki yarımçıq qalmış yazıdan isə bunları oxudum:

“27 sentyabr
Səhər üzü internet kəsildi. Heç cür internetə qoşulmaq olmurdu. Müharibənin başladığından saat səkkizə qalmış xəbər tutdum. Televiziya kanalları canlı xəbərlər verməyə başlamışdı. Sonra Füzulinin yeddi kəndi...”

Oktyabrın on səkkizinci günü olan sabahkı gün bir qulağımız televizordan gözlədiyimiz şad xəbərlərdə, bir qulağımız isə telefonda qaldı.

Axşam yeməyinə təzəcə başlamışdıq ki, telefonuma zəng gəldi. Naməlum nömrənin zəngini evin içində açmadım, həyətə düşdüm və bir az sonra evə qayıdıb anamgilin rəngi qaçmış üzlərinə baxanda nə deyəcəyimi bilmədim. Amma elə həmin an da pis xəbər olmadığına inansınlar deyə həqiqəti gizlətmədim və komissarlıqdan, çağırışla bağlı zəng edildiyini, bir neçə gün sonra məni də çağıra biləcəklərini dedim. Süfrəni yığışdıranda anamın əsən əllərini, atamın rəngi özünə qayıtmamış üzünü görməmək üçün tələsik yerimdən qalxıb otağıma çıxdım. Amma cəmi üç pillə qalxmışdım ki, bu dəfə atamın telefonundan zəng səsi gəldi. Arxaya döndüm, yerimdən tərpənməyib onlara baxdım. Və qardaşımın adını atamın dilindən sevincli qışqırıqla eşidən kimi zəng vuranın qardaşım olduğunu hiss elədim.

Bir azdan evdəki hamamın su sürətləndiricisini təmir etməyə gələn usta da alətlərinin çıxardığı səs-küyün müşayiəti ilə, o gün hər kəsin etdiyi kimi Şuşanın artıq alınmış olmağından söhbət açdı, düzəldə bilmədiyi cihazın yanından qalxıb hamamdan çıxarkən isə sanki öz uğursuzluğunu unutdurmaq üçün təsəlli verməyə çalışarcasına:

- İndilərdə, yəqin, prezident Şuşanın xəbərini verəcək, baxarsız, - dedi və o gedəndən sonra atamla mən də televizorun qarşısında xəbər gözləyən anama qoşulduq.

Saat on ikiyə işləyəndə gözləməkdən yorulduq, ümidimiz üzüldü və yavaş-yavaş yatmağa hazırlaşdıq.

Gecə yarısı yenə də qardaşımın otağına getdim və dünənki gündəliyi yenidən açanda komissarlıqdan gələn zəngi xatırladım. Birdən-birə gözlərim önündə qardaşımın müharibədən qayıtdığını, amma mənim heç vaxt qayıda bilməyəcəyimi canlandırdım və masanın üstündəki qələmi götürmək, gündəlikdə yeni bir səhifəni açmaq da bu vaxt ağlıma gəldi. Qələmimin kağızda qoyduğu ilk izlərlə qardaşımın oxuyacağı cümlələri yazmağa başladım:

“18 Oktyabr:

"Birdən Prezident çıxış eləyər, baxammaram", "Birdən nəsə yazar, görəmmərəm" qorxusuyla hamamda elə tələm-tələsik çimdim və hamamdan çıxar-çıxmaz evə doğru elə sürətlə qaçdım ki, düz qapıya çathaçatda üzü üstə tir-tap yerə yıxıldım. Üstüm-başım torpaqlı-torpaqlı, üzüm-gözüm tozlu-tozlu ayağa qalxanda fikirləşdim ki, eybi yox, Azərbaycan xalqı da Şuşaya çatana qədər bu günəcən neçə dəfə bu cür yerə yıxılıb, amma əsas odur ki, bu gün ayağa qalxa bilib və üst-başındakı o toz-torpağı da indi silib təmizləməyə başlayıb və bir az gec, bir az tez həmin toz-torpağı tamam silib qurtaracaq”.

Növbəti günlərdə hər axşam qardaşımdan gələn zənglər və geri qaytarılan yeni ərazilərin şad xəbəri ilə hər şeyin gözəl olacağına yenə də inanmağa başladıq. Bir səhər zəng etdiyim komissarlıqdan hələ gözləməli olduğum, lazım gələrsə çağırılacağım deyildi və mən payızın getdikcə daha çox hiss edilən sarı yarpaqları, soyuq yağışları altında sakit-sakit gəzindikcə günlər öncə göndərdiyim mesajın hələ də cavabsız qaldığını xatırladım.

O günlərin birində, yenə də gündəlikdən ötrü gecəyarısı qardaşımın otağına getdim və başıma gələnləri yazdım:

“26 Oktyabr

Bu gün səhər həkimə getmişdim. Otağa girən kimi gördüm ki, televizorda Prezident danışır. Fikrim qaldı Prezidentin yanında, həkimin dediklərinə necə alayarımçıq qulaq asdımsa, bir də onda ayıldım ki, ağ xələtli tibb bacısı əliylə çiynimə toxunur:

- Zəhmət olmasa koridorda bir az gözləyin, çağıracağıq.

Ayağa durub çantamı götürdüm və qulaqlarım Prezidentin səsindən uzaqlaşa-uzaqlaşa dəhlizə çıxdım. Qapını yarımçıq örtdüm ki, eşidə bilim. Amma çox keçməmiş içəridən kimsə qapını bağladı və səs tamamilə kəsildi. Sudan çıxmış balıq kimi, təlaş içində əlimi telefona atdım, amma internet sözümə baxmadı. Bu anda hardansa İlham Əliyevin səsi qulaqlarıma gəldi. Dəhlizə göz gəzdirəndə qapılardan birini açıq gördüm və iti addımlarla həmin qapıya yaxınlaşdıqca hiss etdim ki, prezidentin səsi də yaxınlaşır. Çiynimi divara söykəyib qulaq asmağa başladım və bunu hiss edən içəridəki cavan oğlan bir az sonra əlində tutduğu telefonla qapıya çıxıb gülümsəyə-gülümsəyə məni içəri dəvət elədi.

On dəqiqə sonra xəstəxanayla işimi birdəfəlik bitirib küçəyə çıxanda, prezidentin nitqi hələ də qurtarmamışdı. Əlimi yenə də telefona atdım, bu dəfə xoşbəxtlikdən internet tərslik eləmədi və mən AzTv-nin canlı yayımından eşidilən prezidentin səsinə qulaq asa-asa 28 may metrosuna tərəf yola düzəldim. Təxminən 5-6 addım atmışdım ki, yanımdan keçən bir oğlan başını sola çevirib soruşdu:

- Qaqaş, indi danışır?

- Aha indi danışır, - dedim.

- Qaqaş, bağışla sənə də mane oluram. Olar mən də qulaq asım? Elə o döngəyə qədər sənnən getsəm..

- Hə, əlbəttə, o nə deməkdi?

7-8 addım atmışdıq ki, yanımızdan keçən və əl-ələ tutan bir cütlük bizdən bir az qabağa keçər-keçməz addımlarını yavaşıdıb arxaya döndülər.

- Bəy, bağışlayın, canlıdır bu?

- Aha, canlıdır.

Oğlanın nəsə demək istədiyini hiss edib onu qabaqladım və gülümsəyə-gülümsəyə:

- Qulaq asa bilərsiz, - dedim.

9-10 addım atmışdıq ki, yanımızdan keçən bir qızın bayaqkı cütlükdən:

- Təzə çıxışdır bu? - deyə soruşduğunu eşitdim.

Bir az sonra aramıza yeni qatılan adamlardan biri adı çəkilən hansısa silahla bağlı hamımıza maraqlı bir bilgi verdi.

Parkın aşağısında bizə qoşulan orta yaşlı bir kişinin isə ilk sualı belə oldu:

- Təzə rayon var?

Heydər Əliyevin heykəlinə yaxınlaşanda prezidentin dilindən ilk kəndin adını eşitdik. Birdən mənə elə gəldi ki, heykəlin ətrafında daş döşəmənin üstünə qonuşan göyərçinlər də telefonun səsinə doğru uçuşa-uçuşa havaya qalxacaq, bizə tərəf gələcək və çiyinlərimizə qonacaqlar. Yanımdakı adamların qulağı, ard-arda deyilən kənd adlarında ikən parkda gəzişən adamlara, yoldan keçən maşınlara, küçələrə, binalara baxdım və elə bildim ki, o göyərçinlərdən birincisi mənim çiynimə qondu. Pəncərələrdən asılmış Azərbaycan və Türkiyə bayraqlarına baxa-baxa içimdə qəhər və xoşbəxtlik duyğusunun həmin bayraqlar kimi ləpə-ləpə dalğalandığını hiss elədim.

Axşamlar üşümək üçün bəzən pəncərəmi açıq saxlayırdım, sonra soyuq əllərimi isti boğazıma aparıb divardan asılmış təqvimə göz gəzdirir, müharibənin arxada qalan günlərinə sakit-sakit tamaşa edərək qardaşım haqqında fikirləşirdim.

Günlər ötüb keçirdi.

Komissarlıqdan zəng gözləyərkən işsiz, uzun və bekar saatlarda evdən çıxıb yaxınlıqdakı parkda gəzişirdim.

Bir neçə gün sonra hamının dilində yenə də Şuşa adı gəzməyə başladı və həmin günlərin birində intizarla ekrana dikilən gözlərimiz sevinc yaşları ilə doldu. Şəhərin sərin küçələrində bir-birimizlə toqquşa-toqquşa Şəhidlər xiyabanına yollandıq. Xiyabanın örtülü domino daşları kimi görünən qəbirləri qarşısından keçərkən o qara mərmərlərdən bir gün ağ günlərin boylanacağına inanmaq istədim. Qayıdanda ara küçələrdən keçib sakit və adamsız bir yerə getmək arzusu duydum və həmin gecə gündəlikdə xatırladığım qızları da o küçədə gördüm.

“8 Noyabr
Bu gün axşam saatlarında, küçədə sakit-sakit gəzişdiyim vaxt qarşı tərəfdən 2 qızın gəldiyini gördüm. Birinin əlində Azərbaycan bayrağı var idi, dodağına tünd boya çəkmiş digər qız isə böyük bir Türkiyə bayrağı tutmuşdu. Necə olduğunu bilmədim, amma dodaqlarına tünd boya sürmüş həmin qız düz yanımdan keçdiyi vaxt, qıpqırmızı rəng ağlımı başımdan nə cür apardısa, zərrə qədər də qorxmadım və aşağı əyilib o qıpqırmızı rəngdən bir öpüş aldım. Qızların hər ikisi təəccüblə kənara çəkildilər və bir az əvvəl öpdüyüm o al rəngli Türkiyə bayrağı sivişərək həmin andaca əlimdən çıxdı. Sonra hər ikisinin üzündə təbəssüm gördüm və sevgimi heç cür ifadə edə bilmədiyim o Türkiyə bayrağının həmin qızın əlində gözəl-gözəl dalğalanmağına baxdıqca türk şairinin o məşhur şeirinə bir misranı da mən artırdım: "Bayrağından öpdüm səni".

Bir gün sonra qardaşımın cəbhədən göndərdiyi ilk şəkil hamımızı telefonun balaca ekranının ətrafında topladı. Gecəyarısı gündəliklə üzbəüz oturub nəsə yazmağa çalışdığım anda əvvəlcə ev telefonumuz zəng vurdu, sonra anamın zəngə cavab verdiyini eşitdim. Mən aşağı düşməzdən əvvəl televizorun səsi pillələri qalxıb yuxarı gəldi.

O gecə müharibənin sona çatdığını əvvəlcə televizorun həmin səsindən, sonra anamın gülüşünə qarışan sevinc göz yaşlarından, sonra telefonuma gələn zənglərdən, küçəyə axışan adamların qışqırıqlarından və küçə fənərlərinin qaranlıq işığında dalğalanan bayraqların əsintisindən hiss elədim.

Sabahkı gün şəhərin izdihamlı və hay-küylü küçələrində sevinən, qışqırışan, oynayan adamlara tamaşa edəndə içimdən gələn qəfil bir səs mənə nəsə pıçıldadı. Başımı qaldırıb küçənin o tərəfindəki bayraqlara baxanda birdən mənə elə gəldi ki, hansısa ilahi bir güc də küləklərlə birgə həmin bayraqların yanından ötüb aramızda gəzir.

Axşam evə yorğun qayıtdım. İlk işim yazdığım səhifələri gündəlikdən cırıb atmaq üçün qardaşımın otağına getmək oldu. Ancaq tərəddüdüm necə uzun çəkdisə, başımı masanın üstünə qoyandan sonra yuxuladığımdan xəbərim olmadı. Məni nəyin oyatdığını bilmədim. Ayılandan sonra isə telefonumda bir mesaj gördüm:

“Yazmamağım daha yaxşı idi, əslində. Amma təbrik etmək istədim. Mənə demişdin ki, ordan çıxanda cəmi iki yaşın var idi. İndi özünü necə hiss etdiyini tam da təsəvvür edəmmirəm. Amma hər halda beş gün sonra bundan da sevincli olassan. Təbriklər”.

Gecə, yuxumda, iki yaşlı balaca bədənimi qucağında saxlayan anamla bir yerdə böyük bir yük maşınına minib Kəlbəcərdən çıxdığımızı gördüm. Maşından görsənən bütün mənzərə, ətrafdakı dağlar, meşələr rəngsiz və ağ-qara idi. İçəridə qadınlardan hansınınsa ağladığını görürdüm. Anam başını aşağı əyib məndən “üşüyürsən?” deyə soruşanda yolda kiminsə uca səslə “saxlayın, saxlayın” dediyini eşitdik. Maşın dayandı, içəridəki ağlamaq səsləri kəsildi. Sonra əllərində silah tutan hərbi geyimli iki-üç adamın arxa tərəfdən maşına yaxınlaşdığını gördük. Heç vaxt saqqal saxlamayan qardaşımın indi azacıq tük basmış otuz iki yaşlı üzünü hamıdan əvvəl mən tanıyıb, anamın qucağından çıxdım. Aşağıdakı əsgərlərdən kimsə “döndər maşını, qayıdırıq” deyəndə bayaq rəngsiz gördüyüm mənzərələrin yaşıllaşdığını hiss elədim. Dağlardakı ağ qara baxanda kimsə məni qucağına aldı və bu vaxt üzümdən öpən həmin adamın evimizin divarından şəkli asılan, iyirmi səkkiz il əvvəl şəhid düşmüş əmim olduğunu gördüm.

Sonra əlimdən tutan bir nəfərlə yaşıl və sıx ağacların arasından keçib ancaq şəkillərdə gördüyüm evimizə doğru gedirdik və mən başımı qaldırıb, əlimdən tutan o adamın iyirmi doqquz yaşlı özüm olduğunu görürdüm.

27 noyabr, 2020


# 3104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #