Kulis.az Təvəkkül Boysunarın "Çingiz Abdullayevdən əl çəkməyən səviyyəsizlər" adlı yeni yazısını təqdim edir.
Məqalənin adında “səviyyəsizlər” sözünü işlədib-işlətməməklə bağlı kiçicik bir tərəddüdə ona görə qapıldım ki, Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməyinə lağ edənlər arasında iki-üç normal mətni olan şair və yazıçılar da rastıma çıxmışdı. Və bu tərəddüdlər ona görə uzun çəkmədi və ona görə sonda “səviyyəsiz” sözünün qalmasıyla nəticələndi ki, Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməyinə lağ etmək, bununla zarafat etmək artıq uzun müddətdən bəri o qədər geniş yayılmış bir hala çevrilib ki, bu məsələylə bağlı kiminsə durub yenə təkrar-təkrar zarafatlar etməsi, bu məsələdən öz aləmində yumor qondarması, gülünüb qurtarmış zarafatları təzədən “layk” xatirinə gözümüzə soxması sadəcə və sadəcə səviyyəsizliyin nəticəsində baş verə bilərdi.
Ay qardaşlar, ay bacılar, ay dostlar, ay yazıçılar, ay şairlər, dadı-duzu qaçmış zarafatlarla, “ağız əymə”lərlə feysbukda zəhlə tökməklərin, təkrarçılığa yol verməklərin, həqiqətən də, səviyyəsizlik olduğunu dərk etmirsinizsə, üstəlik, məsələn, Allahın “bir-birinizdə qüsur axtarmayın”, yaxud “...başqasında eyib-qüsur axtaranların, qaş-göz işarətləriylə başqalarına lağ edənlərin vay halına” deməsini vecinizə almırsınızsa, heç olmasa olan-qalan məntiqinizlə, olan-qalan vicdanınızla indi aşağıda yazacağım bir neçə fikirə diqqətlə nəzər yetirin.
1. Çingiz Abdullayevin müharibə vaxtı Rusiya televiziyasında, təklənməyinə baxmayaraq, Azərbaycanın haqlı mövqeyini sonacan müdafiə və sübut etməklə bu ölkəyə göstərdiyi xidməti, yəni təkcə bu xidməti Çingiz Abdullayevə lağ edib ələ salanların heç biri – Kəramət Böyükçöl və Şəhriyar del Gerani də daxil olmaqla, hətta başda olmaqla, heç biri bu ölkəyə göstərməyib. Elə isə yersiz söz danışmaqdansa, susmaq yaxşıdır.
2. Çingiz Abdullayev Azərbaycan dilində yazmır, Azərbaycan dilində yazdığını iddia etmir, bu adam rus dilində yazır və bu adamın rus dilində yazdığı kitablar ölkə xaricində yüksək tirajla çap olunub satılır. Yəni adamın öz yazıçılıq karyerasını söykədiyi dil rus dilidir, Azərbaycan dili deyil. Bu adam Azərbaycan dilini yaxşı bilməyə, qüsurlu danışa bilər. Və bunu hər iki dəqiqədən bir gözə soxmaq, müzakirə mövzusu etmək yuxarıda qeyd etdiyimiz kimi səviyyəsizlikdən, təkrarçılıqdan, zəhlətökənlikdən başqa bir şey deyil. Yeri gəlsə, rus dilində yaza bilmək Azərbaycan dilində yaxşı danışmaqdan daha böyük məharətdir. Azərbaycan dilində səlis danışmağı, Xoşqədəm Hidayətqızı da, Zaur Baxşəliyev də çox yaxşı bacarır. Bu, elə də böyük bacarıq deyil.
3. Dünyanın bir çox ölkələrində oxunan və geniş şöhrət sahibi olan Çingiz Abdullayevdən tələb etdiyimiz kimi biz nə zaman Lütfi Zadədən, yaxud dünya şöhrətli şahmat ustası Teymur Rəcəbovdan Azərbaycan dilində danışmağı tələb etmişik? Onların Azərbaycan dilində heç olmasa, Çingiz Abdullayevin yarısı qədər danışdığını eşidən olubmu? Onlar buna heç cəhd də göstərməyiblər. Və bizim xalqın bəzi nümayəndələri Azərbaycan dilində danışmağa cəhd göstərməyib, yalnız rus dilində danışan adamları əlçatmaz və yüksək səviyyəli adam hesab edəcək qədər məntiqsiz və özünəinamsız olduğu kimi, bu dilə hörmət göstərib onu öyrənməyə çalışan və bu dildə danışmağa cəhd edən birinin qüsurlarına da güləcək qədər qanacaqsız və mədəniyyətsizdirlər. Bu adamların gözündə Çingiz Abdullayev o zaman hörmətli olardı ki, ömrü boyu xarici bir ölkədə yaşayardı, yalnız 15-20 ildən biri yolu Bakıdan keçərdi və Bakıya gələndə də jurnalistlər axın-axın onun qarşısına qaçıb müsahibə almağa çalışardı.
Bütün bunlar o deməkdir ki, bir adamın üstünə bu cür düşərək, onu ələ salıb lağ edərək ölkəsinə, torpağına, xalqına nifrət edəcək, ondan iyrənəcək həddə gətirməməliyik. Buna heç kəsin haqqı yoxdur. Və bu, böyük insafsızlıq, eləcə də, yuxarıda qeyd etdiyimiz kimi səviyyəsizlik və zəhlətökənlikdir.