Fatmagülün suçu nə idi?

Fatmagülün suçu nə idi?
15 noyabr 2021
# 10:14

Kulis.az Təvəkgül Boysunarın "Türkiyə serialları və Türk Dövlətləri Birliyi" yazısını təqdim edir.

O gün keçirilən Türk Dövlətləri Şurasının, əslində, formal xarakter daşıdığını anlamaq üçün acınacaqlı bir fakta nəzər salmaq kifayətdir.

Orta Asiyadakı türk dövlətlərinin liderləri ilə ünsiyyət qurularkən istifadə edilən dil rus dili idi.

Türklüyü, türkçülüyü ələ salanlar, Türk Dövlətləri Şurasını kənardan izləyənlər, Qafqaza, Türküstana hələ də ov gözüylə baxan Rusiya təkcə bu fakta qəhqəhəylə gülsə, Topal Teymurun, Bəyazidin, Şah İsmayılın, Sultan Səlimin günahkar ruhları həmin qəhqəhənin səsinə diksinib göydən yerə çırpılar və çilik-çilik olarlar.

İndi isə yazının ikinci hissəsi:

Əgər ogünkü Türk Dövlətləri şurasında bəzi dövlət başçıları ortaq dil kimi rus dilindən istifadə edirdilərsə, deməli, Türk Dövlətləri şurasında ortaq türkcə qəbul olunmalıdır.

Ortaq türkcə qəbul etmək, hətta bu ittifaqın ilk gördüyü iş olmalıydı. Amma onlar bu birliyə nə qədər qeyri-ciddi yanaşırlarsa, bu məsələ heç veclərinə də olmayıb.

Yaxşı, bəs ortaq türkcə məsələsini necə həll etmək olar?

Şübhəsiz ki, ortaq türkcə Türkiyə türkcəsi olmalıdır.

Orta Asiyanın o doğma, şirin və qıyıqgöz türklərinə bu türkcəni öyrətmək üçün də mənim bir neçə təklifim var.

İlk və ən birinci addım kimi, Orta Asiyadakı bütün türk dövlətlərinin televiziya kanallarında "Fatmagülün suçu nə" serialı yayımlanmağa başlamalıdır. Hətta əcdadımız olan o sevimli türklərə bu serial, alt yazısız və tərcüməsiz təqdim edilməlidir ki, onlar Fatmagülün, Kərimin, Erdoğan və Səlim Yaşaranların, Vural Namlının, Mustafanın, Məryəm ablanın son dərəcə maraqlı və keşməkeşli talelərini izləyərkən seriala mümkün qədər çox qapılıb dili özləri öyrənə bilsinlər. "Fatmagülün suçu nə" serialı bitən kimi fasilə vermədən dərhal "Aşkı-memnu" serialına start vermək lazımdır.

Əminəm ki, artıq Türkiyə türkcəsini bir xeyli mənimsəmiş özbək, qırğız, qazax, türkmən qardaşlarımız bu serialı daha rahat başa düşərək izləyəcəklər. Amma, təbii ki, gicbəsər Adnan bəyi, ifritə Firdevsi, həyasız Bihteri, oğraşların oğraşı olan Bəhlülü, mağmın Bəşiri və xarizmatik Madmazeli izləyərkən Türküstanlı qardaşlarımız Türkiyə türkcəsini artıq daha dərindən öyrənəcək, xüsusən, romantik məzmunlu lüğət tərkibinə daha yaxşı bələd olacaqlar.

Bu serialın ardından artıq müxtəlif kanallar müxtəlif türk serialları verməkdə, məncə, sərbəst olmalıdırlar.

Amma əgər mənim məsləhətimə ehtiyac duysalar, tövsiyə edərdim ki, "Asi" dizisinə, "Min bir gecə"yə, "Fazilet xanımın qızları"na üstünlük versinlər.

Çünki bu seriallar onları həm kənd təsərrüfatı terminlərində, həm də şəhərli oliqarx təbəqənin özünəməxsus leksikonunda püxtələşdirəcək. Bundan sonrakı serial seçimləri isə artıq mütləq mən dediyim kimi olmalıdır. Kanalların hamısı eyni vaxtda "Kurtlar vadisi"nə başlamalıdır ki, artıq həm kriminal dünyaya bələd olsunlar, həm də gələcəkdə düşmənlərimizin qarşısına eşq-meşq havasıyla yox, silahla çıxmalı olduğumuzu başa düşsünlər.

Daha sonra isə ard-arda olaraq "Möhtəşəm yüz il", "Vətənim sənsən" və "Ərtoğrul" serialları yayımlanmalıdır. Artıq Orta Asiyalı qardaşlarımız Türkiyə türkcəsini Azərbaycan türkləri qədər bilməyə yaxın olacaqlar. Əgər bu seriallar bitəndən sonra Türk Dövlətlərinin növbəti şurasına qədər boş vaxt qalmış olsa, onda təklifim odur ki, Orta Asiyalı qardaş-bacılarımız sosial şəbəkə vasitəsiylə Azərbaycan türkləri ilə əlaqə saxlayıb həmin boş vaxtı doldurmaq üçün serial məsləhəti alsınlar.

Təklifimin Türk Dövlətləri Şurasında səsləndirilməsinə bəri başdan razılığımı verirəm.

# 3965 dəfə oxunub

Müəllifin son yazıları

# # #