“Ən yeni Azərbaycan kinosu” layihəsində rejissor Ramil Adiloğlunun “Oyuncaq” filmini təqdim edirik. 2011-ci ildə çəkilən qısametrajlı filmin ssenari müəllifi Ramil Adiloğlu və Elvin Adıgözəl, operatoru Vüsal Naibdir. Rolları Elvin Adıgözəl, Akif Bəşir, Mübariz Nağıyev, Nahidə Əliyeva ifa edir.
Rejissorla müsahibəni təqdim edirik.
- Ramil, bir dəfə demişdin ki, filmlərinin çoxunu məhv eləmisən. Səbəbi nə idi?
- İllər keçəndən sonra çəkdiklərində qüsurlar tapırsan. Azərbaycanda normal film məktəbi yoxdur. Çəkə-çəkə öyrənirik. Onda çəkdiklərim kurs işləri kimi bir şey idi. O vaxt bizə elə gəlir yaxşıdır, sonra baxırıq ki, bu, nədir çəkmişik. Bəlkə bir az məsuliyyətsizlikdir, səbəbini mən də bilmirəm. Peşmanam ki, gərək saxlayardım, indiki ilə keçmişi müqayisə edib inkişafın nədə olduğunu görərdim. Yenicə çəkdiyim “Yumurta” komediyası sırf öz istehsalım olsaydı, o da bununla üzləşə bilərdi. Amma “Yumurta” satış filmidir. Sənət deyil. Tamaşaçıya yönəlmiş filmdir.
- Ötən il ekranlara “My name is İntiqam”, “Xoxan” komediyaları çıxdı, yaxşı da baxıldı. “Yumurta” nə ilə fərqlənir?
- “Yumurta” Azərbaycan tamaşaçısının arzuladığı filmdir. Xarici filmlərdə gördükləri məsələn, milyon il əvvəlin təsviri, fantastik elementlər var. Üstəgəl, iyirmiyə yaxın məşhur aktyorun bir arada olması onu arzu edilən filmə çevirəcək. Mövzu fərqlidir, standart deyil bizim üçün. Arxeoloq qazıntılar aparanda yumurta tapılır. Yumurtanın milyon yaşı var. Və paralel olaraq milyon il əvvəlki hadisələr canlanır. Tayfa başçısı öz oğluna miras kimi yumurtanı verir. Möcüzəli, müqəddəs hesab edilən yumurtanın sınacağı halda fəlakətin baş verməsi gözlənilir. Oğul yumurtanı sındıraraq, müasir dövrə düşür. Və ikinci yumurtanı axtarmaq uğrunda mübarizə gedir.
- “Yumurta”da çox komediya aktyoru ilə işləmisən. Razı qaldın?
- Komediya aktyorlarından elələri var ki, dramda istifadə eləmək olar. Elələri də var ki, birdəfəlik istifadə edirsən, bitir. Çoxu başqa xarakter yarada bilmir. Sanki bir çərçivədədirlər, çıxa bilmirlər.
- Filmi kim maliyyələşdirdi?
- Region TV maliyyə dəstəyi verdi.
- Ssenarini özün yazmışdın?
- 2008-ci ildə ssenarinin skeletini yazmışdım. Onu satmaq istədim. Sata bilmədim. Sponsorlara getdim, maliyyələşdirən olmadı. 2013-cü ilin sonlarında Region TV dəstək oldu. Əvvəl kinoteatrların olmaması da problem idi. İndi kinoteatrlar var, əsasən alış-veriş mərkəzlərindədir. Giriş saylarına baxdım, araşdırdım. Deməli, normal film yeyilə bilər. Xüsusən komediya. Üç-dörd ildən sonra dram, melodram, kriminal da baxılacaq. Amma hələ ki, insanlar komediyaya maraqlıdırlar, komediya ilə kinoteatrlara tamaşaçı gətirmək lazımdır, sonra da o biri janrlara da baxılacaq.
- İnsanların komediya janrına tələbatını nə ilə müəyyənləşdirirsiz?
- İnsanlar gülmək istəyir. Günlərini komediya ilə yüngülləşdirirlər, həm də bu cür filmlər ümid verir.
- Büdcəsi nə qədər oldu?
- Büdcəsi 140-150 min manat arası oldu. 20 minə yaxın ziyana düşdük. Çəkiliş Bakıda, Mərdəkanda, Pirquluda, Sumqayıtda, Qubada olub. Rayonlarda böyük problemlərlə üzləşdik. Sel oldu. Filmi fasilələrlə çəkdik. 20 aktyoru bir araya gətirmək çətindir. Olub ki, iki aktyoru bir araya gətirmək üçün iki ay gözləmişik. Ümumiyyətlə, bizdə bu janrların məktəbi olmayıb. Çətindir. Texniki heyətdə, quruluşçu operator, səs sahəsində problem mövcuddur. Bəlkə də mütəxəssislər var. Biz araşdırdıq, tapa bilmədik.
- Filmin istehsalatı nə yerdədir?
- Film bitib, piarına hazırlaşırıq. Filmin mesajı olmalıdır. Komediyada da. Mesaj yoxdursa, o, sənə heç nə verməyəcək. Nəsə qazandırmalıdır tamaşaçıya. Qoy, tamaşaçı bizim filmdə mesajın nə olduğunu özü müəyyənləşdirsin. “Yumurta”nın problemi ondadır ki, 2 saat 30 dəqiqədir müddəti. Kinoteatra görə qısaltdıq. 90 dəqiqəyə endirdik. Əsas tamaşaçını əldə tutmaqdır. Tamaşaçını ən çox saat yarım saxlamaq olar. Qüsurlar çoxdur texniki cəhətdən, amma kinoteatr versiyasına aid deyil. Diskin satışında tam versiya olacaq.
- Bir neçə il əvvəl “Güzgü” qorxu filmi çəkmişdin. Onun taleyi necə oldu?
- 2010-cu ildə çəkdim onu. O vaxt kinoteatrlar fəaliyyət göstərmirdi. Dedik ki, bunu kanallara sataq, nəsə alınmadı, ortalığa çıxara bilmədik. Onda kasetlərə çəkmişdik. Montaj olunduqca üzü köçürülürdü. Yaxşı keyfiyyətdə deyil. Yenə də tammetrajlı film çıxa bilər. Prodüserlər istəyirlər ki, onu bərpa edək. Azərbaycanın ilk qorxu filmidir. 2013-cü ilə kimi düşündüm ki, premyerasını keçirim, tamaşaçı da yığacaqdı. Amma düşünürəm ki, daha yaxşı və başqa cür çəkmək olardı. Region TV nin texniki dəstəyi ilə çəkmişdik.
- Bir dəfə demişdin ki, məşhur rejissor Aleksandr Sokurovun kurslarına gedəcəkdin.
- Kurs deyildi, kinoforum çərçivəsində Sokurovla görüş oldu. “Oyuncaq” filmini orda göstərdim. Bir neçə rejissor yaxınlaşdı. Dedi ki, orda iki səhnə var, əgər onları daxil etməsəydin, film uğurlu olardı. Həmin iki səhnə mənim ideyam deyil. Məncə, yaxşı film müzakirədə yaranır. Həmin müzakirənin nəticəsində o iki səhnəni əlavə etdim. Həmişə də içimdə bir şübhə vardı ki, bəlkə səhv eləmişəm. Dediyim iki səhnədə qəhrəman əlində çıraq məbədə getmək istəyir. Çıraqla getməsi özünə ümid yeri axtarması deməkdir. Mayak ən böyük çıraqdır. Motivasiya, sığınacaq kimi baxır. Ondan bəhrələnmək istəyir ki, ona da bir pay düşsün.
- Sokurovdan nə öyrəndin?
- Xüsusi bir şey öyrənmədim. Amma orda dərk elədim ki, mənim rejissorum deyil. Biz hədəflənmişik ki, Azərbaycan kinosunun simasını yaradaq. Necə ki, İran kinosunun siması var. Filmlərimin qaynağı Nuri Bilge Ceylandır. Türk kinosundan qaynaqlanaraq öz kinomuzu yaratmaq olar. Sokurov dedi ki, Ceylan ümumiyyətlə, rejissor deyil. Sokurov böyük şəxsiyyətdir, amma onun filmlərini sevmirəm.
- Məncə, sən İncəsənət Universitetini bitirməmisən...
- Yox. İqtisad Universitetini bitirmişəm. Prinsipial olaraq İncəsənət Universitetinə daxil olmadım. Onu üstünlük kimi qəbul etmədim. Təhsili təhsil deyil, əsl filmi məktəbi, dərslik çəkiliş meydanıdır. Azərbaycanda normal keyfiyyətli akademiyaya ehtiyac var ki, dünyanın məşhur rejissorları orda dərs desin.
- Filmlərinin maliyyə dəstəyi üçün Mədəniyyət Nazirliyinə müraciət elmisən?
- Bir dəfə müraciət elədim. Səkkiz ay vaxtımı apardılar. Get - gəl. Axırda da dedilər ki, baxarıq.
- “Oyuncaq” filminin ideyası haradan yarandı?
- Elvin Adıgözəllə metroda düşünmüşdük. Mən əslində bu filmi Azərbaycan aktyoruna ithaf eləmişəm. İndi bir az serlallar, bədii filmlər çəkilir, maddi vəziyyətləri düzəlib. Bir az dəyər verilir. Srağagün seriala çəkilən aktyorla söhbət edirdim. Bir gününə 65 manat alır. Amma bir şey də var ki, həmin gün üç bölüm çəkilə bilər. Baxıram ki, elə həmin vəziyyətdir.
- “Oyuncaq” filminin büdcəsi nə qədər oldu?
- Dörd-beş gün çəkiliş oldu. 10 -15 manat çıxdı, dönər yedik, bir də benzinə xərclədik.
- Məncə, filmin uğurlu alınmasında Elvnin rolu böyükdür...
- Beş yaxşı aktyor varsa üçü Elvindir. Ən dar məqamlarda köməyimə gəlir. Hansısa xarakteri yaratmaq problem olanda başqa aktyor üçün, onda Elvinə deyirəm. İstənilən vəziyyətdən çıxa bilər. Özünü xarakterə oturduracaq. Azərbaycan kinosunun simasını yaradan rejissorlardan biridir.
- Planda hansı filmlər var?
- Elvin Adıgözəllə “Təpələr arxasında” sənədli filmini çəkdik. Göyçayda. Fərqli filmdir. Bir ailədən bəhs edir. Öz hesabımıza çəkdik. Fevralda “Yağışdan sonra” adlı filmə başlamaq istəyirəm. Əsas rolda Elvin Adıgözəl çəkiləcək. Ancaq öhdəsindən o, gələ bilər. İnanıram ki, o, bu xarakteri yarada biləcək. “Qağayılar” adlı 40 dəqiqəlik bir bədii film nəzərdə tuturam. Üç fərqli hekayə olacaq. Amma düşündüm ki, büdcəsi bir az artıqdır. Kommersiya filmi çəkirik ki, oradan əldə etdiyimiz gəlirlə çəkək. Kommersiya filmləri olmadığına görə maliyyə dəstəyi tapmaq çox çətindir. İndi düşünürəm ki, daha az büdcəli filmlər çəkim.