"Paxıllığa kimsə haqq qazandıra bilərmi?" - "Master və Marqarita"dan bir hissə

"Paxıllığa kimsə haqq qazandıra bilərmi?" - "Master və Marqarita"dan bir hissə
15 may 2026
# 14:28

Bu gün tanınmış rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor Mixail Bulqakovun doğum günüdür.

Kulis.az onun məşhur "Master və Marqarita" əsərindən bir hissəni təqdim edir.

Əhvalat Qriboyedovda baş verdi. Açıq-sarı rəngli ikimərtəbəli qədim ev bulvar dairəsində, naxışlı çuqun çəpərlə səkidən ayrılan baxımsız bağın dərinliyində yerləşirdi. Evin qarşısındakı kiçik meydança asfaltlanmışdı, qışda qarı kürüyüb təpə kimi oraya yığırdılar, yayda isə restoranın parusin örtüklü çox gözəl bir guşəsinə çevrilirdi. Malikanəyə "Qriboyedovun Evi" deyirdilər, çünki yazıçı Aleksandr Sergeyeviç Qriboyedovun xalası guya haçansa buranın sahibi olmuşdu. Sahibi olub-olmadığını dəqiq bilmirik. Hətta zənnimiz bizi aldatmırsa, Qriboyedovun, ümumiyyətlə, belə bir xalası olmayıb... İntəhası, ev belə adlanırdı.

Üstəlik, bir Moskva gopçusu danışır ki, guya, bax, bu ikinci mərtəbədə, sütunlu dairəvi zalda görkəmli yazıçı taxtda yayxanmış həmin bu xalasına "Ağıldan bəla"dan parçalar oxuyurmuş. Bir yana qalanda, nə bilək, bəlkə də oxuyub, bu elə də vacib deyil! Vacib odur ki, hal-hazırda bu evin sahibi, bədbəxt Mixail Alek- sandroviç Berliozun Patriarx gölünə gələnə qədər başçılıq etdiyi homin Massolit idi. Massolit üzvlərinin xeyir-duastyla heç kim bu evi "Qriboyedov Evi" adlandırmırdı, hamı, sadəcə, "Qriboyedov" deyirdi:

"Dünən iki saat Qriboyedovda girinc olmuşam".

- "Axırı necə oldu?"

-"Yaltaya bir aylığa putyovka qopartdım".

- "Əhsən!"

Yaxud: "Berliozun yanına get, o bu gün dörddən beşə kimi Qriboyedovda qəbul eləyir..." və sair. Massolit Qriboyedovda elə yerləşmişdi ki, ondan yaxşı və rahat təsəvvür etmək olmazdı. Qriboyedova daxil olan hər kəs ilk əvvəl istər-istəməz müxtəlif idman dərnəklərinin bildirişləri və Massolit üzvlərinin birlikdə, həmçinin tək çəkdirdiyi şəkilləriylə tanış olurdu, bəzilərinin fotoşəkli ikinci mərtəbəyə qalxan pilləkənin divarından asılmışdı. Həmin yuxarı mərtəbədə elə ilk otağın üstünə iri hərflərlə "Bağ-balıqçılıq bölməsi" yazılmışdı və qarmağa keçmiş dabanbalığı təsvir olunmuşdu.

2 №-li otağın üstündəki yazı çətin anlaşılırdı: "Birgünlük yaradı- cılıq putyovkası. M.V.Podlojnıya müraciət edin". Növbəti otağın üstünə qısa, ancaq, ümumiyyətlə, anlaşılmaz bir şey yazılmışdı: "Pereliqino". Sonra xalanın qoz ağacından düzəldil- miş qapılarının üstündəki yazılardan Qriboyedova təsadüfən gələn adamın gözləri alacalanırdı: "Kağız üçün növbəyə Poklevkina yazır", "Kassa", "Məzhəkə yazanların xüsusi hesablaşmaları..." Lap aşağıdan, qapıçının yanından başlayan uzun növbəni yarıb, hər an kimlərinsə girib-çıxdığı qapının üstünə "Mənzil məsələləri" yazıldığını oxumaq olardı. Mənzil məsələlərindən sonra yalı qalxan yapıncılı, çiyni tüfəngli bir atlının təsvir olunduğu plakat adamı uzaqdan çağırırdı. Aşağıda palma və eyvan görünürdü, eyvanda oturmuş kəkilli gənc, əlində qələm, qartal baxışlarını yüksəklərə dikmişdi.

Plakatın altında yazılmışdı: "Tamhəcmli yaradıcılıq ezamiyyəti iki həftədən (hekayə novella) bir ilə qədər (roman-trilogiya). Yalta, Suuk-Su, Borovoye, Tsixidziri, Maxindjauri, Leninqrad (Qış sarayı)".

Bu qapının ağzında da növbə idi, ancaq elə də yox, cəmi yüz əlli nəfər. Sonra Qriboyedov evinin enən-qalxan, əyri-üyrü dəhlizlərinə uyğun olaraq, "Massolitin idarə heyeti", "Kassalar N2,3,4,5", "Redaksiya heyəti", "Massolitin sədri", "Bilyard otağı", müxtəlif yardımçı idarələr və ən nəhayət, xalanın öz dahi bacısı oğlunun komediyasından ləzzət aldığı sütunlu zal gəlirdi. Qriboyedova qədəm basan hər bir kəs, əlbəttə, əgər küt deyildisə, bu xoşbəxtlərin - Massolit üzvlərinin necə yaxşı yaşadıqlarını dərhal başa düşürdü və paxıllıq içini didib-parçalamağa başlayırdı.

Niyə ona istedad bəxş etmədiyi üçün göylərə acı töhmətlər yağdırırdı, istedad yoxdusa, təbii ki, bütün Moskvada məşhur olan Massolitin bahalı dəri qoxusu verən, kənarları qızılı haşiyəli qəhvəyi üzvlük vəsiqəsi haqqında heç düşünməyə dəyməzdi.

Paxıllığa kimsə haqq qazandıra bilərmi? Bu, çox pis xüsusiyyətdi, ancaq hər halda, gələnləri də başa düşmək lazımdı. Axı, onun üst mərtəbədə gördükləri hələ heç nədi.

Xalanın evinin alt mərtəbəsi başdan-başa restoran idi, özü də necə restoran! Çox düzgün olaraq Moskvada o ən yaxşı restoran sayılırdı. Yalnız ona görə yox ki, tağlı tavanını assuriya yallı bənövşəyi atlar bəzəyən böyük zalda yerləşirdi; yalnız ona görə yox ki, hər stola saçaqlı örtüyü olan lampa qoyulmuşdu; yalnız ona görə yox ki, hər yoldan ötən buraya soxula bilməzdi, həm də ona görə ki, Qriboyedovdakı ərzağın keyfiyyəti Moskvanın istənilən restoranını üstələyirdi və bu ərzaq heç də baha olmurdu, uyğun qiymətə verilirdi. Ona görə bu doğru sətirlərin müəllifinin bir dəfə Qriboyedovun çuqun çəpəri yanında eşitdiyi söhbətdə də təəccüblü heç nə yoxdu:

- Amvrosi, bu gün harada şam eləyəcəksən?

- Bu nə sualdı, əzizim Foka, əlbəttə, burada! Arçibald Arçibaldoviç bu gün qulağıma pıçıldadı ki, məxsusi hazırlanmış soyutma suf balığı olacaq. Əla şeydi!

- Yaşamağı bacarırsan, Amvrosi! - arıq, üzgün, boynundan karbunkul asılmış Foka köks ötürərək qırmızı dodaqlı, qızılı saçlı, yumru yanaqlı yekəpər şair Amvrosiye cavab verdi.

- Heç bir xüsusi bacarığım yoxdu, - Amvrosi etiraz etdi, - sadəcə, insan kimi yaşamaq istəyim var. Foka, sənin deməyindən belə çıxır ki, suf balığını "Kolizey"do də tapmaq olar. Ancaq "Kolizey"də suf balığının bir porsiyası on üç manat on beş qəpikdi, bizdə isə beş manat əlli qəpik! Bundan başqa, "Kolizey"dəki üç gündən qalma suf balığıdı və heç kim sənə zəmanət verə bilməz ki, Teatr döngəsindən soxulmuş ilk rastına çıxan gənc üzüm salxımını sifətinə çırpmayacaq. Yox, mən "Kolizey"ə getməyin qəti əleyhinəyəm, - dadlı yeməklərin vurğunu Amvrosinin səsi bulvarı başına götürmüşdü.

- Məni dilə tutma, Foka! -- Səni dilə tutmuram, Amvrosi, - Foka mızıldadı. - Evdə də yemək olar.

- Ay rəhmətliyin oğlu, - Amvrosi elə dediyini deyirdi, - təsəvvür eləyirəm, ümumi mətbəxdə, adi qazanda soyutma suf balığını arvadın necə bişirər! Hi-hi-hi!.. Orevuar, Foka! - və oxuya-oxuya Amvrosi özünü parusin örtüklü eyvana saldı.

Ay-hay... Amma olub, olub!.. Məşhur Qriboyedov yaşlı moskvalıların yaxşı yadındadı! Məxsusi hazırlanmış soyutma suf balığı nəmənədi ki! Heç nədi, əzizim Amvrosi! Bəs çökə balığı, gümüş qazanda bişən, içinə xərçəng boynu və təzə kürü doldurulmuş çökə balığı? Bəs piyalədə şampinyon püresiylə soyutma yumurta? Bes qaratoyuğun döş əti xoşunuza gəlmirdi? Yerdombalanıyla? Genuyasayağı hazırlanmış bildirçin? Bir manat əlli qəpik! Hələ caz, hələ nəzakətli xidmət! Bes iyulda, bütün ailə bağda, siz isə ədəbiyyatla bağı vacib işlərə görə şəhərdən gedə bilmirsiniz, - eyvana sarmaşan qivrım-qivrım tənəyin kölgəsində, tərtəmiz süfrədə qızıl kimi parıldayan bir boşqab prentanyer şorbası? Yadınızdadımı, Amvrosi? Axı, soruşmaq nəyə lazım! Dodağınızdan görürəm ki, yadınızdadı. Sizin alabalıq, suf balığı nəmənədi ki! Bəs cüllüt, bekas, meşəcüllütü öz mövsümündə, bəs bildirçin? Boğazda qaynayan narzan?! Daha yetər, oxucum, fikrin yayınır! Arxamca!..

Berliozun Patriarx gölünün kənarında öldüyü həmin axşam saat on birin yarısında, Qriboyedovun üst mərtəbəsində ancaq bir otağın işığı yanırdı və orada iclasa yığılan on iki ədəbiyyatçı Mixail Aleksandroviçi gözləməkdən yorulmuşdu. Stulda, stolda, hətta otağın iki pəncərəsinin qabağında oturan Massolitin idarə heyətinin üzvləri bürküdən əməllicə əziyyət çəkirdi. Açıq pəncərədən bir udum sərin hava da gəlmirdi. Asfaltın gün ərzində yığdığı istini Moskva geri qaytarırdı və aydın idi ki, gecə rahatlıq gətirməyəcək.

Xalanın evinin indi restoranın mətbəxi olan zirzəmisindən soğan qoxusu gəlirdi, hamı susamışdı, hamı əsəbi və hirsli idi...

# 93 dəfə oxunub

Oxşar xəbərlər

Oyunu tərk etməyənlər - Andre Morua

Oyunu tərk etməyənlər - Andre Morua

15:00 15 may 2026
"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun  yeni hekayəsi

"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun yeni hekayəsi

12:00 15 may 2026
Nərgiz - Ulucay Akifin hekayəsi

Nərgiz - Ulucay Akifin hekayəsi

15:23 14 may 2026
Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi

Bir yazlıq ömür - Sevinc Xanbutayevanın hekayəsi

13:45 13 may 2026
Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" - İsi Məlikzadənin "Evin kişisi" povestindən bir hissə

"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" - İsi Məlikzadənin "Evin kişisi" povestindən bir hissə

10:00 12 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər