Polislə oyun oynayan narsist - Nuray müəllimi Səmədi sevirdi?

Polislə oyun oynayan narsist - Nuray müəllimi Səmədi sevirdi?
10 yanvar 2024
# 09:00

Kulis.az Nuri Bilgə Ceylanın “Quru otlar üzərinə” filmi haqqında Leylaxanım Qənbərlinin "Quru otların xışıltısı" adlı yazsını təqdim edir.


Filmi Ankarada “Büyülü Fener” adlı kinoteatrda, 5 nəfərlik auditoriya ilə izlədim.

Filmin əvvəllərində istər davranışları, istərsə də geyim və danışıq tərzləri ilə kinoteatra əyləncə məqsədilə gəldiyi açıq-aşkar bəlli olan iki rəfiqə, filmin ilk dəqiqələrində pıçıldaşaraq və ya popkorn yeyərək bir müddət narahatlıq yaratmağa başladı.

Mənə görə kinoteatrda film izləməyin yeganə pis tərəfi budur; başqalarının davranışlarına dözmək məcburiyyəti. Filmin də uzun olduğunu bildiyimdən hələ ilk dəqiqələrdən etibarən gərginlik hiss etməyə başladım. Nə qədər arxaya dönüb bu iki qıza tərs-tərs baxsam da, səs çıxarmağa davam edirdilər.
Bir müddət sonra fikir verməməyə çalışdım, bir də ayıldım ki, filmin ilk yarım saatına çatmışam və zalda heç kimin səsi çıxmır. Səs çıxmağı bir tərəfə sanki nəfəs belə almırlar. Arxaya dönəndə gördüm ki, hamı yerində tərpənmədən filmə qapılıb.

Nuri Bilgenin “Ahlat ağacı” filmini Eskişehirdə hansısa festival daxilində izləyəndə də vəziyyət buna bənzər idi, amma orada müəyyən məqamlarda insanlar arasında narazı mızıldanmaları eşidirdim. Burada isə vəziyyət fərqli idi. Bu hər bir halda rejissorun ifadə dilinin nə qədər uğurlu olduğunun sübutudur ki, kinoteatra əlində qida ilə gələn tamaşaçını belə gündəlik vərdişdən və ya əyləncədən yayındıra bilir. Bəs bu, tamaşaçının diqqətini tamamilə özünə çəkmək, filmin həm də bütünlükdə yaxşı film olması deməkdirmi?

Söhbət bu il 76-cı Kann film festivalında Türkiyəni təmsil edən Nuri Bilgə Ceylanın “Quru otlar üstünə” adlı filmindən gedir; mənə görə, indiyə kimi müəllifin çəkdiyi filmlər arasında şərh olunması ən çətin olan filmindən.

Bu çətinliyin səbəbi, filmin strukturu və ya üslubundakı hər hansı yenilik ilə bağlı deyil, əksinə, film bir-iki nüansı çıxmaqla, başdan sona tanıdığımız Nuri Bilgə filmidir. Elə mən də həmin nüanslardan yazmaq istəyirəm. Onu da qeyd edim ki, film xarici kinotənqidçiləri tərəfindən olduqca bəyənilməsinə baxmayaraq, yerli (türk) tənqidçilər və tamaşaçılar tərəfindən hələ də fikir qarışıqlığına səbəb olmuşdur.


Hadisələr yenə də rejissor üçün bir adət halını alan Anadoluda keçir.

Filmin baş qəhrəmanı olan 40 yaşlı Səməd orta məktəbdə rəsm müəllimi kimi işləyir. O, İstanbuldan Ərzurumun hansısa ucqar kəndinə müəyyən bir müddətlik, vəzifəsini yerinə yetirmək üçün təyinat almış və həmin zamanı doldurmağa məcbur, İstanbula qayıtmaq üçün günləri saymaqdadır. Səməd, həyatı onun kimi ev və məktəb arasında keçən Kənan adlı orta məktəb müəllimi ilə eyni evdə yaşayır.

Kənan Səməddən uzun müddət öncə kəndə gəldiyi üçün oradakı mühiti mənimsəmiş və Səməddən fərqli olaraq, ənənəvi bir ailədən gələn, həyatdan standart gözləntiləri olan sadə bir insandır. Səməd isə həyatının kənd məktəbində heçə getdiyini düşünən aqressiv, bəzi məqamlarda ikiüzlü və olduğu mühiti hər fürsətdə tənqid edən biridir. Onun aqressivliyinin əsas səbəbi isə filmboyu müxtəlif dialoqlarda müşahidə olunan tənhalıq, aid olmama hissinin Səmədin hər zaman həyatında onun arxasından gəldiyini bildirməsidir.

Lakin çox keçmir ki, Səmədin kənddəki darıxdırıcı günləri, məktəbdə iki yeniyetmə qızın o və Kənan müəllim haqqındakı uyğunsuz hərəkət etdikləri iddiası ilə yerini narahat günlərlə əvəz edir. Bu Səməd üçün içində çabalamaqda olduğu mühiti, getdikcə, onun gözündə, içindən çıxılması mümkün olmayan bir qaranlıq quyuya çevirir.

Bu məqamda Səmədin, qəsəbədə yaşayan Nuray ( Merve Dizdar) ilə tanış olması onun üçün olduğu vəziyyəti haradasa yüngülləşdirir. Nuray, Səməd üçün hər şeyin görünməyən yaxşı tərəflərini ona göstərən realist və əslində bir qədər politik obrazdır. O, Ankarada yaşanan terror hərəkatı nəticəsində bir ayağını itirmiş və bu hadisədən sonra ailəsinin yanına qayıdıb Ərzurumda yaşamağa məcbur olan gənc bir qadındır.

Nuray filmə daxil olduqdan sonra Səmədin zamanla məktəbdəki etibarını itirdiyi kimi, yaxın dostu Kənanla da münasibətləri pozulur. Bütün hadisələr onu öz daxilində divara sıxışmasına, qaranlıq tərəfinə çəkilməsinə səbəb olur. Özü daxil olmaqla, heç kimin xoşbəxtliyinin real olduğuna inana bilməyən, kiçik bir xoşbəxtlik qığılcımını da cəldliklə söndürən Səməd, bu yolda uşaqdan-böyüyə hər kəsi öz qurbanına çevirə bilir.


Hələ filmin əvvəllərindən rejissor, Səmədin yaşadığı mühitin necə bir yer olduğunu tamaşaçıya çatdırmaq üçün Ərzurumun qarla örtülü təbiətindən ümumi planlara yer verir.

Onları əhatələyən ucsuz-bucaqsız düzənlik, çıxışı olmayan bir sonsuzluğu xatırladır. Anadolunun ab-havası ilə yüklənmiş təsvirlər bir tərəfdən Səmədin gözündə kəndin nə qədər dar bir dünyaya sığışdığını göstərərkən, digər tərəfdən isə Nuri Bilgenin gözündən bu dünyanın nə qədər özünəməxsus bir təbiəti olduğuna vurğu edir.

“Olduğu yerdə xoşbəxt ola bilməmək, xoşbəxtliyi kənarda axtarmaq, uzağa getmək arzusu” rejissorun daha öncəki filmlərindən də bilindiyi kimi, əsas qəhrəmanların ortaq cəhətidir. Başqa bir ortaq cəhət isə sözləri, düşüncələri ilə dağları aşan bu qəhrəmanların öz həyatlarında bir arşın yol qət etmək cəsarətlərinin olmamasıdır. Bu barədə Səməd, Nuri Bilgenin “Qış yuxusu” filmindəki Aydından, “Ahlat ağacı”ndakı Sinandan müəyyən qədər izlər daşıyır. Lakin Səmədin hər iki qəhrəmanla müqayisədə daha narsist və bir o qədər də cılız bir obraz olduğunu demək yanlış olmazdı.

Belə ki, o, acı danışdığı, özündən aşağı gördüyü mühitin müəllimləri ilə birgə müəllimlər otağında səhər yeməyinə dəvət olunduqda dəfələrlə ac olmadığını deyərək özünü kənara çəkən və daha sonra hamı ilə birgə yemək yeyən, hətta bundan zövq ala bilən bir insandır. Başqa bir səhnədə kəndin polis rəisi yolda maşınla onu çay içməyə dəvət edəndə, yanındakılara “mənim orda nə işim?!” deyə şikayət etsə də, az sonra polisin otağında çay içib onunla birgə “PlayStation” oynaya bilir. Səmədin qeyri-səmimi davranışları təkcə onun xarakterindən irəli gəlmir. Belə ki, onun ən çox ünsiyyətdə olduğu müəllimlər də Səməddən geri qalmırlar.

Onlar yarızarafatla bir-birləri ilə söz güləşdirən, qeybətə meyilli və bir o qədər də səmimi olmayan “ali” kütləni təmsil edirlər. Kəndlilərdən əsas fərqləri bu alilikləridir. Səmədin həyatı dözülməz dərəcə darıxdırıcıdır. Onun üzünü güldürən tək insan, yeniyetmə tələbəsi Sevimdir.


Sevim Səmədin tələbələri arasında ən şən və mehriban olan qızdır; O, hamı ilə gülərüz olmaqla yanaşı, müəllimi Səmədə qarşı xüsusi bir münasibət bəsləyir.

Səmədin də bu xüsusi münasibətdən narahat olmadığını rahatlıqla demək mümkündür. Belə ki, Sevimin şıltaqlığı, işvəli səs tonu ilə danışması, müəlliminin yanında gəzib onun qoluna girməkdən çəkinməməsi, onun Səmədə olan heyranlığının əlamətləri kimi Səməd tərəfindən xoş qarşılanır.

Səməd də Sevimi digər tələbələrindən ayıraraq ona hədiyyələr verir, oxuması üçün hansısa kitab məsləhət görür, bəzən qeybətlə, bəzən isə zarafatlaşaraq vaxtını xoş keçirir. Səməd və Sevimin dostluğu (əslində, bu hər iki tərəf üçün də dostluqdan irəli bir yaxınlıqdır) məktəbdə siniflərin axtarışı zamanı Sevimin çantasından çıxan eşq məktubunun ələ keçirilməsi və Səmədin həmin məktubu sonradan əldə edib gizlətməsi ilə pozulur. Daha doğrusu, dostluq ona görə pozulur ki, Sevim məktubun Səməddə olduğunu bilib ondan təkidlə istəməsinə baxmayaraq, Səməd öz narsist duyğularını təmin etmək üçün məktubu atdığını deyərək onu özündə saxlayır. Əvəzində isə, Sevimi sakitləşdirmək üçün uşaqlıqda özündən böyük bir müəlliminə aşiq olduğunu, bu duyğuların normal olduğunu, Sevimi anlayıb-qorumaq istədiyini deyir.

Deyilən hər cümlə Sevimi Səməd qarşısında çıxılmaz vəziyyətə salaraq, onun bəzən yalvarmasına, bəzən isə qəzəblənməsinə səbəb olur. Nəticədə istədiyini ala bilməyən Sevim bu vəziyyətin onun üçün təhqir olduğunu qəbul edib, bu qarışıq hisslərlə Səməddən intiqam almaq üçün addım atır. O, məktəb direktoruna müəllimləri Səməd və Kənanın bir neçə qız uşağını, həmçinin Sevimi uyğunsuz hərəkətlərlə narahat etdiyini deyərək, müəllimlərdən şikayət edir. Səmədin bu şikayətlə sarsılması və onun nüfuzunun tamam enməsi ilə, davranışları və hər kəsə qarşı münasibəti dəyişir. Daha doğrusu, özünü gizlətməyə ehtiyac qalmır.

Hər nə qədər bu hadisənin üstü çox da böyümədən qapansa da, Səməd artıq əvvəlki kimi ola bilmir. O, tələbələri bəzən təhqir edir, bəzən Sevimi sinifdən qovur. Səmədin dəyişimi Sevimin baxışlarından daha aydın şəkildə oxunur. O artıq müəlliminə mehribanlıqla yox, məyusluq və nifrətlə baxır. Səmədin qaranlıq tərəfinin aşkara çıxması ilə filmin yarısından sonuna qədər bu qaranlıq tərəfin onu idarə etdiyini görürük.

O, gülüşən tələbələrin səslərinə dözə bilməyən, ətrafda xoşbəxt olması ehtimal olan hər kəsin yanında qara kölgə kimi yaşamağa başlayır. Bu vəziyyətdən nəsibini alan təkcə Sevim olmur, Səmədin ev yoldaşı Kənan və filmdə Sevimdən sonra Səmədlə “eşq münasibəti” başlığı altında dəyərləndirlən bir digər qadın obrazı Nuray bu insanlar arasındadır.

Səməd kənd polisini ziyarət edəndə polis Səmədə qəsəbədən Nuray adlı bir qız ilə onun arasını düzəltmək istədiyini deyir; Nuray da Səməd kimi rəsm çəkir, o da müəllimdir. Səməd polis məmuruna təkidlə tanışlığı düşünmədiyini desə də, Nurayla görüşə gedir. Görüş zamanı Nurayla aralarındakı uyğunsuzluq ilk dəqiqələrdən həm Səməd həm də Nuray üçün aydın olur.

Buna baxmayaraq, onlar görüşüb söhbətləşməyə davam edirlər. Səməd zamanla Nurayı başından etmək üçün onu dostu Kənanla tanış edir və Kənanla Nuray ilk görüşdən bir birlərini bəyənirlər. Nurayın Səmədə göstərmədiyi mehribanlığı, istiliyi Kənana göstərməsi Səmədin qısqanclığına səbəb olur. Belə ki, o, növbəti görüşlərdən birinə Kənandan xəbərsiz gedərək, Nurayla onun evində şam edir. Yeməkdən sonra onlar şərab içərək həyatın gedişatına, inanca, tənhalığa, fərdin yaşama məqsədinə, ailəyə, “ümid edərək yaşamağın çətinliyinə” dair uzun söhbətlər edirlər.

Bu söhbətlər zamanı Nurayın həyata ümidli baxışı, problemlərin öhdəsindən əl-ələ verib gəlməyə olan inamı, Səmədin gözündə bəsit qız romantikası kimi dəyərləndirilir. Səmədin reallıq kimi dəyərləndirdiyi şeylər insanın tənhalığı, buna bağlı olaraq heç kimə və heç yerə aid ola bilməmək hissi, Nurayla tamamilə zidd olduğunu bir daha göz önünə gətirir. Bütün bu konfliktlərə baxmayaraq cütlük gecənin irəliləyən dəqiqələrində Səmədin cəhdi ilə yaxınlaşmağa başlayırlar. Bu məqamda Səməddən işığı söndürməsini istəyən Nuray, Səmədi yanından göndərir və Səməd otaqda çıxarkən bir boşluğa, hansısa zirzəmiyə bənzər məkana daxil olur. Saniyələr sonra Səmədin filmin çəkiliş heyətinin arxasına keçdiyi bəlli olur.

Bu zaman tamaşaçı nəfəsini saxlayaraq, Səmədin roldan çıxıb-çıxmayacağını gözləsə də, Səməd sanki heyəti görmürmüş kimi insanların arasından keçərək yenə filmə aid olan bir məkana – Nurayın hamamına daxil olur. Rejissor bu səhnə ilə ani olaraq tamaşaçını bu qədər həssas mövzulara fokuslandığı zaman onlara bunun bir film olduğunu xatırlatması, olduqca maraqlı və sarsıdıcı təsir buraxır. Mənə görə bu, filmdə unudulmaz məqamlardandır.


Səməd Nurayla keçirdiyi gecənin səhəri, daha sakit və xoşbəxt görünür. Əslində isə, özünü və Nurayı rahatlatmaq üçün onun kəsik ayağı ilə bağlı dedikləri, Nuraya qarşı mehribanlığı, Səmədə görə heç bir məna ifadə etmir. Onun evə qayıdan kimi Kənana üstüqapalı şəkildə baş verənləri danışması, bunun sübutu olaraq dəyərləndirilə bilər. Səmədin bu məqamda Kənanın üzündə gördüyü inciklik və əsəb, onda heç bir narahatlıq yaratmır. Bu davranışı ilə Səməd heç nədən razı olmayan, depressiv biri olmaqla yanaşı, yanındakıların da özü kimi olmasını istədiyini və kiçik şeylərlə kifayətlənib, xoşbəxt olan insanlara dözümünün olmadığını göstərir.

Nuray bu hadisədən sonra Kənanın ona soyuq davrandığını və zənglərinə cavab vermədiyini görüb Səməd və Kənan yaşayan evə qəfil gələrək Kənana bunu nə üçün etdiyini açıqlayır. Bu Səmədin xoşuna gəlməsə də, artıq olan-olub. Nuray əlil ayağı ilə ilk dəfə biri ilə cinsi əlaqədə olduğunu deyərək, bunun onun üçün zəruri olduğunu vurğulayır. Nurayın öz çarəsizliyini etiraf etdiyi bu səhnədə, onun nə üçün Səmədlə münasibətdə girdiyi də tamaşaçıya aydın olur.

Finala yaxınlaşdıqda Səməd yenidən məktəbdə görünür. Artıq yaz fəslidir və tətil yaxınlaşır. Səməd otağında qiymət cədvəllərini yazarkən küsülü olduğu tələbəsi Sevim otağa daxil olur. Sevim filmin əvvəllərində olduğu kimi işvəli, şən və mehriban təbəssümlə, Səmədə özünün hazırladığı tortdan bir dilim gətirir. Bu Sevimə görə dərsin son günü, onun öz sevimli müəllimini bağışladığını göstərdiyi bir addımdır. Ancaq Səməd Sevimlə eyni düşüncədə deyil.

O, tortu yedikdən sonra köhnə məsələləri açmağa cəhd edərək, Sevimi sıxışdırır və onun məktubla bağlı hisslərini öyrənməyə çalışır. Bu məqamda Səmədin baş verənlərə baxmayaraq, bu müddət ərzində heç dəyişmədiyini, yenə öz eqosunu bəsləmək üçün bir insanı incitməkdən çəkinmədiyi görmək mümkündür. Sevim Səmədin qəzəbinə, təkidinə baxmayaraq ona sükutla cavab verir. Özündən olduqca kiçik olan bu qızcığaz qarşısında, Səməd sonuna kimi kiçilməyə davam edir. Lakin nə qədər çabalasa da, Sevim Səmədin daxilini duyduğu üçün və ya sadəcə, təmiz bir uşaq olduğu üçün müəlliminə heç bir qarşılıq vermir. Mənə görə filmin bitməli olduğu bu səhnədən sonra filmin final səhnəsi açılır.


Filmin finalında Nuray, Səməd və Kənan bir yerdə gəzintidədirlər. Artıq yaz mövsümü tamamilə özünü bürüzə verir. Bu üçlük bir yerdə xoşbəxt şəkillər çəkdirir və ərtafı seyr edirlər. Daha sonra, Səməd onlardan ayrılaraq bir təpənin üstünə çıxır. Bu məqamda filmin adında olan quru otlar, Səmədin ayağının altında əzilərək yaxın planda təsvir olunur. Səməd çıxdığı yüsəklikdən Kənan və Nurayı izləyir.

Burada Səmədin daxili səsi, onun etirafları, ya da ürək sözləri səslənir. Hansı ki, bu sözlər filmboyu tanıdığımız Səmədin olmaq istədiyi adama məxsus sözlər kimidir. Bu ifadələrdə təbilik, və reallıq yoxdur. Tamaşaçının ağlında bir çox sual yaradan səhnə filmdən ayrı bir hissə kimi filmə yad qalır.

Bu üçlük nə üçün bir yerdə və belə şəndir? Səmədin daxili səsi ilə dedikləri, bu qədər şeydən sonra özünü təmizə çıxarmağa çalışır? Sevimə qarşı son gün belə göstərdiyi narsist münasibətdən sonra bu daxili səslə deyilənlər nə qədər inandırıcıdır? Sevimə olan etiraflar, bağışlanmaq istəyi, tənhalığın yükü kimi şeylərdən danışan Səməd, sanki rejissorun xüsusi cəhdilə, əslində pis adam olmadığı sübut olunmağa çalışılan bir obraza çevrilir. Filmboyu gözümüzün önündə sözündən əməlinə hər şeyi ilə problemli və mənfi bir qəhrəman olan Səməd indi nə üçün olduğundan fərqli davranır? Yoxsa o doğrudan Nuri Bilgənin müsahibəsində qeyd etdiyi kimi mənfi qəhrəman deyil?

Rejissorun “lazım gəlsə, Səmədin vəkilliyini edərəm” deyərək, onu və dolayısı, özünü qəhrəmanla bağlı tənqidlərdən xilas etmək üçün səsləndirdiyi ifadə, doğurdan da bunu göstərmirmi ki, filmin sonu böyük kütlələr tərəfindən hələ də fikir ayrılığına səbəb olur? Film tamaşaçının ağlında fırlanan bu suallarla bitir..

Final səhnəsindən savayı, filmdə qüsur kimi dəyərləndirilə biləcək bir neçə məqama da toxunmaq yerinə düşər. Bunlardan biri, rejissorun özünün çəkdiyi, Anadoluya aid fotoşəkilləri bəzən səhnələr arasına yerləşdirərək filmdə qopuqluqlar yaratmasıdır. Fotoşəkillərin filmə yad olmasının mənə görə bir neçə səbəbi ola bilər. Bunlardan biri yaxın planda çəkilən insan portretləri filmdə yer almayan insanlara aiddir və bunların filmin qəhrəmanları ilə əlaqəsi yoxdur.

Biz filmdə Anadolunu Səmədin gözündən görərək onun boğucu, maraqsız bir yer olduğunu qəbul edərkən, paralel qaydada rejissorun gözü ilə Anadolunun gözəlliklərini də görürük. Bundan başqa, fotoşəkillər Səmədin kiçik fotoaparatı ilə çəkilmiş kimi verilir və təsvirlərdəki həssaslıq Səmədin təbiətinə xas olan bir həssaslıq deyil.

Ümumiyyətlə, filmdə iki cür Anadolu anlayışı var. Biri Səmədin dünyasındakı, çıxışı olmayan, həyatın durduğu Anadolu, digəri isə rejissorun uzaqdan sevdiyi Anadolu. Mənə görə problem, bu ikisinin Səmədin gözündən verilməsidir. Filmin digər mənfi tərəflərindən biri də, Nuri Bilgenin operatorunu dəyişdiyinin bəzən açıq aydın özünü büruzə verməsindədir. Əsasən dialoq səhnələrinin sabitliyi, kamera hərəkətinin bəzən öyrəşilmiş Nuri Bilge filmi tərzindən çıxması, insanda müəyyən qədər məyusluq yaradır.


Filmə dair bütün mənfiləri kənara qoysaq, bütünlükdə film Nuri Bilgənin indiyə kimi ən axıcı dilaloqlarının olduğu filmdir.

Film 3 saat 16 dəqiqə olmasına baxmayaraq, 1 saat hissi verirmiş kimi sürətli gedir. Bundan başqa, zənnimcə, “Qış yuxusu” filmindəki Aydın obrazından sonra Səməd rolu ilə Deniz Celiloğlu, Kann film festivalında “Ən yaxşı aktyor” mükafatına layiq ola biləcək bir performans göstərib. Böyük ehtimalla onu bu mükafatdan məhrum edən səbəblər var; finalın uğursuzluğu və ya siyasi səbəblərdən, Merve Dizdarın mükafat almasının daha zəruri olması kimi. Hərçənd ki, Nuray rolu ilə Merve Dizdar da olduqca güclü bir performans göstərir, yenə də bu əsas qəhrəmanla müqayisədə bir qədər kölgədə qalır. “Quru otlar üstünə” öyrəşdiyimiz Nuri Bilgə filmlərindən bir qədər fərqlənir. Bunun rejissor üçün bir dəyişim, keçid olduğunu demək çətindir. Amma yenə də əgər bu bir yenilikdirsə, gələcəkdə Nuri Bilgə qarşımıza cəmiyyətin bir o qədər də asanlıqla qəbul edə bilməyəcəyi “mənfi qəhrəman”larla çıxa biləcəyini və onların “vəkilliyini” edə biləcəyini demək mümkündür. Təkcə bunu müşahidə etmək üçün belə filmi izlməyə dəyər..

P.S. Film bitən kimi kinoteatrı ilk tərk edən səs-küylü qızlardan birinin digərinə “sən filmi bəyəndin?” sualına qarşısındakı cavab vermədi. Məndən soruşsanız, mənim də cavabım yoxdur... "Kinoyazar"

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #