Kulis.az ölkəmizdə təşkil olunan kitab sərgiləri ilə bağlı yazıçıların fikirlərinin ikinci hissəsini təqdim edir.
Aqşin Yenisey:
İdeal iş deyə bir şey yoxdur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da kitaba aid tədbirlər keçirilməlidir, qüsurlu-qüsursuz. Bu məsələdə ikinci münasibət qəbuledilməzdir.
Rasim Qaraca:
Son illərdə kitab sərgilərinin çoxalması, bölgələrə yayılması çox yaxşı haldır. İstər-istəməz kitaba marağın artmasına və nəşriyyat-yazar sektorunun güclənməsinə səbəb olur. Mənim razı olmadığım və ya məmnun olmadığım məqamlar var, lakin düzgün yanaşmayla çatışmazlıqların aradan qalxacağına inanıram. Bu çatışmazlığa ən əsas səbəb ümumən oxucu səviyyəsinin aşağı olmasıdır. Əslində, oxucu var, amma oxucunun tələb etdiyi kitabların məzmunu hələlik ciddi sayılmayacaq ədəbiyyatlar sferasına aiddir.
Azər Qismət:
Sərgilərin keçirilməsi yaxşıdır. Amma bir az ard-arda keçirirlər. Oxucu sayı azalmağa başlayıb. Bilmirəm, bu nədən irəli gəlir? Sərgilərdə daha çox uşaq kitabları alınır. Uşaq kitablarına tələbat çoxdur. Böyüklər üçün olan kitablar isə çox alınmır. Bundan əlavə hansısa nəşriyyat öz büdcəsi hesabına hansısa yazıçının kitabını dərc edibsə, ona pul yox, 15-20 kitab verir. Müəllifi sərgiyə də çağırır ki, gəl nəşr etdiyim kitabları sat. Bu, bir az da müəllifə haqsızlıqdır. Keçən dəfə müəlliflərdən biri deyirdi ki, satılan kitabından ona bir qəpik də verməyiblər. Çox istərdim ki, həmin nəşriyyat satdığı kitabın heç olmasa beşinin pulunu ona verərdi.
Bundan əlavə, yazıçının sərgidə öz kitablarının arxasında durub onları satmasını heç cür qəbul edə bilmirəm. Dünən eşitdim, "Libra" nəşriyyatı Qəşəm Nəcəfzadənin kitabını qonorarla alıb. Bu ilk addımdır. Çox xoşuma gəldi. Digər nəşriyyatlar da belə etsələr əla olar. Kitab sərgilərində yazıçıların kitablarını nəşriyyat nümayəndələri satmalıdır. İstərdim ki, gələcəkdə Damlanı, Üzeyiri və s. geniş kütləsi olan adamları sərgilərə çağırsınlar. Onlarla əməkdaşlıq etmək olar. Damla müraciət edə bilərdi ki, mənlə şəkil çəkdirmək istəyənlər bir kitab alsın. İnanın ki, bu halda yazıçı və sərgi daha çox qazanmış olardı. Sərgilərdə satılan bütün kitabların pulu nəşriyyatların cibinə gedəcəksə zamanla bu sərgilər yazıçılar üçün də maraqsız olacaq. İldə üç dəfə, amma yaxşı şəkildə təşkil olunsa, daha yaxşıdır. Sərgilərin sayı artdıqca keyfiyyət aşağı düşür.
Samirə Əşrəf:
Ölkədə mənim arzuladığım kitab sərgiləri keçirilməyib. Hamısında bir pərakəndəlik, təşkilatsızlıq var. Yükün hamısını yazıçının boynuna atırlar. Keçən il mən də I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunmuşdum. Kitablarım da qoyulmuşdu. Hər şey azərbaycansayağı idi. Tozlu masalar, günün altı, yazıçıya yer göstərən yox... Yazıçıya hörmət görmədim orda. Ancaq titullu, qocaman yazıçılara diqqət ayırırdılar. Onlara mikrofon verib danışdırırlar. Baxsaq, heç istedadları da yoxdur. Müasir yazıçılara münasibət çox pisdir. Ulucayın yazısını oxudum. Orada yazıçıya münasibət mövzusunda yazdıqlarına qatılıram. Yazıçı ilə belə davranılmamalıdır. Bu baxımdan, sərgilər məni qane etmir. Ancaq bütün hallarda hər yerin kababxanalara çevrildiyi dövrdə “kitab sərgisi” sözünün işlənməsi müsbət haldır. Keçirilməlidir. Düşünürəm ki, ildən-ilə qaydasına düşəcək. Məsələn, “Qanun”un sərgisinə xeyli adam gəlmişdi. Mən də kömək eləməyə çalışdım. Kitab almaq və oxumaq uzun zaman istəyir. Bu mərhələləri də keçməliyik.
Orxan Cuvarlı:
Kitab sərgiləri keçirilir, ümidlənirik, oxucular üçün yaxşı fürsətdir, bu öz yerində. Təəssüflər olsun ki, eyni mənzərə müəlliflər üçün keçərli deyil. Kitab sərgiləri naşirlərin, təşkilatçıların cibini doldurur. Biznes yanaşmasını normal qəbul edirəm, modern təmayüllərin fərqindəyəm. Amma bizdə tətbiq olunan modelin ədalətli olduğunu düşünmürəm. Nəşriyyatlar müəlliflərə zərrə qədər hörmət etmirlər. Müəlliflər az qala kitab sərgilərinin "persona non qrataları" elan olunub. Sırf bu mənzərəni görməmək üçün son sərgilərə getmirəm. Nə vaxta qədər nəşriyyat sistemi, satış strategiyası, marketinq modelləri tam müəyyən edilməyəcək, mən bir müəllif kimi naşirlərin, təşkilatçıların cibini dolduran kitab sərgiləri barədə eyni düşüncədə olacağam.
Rəvan Cavid:
Azərbaycanda kitab sərgisi, kitab festivalı adı ilə təqdim olunan bütün tədbirlər yarmarkadır. Elə kitab sərgisi olmur. Yarmarka da bazar deməkdir. Yəni Azərbaycanda tez-tez kitab bazarı açılır. Yazıçılar gəlir piştaxtaya kitab düzür, sonra heç nə qazanmadan evinə gedir. Naşirlər isə xarici ədəbiyyatı satıb az da olsa nəsə qazanır. O bazara gələn 200-300 nəfərin 160-ı da elə yazıçı-şair tayfası olur. Sonra onların şəklini paylaşıb "kitab şöləni oldu" deyib özümüzü aldadırıq. Bu problemin həlli yolları var və 10 ildi deyilir, təkliflər verilir. Qulaq asan yoxdu, qulaq asmaq istəməyənlər isə daha çoxdu.
Cavid Zeynallı:
Kitab adına görülən bütün işləri alqışlamaq lazımdır. Ənənə formalaşır, yol başlanır. Əksinə, belə işlərə dəstək vermək lazımdır. İş varsa, orda qüsur var. Qüsurlar getdikcə azalacaq, kitabın təbliği üçün görülən işlər qalacaq. Sərgi təşkilatçılarına eşq olsun!
Nərgiz İsmayılova:
Sərgilərdə barmaqla sayılacaq qədər az adam olur. Bu mənzərə hər şeyi deyir. Ancaq populyar yazarlar satılır. Ya da xarici müəlliflər, tərcümə ədəbiyyatı. Bəs bu sərgilər bizim ədəbiyyata nə töhfə verir? Yazarlar kitab satmaqda maraqlı deyillər, bilirik ki, oxucu yoxdur, olanlar da dost-tanış. Oxucuya hələ də Ramiz Rövşən, Anar, Elxan Elatlı təbliğ olunur. Gənclərə şans verilmir, verilənlər də AYB-də rəsmi vəzifəsi olanlardır, bu baxımdan kitab sərgisi marketinqdir, bunun mənəvi heç bir tərəfi yoxdur.