Təşkilatçılar təcrübəsizdilər - Yazıçılar kitab sərgilərindən danışdı

Təşkilatçılar təcrübəsizdilər - Yazıçılar kitab sərgilərindən danışdı
9 iyun 2023
# 15:11

Kulis.az ölkəmizdə təşkil olunan kitab sərgiləri ilə bağlı yazıçıların fikirlərini təqdim edir.

Şərif Ağayar:

Yazıçı Şərif Ağ "Kulis"dən niyə getdi? Yeni Sabah

Kitab sərgiləri mənə müqaviməti zəifləmiş orqanizmə sistem qoşulmasını xatırladır. Yaxşı-pis, zəif-güclü, böyük-balaca, qüsurlu-qüsursuz fərqi yoxdur, nə qədər çox keçirilsə, bir o qədər yaxşıdır. Kitabı insanımızın vacib həyat komponentinə çevirməyin bundan daha yaxşı yolu yoxdur. Mədəniyyət ocaqlarında, təhsil müəssisələrində, parklarda, mərkəzi küçələrdə, bölgələrdə – hər yerdə hər zaman kitab görməli, onunla iç-içə olmalıyıq. Bunu arzulamayanın və buna əlindən gələn köməyi etməyənin xalq-vətən sevgisinə inanmıram. Məncə, biz hələ sərgilərin səviyyəsini müzakirə etmək mərhələsində deyilik, insanları kitaba öyrəşdirmək, ona alışdırmaq mərhələsindəyik. Təbii, xeyli ciddi addımlar atılıb, uğurlar var, eyni zamanda çoxlu obyektiv-subyektiv nöqsanlar da var. Nöqsanlar yalnız prosesin içində düzələcək. Bu gün ən vacibi kitabın qarşısındakı süni bürokratik əngəlləri aşırmaq, nəşriyyat sisteminin inkişafı ilə bağlı ən sivil qanunvericilik bazası hazırlayıb onu işlək hala gətirmək, kitabın həm dövlət, həm xalqla ən mütərəqqi ünsiyyətini qurmaqdır. Kitab ümummilli məsələdir. Dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz kimi... Və bu səviyyədə də həssaslıq tələb edir. Bütün qələbələr kitabla əsaslanır, kitabla əbədilik qazanır. Dünyada kitabı zəif olan güclü ölkə yoxdur. Hər bir cəmiyyət kitaba münasibəti qədərdir.

İlham Əziz:

Elvira - İlham Əzizin hekayəsi

Kitabla bağlı bütün tədbirlər təqdirəlayiqdir. Şəhərin mərkəzində belə sərgiləri keçirmək min cür icazə və maddiyat tələb edir. Bunu da naşirlər özləri həll edir. Naşirlər kapitalist düşüncəli adamlardı, mal satırlar. Kapitalist düşüncəli adama fərqi yoxdur nə satır. O, qazancını düşünür. Düz də edir. Təşkilatçıları qınamaq da olmur. Sadəcə kitab sərgilərinin keçirildiyi yerlərdə sanitar qovşaqlarının olmasını, normal qiymətlərə çay, su təşkil edilməsini istərdim. Bizdə yazıçı-naşir münadibətlərini tənzimləyən hüquqi zəmin yoxdur. Odur ki, bu sahədə özfəaliyyət var. Bu, naşirlərin problemi deyil, dövlətin məsələsidir. Mən, şəxsən, heç bir sərgidə yazıçı kimi iştirak etmirəm. İştirak edənlərə də pis baxmıram. Başqa çarə yoxdu. Sənət mühitinin formalaşması, bu sahələrin adamlarının bir araya gəlməsi baxımından sərgilər hələlik ən yaxşı fürsətdi.

Sevinc Elsevər:

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Kitab sərgiləri ən azı kitabı gündəmə gətirir. Yerli yazarlar bu sərgilərdə öz kitablarını təqdim edə, sata bilirlər. Bütün sahələrdə olduğu kimi burda da yaxşı və pis cəhətlər, çatışmayan tərəflər var. Azərbaycan yazıçısı ortaya çıxardığı məhsulun, zəhmətin qarşılığını görmür. Ancaq bunun səbəbkarı naşirlər də deyil. Səbəb çoxdur. Azərbaycanda oxucu yoxdur. Olanların da milli heysiyyəti azdır. Yerli ədəbiyyata dəstəyin faydasını anlamırlar. Öz mədəniyyətimiz, ədəbiyyatımız veclərinə də deyil. 90 faiz oxucu dəb üçün oxuyur, xarici müəllif adı çəkib forslanmaq üçün. Forslanmaq üçün də oxumaq olar. Burda qəbahət yoxdur. Niyyət nə olur-olsun, əsas odur oxusunlar. Ancaq yerli yazarları görməzdən gəlmək, etina etməməklə milli ədəbiyyatın inkişafına da zərbə vururlar. Oxucunun laqeydliyi bəzi naşirlərə yazarların əməyini istismar üçün fürsət verir. Ancaq kimsəni də zorla istismar etmirlər.

Alan razı, satan razı. Yazar kitabı yazır, qalır əlində. Nəşriyyatın qapısını döyür, nəşriyyat da öz hesabına çap edirsə, neynəməlidir? Özü satıb qazanmalıdır da. Bu günədək təkcə Hədəf, Xan nəşriyyatından qonorar almışam. Qalan nəşriyyatların heç birindən. Ancaq həmin nəşriyyatlar da məcbur kitabımı çap etməyiblər ki. Vaxt vardı heç bu imkan da yox idi. Mən 2000-2001-ci illərdə çap olunurdum dövri mətbuatda. O zamanlar kitab çıxarmaq gənc qələm adamı üçün xəyal idi. Sonralar AYO təşkilatı, Qanun nəşriyyatı kitablarımı çıxardı. Bəlkə o günləri görmüşəm deyə naşükürlük edə bilmirəm. İndiki vəziyyətə şükür. Azərbaycan yazarının xilası nə dövlətdədir, nə ayrı-ayrı nəşriyyatlarda. Xalqdadır. Xalq öz mədəniyyətinə, kitabına, yazıçısına, teatrına, kinosuna, musiqisinə sahib çıxmalıdır. Azərbaycan xalqı saf uşaq kimidir. Uzaqgörənliyi çatışmır bu mövzularda. Toy tamadalarını yaxşı yaşadan xalq sənətkarlarını da kimsəyə möhtac qoymadan yaşada bilər. Bunu eləmir. Sosial çətinliklər də bəhanədir. Dəbli geyinirlər, hamının cibində ayfon var. Uşaqlarım məktəbdə başqa uşaqların əlində ayfon görüb öz ucuz, köhnə telefonlarını universitetə, məktəbə aparmağa utanırlar. Camaat istəsə kitab da alarlar.

Milli təəssübkeşlik azdır. Bir neçə həftə bundan qabaq Kulis.az-da bir yazı yazmışdım. Animator Məsud Pənahi Qarabağ mövzusunda uşaqlarımız üçün animasiya filmi çəkmək üçün xalqdan dəstək istəyib. Mən də millətə çağırış etmişəm ki, dəstək verin, rejissor filmi çəksin. Animafilm festivalının yaradıcısı Rəşid Ağamalıyev o gün yazıb ki, Sevinc, yazını mindən çox adam oxuyub, ancaq 1 nəfər də ianə etməyib. Nə bilim, vallah. Bu vəziyyətdə öz qazancı üçün olsa da, Azərbaycan yazıçısının kitabını pulsuz çap edən, satan naşirlərin işi əsl fədakarlıq kimi görünür. Belə baxanda qiymətli kağızlarını qiymətsiz kağızlara xərcləyir, sonra da həmin kağızları yenidən qiymətli kağıza, pula çevirməyə çaba göstərməklə məşğuldurlar.

Hədiyyə Şəfaqət:

Yeniyaz.az - Ruhumda bətnin məhrəmliyi...

Ölkəmizdə kitabla bağlı təşkil olunan istənilən tədbir təqdirəlayiqdir. İstər bağlı, istər açıq yerlərdə kitab görünürsə, diqqət cəlb edirsə, lap elə yanından düz ötüb keçilirsə belə kitab gözə görünməlidir. Bizdə kitabla bağlı kompleks planların, təşəbbüslərin olmaması çətinlik yaradır. Sərgi təşkil olunur, təbliğat təşəbbüsünə qoşulan olmur, maarifləndirmə zəifdir, təşviq tək-tək şəxslərin ümidinə qalıb. Ümumilikdə, sərgilər arası kitab unudulmamalıdır, müəllifləri tanıtmaq, kitablarla bağlı hazırlıq işləri nəzərdə tutulmalıdır. Sərgilərlə bağlı başqa bir çatışmazlıq çox vaxt ard-arda keçirilməsidir. Sonra isə fasilə yaranır. Həmçinin müxtəlif nəşriyyatların stendində eyni vaxtda səpələnmiş imza saatlarının təşkilidir. Oxucu onsuz da azdır, mərkəzləşdirilmiş imza və təqdimat, görüş saatları daha effektiv ola bilər.

Lakin bunlardan böyük problem var. Kitab sərgiləri xarici ədəbiyyat sərgilərinə çevrilib, əsas yerdə tərcümə olunmuş kitablar dayanır. Onsuz da çətinlik çəkən Azərbaycan yazıçısı, şairi, müəllifi kölgəyə düşür. Öz müəlliflərimizin kitabları ya gözdən uzaq qoyulur, ya da,ümumiyyətlə, soruşmasan, görmürsən. Nəşriyyatlar xarici ədəbiyyatın tanıdılmasında və satılmasında bu qədər həvəslidirlərsə, istər dövlət, istər müstəqil kitab tədbirlərində özümüzə xüsusi yer ayrılması nəzərdə tutulmalıdır. Həmin nöqtədə yerli müəlliflərlə nəzərdə tutulmuş tədbirləri təşkil etmək, kitablarının satışını məhz o nöqtədə həyata keçirmək lazımdır. Nəşriyyatlar yerli müəlliflərə barmaqarası baxdıqca, onu tanıtmaqda maraqlı olmadıqca, öz kitablarımızı o şərəfə layiq görmədikcə heç nə düzəlməyəcək. Belə olan halda isə nəşriyyat daha çox mətbəə, çapxana hesab olunacaq.

Kənan Hacı:

Kənan Hacının şeirləri haqqında qeydlər » Yarpaq.az

Ölkəmizin paytaxtında kitab sərgilərinin keçirilməsi təqdirəlayiqdir. İllər boyu bunun üçün çalışdıq, yazılar yazdıq. İndi sərgilər keçirilir. Amma bu sərgilər yazıçı üçün effektiv deyil. Bu boyda sərgilər, festivallar keçirilir, amma televiziyalarda bununla bağlı heç bir reklam getmir. Hansısa TV gəlib iki dəqiqəlik süjet çəkib gedir. Bununla məsələ həll olunmur. Azərbaycan yazıçılarına ögey münasibət var. Təşkilati məsələlər bərbad gündədir.

Vüqar Van:

Yazıçı Vüqar Van kimdir? – Dosye

Mən sualı bir az dəyişdirərdim. Kitab sərgiləri ölkəmizdə yox, Bakıda, təsadüfi hallarda, Gəncədə və Lənkəranda, keçirilir. Buna görə də böyük çoxluğa xitab etmək mümkün olmur. Kitab sərgilərindən ölkənin xəbəri yoxdu. Yalnız həmin şəhərdə yaşayan bir ovuc kitab oxuyanın xəbəri var.

Buna baxmayaraq, əlbəttə, razıyam. Dünən evdən çıxıb çörək almağa gedəndə bu haqda düşünürdüm. Bu il çoxlu kitab sərgisi baş tutdu. Hər il yavaş-yavaş artır. Üstəlik, sahibkarlar, toy dili ilə desək, "yaxşı pulla çıxırlar ki" sərgiləri tez-tez keçirməyə meyllidirlər. Hazırda, səhv eləmirəmsə, davam edən iki kitab sərgisi var. Elmlər Akademiyası parkında və Xırdalanda.

Kitab sərgilərindən, müstəqil naşirlərin yenilikçi cəhdlərindən razıyam.
Qüsurlar isə texniki məsələlərdir, yaxşıdı budur, onlardan danışmayaq, öz-özünə düzələcək. Nə deyim, necə deyim, heç bilmirəm. Kitab sərgilərini çox sevirəm.

Günel Natiq:

Qocalmaqdan qorxub intihar edən qadın

İki kitab sərgisində iştirak etdim, Milli Sərgi və Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında. Əsas məqsədim öz oxucularımı tapmaq idi. Hər iki sərgi gözləntilərimi doğrultdu. Qüsurlar da var, təbii ki. Milli Sərgidə İçərişəhər qoruğunun müəlliflərə bir az ögey münasibət bəslədiyini düşünürəm, masalar çətirsiz olduğundan qazonda, ağaclarin kölgəliyində günəşdən qorunmaq istərkən, qoruq əməkdaşlarının, cərimə ediləcəyimiz barədə xəbərdarlığı ilə üzləşirdik, bu da dolayısı ilə kitabın heç bir rolunun olmayacaği ilə bağlı ruh düşkünlüyü yaradırdı.

Orxan Həsəni:

O yazıçı əxlaqsızdır! – Orxan Həsəni yazır…

Kitab adına təşkil olunan bütün tədbirləri təqdir edirəm. İnkişaf etmiş, sağlam, azad cəmiyyətlərin yolu kitabdan, mütaliədən keçir. Nəhayət bu müstəsna həqiqəti başa düşməliyik. Azərbaycanda təşkil olunan kitab sərgiləri isə hansısa köklü ənənəyə söykənmir. Təşkilatçılar yoxlaya-yoxlaya, yanıla-yanıla, belə deyək, yıxıla-düşə işi öyrənirlər. Və düşünürəm ki, prosesin sıfırdan başladığını nəzərə alsaq, müəyyən inkişadan söhbət gedə bilər.

Sərgilərdəki qüsurlar haqqında isə onu deyə bilərəm ki, sərgi dedikdə təkcə edirimli kitabların satılması nəzərdə tutulmur. Eyni zamanda müxtəlif forumlar, müzakirələr, müasir mədəni prosesləri əhatə edən söhbətlər də daxildir. Sərgi zamnaı gördüm ki, təşkilatçılar satış stendlərindəki alıcıları bu forumlara, müzakirələrə, müasur mədəni prosesləri əhatə edən söhbətlərə cəlb edə bilmirlər. Oxucu kitabı alır və gedir. Mədəni prosesin fiziki parçası olmaq istəyi birmənalı yoxdur. Bəlkə də, ümumən bundan xəbərsizdir. Bu istəyi oyatmaq lazımdır. Reklam və müxtəlif cəlb etmək üsurlları köməyə çata bilər. "Qanun nəşriyyatı"nın "Facebook" səhifəsinə gələn bəyənilərin sayı 5-10-u keçmir. Düşünürəm ki, təşkilatçılar bu barədə təcrübəsizdirlər və açığı, bu sahəni ciddi qəbul etmirlər. Əksinə məhz bu sahə ciddi qəbul olunmalıdır.

Forumların, müzakirələrin, müasur mədəni prosesləri əhatə edən söhbətlərin moderatorları, çıxışçıları müəyyən qonararla təmin edilməlidir. Profissional münasibət yoxdursa, keyfiyyətdən söhbət gedə bilməz. Profissional münasibət isə moderatora, çıxışçıya qonarar verməyi tələb edir. Başqa yolu yoxdur.

Aqşin Evrən:

Aqşin Evrənin şeirləri Türkiyə mediasında

Təxirəsalınmaz səbəblərdən dolayı budəfəki sərgidə iştirak edə bilmədim, amma oxuduğum yazılardan belə qənaətə gəldim ki, arzuolunan səviyyədə baş tutmayıb. İştirak edə bilmədiyim üçün əlavə şərh verməyəcəm, amma təkliflərimin bir qismini deyə bilərəm. Ümumiyyətlə, bu kimi məsələlərdə sərgi gününə qədər ciddi işlər aparılmalıdır. Söhbət təbliğati baxımdan atılacaq zəruri addımlardan gedir. Əvvəla, ölkədə ətrafına oxucu, dinləyici auditoriyası yığmış şəxsləri, qiraətçiləri müəyyən qonorarla ora dəvət etmək lazım idi.

İkincisi, ölkədə praqmatik istiqamətdə proses aparılmalıdır. Xüsusilə, valideynlər arasında. Uşaqların oxu vərdişinin formalaşmasının onların gələcək təhsil həyatında oxuyub-öyrənmək entuziazmını formalaşdıracağını valideynlərə izah etməliyik. Heç vaxt kitab üzü açmayan uşağı 9-cu sinifdə 1071 dənə kursa göndərirlər, bu isə effekt vermir. Bunu valideynlərə başa salmaq lazımdır. Təbii ki, bu, yazıçılar, naşirlərin yox, Təhsil Nazirliyi, məktəblər, müəllimlərin işidir. Bu prosesə 10 il əvvəl başlasaydıq, indi çox pozitiv mənzərənin şahidi ola bilərdik. Hələ də gec deyil, amma bir gün gec olacaq.

İlqar Rəsul:

İlqar Rəsulun “Ən qısa hekayə”si – KİTAB ADASI

Ümumən götürəndə, ölkədə keçirilən kitab sərgilərindən razıyam. Və hesab edirəm ki, belə sərgilər nə qədər çox keçirilsə, o qədər yaxşıdır. Kitabın cəmiyyətin həyatına daha çox daxil olması, ədəbi mühitin daha yaxşı oturuşması, yazarların özlərini ifadə etməsi, oxucuların öz yazıçıları, şairləri ilə görüşməsi baxımından bu sərgilər çox önəmlidir.
Qüsurlara əlincə, ilk növbədə onu deyim ki, qüsursuz, ümumiyyətlə heç nə yoxdur. O üzdən bu sərgiləri qüsursuz adlandırmaq yanlışlıq olardı.

Bəlkə, ciddi əsərləri təbliğ etmək, oxucuları onlara yönəltmək məsələsində daha faydalı gedişlər düşünüb tapmaq lazımdır. Bəlkə yazarları, oxucuları cəlb etmək üçün daha işlək, güvənilən mexanizmlər düşünülməlidir. Bu və digər məsələlər yəqin ki, sərgilər tam oturuşandan, yetərincə öz imkanlarını formalaşdırandan sonra daha rahat mümkün olacaq. Ümumi götürsək, mən bu cür sərgilərdə qüsurları qabartmağın əleyhinəyəm. Çünki bütövlükdə onlar çox dəyərli bir missiyanı həyata keçirirlər.

Təvəkkül Boysunar:

Vəsvəsə - Təvəkgül Boysunardan yeni hekayə

Sərgilərin faydalı olduğunu düşünürəm. Adamlar heç olmasa bayram və festival xatirinə sərgilərə baş çəkib kitabla ünsiyyətdə olur və kitab alırlar. Belə olanda hansısa müəllifin özüylə görüşmək, ondan imza almaq üçün də bəzən oxucular sərgiyə gəlib kitab əldə etmək istəyirlər. Bu cür sərgilərin təşkilatçılarına təşəkkür etmək lazımdır.

Amma ümumilikdə bütün bunlar, ölmək üzrə olan bir canlıya çox olsa müvəqqəti nəfəs verə bilər. Həqiqət budur ki, kitaba maraq çox aşağıdır. Ədəbiyyatı və bilgini çatdırmaq üçün artıq başqa formatlar tapılmalıdır.

Əsəd Qaraqaplan:

Dəliliyin susmuş halı – Əsəd Qaraqaplanın yeni şeirləri

İstənilən halda təqdirəlayiqdir, məncə. Xüsusən Milli Kitab Sərgisi bunu ənənəyə çevirəndən kitaba maraq birə beş artıq. Hər sərgidə şəxsən iştirak edən bir müəllif və ya bir müşahidəçi kimi görürəm, doğrudan, 5-10 ilə nisbətdə kitaba münasibət çox dəyişib. Bundan qabaq Azərbaycanda, az qala, kitab adı çəkilmirdi. Qüsurlara qalanda isə, çatışmazlıqlar həmişə olub, olacaq da. Bu xırda-para məsələnələrin fonunda kitab sərgiləri öz dəyərini itirmir. Əksinə, hamımıza yeni bir stimul, yeni bir həyəcan verir.

Qeyd: Davamı olacaq

# 2341 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #