Bizim əsrimiz-sürgünlər əsridir

Bizim əsrimiz-sürgünlər əsridir
1 avqust 2013
# 11:00

Çeslav Miloşun Nobel nitqi

Səlim Babullaoğlunun tərcüməsin

XX əsrin görkəmli polyak şairi, nasiri, ədəbiyyat tarixçisi, esseist və tərcüməçidir. Miçiqan, Lyubeldəki Katolik Universitetinin, Harvard, Romadakı Boloniya Universitetlərinin fəxri doktorudur. Yaradıcılığı bir sıra nüfuzlu mükafatlara, o cümlədən Beynəlxalq PEN klubun mükafata (1974), Quqqenhaym mükafatına (1976), Noyştad adına ədəbiyyat mükafatına (1977), NİKE’98 mükafatına və 1980-ci ildə isə bütün ömrü boyu olan ədəbi nailiyyətlərinə görə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb.

II Dünya Müharibəsi zamanı “Polşa müqavimətinin” bir hissəsi olan gizli mədəniyyət hərəkatında iştirak edib. Müharibədən sonra, bir müddət kommunist hökumətini dəstəkləyib, 1951-ci ildə Fransadan siyasi sığınacaq istəyib və mühacirət həyatına başlayıb. Əvvəllər Parisə yaxın Messon Laffitdə, 1960-cı ildən sonra isə Birləşmiş Ştatlarda yaşayıb, Berklidə yerləşən Kaliforniya Universitetinin Slavyan Dilləri və Ədəbiyyatı Fakültəsində mühazirələr oxuyub. 1981-1982-ci illərdə Harvard Universitetinin professoru olub. 1989-cu ilə qədər öz kitablarını mühacirətdə və Polşada, “samizdat” qismində nəşr edib. 1989-cu ildə Polşaya qayıdıb. 2004-cü ildə Krakovda vəfat edib.

Onlarla şeir və nəsr kitablarının müəllifidir. 2006-cı ildə Çeslav Miloşun “Avropanın uşağı” adlı şeir kitabı Azərbaycan dilində işıq üzü görüb.

***

Bu ali mükafatı bütün o kişi və qadınları xatırlayaraq alıram. O kəsləri ki, mən onlarçün ayrı bir şəxsiyyət, fərd olmaqdan daha çox səs və onlardan birisiydim. Məhz onları, əslən bir ölkədən olmayan həmin kəsləri xatırlamağın indi əsl zamanıdır. İstər Polşada olum, istər kənarda, ilk növbədə onları, polyak dilinə və ədəbiyyatına bağlılıqlarını saxlayan həmin o adamları düşünürəm; bir də Avropamın mənim olan ərazisini, Almaniya və Rusiya arasında yerləşən ölkələri, onların azad və ləyaqətli sabahlarını; düşüncələrim xüsusən doğulduğum ölkəyə-Litvaya yönəlir. Üstəlik, uzun illər sürgündə, qürbətdə yaşadığımdan, ehtiyac və ya təqib üzündən öz yurd-yuvalarını, kəndlərini qoyub getməyə, yeni həyat şərtlərinə uyğunlaşmağa məcbur olanlar da haqlı olaraq məni özününkü saya bilərlər, əslində bizi kimilər bu Yer kürəsində milyonlarcadır, zira bizim əsrimiz-sürgünlər əsridir. Yeni yaşayış yerim olan Amerika haqqında danışmasam düz olmaz, mən orda mənə qədər bir çoxları kimi qonaqpərvərlik və yaxşı əmək haqqıyla ödənilən işlə yanaşı, Amerika şairlərinin dostluğunu da qazandım. Baxmayaraq ki, Kaliforniyadakı iyirmi ildir slavyan ədəbiyyatlarından dərs dediyim Berkli universitetinin professorları arasında dəqiq elmlər üzrə çoxlu Nobel mükafatçıları var, bu gün universitet böyük sevinclə humanitar sahə üzrə ilk nobelçisini də onların sırasına əlavə edir.

Şairlik vəzifəsinin bətnində ziddiyyət var. Dəhşətli dərəcədə fərdi, yalnız bir neçə yaxın dostuna bəlli hədəfləri ilə şair özünün az başa düşülən və çətin ayamasına ona görə vərdiş edir ki, bir gün anlasın: sən demə, onun şeirləri insanları bir-biri ilə birləşdirirmiş, odur ki, istəsə də- istəməsə də bu rəmzi bir vəzifəni öz üzərinə götürməliymiş. Uzun bir müddət xaricdə yaşaya-yaşaya mən tədricən Polşadakı cavan nəsillərin şairinə çevrilirdim və düşünürəm, mənimlə bağlı baş verənlərdə gələcəkdən xəbər verən bəzi universal əlamətlər var. Şairlər və onların oxucularını məkan ayıra bilər, amma aralarındakı mənəvi bağ qalacaqsa, bütün sərhədlər və arakəsmələr, öz təbiətlərinin necəliyindən asılı olmayaraq heç bir gücə malik olmur. Mənə elə gəlir ki, həm Polşada, həm də ondan kənarda yaşayan bizlər, bu və ya digər müəllifin harada yaşamağından asılı olmayaraq polyak ədəbiyyatının iki müxtəlif orqanizmə bölünməsini qəbul etməməklə olduqca vacib bir iş görmüşük. Bu absurd doktrinalar ilə özlərini şübhəyə sürüklənməyə qoymayan Polşadakı həmkarlarımla yanaşı kitablar, jurnallar və ya mühazirələr vasitəsilə ilə azad fikir mübadiləsi gənc tərəfdarlarının xidmətidir. Onların müstəqil nəşriyyatlarında çap olunan şeir toplularım kitab rəflərindəki ən qiymətli şeylərdi. Xaricdə yaranan polyakdilli nəşriyyat və qəzetləri, xüsusən də müharibənin sonlarından bu yana fasiləsiz olaraq Fransada fəaliyyət göstərən, həm də yerli, həm mühacir müəlliflərin əsərlərini çap edən “İnstitut literaski”ni, onları yaradan bir neçə adamın tükənməz enerjisini də az olmayan ehtiramla xatırlamaq lazımdır. Bir mədəniyyətin özünü hətta əlverişli olmayan şəraitdə belə qoruyan bu cürə bütövlüyü və ardıcıllığı, XIX əsrin sürgünlə əlaqələndirdiyi qaçılmaz məhkumluq və qüssə kimi romantik əhval-ruhiyyəni inkar elədi.

Tərcüməsi demək olar mümkünsüz olduğundan, müqayisədə dünyada az tanınan polyak ədəbiyyatının bir hissəsiyəm mən. Başqa ədəbiyyatlarla müqayisə edərkən mən onun nadir bir qəribəliyini də faş elədim. Bu, dünyadan köçmüşlərlə göz yaşı və gülüş, pafos və ironiyanın bərabər hüquqlarla mövcud olduğu ünsiyyət ənənələrinə malik gizli qardaşlıq növüydü. Tarixən iliyə işləmiş, eyhamlarla dolu bir ədəbiyyat ki, bu əsrdə də xalqa öz iztirablı günlərində yoldaşlıq elədi, onu tək buraxmadı. Polyakca olan şeirlər və misralar Asiyada, Afrika və Avropada, gizli müqavimət günlərində havada uçuşur, səslənir, ölüm düşərgələrinin baraklarında və əsgər çadırlarında yazılır və bəstələnirdi. Burda belə bir ədəbiyyatı təmsil eləmək- artıq bu dünyada olmayanların miras qoyduğu fədakarlıq və sevgisinə şahidlik etmək, bu sevginin qarşısında öz mütəvaziliyini, başıaşağılığını hiss etməkdir. İsveç Akademiyasının mənə göstərdiyi bu şərəfin dolayısıyla öz gözəgörünməz əliylə məni həmişə irəli aparan və çətin dəqiqələrimdə kömək olanların həmin adamların da mükafatlandırılması demək olduğuna ümid eləmək qalır.

Çeslav Miloş

Dini traktat üçün giriş

Belə bir traktatı cavan adamın yaza biləcəyini düşünmürəm.

Amma onu da düşünmürəm ki, bunu ölüm qorxusu diqtə edir.

Coxlu cəhdlərdən sonra bu eləcə bir minnətdarlıqdır,

həm də əsrimizin poetik dilinin mübtəla olduğu dekadansla vidalaşmadır.

Bəs, niyə dini?

Çünki ilk olan elə birinci də olmalıdır çünki.

Birinci isə həqiqətdir.

Poeziya özünü şəffaf şüşəyə çırpan

hürkmüş quş davranışıyla

sübut edir ki, fantasmaqoriya ilə yaşaya bilmirik.

Qaytısın, qoy, nitqimizə reallıq,

yəni, mütləq dayaq nöqtəsinə söykənmədən

mümkün olmayan məna...

Dua

Doxsanı haqlayıb hələ də ümid edirəm ki,

yenə nəsə deyə biləcəm, xırıldayacam.

Adamların qabağında olmasa da

məni bal və yovşanla yedizdirən Sənin qarşında.

Xəcalət çəkirəm, çünki Sənin mənə yol göstərdiyinə,

qoruduğuna inanmalıyam,

sanki qarşında hansısa əlahiddə xidmətlərim vardı.

Düşərgədə, şam budaqlarından xaç düzəldib

taxta çarpayılarda dua edənlər kimiydim əslində.

Mənim, bu eqoist adamın xahişini yerinə yetirdin amma,

Görünür istədin ki, istəklərimin mənasızlığını anlayım.

Amma adamlara yazığım gəldiyindən möcüzə istəyib dua edəndə

həmişəki kimi yer də, göy də susurdular.

Sənə inam məsələsində mənəviyyatım şübhəliykən,

inanmayanların sadəlövh inadkarlığına heyrətlənirdim.

Dini özüm kimi zəiflər üçün uyğun sığınacaq bidiyim halda

Sənin böyüklüyün qarşısında mən nə oyunbazam ki?

Hələ o vaxtlar, keşiş Xomskinin sinfindəki ən qəribə şagird ikən,

qədərin bu uzun uzadı cığırına zillənirdim.

İndi sən bütün beş hissimi tədricən qapayırsan,

İndi mən – zülmətdə uzanıb qalmış, xəbərsiz ahıl qocayam.

Məni iztirab çəkməyə məcbur edən şeylə,

irəli can atmağımla, şeirlə tək qalmışam.

Həqiqi və yalançı günah hissindən azad elə məni,

Bütün zəhmətin Sənin şanın üçündü deyə əminlik ver.

Son anımda dünyanı ağrıdan xilas eləməyən

şəfqətinlə yanımda ol.

# 2018 dəfə oxunub

Müəllifin son yazıları

# # #