Sara İbrahim: "Çox xoşbəxtəm ki, öz romanımı yaza bilmişəm" - Müsahibə

Sara İbrahim:  "Çox xoşbəxtəm ki, öz romanımı yaza bilmişəm" - Müsahibə
4 dekabr 2025
# 10:00

Kulis.az Ülvi Bahadırın yazıçı Sara İbrahimlə müsahibəsini təqdim edir.

- Yazmağa nə vaxt başlamısınız?

- Çox kiçik yaşlarımdan kitablara, yazıb-oxumağa böyük sevgim olub. Mən məktəbə gedəndə yazıb-oxumağı artıq öyrənmişdim. Yadımdadır, məktəbimizin çox kiçik, dar bir otağa sığışdırılmış kitabxanası var idi. O kiçik otağın özünəməxsus qoxusu vardı, o qoxu məni sehrləmişdi, indiyə qədər də həmin qoxunu unutmamışam. Evimizdə həmişə kitab olub. Atam kitab oxuyan idi, hara getsə, əlində kitabla qayıdırdı. Bacımla kitabı kimin birinci oxuyacağı üstə mübahisə edərdik.Yeniyetməlik çağlarımda şeirlər, kiçik hekayələr yazırdım, amma yazdıqlarımı heç kimə göstərmirdim, bir vaxtdan sonra cırıb atırdım. Yazdıqlarımdan utanırdım, yəqin kompleksli uşaq olmuşam, buna görəydi. Özünütərif kimi çıxmasın; məktəbimizdə ən yaxşı inşa yazanlardan biri də mən idim. Bir gün yazıçı olacağımı heç xəyalımdan da keçirmirdim, belə bir iddiam olmayıb, heç indi də yoxdur. Amma həmişə bir roman yazmaq xəyalım olub.”Yaşadıqlarımı yazsam, roman olar” fikri çoxlarının ürəyindən keçir, amma yazmaq az adama nəsib olur. Çox xoşbəxtəm ki, öz romanımı yaza bilmişəm. Məncə, yazmaq da tale məsələsidir; əgər qismətində varsa, gec- tez yazacaqsan. Bütün yaradıcı adamlar seçilmişlərdir. Yaradan seçdiyi bəndələrinə özü yol açır, vaxtı çatanda İlahi dəvət gəlir. Ədəbi mühitdə heç kimi tanımadığım dövrdə qarşıma yaxşı insanlar çıxdı, “Kulis” imzamı “ Yeni imza” layihəsində oxuculara təqdim etdi. Ümumiyyətlə, “Kulis” mənə həmişə isti münasibət göstərib. Bir də bəxtim onda gətirdi ki, yazıçı Ataqamla tanış oldum, o mənə əsl müəllimlik etdi.

- Sizcə, yazıçılıq peşədirmi?

- Bu, həmişə mübahisəli məsələ olub. Əgər yazıçı səhər yuxudan oyanan kimi yazmaq haqqında düşünürsə, qalxıb yazı masasının arxasına keçirsə, yazdıqlarından pul qazanırsa, bu, peşədir. Əks halda, peşə deyil, ikinci sənətdir.

- Ədəbi əcdad hesab etdiyiniz yazıçılar var? Varsa, kimlərdi?

- “Ədəbi əcdad” sözü nə dərəcədə doğrudur, bilmirəm, mən öz klassiklərimizdən bəhrələnmişəm. Mənə görə öz milli ədəbi irsini oxumayandan yaxşı yazıçı çıxmayacaq. Elə günümüzdə öz dilini yaxşı bilməyən, oxumağa dünya ədəbiyyatından başlayan gənc yazıçılar var ki yazdıqları əsərlər uğursuzluğa düçar oldu.

- “Çəhrayı çobanyastığı” romanının ideyası necə yarandı?

- Romanın ideyası qumuq bir qızla tanışlığımızdan sonra yarandı. Düzünü desəm, o vaxta qədər qumuqlar haqqında məlumatım yox idi. Dostlaşdıq. Həyat hekayəsini bir az danışdı və məndə maraq yarandı. Qumuq oğlanla bakılı qızın sevgisi, yaşadıqları hər gün eşitdiyim hekayə deyildi. Qızın anası həmişə: “Kaş bizim yaşadıqlarımızı yazaydılar, bir romanlıq həyatımız var” deyirmiş. Bu söz məni tutdu və roman yazmaq fikrimi qüvvətləndirdi. Görünür, qismətdə bu romanın yazılacağı varmış, ona görə tale bizi qarşılaşdırdı.

- Romanın qəhrəmanları və onların dünyası ilə işləyərkən hansı metod və yanaşmalardan istifadə edirsiniz?

- Heç bir xüsusi metod və yanaşmam yoxdur, sadəcə qəhrəmanlarım və onların dünyası ilə səmimi olmağa çalışıram. Real həyatdan qopub onların dünyasında yaşayıram. Zamirənin yaşadıqlarını yazanda altı yaşlı qızcığaz idimsə, romanın ikinci hissəsinə gəldikdə terrorun, müharibələrin od-alovunda ailəsini, öz həyatını qorumağa çalışan hərbi jurnalist, həm də həkim Timurçin olurdum. Mən onların yaşadıqlarını öz içimdən keçirib yazdım. Bəlkə də, buna görə roman oxucuların rəğbətini, sevgisini qazana bildi. Romanı oxuyan hər kəs Zamirəni, Timurçini sevdi.

- Romandakı hadisələrin nə qədəri real, nə qədəri təxəyyül məhsuludur?

- Mən mövzunu real həyatdan götürmüşəm. Roman qəhrəmanlarının mənə danışdıqlarını yazsaq, iki- üç səhifə də olmaz. Hadisələrin demək olar, doxsan faizi təxəyyüldür. Mənə ailədəki münasibətləri, o dövrdə Kabardin-Balkarda, Nalçikdəki vəziyyəti qismən izah ediblər. Araşdırmalara iki il zamanım gedib. Bütün materiallar rus dilində idi.Yaxşı ki bu dili az-çox bilirəm. Romandakı hadisələr baş verən dövrdə nəşr edilən məlumatları tapıb araşdırmaq bir xeyli zamanımı aldı. Bu roman yazılıb bitənə kimi çox çətinliklərim oldu; gözlənilməz hadisələr yazı prosesini bir xeyli ləngitdi. Çətinliklə başa gəlsə də, nəticədən narazı deyiləm. Roman bir aydır işıq üzü görməsinə rəğmən, özünə xeyli oxucu toplaya bilib. Oxucuların əksəriyyəti əsəri bəyəndi, obrazları sevdi. Romanın uğurlu alınmasında redaktorum Ataqamın da əməyi var. Onunla bəzən mübahisələrimiz də olurdu; mən romanı bitirmişdim və nəyisə dəyişmək fikrində deyildim. Amma o, bəzi məqamlarda istədiyinə çatdı; mən romana bəzi əlavələr etməli oldum. Və sonradan onun haqlı olduğunu gördüm.

- Nə vaxtsa, əsərləriniz əsasında film və serial çəkilsə, razı olarsınız?

- Əlbəttə, razı olaram. Bir şərtlə; film müasir tələblərə uyğun, səviyyəli çəkilməlidi. Bizim indiki seriallara, filmlərə baxmaq olmur; bayağılıq, səriştəsizlik az qala hər səhnədən qışqırır. O seriallara saatlarla oturub baxa bilənlərə təəccüb edirəm. Bir neçə dəfə sosial şəbəkələrdə təriflənən filmlərə baxmaq istədim, alınmadı.Yəni o deyil. Bizim kinomuz da elə nəşriyyat sisteminin, ədəbi mühitin günündədi.

- İlk dəfə Kabardin-Balkarda keçən bir roman oxudum. Hadisələr realda Kabardin-Balkarda keçir, yoxsa yer adları şərtidir?

- Romandakı bütün yer adları realdır. Hətta romanda yadınızda qalıbsa, terrorçuların bir il ərzində öldürdüyü jurnalistlərin adı sadalanır. O adların hamısı realdır. Özüm bilərəkdən jurnalistlərin adlarını dəyişmədim. Yeri gəlmişkən, onların arasında bizim Çingiz Mustafayevin də adı çəkilir.

- Romanda ailə münasibətləri ön plandadır. Sizcə, hələ də ailə institutumuz qorunub-saxlanıb, yoxsa artıq dağıdılıb?

- Ölkəmizdə tarixən ailə mənəvi dəyərlərin qoruyucusu, genofondun daşıyıcısı kimi mühüm rol oynayıb. Ailə kiçik dövlətdir. Bu dövlətin əsasları möhkəm olmalıdı, əks halda dağılmağa məhkumdur. Azərbaycanda vaxtilə boşanmaların sayı çox az olardı. İndi bağlanan nigahların çoxu bir il keçməmiş pozulur. Buna səbəb çox vaxt müasir dövrün yenilikləri olur; sosial şəbəkələr, televiziyalardakı bayağı verilişlər və sair. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailə institutuna təsir edən bir amil də erkən nigahlar və ailə zorakılığıdır. İndiki dövrdə ailə dəyərlərini qoruyub saxlamaq odun içində buz saxlamaq kimidir; həm daxili, həm də xarici təsirlər ailə modelini məhv olma təhlükəsi ilə üz- üzə qoyur.

- Bizdə uşaq psixologiyasına münasibət qənaətbəxş deyil. Ciddi boşluqlar var sanki

- Uşaqlıq insan ömrünün ən həssas dövrüdür və bir çox travmalar məhz bu dövrdə yaranır. Bizim ailə modelimizdəki ən zəif nöqtə elə uşaq psixologiyasına münasibətin zəif olmasıdır. Valideynlər çox vaxt öz streslərini, travmalarını fərqində olmadan uşaqlarına ötürür. Uşağın daxili aləmi ailələrin əksəriyyətində valideyni maraqlandırmır. Uşağın qarnı toxdursa, geyimi varsa, hər şey qaydasındadır. Uşaq özünə qapanıb, məktəbdən gəlib kefi yoxdur. Ananın başı ev işlərinə,ya da telefona, televizora baxmağa qarışıb, uşağın fikirli olmağını heç görmür də. Bəlkə də, uşaq ömrünün ən çətin gününü yaşayır; küçədə, məktəbdə kimsə ona zorakılıq edib, amma dərdini valideynə deyə bilmir. Ailədə uşağın çox vaxt söz haqqı olmur: “ Uşaqsan az danış, otur yerndə” valideynlərimizdən buna bənzər iradlar az eşitmişik? Bu, mənim ağrılı yerimdir: iki roman, onlarla hekayə yazmışam və əksəriyyətində buna bənzər mövzulara toxunmuşam. Maraqlananlar “Marmelad” hekayəsini oxuya bilər. Məktəbli yoldaşının qələmini itirib, ondan müəlliməsinə şikayət etməklə şantaj edilən uşaq özünü öldürmək həddinə çatıb, valideynə heç nə deyə bilmir. Uşaqları ən son həddə çatanda psixoloqa aparırıq.

- Yaradıcılığınıza hansı yazıçıların təsiri daha güclü olub?

- Təsirləndiyim yazıçılar olub, amma birbaşa yaradıcılığıma təsir edən yazıçı yoxdur.

- Səksəninci illərlə bağlı son zamanlar ciddi müzakirələr gedir. Onları “itirilmiş nəsil” adlandırırlar. Siz onlar barədə nə düşünürsünüz?

- Bu nəslin nümayəndələrini “bəxtsiz nəsil” də adlandırmaq olar. Bir quruluşun tamamilə dağılması, Milli Azadlıq Hərəkatı, sonra da müharibə… Ədəbiyyat sanki arxa plana atılıb, heç kimi maraqlandırmır. Qarışıq, nizamsız dövr olub və yaradıcı adamlar bir küncə çəkilib xaosun nə vaxt bitəcəyni gözləyib.Yazıb yaradanlar da olub, amma onların sayı çox azdır. Saday Budaqlı, Səfər Alışarlı kimi qələm adamları bu xaosun içində də yaddaqalan əsərlər yaza bilib.

- Gənclər deyir ki, ən yaxşı ədəbi nəsil bizik. Razısınız onlarla?

- Mən də onlara deyirəm: “Deməyin, yazdığınız əsərləri göstərin” Ən yaxşı ədəbi nəsildirlərsə, ən yaxşı əsərləri yazmalı, özlərindən əvvəlkilərdən bir neçə addım irəlidə olmalıdırlar. Özünəinamlı, iddialı olmaq gözəldir, onları təqdir edirəm, amma bir şərtlə: bunu sözdə yox, əməldə sübut edin. Son zamanlar gənc nəsildə bir canlanma var: yeni yaxşı hekayələr yazılır. Onlara doğrudan da ən yaxşı ədəbi nəsil olmağı ürəkdən arzulayıram.

- Deyirlər ki, qadınlar yaxşı şeir və nəsr yaza bilmir, yetərli imza yoxdur? Sizcə, bu, nə ilə bağlıdır?

- Mən yaradıcı adamlar arasında qadın, kişi bölgüsü aparmağın əleyhinəyəm. İstedadlı qadın yazıçılar həmişə olub və olacaq. Son dövr Nobel mükafatı laureatları arasında qadın imzaların olduğunu görürük.

- Hazırda ədəbi mühitdə hansı ciddi qadın imzaların adlarını çəkə bilərsiniz?

- Mən ilk növbədə Ülviyyə Tahirin adını çəkəcəm. Bu yazıçının tarixi romanlarından yalnız birini - “ ALJİR” i oxumuşam. Kifayət qədər orijinal, maraqlı əsərdir. Ədəbi mühitdə qadın imzaların adı çəkiləndə onu unudurlar. Mən hansısa ədəbiyyatşünasın, tənqidçinin bu yazıçı, onun əsərləri haqda yazısını görməmişəm.

Təranə Vahidin, Fəridənin hekayələrini, Esmira Məhiqızının şeirlərini sevirəm.

- Feminizm barədə nə düşünürsünüz? Sizin yaradıcılığınızı “feminist ədəbiyyat” adlandırmaq olarmı?

- Hər şey ifrata varanda dəyərini itirib ucuzlaşır. Feminizm də zamanla istiqamət dəyişdirib, ifrata gedilib. Feminizm qadınların küçələrə tökülüb ağzına gələni deməsi, kişiləri düşmən elan etməsi demək deyil. Mən qadın hüquqlarının, azadlığının məhdudlaşdırılmasının əleyhinəyəm. Dünyanın hansı bucağında olursa-olsun, bir qadının haqqı tapdalanırsa, azadlığına qəsd edilirsə, digər qadınlar onun səsinə səs verməli, müdafiəsinə qalxmalıdı. Biz kainatda bir bütünün parçalarıyıq, bir parçaya dəyən daş hamımızı incitməlidir. Romanlarımın hər ikisində baş qəhrəman qadındır. Mən özümü daxilən feminist sayıram. Qadınlar yüz illərdi əzilir, incidilir. “Çəhrayı çobanyastığı”nın kiçik qəhrəmanı Zamirənin xəyalındakı kimi elə bir dünya istəyirəm ki, oradakı bütün qadınlar özlərini azad, xoşbəxt hiss etsinlər.

- Romanlarınızda nə vaxtsa LGBT nümayəndəsi – bir gey, lezbiyan və transseksual ola bilərmi? Bu mövzuları rahatlıqla işləyə bilərsiniz, yoxsa daxili senzuranız mane olar?

- Bu mövzu mənim ruhuma, təbiətimə tamamilə yaddır. Ruhuma yad, məni özünə çəkməyən bir mövzu haqda yaza bilmərəm. Heç kimin həyat tərzinə qarşı çıxmıram; hər kəsin öz yolu, öz düşüncəsi var.

- Azərbaycanda nəşriyyat sistemi müəlliflərin yaradıcılığı üçün nə dərəcədə əlverişlidir?

- Müəllifi nəşriyyatlar, ədəbi agentliklər kəşf edib oxucuya təqdim eləməlidir. Yazıçını nəşriyyat yetişdirir, onu yazıçı kimi formalaşdırır. Bizdə bunlar olmadığına görə yaxşı əsərlər yazılsa da, geniş oxucu kütləsi çox vaxt həmin əsərlər barədə məlumatsız qalır. Hələ son zamanlar sosial şəbəkələrin hesabına müəlliflər əsərlərini oxucuya çatdıra bilir. Nəşriyyatlar özlərinə əziyyət verib, vəsait xərcləyib hələ yetərincə tanınmamış müəllifləri çap etmək istəmirlər. Ölkədə oxucu kütləsi olan iki- üç yazıçının kitablarını nəşr eləyib pul qazanmağa üstünlük verirlər. Nəşriyyat çap etdiyi müəllifiylə sıx əlaqədə olmalı, əsərin oxuculara çatması üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.Təqdimat tədbirləri, imza günləri, müzakirələr təşkil etməlidir.

- Nəşriyyatların müasir dövrdə ədəbi keyfiyyət və kommersiya maraqları arasında balans yaratmaq imkanları haqqında nə düşünürsünüz

- Ədəbi keyfiyyət nəşriyyatların bir çoxunu düşündürmür; onları işin kommersiya tərəfi maraqlandırır. Keyfiyyətli çapı ilə seçilən nəşriyyatlar az da olsa var. Amma onların çap işi keyfiyyətli olsa da, zəif əsərləri də nəşr edirlər. Ona görə də kitab mağazalarının rəfləri bu gün heç bir ədəbi dəyəri olmayan kitablarla doludur. Nəşriyyat sistemi olmadığı üçün belə mənzərə yaranır. Keyfiyyətli çapı, ədəbi dəyəri olan əsərlərə bu gün oxucu aclığı var.

- Ədəbiyyat sahəsində yeni nəsil müəlliflərin əsərləri nəşriyyatlar tərəfindən necə qiymətləndirilir?

Nəşriyyatların əksəriyyəti onlara göndərilən əsərləri oxumur. Mən bundan əvvəlki kitablarımı öz hesabına nəşr elətdirməyin nə demək olduğunu bildiyimdən, bu dəfə əsərimi nəşriyyata satmaqda israrlıydım. Öz hesabına çap etdirirsənsə, kitabının aylar, hətta illərlə nəşriyyatın anbarında qalma riskini nəzərə almalısan. Ölkədə keyfiyyətli çapına görə ad çıxarmış nəşriyyatlardan başladım. “Parlaq imzalar” üç ay gözləməyimi istədi. Bu müddətdən sonra bir də müraciət edəndə, birillik planlarının dolduğunu, çap edə bilməyəcəklərini bəyan etdilər. Onu da deyim ki, mən əsəri onlara göndərmədim, yəni bunu məndən heç istəmədilər də. “Teas-press” nəşriyyatına yazdığım elekton məktuba cavab vermədilər. “Nebula” nəşriyyatı nisbətən peşəkar davrandı; əsərimi oxuyub müzakirə etdilər, və mövzu onların çap strategiyasına uyğun olmadığına görə mənə rəsmi imtina cavabı verdilər. “Strauss” nəşriyyatının cavabı da eyni oldu. “Park” təsis ediləndə nəhayət, müəllifə qonorar ödəməklə çap edən nəşriyyat yarandığına sevindim. Romanı həmin nəşriyyata da göndərdim, aylar keçsə də, cavab gəlmədi. Bizim nəşriyyatlar əsər göndərən müəlliflərə cavab verməli olduqlarını unudurlar, imtina da olsa, bu, müəllifə bildirilməlidir. “ Xan” nəşriyyatında əsərimi oxuyub redaktor rəyi verdilər. Əvvəl qonorarla çap edə biləcəklərini desələr də, sonda mətbəə xərclərini özüm ödəməli oldum.

- Azərbaycan ədəbi tənqidi hazırda hansı çatışmazlıqlarla üzləşir və bunların həlli mümkündürmü? Tənqidçilərin əsərlərə yanaşmasında daha çox obyektivlik, yoxsa subyektivlik üstünlük təşkil edir?

- Bizim ölgün ədəbi mühitin yarımcan ədəbi tənqidi səmimiyyət çatışmazlığından əziyyət çəkir.

Məncə, bizdə “ədəbi tənqid” anlayışı çoxdan “ədəbi tərif “ kimi başa düşülür. Ədəbi tənqid də nəşriyyat sistemi kimi tənəzzül dövrünü yaşayır. Bizim tənqidçilər neçə illərdi beş- altı imzanın ətrafında fırlanıb durur. Fırlana- fırlana çevrə yaratdıqlarının fərqində deyillər. Saytda o “çevrə “ üzvünün bir ortabab hekayəsi yayımlanır, iki gün keçməmiş, “tənqidşünaslar” o hekayə haqqında mədhiyyələr yazır. Ölkənin tanınmış tənqidçilərindən biri “ Yasaq sevgilər” romanımı özünün dediyinə görə hətta iki dəfə oxuyub və o, romanı öz feysbuk səhifəsində yazdığı statusda “Müstəqillik dövründə yazılmış ən yaxşı romanlar” siyahısına əlavə etmişdi. O, roman haqda yüksək fikirdə olsa da, bu, nədənsə ədəbi yazıya çevrilmədi.

Yazıçını məşhur edən, əsərlərini bestsellerə çevirən tənqidçilər deyil, geniş oxucu kütləsidir. Əlbəttə, mən öz sistemimizi nəzərdə tuturam, bu, bizim ölkəmizdə belədir. Nəşriyyat sistemi qənaətbəxş olan ölkələrdə yazıçıları həm də tənqidçilər yetişdirir. Ona görə əsər oxucunun zövqünü oxşamalı, rəğbətini qazanmalıdır. Təəssüf ki, yaxın zamanda ədəbiyyat sahəsində vəziyyətin dəyişəcəyinə inamım azdır.

- Hazırda hansısa əsər üzərində işləyirsiniz?

- Hazırda növbəti romanın yazılmasına hazırlıq mərhələsindəyəm: roman üçün materiallar toplayır, araşdırıram. Birinci Qarabağ müharibəsində misilsiz igidlik göstərmiş bir qəhrəman haqqında roman yazmağı düşünürəm. Onun haqqında sənədli romanlar yazılıb. Mən bədii əsər yazmaq istəyirəm, çalışacam qəhrəmana layiq bir roman ərsəyə gəlsin. Qismət olsa, yazacam.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Korluq - mənim içimdədir... -  Günün şeiri

Korluq - mənim içimdədir... - Günün şeiri

10:10 4 dekabr 2025
Yutubda yeni funksiya - “İlin yekunları”

Yutubda yeni funksiya - “İlin yekunları”

10:06 4 dekabr 2025
Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair

Şizofreniya, qadağalar və siyasi təqib - Allahı təhqir etdiyinə görə həbs olunan şair

18:41 3 dekabr 2025
Adam öldürən yazıçı villasında tutuldu: 7 kitabına imza günü keçirəcəkdi

Adam öldürən yazıçı villasında tutuldu: 7 kitabına imza günü keçirəcəkdi

18:12 3 dekabr 2025
Atasının təcrübə obyekti - O, Freydlə seansdan sonra hansı qərarı vermişdi?

Atasının təcrübə obyekti - O, Freydlə seansdan sonra hansı qərarı vermişdi?

17:52 3 dekabr 2025
Xəstəxanaya yerləşdirilən aktyorun son vəziyyəti - Açıqlama

Xəstəxanaya yerləşdirilən aktyorun son vəziyyəti - Açıqlama

16:52 3 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər