Onlar niyə xoşbəxt ola bilmədilər?! – Səlim Babullaoğlu yazır

Səlim Babullaoğlu, şair

Səlim Babullaoğlu, şair

5 fevral 2022
# 11:30

Kulis.az Səlim Babullaoğlunun ““Dünya ədəbiyyatı” dərgisinin “İsrail” sayı üçün” essesini təqdim edir.

XX əsr dünya ədəbiyyatı tarixinin məlum səhifələrini yaddaşımızı xüsusi gücə salmadan, elə ötəri göz atıb vərəqləyəndə vacib suallar çıxır ortaya: Görəsən, niyə Svetayevanın dəfələrlə tərk elədiyi, Yesenin və Mayakovskinin bütün ömrü boyu rahatlıq tapmadığı və intihar etdiyi, Pasternak və Axmatovanın həmişə əziyyət çəkdiyi Rusiyaya pənah aparmışdı böyük türk şairi Nazim Hikmət? Və niyə Nazim Hikmətin pənah apardığı Rusiyada İosif Brodski əzilmiş, təklənmiş, bir gözü ilə Polşaya, Şərqi Avropaya baxmış, sonra da Amerikaya mühacirət eləmişdi? Ya da Zbiqnev Herbert çoxlarının "Qərbi Avropaya qapı" kimi baxdığı doğma vətəni Polşada niyə uzun müddət duruş gətirə bilməmiş, dəfələrlə gedib-qayıtmışdı? Bəs, Brodski kimi XX əsrin önəmli şairlərindən olan digər böyük polyak şairi Çeslav Miloş niyə Amerikanı seçmişdi? Azadlıq rəmzi adlanan o Amerikanı ki, Eliotun ustad dediyi Ezra Paundu orda həbs eləmişdilər. Eliot da Amerikadan İngiltərəyə köçəndən sonra geri qayıtmaq arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden, İngiltərə, Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. Avropaya Kortasar, Borxes, Oktavio Pas kimi gəlib-gedənlər də çox olmuşdu. Yaxud XX əsrdəki iki dünya müharibəsini böyük yazıçı və şair fəhmi ilə öncədən görən Herman Hesse vətəni Almaniyanı birdəfəlik tərk etmişdi. Görəsən, bütün bunlar niyə baş vermişdi? Bəlkə biz, doğrudan da, uşaqlıq adlı xoşbəxt məmləkətdən qovulmuşduq? Bəlkə ustad Hesse haqlıydı: "Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməzdi...".

Təbii, başqa cavablar da var. Svetayevanın, adını "Sonun poeması", "Aqibət poeması" kimi tərcümə edə biləcəyimiz "Poema kontsa" əsərinin bir hissəsini xatırlayıram:
"Qetto izbranniçestv! Val i rov -
Pohadı ne jdi!
Vsёm xristianneyşem iz mirov
Pogtı - jidı!"
Təxminən belə tərcümə etmək olar: "Seçilmişlik gettosu! Səddlər, səngərlər. // Əfv gözləmə! // Bu xaçpərəsət aləmdə // Cuhuddurlar şairlər!". Və düşünürəm ki, əgər xalq və sənət, peşə arasında bərabərlik işarəsi qoymaq mümkün olsaydı, bərabərlik işarəsinin soluna "yəhudi" kəlməsini, sağına isə "ədəbiyyat"ı, "poeziya" kəlməsini rahatlıqla yazmaq olardı. Çünki "qovulma, sürgün və qürbət tarixçələri olmaqla, bəşər günahlarının təsnifatı" kimi başlıca keyfiyyətləri ilə ədəbiyyat - həm də və daha çox yəhudi xalqının, İsrail övladlarının tarixinə oxşayır.

XX əsrin görkəmli ədibləri sırasında yer alan Milan Kundera Qüds Ədəbiyyat Mükafatının təqdimatındakı çıxışında deyirdi: "İsraildə verilən ən vacib mükafatın dünya ədəbiyyatıyla bağlı olması, məncə, təsadüfi deyil. Çoxillik ənənələrin nəticəsidir bu. Torpaqlarından ayrı düşmüş və millətçi istəklərdən uzaq ruhda tərbiyə almış yəhudilər millətlərüstü, coğrafi deyil, daha çox mədəni birlik kimi qəbul edilən Avropaya xüsusi hisslər bəsləyirdilər. Əgər yəhudilər Avropadan onlara miras qalmış həmin o faciəvi məyusluqdan sonra belə, bu Avropa kosmopolitizminə sədaqətlərini saxlayırlarsa, onda İsrail - yəhudilərin yenidən qovuşduqları vətəni Avropanın həqiqi ürəyi kimi görünür mənə, bədəndən ayrı yerləşən qəribə ürəyi kimi".

Bəlkə bu səbəbdəndir ki, dünyanın, xüsusən ABŞ, Rusiya və Avropanın bir çox ünlü ədibləri (onların arasında Nobel mükafatı kimi dünyanın ən nüfuzlu ədəbiyyat ödülü alanlar çoxdur) mənşəcə yəhudi idi. Hər hansı xalqa əlahiddə missiya yükləməkdən uzağam, amma görünür, dünyada ən çox peyğəmbər və kitab göndərilmiş xalqın "özgə xalqların" dərdini duyması, bu dərdləri daha dərindən izhar eləməsi, hətta bu izharı ədəbi-estetik meyara, üsluba çevirməsi də eyni dərəcədə təsadüfi deyil.

Rahel Bluvşteynin şeiri yadıma düşür: "Nə şirin misralar, // nə xoş kəlmələr // yazmadım adına // gözəl vətənim. //O çay kənarında // o palıd ki var, // mən əkdim, // o izlər mənimdir, mənim. // Bilirəm, ay anam, // yoxdur bir şübhə - // qızının sovqatı // yaman kəmdir, kəm. // Bir azca qəhqəhə - // günəş doğanda, // Bir azca göz yaşı - // bədbəxtliyindən". Rahel bu misraları qürbətdə yazırdı...

***

Ən yeni Azərbaycan tarixinin (təkcə ən yeni tarixin deyil) əlamətdar dövrünü yaşayırıq. Dünyanın Azərbaycan adlı və Azərbaycan boyda bir hissəsində böyük bir ədalətsizlik aradan qalxıb; biz - azərbaycanlılar 30 ildən sonra bütöv Vətənə qovuşmuşuq. Bəlkə belə yazmaq daha doğru olardı: bütöv Vətənə qovuşmaq yolunda böyük bir sıçrayış etmişik. Və bu yolda yoldaşlarımızdan biri, Musa peyğəmbərin (Allahın ona salamı olsun!) 40 il səhrada gəzdirdiyi yəhudi xalqı olub...

Budur, qarşınızda bir nəşr var - "Dünya ədəbiyyatı" dərgisinin İsrail xüsusi sayı: bu, bir tərəfdən, yuxarıda qeyd edilən kimi, dünyaya və ədəbiyyata böyük töhfələr vermiş xalqın ədəbiyyatına - dərginin nəşr siyasətinə müvafiq - növbəti xüsusi müraciətdirsə, digər tərəfdən, gözəl Vətənimizin haqq işinə yardımçı olmuş yəhudi xalqına hörmət və minnətdarlığın nişanəsidir.

İsrail xalqının çox dəyərli ədiblərinin - klassiklərin və yeni yazarların əsərləri toplanıb bu nəşrə.

Yeri gəlmişkən, Azərbaycan, digər xalqlarla yanaşı, yəhudilərin də heç vaxt təqib olunmadıqları, həmişə sevgi gördükləri bir yerdir, eyni zamanda dağ yəhudilərinin də vətənidir ki, dərginin bu sayında mənşəcə dağ yəhudisi olan ədiblərin mətnlərinə, eləcə də onlarla bağlı nəzəri materiallara da yer verilib.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, tanınmış tərcüməçi və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin formalaşdırdığı yaradıcı komanda növbəti və vacib bir nəşrin öhdəsindən uğurla gəlib, ədəbi mühitimiz üçün ciddi bir hadisəyə imza atıb, dəyərli bir toplunu ərsəyə gətirib, eyni zamanda yəhudi ədəbiyyatının tədqiqatçıları üçün yeni ciddi mənbə yaradıb.

Dərginin xüsusi sayının hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yaxından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya minnətdarlığımızı bildirir, inanırıq ki, əlinizdə tutduğunuz bu nəşr Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin yeni və çox qiymətli səhifəsi kimi yaddaşlarda qalacaq.

/edebiyyatqazeti.az/

# 3050 dəfə oxunub

Müəllifin son yazıları

# # #