Mütaliə və istedad haqqında

Mütaliə və istedad haqqında
5 oktyabr 2015
# 12:19

Mütaliənin yazıçıya xeyri və ziyanı

Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını. Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü? Əlbəttə. Dünya nəsri (romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım biz Coysun Ulisi haqqında eyni şeyi deyə bilmərik. Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.

Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy, məsələn. Yaxud, yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Məsələn, Selincer.

Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmaz, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda”da qala bilərsən.

İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.

Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubunu sitat edərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə obrazlar ümumiyyətlə doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…”

Oktavio Pas yazır isə yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi – mütləq olduğu qarşısında baş əysin.

Mütaliə unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümumdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər – amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…

Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar tez keçsin.

Yazarın ən böyük işi sükutdur- mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur). Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bir var pəhriz, bir də var oruc. İkisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.

İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.

Sim-sim.az

# 2677 dəfə oxunub

Müəllifin son yazıları

# # #