Qızıl qaval - Mənzər Niyarlının hekayəsi

Qızıl qaval - Mənzər Niyarlının hekayəsi
4 dekabr 2025
# 11:00

Kulis.az Mənzər Niyarlının Seyid Şuşinskinin xatirəsinə həsr olunmuş "Qızıl qaval" hekayəsini təqdim edir.

Köhnə ilin axır çərşənbə axşamına iki–üç gün qalmış bayram şirnisini bişirmək üçün baldızımgilə yığışmışdıq. Başımız biş–düşə qarışmışdı. Birdən təsadüfən baldızımın yoldaşı Kamil müəllimin nimçələrdə göyərtdiyi səməniləri suladığını gördüm. – Sizin səmənilər, – soruşdum, – nə tez boy atıb, Kamil müəllim?

– Çərşənbə axşamı üçün göyərdirəm, – deyib nimçələrdən birini əlinə aldı. – Bax bu yaşıl güllü nimçədə göyərtdiyim səməni Ağanındır.

– Ağanın? – Mən ölən qohumlarımızın arasında belə bir adın olduğuna təəccübləndim.

– Bəli, Ağanın. – Kamil müəllim köksünü ötürdü. – Hamımız rəhmətlik Seyid Şuşinskiyə “Ağa” deyərdik axı. Torpağı sanı yaşasın. – Sonra tez də əlavə elədi. – Elə yaşayır da. – Muğam ustadı Kamil Əhmədov Seyidi ömrünün axır illərində düz iyirmi il tarda müşayiət eləmişdi. Baldızım açdığı kündəni yağlaya–yağlaya:

– İyirmi dörd ildir ağanın adına səməni qoyur. Üzünü Kamil müəllimə tutdu: – Ay Kamil, – dedi, – kaş bu apardığın səmənilərin sayı yüzü adlayaydı.

Yerbəyerdən dilləndik:

– Amin!

– Allah ağzından eşitsin!

– Allah rəhmət eləsin Seyidə. Gözəl səsi vardı.

Mən həmişə Seyidin səsini tərifləyənlərə qulaq asanda bir arzu ürəyimdə baş qaldırır. Kaş onun dövrünün heç olmasa bircə günlük qonağı olaydım, o gözəl səsə qulaq asaydım. Marağımı yenə də gizlədə bilmədim.

– Bəs niyə axır çərşənbə axşamı? Axı adətən qəbir üstünə

Novruz bayramının axşamı gedərlər.

– Düzdür. Ancaq Ağanın həyatında çərşənbə axşamı ən əziz gün sayılardı. – Kamil müəllim səsini alçaltdı. – Eh, nədənsə çərşənbə axşamı o böyük ustadı çox həyəcanlı, qəmgin görərdim. Ancaq bir dəfə qəlbində köz bağlayan, ona əzab verəNm əhvalatı mənə danışdı. – Kamil müəllim qürurla gülümsədi: –

Axı rəhmətlik məni çox istəyərdi, – dedi.

– Gözləri gülsə də hiss etdim ki, yamanca qəhərlənib. Daha heç birimiz dillənmirdik. İşimizi görə–görə hərdən Kamil müəllimə baxırdım. Hiss etdim ki, ustadın baxışları cücərməkdə olan səmənilərdə, fikri isə Seyiddə – “Ağa” deyib çağırdıqları o böyük müğənnidədir.

* * *

Gənc tarzən elə gün olmurdu ki, Seyidə baş çəkməsin. Bir dəfə təsadüfən yolunu müəlliminin evinə ilin axır çərşənbə axşamında saldı. Bu əziz gündə bütün evlərdə xonçalar bəzənər, axşam şər qarışan vaxt şamlar yandırılar, plov qazanları dəmə qoyulardı. Kamil də ilin axır çərşənbə axşamında iri gümüşü məcməyidə bəzədilmiş xonçadakı şamları yandırdı. Ailə üzvləri bir–birilərinə can sağlığı arzulayıb əllərini plova sarı uzatdılar. Gənc tarzən süfrə arxasında otursa da, fikri Seyidin yanındaydı. Bu gün onu görə bilməmişdi ki, axır çərşənbə axşamını təbrik eləsin. Süfrə yığışılan kimi qalxıb geyindi. Ömür–gün yoldaşına: – Nigaran qalma, – dedi. – Ağanı təbrik edib qayıdıram. Şəhərin çox yerində – küçələrdə, hər tinbaşı tonqal qalanmışdı. Uşaqlar çırtaçırtla yanan tonqalları dövrəyə alıb üstündən atlanır: “Ağırlığım, uğurluğum burda qalsın” deyib qışqırışırdılar. Yaxşı ki, Seyidin evi onun evindən uzaqda deyildi. Ustadının evinə piyada gedib gələrdi. Axund hamamının yanından keçib “Beşmərtəbəyə” tərəf üz tutdu. Gözləmədiyi halda Seyidi evdə deyil, həyətdə uşaqların yandırdığı, indi közərməkdə olan tonqalın ətrafında gördü. Yaxınlaşıb ustadıyla salamlaşıb əlindən öpdü:

– Axır çərşənbə axşamın mübarək, Ağa.
‒ Səninlə belə. – Başını qaldırıb bir ata nəvazişilə Kamili süzdü: – Əynin nazik deyil ki?
– Yox, Ağa, narahat olma.
‒ Onda otur yanımda, oğul. Qulam yaxşıca çay dəmlər…
İndi keçərik evə. – Evinin daimi sakini olan Qulam Seyidin uzaq qohumlarından idi. Seyid nədənsə bu gün bikef görünürdü. Ustadının üzündəki tutqunluğu tələbəsi o saat hiss etdi. Seyid gözlərini alovun dilimlərindən çəkmədən susurdu. Sonra dalğın baxışlarını Kamilə çevirdi. Gülümsədi: – Eh, oğul, – dilləndi, – bu çərşənbəaxşamı çox şeyləri mənim yadıma salır. O vaxt, yadından çıxmış olmaz, mənə nəsə bir işarə elədin. Bir söz demədim. Amma indi bu saat ürəyimi boşaltmağa bir ehtiyac duyuram. Bu axır çərşənbə ürəyim yerindən oynayır. Kamilin bir neçə il bundan əvvəl müəllimilə söhbəti yadına düşdü, sıxıldı. Əslində elə bir günahın sahibi deyildi. Qulam çıxartmışdı onu yoldan. Bir dəfə Kamilgilə gəlib dərdli–dərdli Seyidin dolanışığından şikayətləndi. Dedi! – Nə vaxta kimi Ağa tək, kimsəsiz yaşayacaq? Ona da bir ömür–gün yoldaşı lazımdır. Mən bir gün burdayam, sabah Şuşada… Kamil qardaş, sənin xətrini istəyir Ağa. Gəlif bir onunla danışsana. Halal süd əmmişini işdi–güjdüsünü gətirək tanış edək. Hələ ki, gec döyül. Kamil bir neçə gün Seyidin yanına gəlib getsə də məqam tapmırdı ki, sözü açsın. Ancaq bir dəfə evlənməkdən, vəfalı həyat yoldaşından söz düşəndə Qulamın xahişi yadına düşdü, Ağaya üstüörtülü şəkildə evlənməyin heç vaxt gec olmamağından dedi. Seyid qıyqacı nəzərlə Kamili süzüb qımışdı.
– Qulam yanına gəlmişdi? – soruşdu. Kamil tutulub bir söz demədi.
Seyid istər–istəməz gülümsədi.
– Bilirəm o, qulağını doldurub. Ancaq oğul, baş tutan iş döyül. Onda gərək andıma xilaf çıxam. Yox, yox, mümkün döyül. Seyid həmin gün ürəyindəkiləri dostuna açdı. …Fikirli–fikirli evə qayıdan gənc tarzən ustadının danışdığı əhvalatdan yamanca təsirlənmişdi. Elə bil Seyidin qəlbinin büllurluğunu, paklığını bu gün yanıb közərməkdə olan tonqalın kənarında kəşf elədi.

* * *
Yazın axır ayında Qozluqçayda İmanqulu bəyin oğluna edilən toy lap möcüzə idi. Əslində toyu Keçəçi oğlu Məhəmməd aparırdı. İri, içi xalça–palazla döşənilmiş mağarda adam əlindən tərpənmək olmurdu. Bu mahalın adamları ləzzətlə Keçəçi oğlunun oxuduğu “Zəminxarə”sinə, “Kürdü şahnaz”ına, “Rahab”ına qulaq asırdılar. Keçəçi oğlu son zənguləsini vurub qavalı yerə qoydu. Toy əhli bu təcrübəli, gözəl səsli xanəndəni xeyli alqışladılar. Sonra xanəndə yanındaca gətirdiyi şümşad boylu, arıq, bığ yeri təzəcə tərləmiş oğlanı mağardakılara təqdim elədi. – Adı Mir Möhsün Ağadır, – dedi, – Horadizdəndir. İstəsəniz bir–iki ağız da bu göyçək oğlan oxuyar. Oğlanın əynindəki qara arxalığı, boğazı düyməli ağ köynəyi elə bil bədəninə biçilmişdi. Belinə bağladığı gümüş kəmər boy–buxununa yaraşıq verirdi. Buxara papağının altın dan görünən zil qara saçları alnına tökülmüşdü. Keçəçi oğluyla Mir Möhsün ağanı təzə tanış eləmişdilər. Qocaman xanəndə onun səsini ilk dəfə Şuşada, Gavur qalasında eşidəndə heyrətindən donub qalmışdı. Mir Möhsün ağa “Bayatı Şirazı” oxuyandan sonra camaatın alqışını kəsmək olmurdu. Keçəçi oğlu ona görə də bu utancaq, sakit təbiətli oğlanı əvvəlcədən tərifləməkdən vaz keçdi. Onsuz da əsl oxuyanı, gözəl səsli sənətkarı camaat özü qiymətləndirəcəkdi. Qarabağın toylarına adlı–sanlı müğənnilərlə yanaşı ustad tarzənlər, kamança çalanlar da dəvət olunardılar. Bu dəfəki toyda da Keçəçi oğlunu tarzən Məşədi Cəmil müşayiət edirdi. Keçəçi oğlunun qavalı Mir Möhsün ağaya uzatdığını görən Məşədi Cəmil sədəfli tarını sinəsinə sıxdı və tarın simlərini “Bayatı Şiraz” üstündə köklədi. Hamı naümid arıq, zərif oğlana baxırdı. Mir Möhsün ağa təvazökarcasına ətrafı süzür, dalğın, qara gözlərini döndərib mağarın açıq yerlərindən görünən ulduzlu səmaya baxırdı. Çalanlar “Bayatı Şiraz” dəsgahına başladılar. Növbə gənc xanəndənin idi. Bu utancaq oğlan muğamın “Bərdaş” hissəsini özünəməxsus bir tərzdə oxuyub səsini zilə qaldırdı. Əvvəlcə laqeyd–laqeyd oğlanı süzən mağardakılar bu nadir, əsrarəngiz səsin sehrindən dirçəldilər. Mir Möhsün ağa uzun nəfəslə səsini get–gedə qaldı– rırdı. Xanəndə muğamın “Bayatı İsfahan” hissəsində öz şaqraq səsiylə zəngulələrə keçəndə alqış səsi nəinki mağarı, bütün Qozluqçayı bürüdü. Bu nə səs idi, ilahi. Bu səs deyildi haray idi, nalə idi. Bu nadir səs nərmənazik oğlanın boğazındanmı gəlirdi, ya tanrı? Qozluqçaya, ondan da uzaqlara yayılan bu səsin sahibi kim idi, kimin oğlu idi? Keçəçi oğlu bu göyçək xanəndəni hardan tapıb gətirmişdi? Hamının heyrətdən gözləri böyümüş, hətta bir neçəsi dizini yerə verib ayağa qalxmışdı. Mir Möhsün ağa harda olduğunu unutmuşdu, öz sevdiyi “Bayatı Şiraz”ın son şöbəsinə keçib çox asanlıqla muğamı başa vurmaqdaydı. Birdən gözləri Keçəçi oğluna sataşdı. “Düzmü oxuyuram, Məhəmməd əmi?”. Keçəçi oğlu nəvazişlə oğlana baxıb başını tərpətdi. Gənc müğənni muğamın sonluğunu qurtarıb yüngülcə nəfəs aldı və qavalı nəzakətlə Keçəçi oğluna verdi. Mağardakı alqış, heyrətdən doğan səsləri kiritmək olmurdu… “Əhsən! Yaşa! Min yaşa! Sağ ol oğul! Səsinə qurban!” Mir Möhsün ağanı yenə də oxutmaq istədilər. Ancaq gənc xanəndə Keçəçi oğluna və toy sahibinə qohumluğu çatan, elə ona görə də toya dəvət olunan Məşədi Dadaşa hörmətsizlik olar deyə oxumaqdan boyun qaçırtdı. Keçəçi oğlu qavalı yenidən Mir Möhsün ağaya uzatdı: – Al, bala, oxu, camaat xahiş edir. – Məşədi Dadaş da israr etdi. Mir Möhsün yenidən qavalı əlinə aldı. Bu dəfə oxuduğu muğam ən çox sevdiyi “Qarabağ şikəstəsi” idi.

Mən aşiqəm Qarabağ,
Qara salxım, Qara bağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Toyun səhəri bütün Qozluqçay və ona yaxın olan Qarabağın sərhəd kəndlərinin camaatı Mir Möhsün ağadan danışırdı. Toyda eşitdikləri o sehrli səsin təsirindən ayılmamışdılar. Bu nə möcüzəydi, ya rəbb!? Belə də səs olar? Dağı–daşı dilə gətirir. Bir neçə gün Mir Möhsün ağanın şaqraq səsi, zil zəngulələri qulaqlardan çəkilmirdi. Bu səs, səs sahibinin xəbəri olmadan Qarabağın gözəllər gözəli sayılan ala gözlü, xurmayı saçlı, uca boylu Gültəkinin ürəyinə od saldı. Gültəkin mahalın sərhəd qoşununun böyüyü Rzaqulu xanın yeganə qızı idi. Atası qızını həyatından da çox istəyirdi. Hər arzusunu can–başla yerinə yetirir, istədiyi şeyləri ondan əsirgəmirdi. Hətta Şuşada yaşadıqları vaxt qızı üçün musiqi, ərəb və fransız dili müəllimi də tutmuşdu. Ata ilə bala arasında heç bir gizli sirrləri olmazdı. Bu dəfəki toy kişi toyu idi və qadınların o toyda iştirak etmələri namünasib sayılırdı. Ancaq buna baxmayaraq bu yerin qadınları yaşmaqlanıb ətrafda dayanar, uzaqdan–uzağa da olsa mağarın açıq yerindən oxuyan xanəndələrə, aşıqlara qulaq asardılar. Mağar evlərinə yaxın olduğu üçün Gültəkin bağçaya düşmüş və tut ağacına söykənərək mağardan gələn səsə qulaq asırdı.

Yuxusu tamam qaçmış, səsin sehrindən qəlbinin telləri titrəyirdi. Toy qurtarsa da, camaat dağılışsa da Gültəkin otağına keçməyib güllü, sarmaşıqlı bağçada gəzişir və tez–tez də baxışlarını mağara sarı çevirirdi. Bu gecə nə gözəl, nə nağıllı gecəydi ona bəxş olunmuşdu. Xanəndənin səsi elə bil beyninə hopmuşdu, səsi heç cürə fikrindən çıxara bilmirdi ki, bilmirdi. Kəhər atın ayaq səsindən bildi ki, gələn atasıdır. Toydan qayıdırdı. Qız nökəri oyatmayıb darvazanı özü gedib açdı. Rzaqulu xan qızını görən kimi o saat başa düşdü ki, Gültəkin nəyə görə yatmayıb. Bilirdi ki, qızı musiqinin aludəsidir.

– Səndəmi yatmamısan, Gülüş?

– Yox, ata, mağardan gələn səs məni yamanca sehrləyib.Rzaqulu xan başını yellədi:

– Onu demə, qızım. Cavan, sütül olasan, özü də bu cür oxuyasan. Möcüzəydi, möcüzə. Səsini eşitdin də, bütün mahalı bürümüşdü.

– Kim idi ki, o xanəndə? – Qızın həyəcandan səsi titrədi. –

Adı nə idi, ata?

‒ Əslində, toyu aparan Keçəçi oğlu Məhəmməd idi. –Rzaqulu xan təmkinlə dilləndi. – O gətirmişdi oğlanı. Toyun axırında öyrəndim ki, Seyid nəslindəndir. Adı da Mir Möhsün ağadır. Zalımın balasına elə bil vergi verilib. Keçəçinin dediyinə görə, ata–anası vəfat eləyib. Uşaqlığı xalasının yanında keçib, indi də əmisi aparıb Şuşaya – yanına. Gültəkin atasına şirin yuxu arzulayıb otağına çəkildisə gözlərinə yuxu getmədi. Öz yuxusunun şirinliyi çəkilmişdi. Oğlanın yanıqlı səsini heç cürə özündən uzaqlaşdıra bilmirdi. Səhərəcən üzünü görmədiyi xanəndənin gözlərini, saçlarını, qaval tutan əllərini xəyalında canlandırırdısa, bir şey alınmırdı. “Yox, necə olsa o cavan xanəndəni görəcəyəm”.

* * *

Gördü də. Həmin o İmanqulu bəyin oğlunun toyundan sonra Mir Möhsün ağanın şöhrəti Qarabağın bir çox yerlərinə yayılmışdı. Oğluna, qızına toy eləmək istəyən əvvəlcədən gedib Mir Möhsün ağanın vədəsini əmisindən alardılar. Keçəçi ilə oxuduğu həmin toydan sonra xanəndənin yolu buralara tez–tez düşərdi. Mir Möhsün ağa öz zil zəngulələri, yanıqlı səsiylə hamını ovsunlamışdı. Utancaq, ağır təbiətli olduğu üçün gənc xanəndə qadınlar, qızlar dayanan tərəfə baxmazdı. Baxsa da, qıpqırmızı qızarıb tez də gözlərini çəkərdi. Elə ona görə də mahalın gözəl qızı Gültəkinin qəlbinə od salmağından xəbəri yox idi. Ancaq bir dəfə toyların birində mir Möhsün ağa şirin oxuduğu yerdə gözəl Gültəkinin odlu baxışlarını tutdu. Mağarın aşağı başında dayanan qızların arasında yaşıl, ipək libasda zərli, yaşıl başmaqda, yaşıl ipək örtükdə Gültəkin öz gözəlliyilə seçilirdi. Qız süzgün gözlərini gənc xanəndədən çəkmirdi. Baxışları yenə də toqquşanda Mir Möhsün ağa özünü itirən kimi oldu. Tarın, kamançanın sədaları altında oxusa da fikri qızın sıx kirpikləri arasında ona tuşlanmış ala gözlərində qalmışdı. Ancaq birdən yadına düşdü ki, bu qızı ötəri haradasa görüb. Gənc xanəndənin elədiyi toyları izləyən gözəl Gültəkini görməmək olardımı? Yenidən baxışlarını qıza tərəf döndərdi və bu dəfə qızın gözlərindən süzülən yaşı gördü. Qızın gözlərindən əməlli–başlı yaş axırdı. Gənc xanəndənin seçdiyi qəzəllər Gültəkinin qəlbini daha da kövrəldirdi. Gültəkin ağlayırdı. Pərişan halin oldum, sormadın hali–pərişanım, Qəmindən dərdə düşdüm, qılmadın tədbiri–dərmanım. Mir Möhsün ağa özünü itirmişdi. Qəzəlin birinci bəndini yenidən təkrar oxuyub muğamı başa vurdu. Yenə də “Əhsən! Sağ ol! Səsinə qurban!” kəlmələri, qızıl, gümüş pullar dolu kimi Mir Möhsün ağanın üstünə yağdırıldı. Gənc xanəndənin heç nə gözündə deyildi, nə tərifləri eşidir, nə də xəzəl kimi üstünə tökülən pulları görürdü. Fikri yaşıl libaslı qızda qalmışdı. Baxışlarını yenə də qadınlar duran cərgəyə hərlədi. Qızın müqəvva kimi dayandığını və yenə də həmin vəziyyətdə ona baxdığını gördü. Mir Möhsün ağanın qəlbindən bir titrəyiş keçdi. İndi bu saat o qızdan başqa heç nə gözünə görünmürdü. Əlinə qavalı alıb oxusa da daxili bir duyğu ilə hiss edirdi ki, indi ancaq və ancaq o yaşıl libaslı qız üçün oxuyur. Elə bil gənc müğənni ovsunlanmışdı. Qızdan gözünü çəkmədən yanıqlı səslə oxuyur, qəlbi isə o qızla danışırdı. “Mənə bax, gözəl qız, səni gördüyüm bu günüm mənim üçün təbərrikli gün olacaq. Sənin baxışlarının altında oxumaq mənimçün xoşdur. Çəkmə gözlərini, qadan alım. Sənin ala gözlərini, uca qamətini görməkdən ötrü dünyanın o biri başında olsam da gələrəm. Dur qarşımda, gözəl qız, gözlərini çəkmə məndən. Sənin baxışlarının altında isinirəm, kimsəsiz qəlbimin bütün telləri titrəyir. Mən bu gündən sonra harda oluramsa olum, ancaq və ancaq sənin üçün oxuyacağam”.

* * *

O vaxtdan sonra gənc xanəndənin həsrətli günləri başladı. Yaşıl paltarlı qızın surəti gözlərinin önündən çəkilmirdi. Qozluqçaya dəvət olunanda gözləri ən əvvəl o qızı axtarırdı. Bir dəfə isə… Bir dəfə toyların birində qızı lap yaxından gördü və gözləmədiyi halda ondan məktub aldı. İndi daha yəqin etdi ki, onun qəlbini ovsunlayan yaşıl libaslı qız da ona möhkəmcə vurulub. Toy təsadüfən köhnə ilin axır çərşənbəsinə düşmüşdü. Çərşənbə axşamına baxmayaraq hamı Mir Möhsün ağanın səsini eşitmək üçün mağara yığılmışdı. Mağarın ətrafında qalanmış tonqalın alovu bütün Qozluqçayı işıqlandırırdı. Böyüklü–kiçikli hamı bir–birinə xeyir–dua verirdi. Böyük çillə çıxdığı üçün havadan yaz qoxusu gəlirdi. Əlləri, ayaqları xınalı qız–gəlinlər, ağ kəlağayı, zəkiyyə şallar örtmüşdülər. Gültəkin görünmürdü. Toyun sərpayisi mağardakılara müraciətlə:

– Ay camaat, – dedi, – təklifim var ki, hamı tonqalın üstündən keçsin. Bütün günahlarımız, qada–balamız bu tonqaldaca yansın. Sonra toyumuzu davam etdirərik. Təklif Mir Möhsün ağanın ürəyincə oldu. “Bəlkə qızlarınarasıda gördüm onu?” Gültəkin isə görünmürdü ki, görünmürdü. Gənc xanəndə səksəkəli, narahatcasına qızların dayandıqları səmtə baxırdı. Qız yox idi. Mir Möhsün ağanın narahatlığı get–gedə artırdı. Birdən üzünü yaşmaqlamış bəyin bacısı bir neçə qızla əlində iri xonça evdən çıxıb gənc xanəndəyə yaxınlaşdı. Mir Möhsün ağanın gözü bəyin bacısının yanınca gələn qızların arasında Gültəkini o dəqiqə seçdi. Qız yaxından daha gözəl görünürdü. Sumağı qanovuzdan geydiyi paltarının rəngi, boynuna taxdığı qiymətli qaş–daşlarla işlənmiş boyunbağısının işartısı üzünə şölə saçırdı. Bəyin bacısı məcməyini çalğıçıların qabağına qoydu:

– Ağa, – dedi, – bu əziz gündə özünüzü qərib hiss etməyin. Alın kibriti öz şamlarınızı yandırın, xonçamızdakı bu bayram şirnisindən dadın. Mir Möhsün ağa utana–utana qıza öz təşəkkürünü bildirdi. Gözü isə Gültəkində idi. Çox çətinliklə öyrənmişdi ki,qızın adının Gültəkin olduğunu təsadüfən öyrənmişdir. İlk dəfə idi onu lap yaxından görürdü. Ancaq nədənsə qızın ala gözlərinin dərinliyində bir narahatlıq, kədər gizlənmişdi. Həssas təbiətli müğənni bunu sezməyə bilməzdi. Bu narahatlıq səbəbsiz deyildi. Həsrətlə günlərini saydığı bu toya gəlməmişdən əvvəl Gültəkin ürəyində bir dilək tutub qulluqçularıyla qonşuları Kəblə Qasımın qapısını pusmuşdu. Gözləmədiyi halda orda eşitdiyi qarğışdan sarsıldı. Kəblə Qasımın kiçik gəlini tez–tez sərxoş olan, aylarla ilim–ilim itən, hansı şəhərlərdəsə veyllənən ərinə nifrin, qarğış yağdırırdı… – “Səni görüm elinə, yurduna həsrət qalasan, səni görüm uşaqlarından yarımayasan”. Gültəkin məyus olub kor–peşman evlərinə qayıtmışdı. Bəyin bacısı ətrafınanəzər salıb cəld əlindəki əl boyda zərfi Mir Möhsün ağanın ovcuna basdı. Cavan xanəndə o dəqiqə bildi ki, zərf Gültəkindəndir, dönüb iti nəzərlərlə qızı süzdü. Yanaqları allanmış Gültəkin qızların arxasında gizləndi. Mir Möhsün mağara çəkilib zərfi açdı və qızın gözəl xətlə yazdığı sətirləri acgözlüklə içinə çəkdi. “Çərşənbə axşamın mübarək, Ağa. Bu gün özüm də bilmirəm ürəyim sıxılır. Əvvəllər mənə elə gəlirdi ki, heç vaxt mənə xoşbəxtlik nəsib olmayacaq. Siz və sizin səsiniz mənim qəlbimə bir məlhəm oldu. Sizin ilk dəfə səsinizə vuruldum, sonra isə… Rica edirəm əgər səsinizi vala yazdırıbsınızsa mənə onu yadigar verin. Onu ömrüm boyu köksümə sıxıb saxlar, öləndə də qəbrimə apararam. Gültəkin”. Mir Möhsün ağanın həyəcandan qəlbinin döyüntüsü artdı. Zərfi cibində gizlədib elə oradaca cavab məktubu yazdı. “Bu dəfə sizin gözlərinizdə bir kədər gördüm. Sizə kədər yaraşmayır, Gültəkinim. İnan mənə harda oxuyuramsa oxuyum, bütün muğamlarımı sizin üçün oxuyacağam. Sizi, sizin ala gözlərinizi görəndən bəri rahatlığım yoxdur. Rica edirsiniz ki, səsimi verim sizə. Vala yazılmış səsim yoxdur. Bu çərşənbə axşamı əziz gündə səsimi qəlbimlə sizə bəxş edirəm. Gözlə, mənim Gültəkinim. Mir Möhsün ağa”. Ancaq bu sətirləri yazarkən Mir Möhsün ağanın xəbəri yox idi ki, əmisinin evində onu nələr gözləyir. Məşədi Seyidəli qardaşı oğlunu öz övladlarından ayırmaz, onu sonsuz məhəbbətlə sevərdi. Elə ona görə də Mir Möhsün ağanın gələcək taleyi Seyidəlini narahat edərdi. Əmisi çərşənbə axşamının səhərisi Qozluqçaydan – toydan qayıdan qardaşı oğlunun üzündə bir dəyişiklik hiss etdi. Gümanı min bir yerə getdi. Əvvəlcə elə zənn elədi ki, Mir Möhsün ağa toydan yaxşı gəlib ona görə gözləri gülür. Ancaq şübhəsini o saatca dağıtdı. Çünki bilirdi ki, bu göyçək, zərif oğlan pulgir deyil: bu qədər toylara, el şənliklərinə dəvət olunub, bir dəfə də olsun əli pula dəyməyib. Həmişə öz dəstəsindən biri pulu bölər, istədikləri qədər Mir Möhsün ağanın cibinə qoyardılar, həmin anda da gənc xanəndənin üzü xəcalətdən qızarardı. Bəs Mir Möhsünə nolmuşdu? Niyə belə tez–tez xəyala dalır və öz–özünə xəfifcə gülümsəyirdi. Məşədi Seyidəlinin gümanı heç yerə getməsə də ancaq böyük ustad Cabbarla söhbətində qardaşı oğlu haqqındakı məsləhəti ağlına batmışdı. Seyidəli məhəlləsində yaşayan Cabbar Məşədi Seyidəlinin qonşusu, həm də ən yaxın dostu sayılırdı. Tez–tez bir–birilərinin evində görüşər, muğamdan, sənət aləmindən söhbət açardılar. Cabbar Mir Möhsün ağaya ilk dəfə qulaq asanda sevincdən gözləri yaşarmışdı. Öz–özünə “Daha mən o dünyaya rahat gedərəm” – deyə pıçıldamışdı. Bir dəfə Cabbar Seyidəliyə söhbət əsnasında Mir Möhsün ağadan söz salmışdı.

– Uşaqda böyük istedad var, Seyidəli. Mir Möhsün ağa oxumağının dalısıyca getməlidir. Hələ nə yaşı var… amma bütün mahalda ad çıxardıb. Sən onu Mir Möhsün Nəvvabın hücrəsinə düzəlt. Aldığı təhsildən peşman olmaz. Muğamı bütün incəliyinə qədər qavrayar, şöbələrini də mükəmməl bilər. Yox, Cabbar haqlı idi. Mir Möhsün ağanın toylarda, məclislərdə iştirak etməyi vacib deyil. Səsi də korlana bilər. Heç olmasa iki–üç il Mir Möhsün Nəvvabın yanında təhsil almalıdır. Məşədi Seyidəli münasib bir vaxt tapıb qardaşı oğlunu yanında otuzdurdu. Bir ata nəvazişiylə təklifini gənc xanəndəyə bildirdi:

– Hələ uşaqsan, oğul, ağır məclisləri aparmaq sənin hünərin döyül. Başqa xəyallara da düşmə. Məşədi Nəvvabla danışmışam, sabahdan onun hücrəsində oxuyacaqsan. Mir Möhsün ağa əvvəlcə Mir Möhsün Nəvvabın – o böyük sənətkarın adını eşidib sevindisə, ancaq birdən–birə Gültəkini yadına salıb tutuldu. Deməli, o daha toylardan ayağını kəsəcək – ala gözlü Gültəkinin qarşısında oxumayacaqdır: “Gözlə məni, Gültəkinim, harda oluramsa olum, ancaq və ancaq sənin üçün oxuyacağam”. Bəs bu vədlər? Mir Möhsün ağa ona böyüklük edən əmisinin sözünün qarşısında nə deyə bilərdi. Susdu. Sonralar istər hücrədə, istər əmisinin evində – harda olursa olsun Gültəkinin gözəl çöhrəsi gözlərinin önündən çəkilmirdi. “Başqa xəyallara düşmə, oğul”. Demək əmisi onun evlənməyinə işarə edir, toylara, eyni zamanda Qozluqçaya – Gültəkinin yaşadığı yerə getməyi qadağan edirdi. Övladlarına toy məclisi qurmaq istəyənlər Mir Möhsün ağanın sorağı ilə Məşədi Seyidəlinin qapısına gəlir və kor–peşman da geri qayıdırdılar. Məşədi Seyidəli: “İki–üç il Mir Möhsün ağa əlinə qaval almayacaq. Oğlum Məşədi Nəvvabın yanında təhsil alır”, – deyib gələnləri xoş üzlə yola salırdı. Ala gözlü Gültəkin tez–tez Mir Möhsün ağanın yuxusuna girirdi; başıaçıq, saçları kürəklərinə tökülmüş halda, ayaqları yalın səhralıqda qaçır və onu səsləyirdi: – Mir Möhsün! Mir Möhsün! Mir Möhsün! Gənc xanəndə Qozluqçayda toy edən hər hansı bir xanəndənin adını eşidəndə məyuslaşar, onlara qibtə edərdi. Bir–iki dəfə ora gedən tanış faytonlardan birinə minmək istəmiş, ancaq yenə arzusunu ürəyində boğmuşdu. Əgər Qozluqçayda onu bir xanəndə kimi tanımasaydılar yenə də ürəyinin istəyinə xilaf çıxmayıb gedər, bir an da olsa uzaqdan–uzağa Gültəkini görüb qayıdardı. Utancaqlıq və əmisinin üzünə ağ olmamaq fikri onun yolunu bir körpü kimi kəsirdi.

* * *

Gültəkinin isə gözü yollarda qalmışdı. Mir Möhsün ağanın ayağı kəsilmişdi bu mahaldan. Görən, səbəb nə idi? Toyu aparan başqa xanəndələrin adını eşidəndə qızın gözlərində bir çaşqınlıq peyda olardı. Axı bütün mahal Mir Möhsün ağanın səsinə vurulmuşdu. Bəs nə əcəb onu toylarına dəvət etmirdilər? Bir dəfə sözarası bunun səbəbini atasından soruşdu. Günü sərhəd kəndlərində keçən Rzaqulu xan dəqiq bir söz demədi. Gültəkinin isə qəlbində nigarançılıq get–gedə qısqanclıqla əvəz olunurdu. Ona elə gəlirdi ki, gənc xanəndənin başı nəyəsə qarışıqdı, ya da onu görməmək üçün bu yerlərdən ayağını kəsib. Toylarınsa ardı–arası kəsilmək bilmirdi. Mağarlar qurulur, xanəndələr, çalançılar dəvət olunur, cavanlar bir–birinə qovuşur və yenidən həyat Qozluqçayda öz axarı ilə davam edirdi. Toy başlananda qızın ürəyi səksəkə içərisində keçirdi, oxuyanın Mir Möhsün ağa olmadığını görüb pərişan halda göz yaşları içərisində kor–peşman evlərinə qayıdırdı.

* * *

Axır vaxtlar Gültəkinin atası Rzaqulu xan qəlyanını əlindən yerə qoymurdu. Gözünün ağı–qarası qızının taleyi onu bərk narahat edirdi. Hər gələn elçini rədd etməkdə məqsədi nə idi Gültəkinin? Evdə oturub un çuvalına tay olmayacaqdı ki? Hər şeyin də vaxtı–vədəsi var idi axı. Bu dəfə elçi daşının üstündə oturmaq istəyənlər lap ürəyindən idi. Məşədi Kazım nəsillikcə ad çıxarmışdı. Oğlu diribaş, gözəl, boy–buxunlu cavanlardan sayılırdı. Məşədi Kazım adamlarından xəbər göndərib Rzaqulu xana çatdırmışdı ki, bu gün, sabah qohum olmaq üçün onun qapısını açacaqdı. Gültəkinin bəs bu gələnlərə sözü nə olacaqdı? Rzaqulu xan bir dəfə də olsun qızının xətrinə dəymədiyinə görə odla su arasında qalmışdı. Axşamtərəfi arvadı Zərnişan xanımı qabağında oturdub bir xeyli qızının gələcək taleyi barədə söhbət elədi. Sonra Rzaqulu xan köks ötürüb ayağa qalxdı.

– Gültəkin gözümə dəymir? – Üzünü yenidən arvadına sarı çevirdi. – Gör haradadır? Denən atan səninlə danışmaq istəyir.

– Deyəsən bağa düşüb. – Zərnişan xanım tərəddüdlə ərinə baxdı. – Axır vaxtlar bu qızdan heç baş aça bilmirəm, Rza, – dedi. – Yaman sınıxıb Gülüş.

– Nolub ki? – Rzaqulu xan ayağa qalxıb tələsik pilləkələrlə aşağı düşdü. Gültəkinin əlində kitab bağda oturduğunu gördü. Gültəkinin gözləri kitabın sətirlərindəydisə, fikri, kitabda deyildi. Gənc xanəndəni heç cür yadından çıxara bilmirdi. Harda olursa olsun, kimlə danışırsa danışsın, gənc xanəndənin gözəl siması gözlərinin önündən çəkilmirdi. Rzaqulu xan yavaşca əyilib qızın saçlarına sığal çəkdi. Gültəkin diksinib çevrildi.

– Qızım, mən gəlmişəm bir səninlə söhbət edəm.

Gültəkin fikirli–fikirli başını aşağı əydi.

– Ata, – dedi, – danışma, bilirəm nə demək istəyirsən.

– Fikrin nədir, Gülüş? Məşədi Kazıma, onun adamlarına nə deyək? Gültəkin susdu və sonra özü atasına onun gözləmədiyi halda başqa bir sual verdi.

– Bu yaxınlarda kim oğluna toy edəcək, ata?

Rzaqulu xan təmkinini pozmadan:

– Gərək ki, Əlisəttarın oğlunun toyu olacaq, – dedi, – Nədir ki?

– Heç. Elə–belə. Nə vaxt olacaq ki?

– Orucluğu gözləyirlər. Çıxan kimi başlayacaqlar.

Gültəkin baxışlarını atasından gizlətməyə çalışaraq:

– O günə kimi mənə möhlət ver, ata, – dedi, – Əlisəttarın oğlunun toyundan sonra qəti cavabımı eşidərsiniz. – Gültəkin bu sözləri deyib göz yaşlarını boğaraq otağına sarı qaçdı. Rzaqulu xan fikirli–fikirli qızının ardınca baxdı. Qızıyla elədiyi söhbətdən bir şey anlaya bilmədi.

* * *
Mir Möhsün ağa Əlisəttar xanın oğlunun toyunu eləyən xanəndələrin arasında da görünmədi. Gültəkinin isə atasına verdiyi möhlət qurtarmışdı. Oğlan evinin adamları bir dəfə qızın atasının ağzını aramış və ikinci dəfə Rzaqulu xanın qapısını açmağa hazırlaşırdılar. Toydan bir–neçə gün keçəndən sonra Gültəkin atasının otağında öz razılığını verdi. Qızından naümid olan atası qalxıb Gültəkinin alnından öpdü:

– Sağ ol, qızım, – dedi, – muradımı gözümdə qoymadın.

Mənim ağıllı balam. Mən də qocalmışam, başqa atalar kimi övlad toyunun həsrətindəyəm.

– Ancaq ikicə şərtim var. – Qızın ala gözlərinə yenidən qüssə qondu.

– De, qızım. Ürəyin nə istəyir mən hazır.

– Mənim toyuma xanəndə Mir Möhsün ağanı çağırarsan, ata.

– Nə deyirəm ki, qızım. Ancaq eşitdiyimə görə o, toylara getmir axı.

– Nəvvabdan aldığı təhsili bir neçə aydır ki, qurtarıb, ata.

– Yaxşı, nə deyirəm ki… Şuşaya adam göndərib vədəsini alaram.

– İkinci şərtim də var. – Gültəkini qəhər boğsa da özünü ələ aldı. Rzaqulu xan qızına baxıb gülümsədi. Zarafatla:

– De gəlsin, Gülüş, – dedi. – Onsuz da müvəqqəti evimin qonağısan. Qonaq da ki, nə dedi odur.

– İstəyirəm, ata, cibində gəzdirdiyin o saatın boyda mənə bir qaval düzəltdirəsən. Özü də qızıldan, – Gültəkin barmağından zümrüd qaşlı üzüyünü çıxardıb atasına uzatdı. – Bu qaşı da o qavala saldırarsan, ata. İkinci şərtim də budur.

– Qaval nəyinə lazımdır?

– Gültəkin tutuldu. Qəlbindəki iztirablarını atasına hiss elətdirməmək üçün cəld dilləndi:

– Ata, çoxdan, lap çoxdan əhd eləmişdim ki, mənim toyumu kim eləsə ona qiymətli hədiyyəni özüm verim. Mir Möhsün ağanın səsi isə, ata, sən özün bilirsən ki, allah vergisidir.

– Düz deyirsən, Gülüş, o bu mahala tək gəlib. – Rzaqulu xanın xəyalı uzaqlara getdi. – Mir Möhsün ağa oxuyanda Cabbarın cavanlığı yadına düşür. – Nə deyirəm ki, qızım, o cavan xanəndə bütün qiymətli hədiyyəyə layiqdir. Nə cür istəyirsən, o cürə də düzəltdirərik. Zərgər Ələsgərə deyərəm tez hazır eləyər. – Yenidən qızının alnından öpdü. – Allah mübarək eləsin. Xoşbəxt olasan, bala, – deyib kövrəldi. Ata–bala qucaqlaşıb ağladılar. Ata sevincindən, qızı isə…

* * *

Rzaqulu xanın əmisi oğlu Qurbanəli atını Məşədi Seyidəlinin qapısının ağzında səyirtdi. Düşüb tərəddüd içində əlindəki qamçıyla darvazanı taqqıldatdı:

– Ay ev yiyəsi, ay ev yiyəsi!

Qapını açan olmadı ki, olmadı. Qonşu evlərin birindən balacaboy, tösmərək bir kişi çıxdı. Yaxınlaşıb gördü ki, qonaq Şuşalı deyil, kənd əhlinə oxşuyur.

– Məşədi Seyidəligil evdə yoxdur, – dedi, – hüzür yerinə gediblər.

Evinə dəvət eləmək istəyəndə Qurbanəli boyun qaçırtdı:

– Mənə Mir Möhsün ağa lazımdır, qadan alım. Xeyir işimiz var. Deyilənə görə qurtarıb təhsilini.

– Burda yoxdur ki, Mir Möhsün ağa. Çoxdandır ki, onu Tiflisə göndəriblər.

– Nə əcəb?

– Eh, rəhmətliyin oğlu, Tiflisə niyə gedərlər? Bütün sənətkarlarımız, ən yaxşı oxuyanlarımız ora yığılmayıbmı? Amma insafən özü getmək istəmirdi. Əmisi, dost–tanışı məcbur elədi ki, oranın gedib ab–havasını görsün. Əmisi o dəfə gedibmiş yanına, deyir, elə bircə dəfə oxumağını eşidiblər, deyir, buraxmırlar ki, ordan. Böyük–böyük klublarda, məclislərdə oxuyur, özü də deyir o Tiflisin Şeytanbazar məhəlləsində, müsəlmanlar yaşayan yer var ey, orda öz puluna klub açdırıb. Sağ olsun, ona düşən pulları, deyir əmisi, fəqir–füqəraya, yoxsul tələbələrin oxumasına verir. Qurbanəli yerlisi haqqında eşitdiyi xoş sözlərə bir xeyli sevinə–sevinə qulaq asdı, ancaq bir tərəfdən də fikirləşdi ki, görəsən Tiflisə getsə Mir Möhsün ağanı toya gətirməyə razı salarmı? Gələrmi Qozluqçaya? Qurbanəli geri qayıdıb əhvalatı Rzaqulu xana danışdı. Qərara gəldilər ki, gözləmək lazım deyil, elə səhər Qurbanəli Tiflisə yola düşsün. Səhəri günü Rzaqulu xan Qurbanəliyə yol xərci verib onu Tiflisə yola saldı. Yaxşı ki, yolda Mirzə Cəlilin övrətinin uzaq qohumu ilə rastlaşdı. O da Tiflisə gedirdi. Gənc xanəndənin olduğu yerin nəmin–nişanını Qurbanəliyə başa saldı:

– Cəlil əmiylə də möhkəm dostdurlar, – dedi. – Sağ olsun, o dəfə Cəlil əmigilin pulları qurtarıbmış, bir neçə ay idi ki, “Molla Nəsrəddin” jurnalını buraxa bilmirlərmiş, Mir Möhsün ağa eşidən kimi köməklik eləyib. İndi deyilənə görə Hüseyn gəlib Tiflisə, eşitmiş olarsan Ərəblinski Hüseyn. Elə çoxu onun üçün gedirəm. Tiflisdə ağanın səsini eşidib Hüseyn. Yaman xoşuna gəlib səsi. İndi deyilənə görə möhkəm dostdurlar. Bir yerdə də çıxış eləyirlər. Qurbanəli Tiflisdə tanışından ayrılıb Mir Möhsün ağanınsorağıyla şəhərin məşhur klublarından sayılan Zubalovun klubuna gəldi. Gənc müğənnini klubun məşq salonunda tapdı. Qarabağdan gələn bir nəfərin Ağanı axtardığını eşidən kimi Mir Möhsün dərhal eşiyə çıxdı. Qurbanəli yaxınlaşıb mehribancasına gənc xanəndəyə əl verib görüşdü.

– Ağa, – dedi, – məni əliboş yola salma. Eşitmiş olarsan Rzaqulu xanın adını. Onun əmisi oğluyam. O məni göndərib Qozluqçaya toya vədəni almaq istəyir.
– Qozluqçaya? – Mir Möhsün ağanın qəlbi yarpaq kimi titrədi.

– Sən əzizlərinin canı, qadan alım, məni naümid qaytarma. Əmin Seyidəli də məni tanıyır. Əvvəllər bizim yerlərə tez–tez gələrdin. İndi bütün Qarabağ əhli sənin yolunu gözləyir, Ağa. Gənc xanəndə heç nə demədən sükut içərisində Qurbanəliyə baxırdı. Həyəcandan titrəyən əlini Qarabağdan gələn oğlan görməsin deyə cibinə saldı. Həsrətlə gözlədiyi bu dəvətdən özünə gələ bilmirdi. “Gözlə məni, Gültəkinim. Harda oluramsa, olum, yenə də sənin üçün, ancaq sənin üçün oxuyacağam”. Qurbanəliyə razılığını verib evə tələsdi. Ancaq yolda nədənsə nigarançılıq onu bürüdü. Srağa gün axşam naharında Tiflisə qastrola gələn Hüseyn Ərəblinski ilə etdiyi söhbət yadına düşmüşdü. Hüseyn Mir Möhsün ağaya evlənməkdən söz açıb qohum– əqrəbalarından qız gözaltı edib–etməməyini soruşdu. Mir Möhsün ağa əvvəlcə tutuldu, sonra Gültəkinlə bağlı əhvalatı qısaca Hüseynə danışdı: – Əmimdən keçə bilmədim, – dedi, – həm də ev–eşik, toy eləmək üçün bir aləm pul lazım idi. Bir yandan da təhsil ortaya çıxdı. İndi hazırlaşıram gedəm Şuşaya. Görüm neynəyə bilərəm. Hüseyn dərin fikrə getdi. Bu qədər müddətdə də qızı gözləmək olar? Özü də bu zəmanədə. Ancaq fikrini açıq deməsə də ürəyindəkiləri gizlədə bilmədi.

– Ağa, – dedi, – sən onu bilirsən ki, qızları evdə çox saxlamırlar. O qız öz sevgisini nə vaxta kimi ürəyində pünhan saxlayacaq. Bu işi tezləşdirmək lazımdır.

– Səndən nə gizlədim, Hüseyn. Tez–tez yuxuma girir qız. Özü də incimiş təki. – Mir Möhsün ağa köksünü ötürdü. – Gedim görüm əmim nə deyir? Axşam Mir Möhsün ağa yola hazırlaşırdı. Bu vaxt onu konsertlərdə müşayiət edən tarzən Məşədi Zeynal içəri girdi. Mir Möhsün ağanın dodaqaltı zümzümə edə–edə paltarlarını yığışdırdığını görüb təəccübləndi: – Hara belə, ay oğlu? Xeyir ola?

– Qarabağa. Toya dəvət ediblər məni, Zeynal əmi.

– Nə toy, ağrın alım? Bəs sabah o boyda klubda sənin konsertin olacaq. Biletlər neçə gün bundan irəli satılıb.

– Yox, qala bilmərəm. – Mir Möhsünün həyəcanlı səsindən Məşədi Zeynal lap çaşbaş qaldı.

– Xəbər verərsiniz konserti başqa vaxta keçirtsinlər. İndi getməliyəm. Zeynal əmi, mütləq getməliyəm. Məşədi Zeynal fikrə getdi. “Əgər onun məqsədi toya gedib pul qazanmaqdırsa, o toylardan burda da var. Burdakı toyları aparmaq üçün güclə razılığını alırlar. Mir Möhsün bura gələndən ictimai yerlərə, xalq teatrlarına daha çox meyl edir və qazandıqlarını da xalqın yolunda qoyur. İndi nə olmuşdur ki, buradakı o böyük konserti qoyub uzaq yerə, özü də Qozluq– çaya getsin. Bəlkə vətən çəkir onu?” Məşədi Zeynalın elə özü də öz yurdu, eli üçün qəribsəmişdi. Çoxdandı ki, kəndlərinə getmək, bir–iki gün də olsa suyunu dəyişmək istəyirdi.

– Oğul, – dedi, – deyəsən, elə mən də səninlə getməli olacağam. Toyu edib Kərkicahan kəndinə baş çəkərik.

* * *

Axır ki, gəlib Şuşaya çatdılar. Şuşada əmisigildə çox ləngimədi. Əmisi, əmisi uşaqlarıyla görüşüb atların başını Qozluqçaya çevirdilər. Kəndə gedən yol necə də uzun görünürdü ona… faytona qoşulan atlarmı ləng tərpənirdi, yoxsa ona elə gəlirdi? Gözlərinin önündə Gültəkinin incik, küskün baxışları canlanır, heç cürə özünü ələ ala bilmirdi. Deyəsən, düz vaxtında gəlib çatmışdılar. Şöhrəti Tiflisi, Gəncəni, bütün Qarabağı bürümüş xanəndə Mir Möhsün ağanın yolunu gözləyirdilər. Gənc xanəndənin gəlişini eşidib uzaq–uzaq mahaldan, Qarabağın sərhəd kəndlərindən tökülüb gəlmişdilər. “Rzaqulu xanın qızının toyunu Mir Möhsün ağa eləyəcəkdir”. Bu xəbərə inanan da vardı, inanmayan da. Mir Möhsün ağa faytondan düşən kimi Qarabağın varlı bəylərindən biri nökərinə sürüyə–sürüyə gətirtdiyi qoçu xanəndənin ayağının altında kəsdirdi.

– Qədəmlərinə qurban, Ağa, öz elinə–yurduna bivəfa çıxmadın!

– Əhsən sənə, səni böyüdən valideynlərinə!

– Xoş sorağını eşidib sevinirik, Ağa! Mir Möhsün ağa həmin toyda Gültəkini görə bilmədi. Gənc xanəndə oxuyurdu. Yanıqlı–yanıqlı oxuyurdu. Şux, şaqraq səsinə sızıltılı, nakam məhəbbətinin də harayı qatılmışdı. Qız–gəlinlər uzaqdan–uzağa Ağaya qulaq asırdılar. Gültəkinsə onların arasında görünmürdü ki, görünmürdü. Onun Gültəkini harda ola bilərdi? Gənc xanəndə oxuduqca ümidsizliyə qapılır, qəlbi kədər içərisində çırpınırdı. Bəlkə… Yox.. Ola bilməz. Bəs harda ola bilər? Kimdən soruşsun? Toyun son dəqiqələri qurtarmaq üzrəydi. Mir Möhsün ağa muğamın son zənguləsini vurub ayağa qalxdı. Qızıl, gümüş pullar, xələtlər Mir Möhsün ağanın üstünə töküldü. Bu vaxt Rzaqulu xanın nökəri Mir Möhsün ağaya yaxınlaşıb yavaşca qulağına:

– Ağa, – dedi, – buyurun Rzaqulu xanın zalına. Orda sizə çatası hədiyyə var. Gənc xanəndə qavalı kürsünün üstünə qoyub asta addımlarla evə keçdi. Başa–baş döşənmiş xalçanın üstüylə nökərin ardınca yuxarı səmtə adladı. Örtüyündən tutmuş başmağına kimi qırmızı gəlin palltarında, əlində zərli məcməyi, Gültəkin yan–yörəsində sağdış–solduşuyla müqəvva kimi dayanmışdı. Məcməyinin içərisində xanəndə üçün düzəldilmiş qaval vardı. Mir Möhsün lap yaxınlaşdı və gəlinin Gültəkin olduğunu görüb heyrətdən donub qaldı.

– Gültəkin! Qızın adını çəkdisə elə bil nitqi bir anda tututldu. Axı o bu evə başqa niyyətlə gələcəkdir. Əmisini, dost–tanışlarını göndərib Gültəkingilin qapısındakı elçi daşının üstündə otuzduracaqdı. Demək bu gün elədiyi toy Gültəkinin imiş. Gültəkinin gözləri dolmuşdu.

– “Tanıdınmı məni, səsinə qurban?”

– “Səni tanımamaqmı olar, Gültəkinim”.

– “Səni çox gözlədim… Gəlib çıxmadın”.

– “Böyüyümün üzünə ağ ola bilmədim, ala gözlüm”. Qız gözlərindən üzünə süzülən yaşı silə bilmirdi. Çünki əlində məcməyi vardı.

Gültəkin kövrək səslə:

– Bu hədiyyə sizə çatacaq, – dedi, – götürün. Mir Möhsünün rəngi qaralmışdı. Elə beləcə dayanıb qıza baxırdı. Sonra heç bir söz demədən qızıl qavalı əlinə aldı…

* * *

Səhəri gün gənc tarzən Seyidlə görüşəndə onu çox pəjmürdə və narahat gördü. Ən əvvəl kamodun, dolabın gözləri açılmış, paltarlar stulun başına, çarpayıya tökülmüş, evdə bir səliqəsizlik hökm sürürdü. Kamil təəccüblə gah ustadına, gah da evə göz gəzdirdi.

– Ağa, nolub? Niyə narahatsınız?…

Qocaman xanəndə tələbəsinin üzündəki həyəcanı görüb yorğun və qəmgin səslə dilləndi:

– Sənə dünən danışdığım qızıl qavalı axtarıram, – dedi.

Bilmirəm hara qoymuşam. Tapa bilmirəm ki, bilmirəm.

– Narahat olma, ağa, tapılar. – Gənc tarzən bunu deyib əlindəki sədəfli tarı bir kənara qoydu. – Sizin zənniniz nəyə gedir? Hara qoymuş olarsınız?

– Nə bilim, oğul? – Seyid naümid halda dilləndi. – Dünən, sən gedəndən axtarıram. Gümanım da heç nəyə gəlmir.

– Həmişə harda saxlardın? Bir yadına sal, Ağa.

– Pencəyimin döş cibində gəzdirərdim. Ancaq axır vaxtlar, deyəsən, mücrünün içinə qoymuşdum. Kamilin ağlına gəldi ki, qavalı Seyid səhv salıb köhnə, geymədiyi kostyumlarının birinin cibinə qoya bilər. Dolabı açıb bir–bir cavan vaxtı tikdirdiyi kostyumlara baxdı. Asılmış kostyumlar təmiz və ütülü idi. Seyidin təmizkarlığına, səliqəsi nə heyran qaldı. Əlini müğənninin ağ çesunça kostyumunun döş cibinə saldı. Qızıl qaval ordaydı. Götürüb qeyri–adi hədiyyəyə nəzər saldı və sonra Seyidə uzatdı.

– Tapmışam, ağa, – dedi. – Buyurun. Seyid qavalı əlinə alıb xeyli baxdı, sonra nədənsə kədərli–kədərli gülümsədi.

# 34 dəfə oxunub

Oxşar xəbərlər

Rafiq Əzimov:  "Dedi ki, bu ermənini oynayır, ona görə əl çalırlar" - Müsahibə

Rafiq Əzimov: "Dedi ki, bu ermənini oynayır, ona görə əl çalırlar" - Müsahibə

11:11 4 dekabr 2025
Bir yaşında atasını itirən, anası ilə eyni gündə səhnəyə çıxan Xalq artisti

Bir yaşında atasını itirən, anası ilə eyni gündə səhnəyə çıxan Xalq artisti

11:00 4 dekabr 2025
Tarantino "ən zəif aktyor"u  və  "ən yaxşı film"i  açıqladı

Tarantino "ən zəif aktyor"u"ən yaxşı film"i açıqladı

10:40 4 dekabr 2025
Rus yazıçının həbs cəzasına bir il də əlavə olundu

Rus yazıçının həbs cəzasına bir il də əlavə olundu

10:30 4 dekabr 2025
Korluq - mənim içimdədir... -  Günün şeiri

Korluq - mənim içimdədir... - Günün şeiri

10:10 4 dekabr 2025
Yutubda yeni funksiya - “İlin yekunları”

Yutubda yeni funksiya - “İlin yekunları”

10:06 4 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər